PEKİNİN “ƏFQAN EKSPRESİ”
Çin, Qazaxıstan və Özbəkistan İran və Hind okeanına yeni quru yolu dəhlizi yaradır
Müəllif: İlqar VƏLİZADƏ
Bəzi qlobal güc mərkəzlərinin münaqişələrlə, geosiyasi qarşıdurmalarla məşğul olduğu bir vaxtda, Pekin davamlı olaraq yeni qitədaxili kommunikasiya xətləri formalaşdırmaqdadır. O, artıq Avrasiyanın mərkəzi hissəsinin əvvəllər əlçatmaz sayılan regionları ilə belə, əlaqələr qurur. Mayın 5-də Özbəkistanın “Uztemiryulkonteyner” şirkəti “Əfqan ekspressi” adlandırılan yeni multimodal marşrutun işə salındığını elan edib. Bu marşrut Çinlə Əfqanıstan arasında konteyner yüklərinin Qazaxıstan, Özbəkistan və Türkmənistan ərazisindən keçməklə daşınmasını nəzərdə tutur. Görünən isə odur ki, bu layihənin real əhəmiyyəti yalnız Əfqanıstan istiqaməti ilə məhdudlaşmayacaq.
Çindən Əfqanıstana yeni yol
Bildirilir ki, marşrut Çin-Qazaxıstan sərhədində yerləşən Xorqos-Altınkol nəqliyyat qovşağından keçərək, Özbəkistan vasitəsilə “Buxara” logistika mərkəzinə çatır. Bundan sonra konteynerlər avtomobil nəqliyyatı ilə Türkmənistan üzərindən ölkənin qərbində yerləşən Əfqanıstanın Herat şəhərinə göndərilir. Regionun mövcud nəqliyyat coğrafiyasına nəzər saldıqda, ən ehtimal olunan marşrutun Şərqi Türkmənistan vasitəsilə Serhetabad-Torqundi sərhəd keçidinə çıxışı əhatə etdiyi görünür. Tarixən Türkmənistandan Qərbi Əfqanıstana və daha sonra Herat istiqamətinə aparan əsas nəqliyyat dəhlizi məhz bu keçidlə təmin edilib.
Marşrutun uzunluğu təxminən 7,4 min kilometrdir, yüklərin orta çatdırılma müddəti isə təxminən 30 gündür.
Qeyd edək ki, burada söhbət yeni infrastrukturun tikintisindən çox, regionun artıq mövcud olan nəqliyyat imkanlarını vahid logistika sistemində birləşdirmək cəhdindən gedir. Məsələn, Türkmənistanın Serhetabad şəhəri ilə Əfqanıstanın Torqundi məntəqəsi arasında dəmir yolu artıq mövcuddur və fəaliyyət göstərir. O, hələ 2018-ci ildə istifadəyə verilib. Lakin Torqundidən Herata qədər tam funksional dəmir yolu yoxdur. Bu hissə layihələndirmə və hazırlıq mərhələsindədir. Odur ki, Torqundi/Serhetabaddan Herat istiqamətində yüklər hələ ki, əsasən avtomobil nəqliyyatı ilə daşınır.
Hazırda Herat ətrafında İran istiqamətinə çıxışı olan iri logistika qovşağı da tədricən formalaşmaqdadır. Söhbət Qərbi Əfqanıstanı İranla birləşdirən Xaf-Herat dəmir yolundan gedir. Bu xəttin tikintisi son illərdə aparılıb. Artıq onun çəkilişi ümumilikdə başa çatsa da, yol hələ ki, qismən fəaliyyət göstərir. Herata qədər bütün xəttin tam istismarı uzun müddət təhlükəsizlik problemləri, infrastruktur çatışmazlıqları və bəzi hissələrdə işlərin tamamlanmaması səbəbindən mümkün olmayıb. Məsələ ondadır ki, 2021-ci il döyüşləri zamanı Əfqanıstan tərəfində infrastrukturun bir hissəsi zədələnmiş, nəticədə, yolun işi faktiki olaraq pozulmuşdu. Sonradan bərpa işlərinə başlanılıb və 2023-cü ilin mayında marşrut üzrə sınaq hərəkəti həyata keçirilib.
Mərkəzi Asiya birləşdirir
Bu istiqamətin istifadəyə verilməsi qlobal nəqliyyat zəncirlərinin yenidən qurulması və Mərkəzi Asiyanın Avrasiya ticarətində rolunun artması deməkdir. İndi Çin üçün faktiki olaraq yalnız Əfqanıstana deyil, İrana qədər uzanan yeni quru marşrutu formalaşır. Odur ki, “transəfqan marşrutu”nun son nöqtəsi kimi məhz Heratın seçilməsi heç də təsadüf deyil. Əfqanıstanı İranın dəmir yolu şəbəkəsi ilə birləşdirən ilk tamhüquqlu dəmir yolu əlaqəsi sayılan Xaf-Herat xətti Heratdan keçir. Beləliklə, İran vasitəsilə isə Fars və Oman körfəzlərinin limanlarına çıxış açılır ki, bu da Çinə ənənəvi dəniz kommunikasiya yollarından yan keçməklə alternativ yükdaşıma marşrutlarını formalaşdırmaq imkanı verir.
Diqqətçəkən məqamlardan biri də burada Özbəkistan dəmir yolları və onunla əlaqəli “Uztemiryulkonteyner” şirkətinin xüsusi rol oynamasıdır. Hazırda Özbəkistan Mərkəzi Asiyada transəfqan logistikasının əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Təsadüfi deyil ki, marşrutun logistika nüvəsi kimi məhz “Buxara” mərkəzi seçilib. Özbəkistan faktiki olaraq öz ərazisini cənub istiqamətində - Əfqanıstana, İrana və perspektivdə Hind okeanı limanlarına yönələn Çin yükləri üçün əsas paylama qovşağına çevirməyə çalışır.
Bununla yanaşı, söhbət yalnız kommersiya logistikasından getmir. Daşkənd üçün bu cür marşrutların inkişafı strateji əhəmiyyət daşıyır. Dənizə birbaşa çıxışı olmayan Özbəkistan obyektiv olaraq onu xarici dünya ilə birləşdirən nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıdır. O, son illərdə bu səbəbdən Əfqanıstan üzərindən keçən müxtəlif kommunikasiya layihələrini fəal şəkildə irəli sürür. Buraya Məzari-Şərif-Kabil-Peşəvər dəmir yolu, həmçinin Qərbi Əfqanıstan vasitəsilə İran istiqamətinə uzanan marşrutlar da daxildir.
“Əfqan ekspresi”nin işə salınması da bu strategiyaya tam uyğun gəlir. Üstəlik, Özbəkistanın bu prosesdə iştirakı Çin üçün də son dərəcə vacibdir. Çünki Mərkəzi Asiyada ən inkişaf etmiş, institusional baxımdan ən dayanıqlı nəqliyyat sistemlərindən biri məhz Özbəkistanın sistemi hesab olunur.
Prinsipial əhəmiyyət daşıyan daha bir məqam Çinin regiona əsas giriş nöqtəsinin hələ də Qazaxıstan olaraq qalmasıdır. Qazaxıstan-Çin sərhədində yerləşən Xorqos-Altınkol qovşağı “transəfqan marşrutu” çərçivəsində əsas funksiyanı yerinə yetirir və Çindən Mərkəzi Asiyaya konteyner axınının daxil olmasını, daha sonra isə Özbəkistan ərazisi vasitəsilə Əfqanıstan və İran istiqamətində irəliləməsini təmin edir. Faktiki olaraq, Qazaxıstan Çinin regiona əsas quru qapısı rolunu oynayır, Özbəkistan isə tədricən Əfqanıstan, İran və Cənubi Asiyaya yönələn yüklərin paylanmasını və tranzitini təmin edən cənub logistika mərkəzi statusunu möhkəmləndirməyə çalışır.
Əhəmiyyətli daha bir məqam son illər Qazaxıstan və Özbəkistanın “Taliban” hərəkatının hakimiyyəti ilə kifayət qədər praqmatik və işlək dialoq qura bilməsidir. Bu, Kabillə münasibətlərdə nisbətən proqnozlaşdırıla bilən əməkdaşlıq modelinin formalaşdırılmasına imkan verir. Pekin üçün bu da prinsipial əhəmiyyət daşıyır. Çünki istənilən transəfqan logistika layihəsinin həyata keçirilməsi birbaşa Əfqanıstan istiqamətində idarəolunma səviyyəsindən və siyasi sabitlikdən asılıdır.
Taliblər təcriddən çıxır
Maraqlıdır ki, məhz “Taliban” hərəkatının hakimiyyətə gəlişindən, daha dəqiq desək, ABŞ və NATO qüvvələrinin ölkədən çıxmasından sonra Əfqanıstan Çin tərəfindən tədricən yalnız təhlükəsizlik təhdidləri mənbəyi kimi deyil, həm də Pekinin strateji resurslara artan marağını əhəmiyyətli dərəcədə təmin edə biləcək mühüm mineral-xammal bazası kimi qiymətləndirilməyə başlayıb. Söhbət xüsusilə mis, dəmir filizi, kobalt, nikel, qızıl və nadir torpaq metalları kimi resurslardan gedir.
Akkumulyatorlar, elektronika və “yaşıl enerji” üçün xammala qlobal tələbatın artdığı bir şəraitdə Pekinin diqqətini xüsusilə Əfqanıstanın litium ehtiyatları cəlb edir. Xatırladaq ki, vaxilə bəzi Qərb ekspertləri bu ehtiyatların əhəmiyyətini Boliviyanın resursları ilə müqayisə edirdilər.
Əslində, Çin şirkətləri Əfqanıstan resurslarına hələ “Taliban”ın hakimiyyətə qayıdışından xeyli əvvəl də maraq göstərirdilər. Ən məşhur layihələrdən biri Kabil yaxınlığında yerləşən Mes-Aynak mis yatağıdır. Çinin “Metallurgical Corporation of China” şirkəti bu yatağın işlənməsi hüququnu hələ 2007-ci ildə əldə etmişdi. O, dünyanın ən iri işlənməmiş mis yataqlarından hesab olunur. O vaxt müharibə, təhlükəsizlik problemləri və infrastruktur məhdudiyyətləri səbəbindən layihənin tam həyata keçirilməsi mümkün olmamışdı. Layihənin canlandırılması ilə bağlı danışıqlar 2021-ci ildən sonra isə edilib.
Bundan başqa, 2023-cü ilin yanvarında Əfqanıstan hakimiyyəti Çinin “Xinjiang Central Asia Petroleum and Gas Co.” Şirkəti ilə Amudərya hövzəsində neft hasilatı barədə də saziş imzalayıb. Layihə ölkənin şimalındakı neft yataqlarının işlənməsinə investisiya yatırılmasını nəzərdə tutur. Bu, hakimiyyət dəyişikliyindən sonra Kabilin bağladığı
ilk iri xarici enerji sazişlərindən biridir.
Paralel olaraq Çin Əfqanıstanda nəqliyyat-logistika mövcudluğunu da tədricən gücləndirir. Pekin üçün prinsipial məsələ Əfqanıstanda hasil edilən xammalın Çinə daşınmasını təmin edəcək sabit quru kommunikasiya xətlərinin formalaşdırılmasıdır.
Gələcək hədəflər
Pekin son dərəcə ehtiyatlı da olsa, Əfqanıstan istiqamətində iqtisadi, xammal və logistika mövcudluğunu artırır. Digər tərəfdən, Çin üçün Əfqanıstan ərazisinin Sincandakı gizli uyğur şəbəkələri ilə əlaqəli radikal qruplaşmaların bazasına çevrilməsinin qarşısını almaq da olduqca vacibdir. Bu səbəbdən 2021-ci ildən sonra Çinlə Əfqanıstanın yeni hakimiyyəti arasında kifayət qədər intensiv siyasi dialoq da qurulub.
Pekin Əfqanıstan proseslərinə birbaşa hərbi müdaxilədən yayınır və daha çox iqtisadi mexanizmlərə, Mərkəzi Asiyanın qonşu dövlətləri ilə əməkdaşlığa, həmçinin Kabildəki hazırkı hakimiyyətlə praqmatik dialoqa üstünlük verir. Bu vəziyyətdə Əfqanıstanın Herat şəhəri xüsusi əhəmiyyət qazanır. Onun coğrafi mövqeyi faktiki olaraq şəhəri İran istiqamətində əsas quru logistika qovşağına çevirir. Pekində hesab edirlər ki, İranla ABŞ arasındakı qarşıdurma uzunmüddətli xarakter alarsa, Yaxın Şərqdəki dəniz marşrutları üçün risklər yaranacaq. Belə şəraitdə Çin üçün alternativ və daha dayanıqlı quru kommunikasiya xətlərinin formalaşdırılması son dərəcə əhəmiyyətlidir. Bu marşrutlar İran neftinin və digər yüklərin sabit təchizatını təmin etməyə imkan verməlidir. Məhz buna görə də Qərbi Əfqanıstan və Herat üzərindən keçən marşrutların Pekin üçün əhəmiyyəti obyektiv şəkildə artır.
Ümumiyyətlə, marşrutun bütün iştirakçıları anlayırlar ki, Əfqanıstan hələ də ciddi infrastruktur məhdudiyyətləri və mürəkkəb daxili vəziyyəti olan son dərəcə qeyri-sabit ərazi olaraq qalır. Lakin hadisələrə uzunmüddətli perspektiv prizmasından baxdıqda aydın görünür ki, əsas regional oyunçular artıq indidən Əfqanıstanı formalaşmaqda olan Avrasiya nəqliyyat və xammal kommunikasiya sisteminə inteqrasiya etməyə çalışırlar. Onlar ölkənin tədricən sabitləşəcəyinə və tranzit əhəmiyyətinin artacağına ciddi şəkildə ümid edirlər.
Pekinə mümkün qədər “sakit” və proqnozlaşdırıla bilən kommunikasiya xətləri lazımdır. Söhbət gələcəkdə Əfqanıstandan strateji xammalın daşınmasından və ya İrandan enerji resurslarının davamlı təchizatının təmin edilməsindən gedirsə, bu məsələ daha da aktuallaşır.
Bununla yanaşı, Pakistan marşrutu da qüvvədə qalır. Nəticə etibarilə, hazırkı son dərəcə qeyri-sabit dünyada istər marşrutların, istərsə də siyasi əlaqələrin şaxələndirilməsi hər bir halda faydalıdır. Əsas məsələ bütün bu qarşılıqlı əlaqə kanallarını aktiv saxlamaq və hər hansı bir istiqamətdən kritik asılılığın yaranmasına yol verməməkdir.
MƏSLƏHƏT GÖR:



32

