12 İyun 2026

Cümə, 14:19

HÜQUQ ƏVƏZİNƏ SİYASƏT

Avropa parlamentlərində Qarabağ məsələsini kim və niyə siyasiləşdirir?

Müəllif:

01.05.2026

Aprelin 16-da Niderland və Belçika parlamentlərinin Nümayəndələr palataları sinxron qərarlar qəbul edib. Niderlandda «Xristian birliyi» partiyasından olan deputat Don Seder Azərbaycandakı «erməni hərbi əsirlər»in azad olunması, «erməni soyqırımı»nın tanınması ilə bağlı iki vəsatət irəli sürüb. Belçikada isə deputat Mişel de Maqd «böyük erməni dosyesi»nin gündəliyini təkrarlayan qətnamə layihəsi təqdim edib. Sənəddə Qarabağ sakinlərinin beynəlxalq təminat altında geri qayıtmaq hüququnun təminindən, müşahidə mexanizminin yaradılmasından, Azərbaycan qüvvələrinin 12 may 2021-ci ildəki mövqelərinə qayıtmalı olduğundan və Bakıda saxlanılan ermənilərlə bağlı məsələnin həllinin vacibliyindən danışılır.

Bu, sadəcə, xarici siyasət məsələsi deyil. Baş verənlər Cənubi Qafqazdakı real dinamika ilə regiondan kənardakı siyasi şərhlər arasında disbalansın göstəricisidir.

Formal baxımdan söhbət standart parlament prosedurlarından gedir. Lakin məzmun etibarilə bu, daha çox real həll yollarının axtarışına deyil, müəyyən təsir qruplarının maraqlarının ifadəsinə yönəlmiş rəmzi siyasi addıma bənzəyir. Cavab olaraq Bakı Belçika və Niderland parlamentlərində qəbul olunmuş anti-Azərbaycan xarakterli sənədlərlə bağlı hər iki ölkəyə sərt diplomatik etirazını bildirib. Azərbaycanla Ermənistan arasında münasibətlərin tədricən normallaşması fonunda bu cür təşəbbüslər qarşıdurma gündəliyini geri qaytarmaq cəhdindən başqa bir şey deyil. Görünən odur ki, onlar münaqişənin aktiv mərhələsinin başa çatmasından sonra formalaşmış əsas hüquqi və demoqrafik reallıqları nəzərə almırlar.

 

Reallığın sərhədləri haradan keçir?

Avropa parlamentlərində irəli sürülmüş qətnamələrin əsas tezislərindən biri Qarabağın erməni əhalisinin «geri qayıtmaq hüququ» məsələsidir. Halbuki onlar bu şəxsləri qaçqın adlandırmırlar. Bununla yanaşı, avroparlamentarilər beynəlxalq ictimaiyyət tərəfindən qaçqın kimi tanınmış 300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququnu xatırlamaq istəmirlər. Beynəlxalq hüquq, həqiqətən də, geri qayıtmaq haqqını tələb edir. Lakin bu hüquq qaçqınlara, yəni vətəndaşlığı və ya ərazi ilə davamlı hüquqi bağlılığı olan şəxslərə aiddir. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Qarabağ məsələsində isə bölgəni 2023-cü ildə tərk etmiş etnik ermənilər bu kateqoriyaya aid deyil. Söhbət əsasən Ermənistan Respublikasının vətəndaşlarından, həmçinin münaqişə başladıqdan sonra işğal olunmuş ərazilərə köçürülmüş şəxslərdən gedir.

Avropalıların təşəbbüslərində bəhs olunan əhalinin tərkibinə diqqət yetirmək xüsusilə vacibdir. Bu əhali yekcins deyil və bir neçə kateqoriyanı əhatə edir:

1) 1988-ci ildə münaqişə başlamazdan əvvəl Qarabağ bölgəsində yaşamış şəxslər;

2) Münaqişə dövründə terror fəaliyyətində və Azərbaycan ərazilərinin işğalında iştirak etmək məqsədilə Qarabağa köçmüş, daha sonra həmin torpaqlarda qalaraq ailə qurmuş və s. şəxslər;

3) 1992-1994-cü illərdə baş vermiş Birinci Qarabağ müharibəsindən sonra Qarabağa daimi yaşamaq üçün köçmüş şəxslər;

4) Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin və digər qanunsuz silahlı birləşmələrin tərkibində Qarabağda qalmış şəxslər.

Bu kateqoriyaların hamısının «Qarabağ əhalisi» adı altında vahid obrazda təqdim olunması reallığın təhrifidir. Burada mümkün inteqrasiya kontekstində yalnız birinci qrup nəzərdən keçirilə bilər. Digər qruplar isə ya qanunsuz məskunlaşma, ya da silahlı fəaliyyətlə bağlıdır.

Beləliklə, təklif olunan formada «kütləvi geri dönüş» tezisinin nə hüquqi, nə də faktiki əsası var. Bu fərqin nəzərə alınmaması hüquqi məsələni siyasi şüara çevirir. Faktiki olaraq söhbət hüquqların bərpasından deyil, xarici vətəndaşların dövlətin milli qanunvericiliyindən kənar şəkildə yaşayış hüququ əldə etdiyi yeni presedentin yaradılmasından gedir.

 

Suverenlik və xarici müdaxilənin sərhədləri

Tələblərin ikinci bloku da az diqqət çəkmir. Söhbət «erməni əsirlər»in azad olunması məsələsindən gedir. O «əsir»lərin ki, Azərbaycan məhkəmələri tərəfindən konkret cinayətlərə görə məhkum olunublar.

Burada sərhəd aydın qoyulmalıdır: Azərbaycan etnik mənsubiyyətə görə həbslər həyata keçirmir! Məhkəmə qarşısına çıxarılmış şəxslər hərbi cinayətlərdə – mülki şəxslərin qətlində, mülki infrastrukturun dağıdılmasında, diversiya fəaliyyətində, terror aktlarının təşkili və həyata keçirilməsində ittiham olunurlar. Beynəlxalq hüquq baxımından bu cür əməllər ağır cinayətlər kateqoriyasına daxildir və onlara münasibətdə cəzanın qaçılmazlığı prinsipi tətbiq olunur. Bu prinsip isə BMT Nizamnaməsi və beynəlxalq tribunalların təcrübəsi də daxil olmaqla, bir sıra beynəlxalq normalarda təsbit edilib. Başqa sözlə, bu cür şəxslərin «əsir», «qurban» kimi tənqdim olunması cəhdləri əslində hüquqi qiymətləndirmənin siyasi ritorika ilə əvəzlənməsidir. Bundan başqa, onların azad edilməsi tələbi suveren dövlətin məhkəmə sisteminə birbaşa müdaxilə deməkdir. Bu isə məntiqi sual doğurur: belə çağırışlar qətnamə təşəbbüskarlarının mütəmadi istinad etdikləri hüququn aliliyi, məkhəmələrin müstəqilliyi kimi Avropa prinsiplərinə nə qədər uyğundur?

 

Cəzasızlıq presedenti, yoxsa hüquqi təsbit?

Bakıda keçirilən məhkəmə prosesləri yalnız konkret işlərə baxılması ilə məhdudlaşmayıb. Onlar münaqişəyə hüquqi-məhkəmə qiyməti verərək, onun əsas elementlərindən birini – cəzasızlıq hissini yox edib. Cənubi Qafqaz onilliklər boyu bir çox cinayətlərin faktiki olaraq, hüquqi qiymət almadığı məkana çevrilmişdi. Bu mənada Bakı məhkəmələri siyasi interpretasiyalardan faktların və fərdi məsuliyyətin hüquqi təsbitinə keçid sayıla bilər. Bu proseslərin ətrafında belə ciddi xarici təzyiqin yaranması da buradan irəli gəlirdi. Fərdi günahın tanınması siyasi lobbiçilik üçün münaqişənin yalnız bir tərəfin kollektiv iztirabı prizmasından təqdim edildiyi rahat sxemi dağıdıb.

 

Hüquq əvəzinə siyasət

Niderland və Belçika parlamentlərinin aprel qərarları müstəqil siyasi xətdən daha çox kənardan koordinasiya olunan təsirin nəticəsini nümayiş etdirir. Bu addımların sinxronluğu isə onların mənşəyinə – uzun illər ərzində formalaşmış və eyni gündəliyi ilə bir neçə Avropa paytaxtında eyni vaxtda təşəbbüs irəli sürə bilən erməni lobbisinə diqqət çəkir. Bu konstruksiyada Azərbaycan üçün əlverişli opponert rolu tanınıb – coğrafi baxımdan uzaq və mədəni baxımdan fərqli ölkə kimi, birtərəfli obrazın formalaşdırılması asandır. Prosesə cəlb edilmiş siyasətçilər isə situativ deyil, ardıcıl fəaliyyət göstərərək mövzu ətrafında öz siyasi profillərini qururlar.

İstər Niderlandda, istərsə də Belçikada bu cür sənədlərin əsas təşəbbüskarı onilliklər boyu alternativ baxışları nəzərə alınmayan davamlı xətt nümayiş etiriblər. Onların fəallığın isə yalnız ideoloji inanclarla izah etmək çətindir. Bu fəaliyyət lobbi dəstəyi və elektorat hesablamaları məntiqi ilə tam uzlaşır.

Son qətnamələrin qəbul olunduğu kontekst də təsadüfi deyil. Don Seder və Mişel de Maqd kimi fiqurların fəallığı daha geniş lobbi təsiri sistemində yer alır. Burada formullar və gündəlik tez-tez müxtəlif ölkələrdə, demək olar ki, sözbəsöz təkrarlanır.

Əlavə amillərdən biri isə dini kimlikdir. Avropanın bəzi siyasi dairələrində Ermənistan «sivilizasiya yaxınlığı» prizmasından qəbul edilir ki, bu da münaqişəyə əvvəlcədən asimmetrik münasibət formalaşdırır. Bulə yanaşma mürəkkəb reallığı sadələşdirir, təhlili emosional çalarlarla yüklənmiş klişelərlə əvəzləyir. Bununla yanaşı, uzunmüddətli münaqişə və onun humanitar nəticələri ilə bağlı mühüm tarixi məqam diqqətdən kənarda qalır. Avropada irəli sürülən sənədlər hüquq və təhlükəsizlik məsələlərinin şərhində seçici yanaşma nümayiş etdirir ki, bu da onların obyektivlik iddiasını zəiflədir. Belə olduqda Avropa dövlətlərinin özlərinin mənəvi mövqeyi ilə bağlı sual yaranır. Son illərdə Avropa parlamentarizmində baş vermiş səs-küylü korrupsiya qalmaqalları sistemli zəiflikləri, bəzi siyasətçilərin xarici maliyyələşmədən asılılığını üzə çıxarıb. Bu isə qəbul olunan qərarlara etimadı sarsıdır, onların mümkün lobbi təsiri prizmasından qiymətləndirilməsini zəruri edir.

Eyni zamanda Ermənistanın öz mövqeyi də nəzərə alınmır. Baş nazir Nikol Paşinyan son illərdə Avropa parlamentlərində irəli sürülən tələblərlə müqayisədə daha təmkinli, daha praqmatik yanaşma nümayiş etdirir.

Beləliklə, Azərbaycanla Ermənistanın münasibətlərin yeni arxitekturasını formalaşdıraraq nizamlanmaya doğru irəlilədikləri vaxtda xarici oyunçular köhnəlmiş sxemlər üzrə hərəkətləri davam etdirirlər. Nəticədə, paradoks yaranır: xarici aktorlar birbaşa münaqişə iştirakçılarından daha radikal mövqe nümayiş etdirirlər.

 

Mümkün olanların sərhədi

Aprel təşəbbüslərinin əsas problem onların hüquqi reallıqlardan uzaq olmasıdır. Bu təşəbbüslər üç əsas prinsipi nəzərə almır: 1) Ədalət mühakiməsi məsələsində dövlətlərin suverenliyi; 2) mülki əhali ilə hərbi cinayətkarlar arasındakı fərq; 3) Xarici vətəndaşların başqa ölkədə avtomatik yaşamaq hüququnun olmaması.

Nəticədə, bu cür qətnamələri nizamlanma vasitəsi yox, siyasi konyunkturun elementi kimi qəbul edilir. Halbuki, Azərbaycanla Ermənistan arasında sülh prosesi Avropa parlamentlərinin zallarında deyil, iki ölkə arasında birbaşa dialoq çərçivəsində inkişaf edir. Proses nə qədər irəliləyəcəksə, belə qətnamələrin ikinci dərəcəli xarakter daşıdığı o qədər aydın görünəcək. Onlar informasiya səs-küyü yarada bilər, lakin fundamental bir faktı dəyişə bilzəm: nə vətəndaşlıq məsələsi, nə də cinayət məsuliyyəti siyasi bəyanatlarla həll olunur. Bunlar yalnız qanun çərçivəsində həll edilə bilər.


MƏSLƏHƏT GÖR:

89