NƏTİCƏSİZ FASİLƏ
ABŞ-İran dialoqunun pozulması və xərclərin artması aydın ssenarisi olmayan bir münaqişə formalaşdırır
Müəllif: Samir VƏLİYEV
Aprelin 8-dən, yəni İranda müvəqqəti atəşkəsin elan olunmasından etibarən əksər insanı yalnız bir sual maraqlandırır: bu atəşkəs uzunmüddətli sülhün başlanğıcıdır, yoxsa ABŞ-İsrail-İran müharibəsinin daha bir dağıdıcı mərhələsindən əvvəlki qısa fasilə? Danışıqlar prosesinin növbəti dəfə pozulması isə bədbin gözləntiləri daha da artırıb.
Məlum olduğu kimi, aprelin 26-da İslamabadda ABŞ-İran danışıqlarının ikinci raundu faktiki olaraq, başlamadan bitib. Tehran nümayəndə heyətini Pakistana göndərməkdən imtina edib, nəticədə, ABŞ Prezidenti Donald Tramp artıq yola çıxmış nümayəndələrini geri çağırmaq məcburiyyətində qalıb. Bu, tərəflər arasında ciddi fikir ayrılıqlarının davam etdiyini, deeskalasiya ilə bağlı aralıq razılaşmasının belə, olmadığını göstərib.
Uzatma taktikası
Artıq bir gün sonra Tehranın danışıqların məntiqini dəyişmək istəyi ilə bağlı əlamətlər özünü göstərməyə başlayıb. Media yazır ki, İran ABŞ-yə dialoqun üç ardıcıl mərhələyə bölünməsini nəzərdə tutan çoxpilləli plan təklif edib. İlk mərhələdə hərbi əməliyyatların dayandırılması və sadəcə, İrana yox, həm də Livana təhlükəsizlik zəmanətinin verilməsi istənilir. İkinci mərhələdə Hörmüz boğazının idarə olunması və fəaliyyətinə, o cümlədən dəniz nəqliyyatının hərəkətinə təminat və nəzarət mexanizmləri müzakirə edilməlidir. Bu, enerji daşıyıcılarının daşınması ilə bağlı yaşanan böhranla birbaşa əlaqəlidir. İran tərəfinin irəli sürdüyü planda üçüncü mərhələ isə Tehranın nüvə proqramının müzakirəsini nəzərdə tutur. Ən vacibi odur ki, iranlılar əvvəlki iki məsələdə razılaşma olmadan, üçüncü mövzunun müzakirəyə çıxarılmasını mümkün saymır. Beləliklə, hərbi-siyasi və logistik məsələlərin həllinədək nüvə məsələsinin müzakirəsi faktiki olaraq təxirə salınır.
Əksər müşahidəçilər hesab edir ki, İranın bu təklifləri danışıqlar prosesini uzatmaq, münaqişənin aktiv fazasının bərpasını mümkün qədər gecikdirmək taktikasıdır. Donald Tramp isə öz növbəsində, Tehranın təkliflərinin onu qane etmədiyini açıq şəkildə dilə gətirib. Bununla belə, hazırkı şəraitdə tammiqyaslı eskalasiyaya nə ABŞ, nə də İran maraq göstərir. Bunun səbəbləri var. Vaşinqton üçün hərbi əməliyyatların genişlənməsi daha bahalı və riskli qarşıdurma mərhələsinə keçid deməkdir. İranın xüsusilə enerji infrastrukturuna zərbələrin endirilməsi Tehranın miqyaslı cavab addımlarını qaçılmaz edir və bu, bütünlükdə Fars körfəzi regionuna təsirsiz ötüşə bilməz. Nəticədə, bir sıra ölkələrin enerji infrastrukturu təhlükə altına düşəcək. Hər halda, İran bu hala asimmetrik cavab verməyə hazır olduğunu bildirir. Burada söhbət həm də körfəz ölkələrinin obyektlərinə zərbələrdən, Hörmüz boğazının blokadasının uzanmasından gedir. Bütün bunlar artıq dünya bazarında neftin həcminin əhəmiyyətli dərəcədə azalmasına yol açır ki, bu da müəyyən dərəcədə Birləşmiş Ştatların öz maraqlarına da ziddir.
Müharibənin xərcləri
Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, söhbət misli görünməmiş miqyasdan gedir. Böhrandan əvvəl Hörmüz boğazı vasitəsilə gündə, təxminən, 20 milyon barel neft və neft məhsulları daşınırdısa, münaqişə şəraitində bu rəqəm, təxminən, 2-3 milyon barelədək azalıb. Bu, faktiki olaraq, minimum səviyyə deməkdir. Söhbət infrastruktur dağılması, logistikanın pozulması, sığorta məhdudiyyətlərinin artması üzündən gündəlik dövriyyədən çıxarılmış milyonlarla barel neftdən gedir. Nəticədə, enerji daşıyıcılarının bahalaşması və təchizatdakı qeyri-sabitlik dünya iqtisadiyyatına təzyiqi artırır, inflyasiya risklərini yüksəldir, bazarların proqnozlaşdırılmasını çətinləşdirir. Bu, neft tarixində 1970-ci illərin böhranlarını üstələyən ən böyük təklif şoklarından biridir.
Bu vəziyyət qarşısında xüsusilə enerji idxalçısı olan böyük dövlətlər həssasdır. Amma bu, dünyanın aparıcı neft istehlakçılarından olan ABŞ üçün də eyni dərəcədə önəmlidir. Yanacağın bahalaşması birbaşa istehlak xərclərinə təsir edir, inflyasiya təzyiqini artırır və sosial narazılığın yüksəlməsinə səbəb olur. Belə vəziyyətdə daxili siyasi gərginlik də artır, o cümlədən Donald Tramp administrasiyası ilə bağlı tənqidlər şiddətlənir. Üstəlik, bu tənqidlər yalnız müxalifətdən yox, Respublikaçılar Partiyasının yüksək nüfuzlu fiqurlarından da gəlir. Onlar Trampı dünyanın ən böyük iqtisadiyyatına təsir edən düşünülməmiş strategiya həyata keçirməkdə günahlandırırlar. Paralel olaraq iki xəttin – güc nümayişi və danışıqlar cəhdi – mövcudluğunu da məhz bu səbəb izah edir.
Bənzər məntiq İsraildə də müşahidə olunur. Təl-Əviv İran problemini hərbi yolla həll etməyə hazır olduğunu bildirsə də, orada anlayırlar ki, uzunmüddətli münaqişə resursları tükəndirəcək və hərbi əməliyyatların effektivliyi azalacaq. Bu şəraitdə münaqişənin radikallığı daha az olan ssenari ilə başa çatma ehtimalı istisna edilmir. Üstəlik, hazırkı mərhələdə İranda konstitusion düzənin dəyişdirilməsi kimi hədəflər real görünmür.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp kimi, İsrailin Baş naziri Binyamin Netanyahu da daxili təzyiqlərlə üzləşir. Söhbət həm müxalifətin tənqidlərindən, həm də cəmiyyətdə artan narazılıqdan gedir. Uzanan hərbi qarşıdurma, iqtisadi xərclər və münaqişədən aydın çıxış strategiyasının olmaması bu narazılıqları gücləndirir. Artan etiraz əhvali-ruhiyyəsi və siyasi qütbləşmə isə eskalasiya imkanlarını məhdudlaşdırır və İsrail rəhbərliyini daha idarəolunan, xərclərin daha az olduğu ssenari axtarmaq məcburiyyətində qoyur.
Münaqişədə yeni oyunçular?
Belə vəziyyətdə İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan səfərinin ardından Sankt-Peterburqa yollanaraq, orada Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb. Bu, Tehranın danışıqlar xəttini birbaşa ABŞ-İran formatından kənara çıxarmaq və prosesə xarici vasitəçiləri cəlb etmək cəhdlərinin göstəricisidir. Böyük ehtimalla Sankt-Peterburq görüşündə Moskvanın ABŞ ilə İran arasında kommunikasiyanın qurulmasında mümkün vasitəçiliyi məsələsi müzakirə edilib. Rusiya, əslində, dolayısı ilə bu rola hazır olduğunu göstərir. Hər halda, Putin regionda gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınması üçün səylər göstərməyə hazır olduğunu bildirib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə Moskvanın ABŞ tərəfinə «öz baxış və qiymətləndirməsini» çatdıra biləcəyini istisna etməyib.
Görünən odur ki, mövcud vəziyyətdə Rusiya spesifik və bir çox cəhətdən paradoksal mövqe tutur. O, bir yandan İranla siyasi və hərbi-texniki sahələrdə əməkdaşlıq edərək Tehranın ən yaxın tərəfdaşlarından biri kimi çıxış edir, digər tərəfdən həm Vaşinqton, həm də İsraillə kommunikasiya kanallarını işlək saxlayır. Bu, təbii olaraq, Moskvanı qeyri-formal vasitəçi funksiyasını yerinə yetirə bilən azsaylı aktorlardan birinə çevirir. Bu amillər – Tehranla strateji yaxınlıq və onun strateji düşmənləri ilə əlaqələrin olması – Rusiya üçün əlverişli şərait yaradır. O, bu mövqeyini danışıqlar prosesinə təsir alətinə çevirə bilir. Tərəflər arasında birbaşa dialoqun ciddi məhdudiyyətlərlə üzləşdiyi şəraitdə belə vasitəçilik əlavə əhəmiyyət qazanır və Moskvaya regional gündəmdə öz iştirakını gücləndirmək imkanı verir. Bununla belə, Rusiyanın bu imkandan istifadə edə bilib-bilməyəcəyi, eyni zamanda bütün prosesi Ukraynadakı məqsədlərinə çatması ilə əlaqələndirə biləcək şəkildə qurmağı bacarıb-bacarmayacağı, hələ ki, tam aydın deyil.
Daş qayaya rast gəlib
Tərəflərin hərbi potensialına və müharibənin bərpa olunacağı hal üçün apardıqları konkret hazırlıqlara gəlincə, mövcud vəziyyət İranın resurslarının yaxın zamanlarda tükənəcəyini söyləməyə əsas vermir. Əksinə, bir sıra Qərb mediasının qiymətləndirməsinə görə, ABŞ və İsrailin miqyaslı zərbələrinə baxmayaraq, Tehranın raket, PUA və hərbi-dəniz infrastrukturunun əhəmiyyətli hissəsi döyüş qabiliyyətini qoruyub saxlayır. «The Guardian» qəzeti ABŞ kəşfiyyatından əldə etdiyi məlumata istinadən yazır ki, qiymətləndirmələrdən biri İranın raket və buraxılış qurğularının, eləcə də «Shaded» zərbə dronlarının təxminən yarısının hələ istifadə edilmədiyini göstərir. Bundan başqa, İranın Hörmüz boğazı bölgəsindəki fəaliyyəti göstərir ki, onun hərbi-dəniz və asimmetrik imkanları da tam sıradan çıxarılmayıb.
ABŞ-İsrail kampaniyası, əlbəttə ki, İrana ciddi zərbə vurub. Lakin onlar əsas məqsədlərinə çata bilməyiblər. Söhbət Tehranın uzunmüddətli müharibə aparmaq qabiliyyətindən məhrum edilməsindən gedir. Başqa sözlə, Tehran hələ də hədəflərinə raket və dron zərbələri endirmək, Fars körfəzi ölkələrinə təzyiq göstərmək, gəmiçiliyi pozmaq, Livanda, eləcə də digər bölgələrdəki müttəfiqlərini prosesə cəlb etmək üçün resurslara malikdir. İran və «Hizbullah» hələ mart ayında İsrailə qarşı 850-dən çox raket və dron hücumu həyata keçirmişdir. Bu, potensialın tükənmədiyinin göstəricisidir.
Məhz bu səbəbdən tərəflərin hərbi hazırlığı qısa və yekun zərbəyə hazırlıq xarakteri daşımır. Əksinə, vəziyyət daha çox uzunmüddətli tükəndirmə müharibə gözləntisi təəssüratı yaradır. İsrail atəşkəs razılaşmasından sonra belə, «Hizbullah»ın Livandakı obyektlərinə zərbələri davam etdirir, üstəlik, əməliyyatların coğrafiyasını getdikcə daha da genişləndirir. Bu isə onun Tehranla birbaşa münaqişənin mümkün bərpasından əvvəl İranın regiondakı şəbəkəsini zəiflətmək niyyətindən xəbər verir.
Bununla yanaşı, Vaşinqtonla Təl-Əviv regionda müdafiə konfiqurasiyasını da gücləndirirlər. Bu kontekstdə Fars körfəzi ölkələrinin raket və dron əleyhinə müdafiəsi də möhkəmləndirilir. İranın raket və PUA hücumları təhlükəsi fonunda BƏƏ-də İsrailin «Iron Dome» sisteminin yerləşdirildiyinə dair məlumat xüsusilə diqqət çəkir. Bu, o deməkdir ki, ABŞ-İsrail bloku İranın nəinki tərk-silah olmadığını, hətta istər İsrailə, istərsə də onların Fars körfəzindəki müttəfiqlərinin infrastrukturuna ciddi zərbələr endirmək potensialının böyük olaraq qaldığını düşünür.
Beləliklə, İranın uzunmüddətli asimmetrik müharibə aparmaq qabiliyyəti müttəfiqlərin yalnız hərbi ssenariyə arxalanmasına imkan verməyən əsas amildir. ABŞ və İsrail İrana yeni miqyaslı zərbələr endirə bilərlər, lakin müharibənin qısa müddətdə başa çatacağına heç bir zəmanət yoxdur. Bu vəziyyətdə Tehran mövcud vəziyyəti bahalı, uzunmüddətli və region üçün dağıdıcı münaqişəyə çevirmək imkanını qoruyub saxlayır. Əlbəttə ki, Hörmüz boğazının blokadası Tehran üçün yumşaq desək, ucuz başa gəlmir. Lakin təcrübə göstərir ki, danışıqlar hələ də praktik nəticələr vermir və demək, vəziyyətdən çıxmaq üçün real plan yoxdur. Müharibə sanki davam edir. Amma görünən odur ki, proses heç də plan üzrə getmir.
MƏSLƏHƏT GÖR:



48

