4 İyun 2026

Cümə axşamı, 17:58

MÜTTƏFİQLƏR İMPERİYASININ SÜQUTU

Tramp administrasiyasının addımları trans-Atlantik sistemi parçalayacaqmı?

Müəllif:

15.05.2026

Avro-Atlantik dünya getdikcə parçalanma mərhələsinə daha aydın şəkildə daxil olur. Donald Tramp administrasiyasının Avropada ABŞ-nin hərbi mövcudluğunu məhdudlaşdırmaq, həmçinin Avropa İttifaqı (Aİ) məhsullarına tətbiq olunan ticarət rüsumlarını artırmaq qərarları bu tendensiyanı bir daha təsdiqləyir.

 

ABŞ qoşunlarını çıxarır?

Donald Tramp uzun müddətdir ki, NATO-nun tənqidçisi kimi tanınır. O, hələ ilk prezidentlik dövründə Şimali Atlantika Alyansı ölkələrini himayədarlıqdan asılı olmaqda günahlandırır, avropalılardan hərbi büdcələrini ÜDM-in 2%-i səviyyəsinə çatdırmağı tələb edirdi. Hazırda isə ABŞ Prezidentinin Avro-Atlantik birliyə etimadsızlığı daha da artıb. Səbəb avropalı müttəfiqlərin ABŞ və İsrailin İrana qarşı apardığı müharibə ilə bağlı tutduqları mövqedir. “Bizə NATO-nun dəstəyi lazım olanda onlar bizi dəstəkləmədilər”, - deyə Tramp gileylənib. Daha sonra o, tam əminliklə proqnoz da verib: “Biz bu dəfə ehtiyac duyanda NATO yanımızda olmadısa, demək, növbəti dəfə də olmayacaq”.

Avropanın aparıcı ölkələrinin müharibədə birbaşa iştirakdan, xüsusilə Hörmüz boğazının blokadasına qoşulmaqdan imtina etməsindən məyusluğunu ifadə edən D.Tramp buna qarşılıq olaraq bir sıra cəza üsulları düşünüb. Söhbət, ilk növbədə, ABŞ qoşunlarının bəzi Avropa ölkələrindən çıxarılmasından gedir. Bu, xüsusilə İtaliya və İspaniyaya aiddir. Ən böyük qınağa isə Almaniya məruz qalıb. Vaşinqtonla Berlin arasında gərginlik Trampın Almaniya kansleri Fridrix Merts ilə qiyabi polemikasından qaynaqlanıb. Merts Vaşinqtonu İran məsələsində strategiyasız davranmaqda ittiham edib, Tehranın danışıqlarda ABŞ diplomatiyasını “alçaltdığını” bildirib. Bu tənqiddən qəzəblənən Tramp isə Mertsi “hər növ problemlər”, o cümlədən immiqrasiya və energetika sahələrində problemlər yaradan “dəhşətli işlər” görməkdə günahlandırıb. Sonda o, vəd də verib: ABŞ Almaniyadakı qoşunlarının sayını azaldacaq.

Xatırladaq ki, Almaniya ABŞ-nin Avropadakı ən böyük dayaq nöqtəsidir. Bu vəziyyət İkinci Dünya müharibəsindən bu yana davam edir. Hazırda ABŞ-nin Avropada yerləşən təxminən 80 minlik hərbi kontingentinin 36 mindən çoxu məhz Almaniyanın payına düşür. Bundan başqa, Almaniyanın Ştutqart şəhərində ABŞ-nin Avropa və Afrika komandanlıqlarının qərargahları yerləşir. ABŞ-nin kənardakı ən böyük aviabazası olan Ramştayn da Almaniyadadır.

Bu faktlar Almaniyanın ABŞ geostrategiyasındakı xüsusi rolunu sübut edir. Ən azı indiyədək sübut edirdi. Çünki Vaşinqtonun Ağ Ev və Pentaqon tərəfindən elan olunmuş yeni planı 6-12 ay ərzində Almaniya ərazisindən 5 mindən çox Amerika hərbçisinin çıxarılmasını nəzərdə tutur.

Bundan başqa, Co Bayden administrasiyası dövründə hazırlanmış, uzaqmənzilli “Tomaqavk” raketləri ilə təchiz olunmuş Amerika batalyonunun Almaniyada yerləşdirilməsi qərarı da ləğv edilib.

Almaniyadakı ABŞ hərbçilərinin bir hissəsinin Aİ üzvü olan başqa ölkəyə (daha çox Polşanın adı çəkilir) köçürüləcəyi bildirilir. Amma istənilən halda, Vaşinqtonun Avropa siyasətində ciddi dəyişiklik göz önündədir ki, prosesin mərkəzində də Almaniyaya münasibət dayanır. Söhbət Aİ-nin əsas iqtisadiyyatı və NATO daxilində aparıcı hərbi güclərdən biri sayılan ölkədən gedir.

Almaniyalı ekspertlərinin fikrincə, ABŞ qoşunlarının sayının azaldılması ölkə üçün uzaqmənzilli raketlərin Almaniya ərazisində yerləşdirilməsi planının ləğvi ilə müqayisədə daha kiçik problemdir. Məsələ ondadır ki, uzaqmənzilli zərbə vasitələri sahəsində ABŞ-nin faktiki monopoliyası nəzərə alınarsa, bu addım operativ baxımdan Almaniyanın təhlükəsizliyinin zəifləməsi ilə nəticələnə bilər.

Bütün bunlar azmış kimi, Tramp administrasiyası avropalı müttəfiqləri onların maraqlarına toxunacaq başqa tədbirlərlə də hədələyir. Belə ki, Vaşinqtonun etimadını doğrultmayan ölkələrin... NATO-dan çıxarılması imkanına baxılırmış. Söhbət xüsusilə İspaniyadan gedir. Məsələ ondadır ki, son müharibə zamanı Madrid ölkə ərazisindəki ABŞ aviabazalardan İrana zərbələrin endirilməsi üçün istifadə olunmasına icazə verməyib. Üstəlik, o, Alyansın ötən il Haaqada keçirilmiş sammitində qəbul olunmuş qərara uyğun, müdafiə xərclərinin ÜDM-in 5%-i səviyyəsinə çatdırılması hədəfinə nail olmayıb.

Qeyd edək ki, Alyansın özündə də xatırladıldığı kimi, blokun təsis müqaviləsində “NATO üzvlüyünün dayandırılması və ya üzvlükdən çıxarılma” ilə bağlı heç bir müddəa yoxdur.

ABŞ-Böyük Britaniya münasibətlərindəki gərginlik də diqqət çəkir. Doğrudur, London ABŞ-yə İran İslam Respublikasının obyektlərinə zərbələr endirmək üçün Britaniyadakı bazalarından istifadəsinə icazə verib, üstəlik, Britaniya Hərbi Hava Qüvvələrinin təyyarələri İran dronlarının hücumlarının dəf olunması əməliyyatlarında iştirak da edib. Lakin Baş nazir Kir Starmer birmənalı şəkildə bildirib ki, o, Londonun İrana qarşı müharibəyə cəlb edilməsinə imkan verməyəcək. Cavabında ABŞ Londonu onun Folklend (Malvin) adalarına dair hüquqi iddialarını tanımaqdan imtina edə biləcəyi ilə hədələyib. Atlantik okeanının cənub hissəsində yerləşən bu adalara Argentina da iddia edir və bu, hətta uzaq 1982-ci ildə müharibəyə belə, səbəb olmuşdu. ABŞ-nin hələ də tam səngiməmiş bu münaqişədə Böyük Britaniyanın maraqlarına qarşı çıxış edə bilməsi, şübhəsiz ki, iki aparıcı anqlosakson dövləti arasındakı müttəfiqliyə ciddi zərbə vura bilər.

Bütün bunlar ABŞ ilə avropalı müttəfiqləri arasındakı münasibətlərdə yeni çatların yarandığını göstərir. Görünən isə odur ki, ən dərin çatlaqlardan biri özünü iqtisadi sahədə göstərəcək.

 

Alman avtomobil sənayesi zərbə altında

Tramp mayın 1-də bəyan edib ki, ABŞ Avropa İttifaqından Amerika bazarına ixrac olunan avtomobil və yük maşınlarına tətbiq edilən idxal rüsumunu 25%-ə qaldırır. ABŞ Prezidentinin sözlərinə görə, bu qərarın əsas səbəbi Aİ-nin 2025-ci ilin iyulunda bağlanmış ticarət sazişinin şərtlərinə əməl etməməsidir. Saziş çərçivəsində Aİ ABŞ-yə ixrac etdiyi bütün məhsullar üçün 15% rüsum ödəməyi, bunun müqabilində isə ABŞ məhsullarının Avropaya ixracı üçün sıfır rüsum tətbiq olunmasını qəbul etmişdi. Bundan başqa, Avropa Komissiyası 2028-ci ilin sonunadək ABŞ-dən 750 milyard avro dəyərində enerji resursları almağı öhdəsinə götürmüşdü ki, bu da Avropanın ümumi enerji idxalının təxminən dörddə üçünə bərabərdir.

Doğrudur, 2026-cı ilin fevralında ABŞ Ali Məhkəməsi prezidentin səlahiyyət həddini aşdığı qənaətinə gələrək Trampın daha əvvəl tətbiq etdiyi tariflərin böyük hissəsini ləğv etmiş, Ağ Evin sahibi isə məhkəmə qərarı ilə razılaşmayaraq ticarət məhdudiyyətlərini bərpa etmək üçün alternativ mexanizmlər tapacağını bildirmişdi. İndi Avropanın “İran siyasəti”ndən narazılıq fonunda D.Tramp daha da irəli gedir və görünür, ABŞ-nin sanksiya siyasətinin mərkəzində yenə də Almaniya dayanacaq. Hər halda aydındır ki, ABŞ-nin Aİ-dən gətirilən minik və yük maşınlarına rüsumları artırması, ilk növbədə, Almaniyanın avtomobil istehsalçılarını zərbə altına salacaq. Bununla belə, Almaniya kansleri Merts Tramp administrasiyasının atdığı addımların məhz ümumavropa əhəmiyyətinə diqqət çəkməyə çalışır. Kansler bildirib ki, o, ABŞ-nin yeni idxal rüsumlarını konkret olaraq Almaniyaya qarşı yönəlmiş tədbir kimi qiymətləndirmir, çünki Donald Tramp “bütün Avropaya zərbə vurmaq istəyir”.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə istənilən ssenariyə hazır olduqlarını bəyan edib. O, öz növbəsində ABŞ-nin də ticarət sazişinin şərtlərinə əməl etməsinin vacibliyini vurğulayıb. Vaşinqtonu “birtərəfli qaydada hərəkət etməyi dayandırmağa” çağıran fon der Lyayen deyib: “Biz qarşılıqlı fayda, əməkdaşlıq və etibarlılığa yönəlmişik”.

Ümumiyyətlə, Avropa ABŞ ilə münasibətlərdə yaranmış bu böhran fonunda trans-Atlantik birliyin qorunmasının vacibliyini ön plana çıxarır. Bu mənada top ABŞ tərəfdədir. Lakin Tramp administrasiyasının Aİ və aparıcı Avropa ölkələri ilə əvvəlki, demək olar ki, ideal münasibətlərə qayıdacağı ehtimalı azdır. Bu isə o deməkdir ki, Vaşinqtonun İkinci Dünya müharibəsinin başa çatmasından sonrakı 80 il ərzində olduğu kimi, Avropanın təhlükəsizliyinin qarantı rolunu faktiki olaraq dayandırdığı yeni reallıq geri dönüşü olmayan şəkildə möhkəmlənə bilər.

 

“Köhnə dünya” “daha güclü” olacaqmı?

ABŞ-nin son addımları, ilk növbədə, Avropada hərbi mövcudluğunu azaltmaq qərarı “Köhnə dünya” ölkələrini vəziyyəti yalnız yenidən dəyərləndirmək deyil, həm də müdafiə strategiyalarına ciddi düzəlişlər etmək məcburiyyətində qoyub. Nəzərə alsaq ki, hazırkı şəraitdə Aİ və Avropa dövlətləri qarşısında duran müdafiə qabiliyyətinin artırılması, yenidən silahlanma, silahlı qüvvələrin səfərbərliyi kimi vəzifələr onlardan əvvəlki rahat həyat tərzinin müəyyən elementlərindən imtinanı tələb edir, bu dəyişikliklər təkcə hərbi sahə ilə məhdudlaşmır. Təşkilati baxımdan isə NATO daxilində Avropa amilinin gücləndirilməsi prioritetə çevrilir.

Təsadüfi deyil ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa ölkələrini “NATO daxilində Avropa sütununu real şəkildə gücləndirməyə” və müdafiə səylərini daha fəal artırmağa çağırıb. Belə perspektivin əsaslı olduğunu NATO-nun özündə də qəbul edirlər. Alyansın sözçüsü Ellison Hart ABŞ siyasətindəki dəyişiklikləri nəzərə alaraq Avropanın “müdafiəyə investisiyalarını artırmağa davam etməsinin və ümumi təhlükəsizlik üçün üzərinə daha böyük məsuliyyət götürməsinin” vacibliyini qeyd edib. Hart “daha güclü NATO daxilində daha güclü Avropanın formalaşması”nın mümkünlüyünə əminliyini də bildirib.

ABŞ-nin mövqeyinin yaratdığı dəyişikliklər özünü aparıcı Avropa ölkələri liderlərinin bəyanatlarının tonunun dəyişməsində də açıq şəkildə göstərir. Məsələn, Böyük Britaniyanın Baş naziri Kir Starmer “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən sammitindəki çıxışı zamanı deyib: “Biz arxalandığımız bir sıra ittifaqların artıq görmək istədiyimiz yerdə olmadığını inkar edə bilmərik. İttifaqlar daxilində lazım olduğundan daha çox gərginlik var. Buna görə də bizim ölkələr qrupu olaraq buna birlikdə reaksiya verməyimiz çox vacibdir”.

Almaniya kansleri Fridrix Merts isə bir tərəfdən avroatlantik birliyin qorunması çağırışları ilə çıxış etsə də, digər yandan Avropanın, o cümlədən Almaniyanın müdafiə qabiliyyətini gücləndirməsinin vacibliyini vurğulayıb. Bu, əlbəttə ki, təəccüblü deyil. Məsələ ondadır ki, Merts hökumət başçısı vəzifəsinə gəlməzdən əvvəl də bildirmişdi ki, onun üçün “mütləq prioritet “Avropanı mümkün qədər tez gücləndirmək və addım-addım ABŞ-dən real müstəqilliyə nail olmaq” olacaq. Üstəlik, o, hələ həmin dövrdə Avropanın təhlükəsizliyi üçün əsas təhdid hesab edilən Rusiyanı Donald Trampın Amerikası ilə eyni müstəvidə qiymətləndirirdi.

ABŞ-Avropa dialoqunda böhranın dərinləşdiyi şəraitdə Berlin açıq şəkildə qitənin təhlükəsizlik sütunlarından biri roluna iddia edir. Almaniyanın müdafiə naziri Boris Pistoriusun bəyanatı bu mənada xüsusi diqqət çəkir. O bildirib ki, Almaniyada Amerika qoşunlarının sayının azaldılması avropalılar üçün öz müdafiələrini daha da gücləndirmək baxımından stimul olmalıdır. “Biz avropalılar öz təhlükəsizliyimiz üçün üzərimizə daha çox məsuliyyət götürməliyik. Almaniya düzgün istiqamətdə irəliləyir – Silahlı qüvvələrini böyüdür, müdafiə satınalmalarını sürətləndirir və zəruri infrastrukturu inkişaf etdirir”, - deyə nazir qeyd edib.

Lakin Avropanın müdafiə qabiliyyəti məsələsində çox şey nüvə silahına malik Böyük Britaniya və Fransanın nüvə çəkindirməsi sahəsində ABŞ-ni əvəz edib-edə bilməyəcəklərindən asılı olacaq. Əgər ABŞ həqiqətən də öz nüvə silahını başqa yerə köçürmək kimi mühüm strateji addım atmağa qərar versə, bu məsələ zərurətə çevriləcək. Hər halda, artıq Atlantikanın o tayından belə siqnallar gəlməkdədir və söhbət ilk növbədə Almaniyadakı Ramştayn bazasından gedir.

ABŞ ilə Avropa arasındakı böhran şübhəsiz ki, Qərb elitaları daxilində daha genişmiqyaslı (yalnız siyasi-iqtisadi deyil, həm də ideoloji) parçalanmanın təzahürüdür. Söhbət qlobalizmin iki qolunun –  neoliberal və milli yönümlü qlobalizmin maraqlar toqquşmasından gedir. Onların şərti təmsilçiləri kimi bir tərəfdən Avropanın aparıcı ölkələrinin əksəriyyətinin hazırkı hökumətləri, digər tərəfdən isə Trampın rəhbərlik etdiyi Amerika administrasiyası çıxış edir. Lakin dünyanı sarsıdan geosiyasi dəyişikliklərin və onlardan doğan “zərurətlər”in avroatlantizm daxilindəki parçalanmanın strukturuna da təsir göstərə biləcəyi istisna edilmir.

Neoliberal amil mövqelərini itirmək təhlükəsi ilə üz-üzədir və bunun ilk ciddi əlamətlərini İtaliya nümunəsində görmək mümkündür. Əvvəllər Trampın müttəfiqi və tərəfdarı kimi qəbul olunan Corcia Meloninin sağ-mühafizəkar hökuməti ABŞ-nin, İtaliyanı birbaşa İrana qarşı müharibəyə cəlb etməsinə imkan vermədi. Trampın Amerika qoşunlarının Avropadan, o cümlədən İtaliyadan çıxarılacağını elan etməsindən sonra isə Roma buna etirazını bildirib. Beləliklə, ABŞ-Avropa dialoqunda problemlər hələ yeni qızışmağa başlayır.



MƏSLƏHƏT GÖR:

32