4 İyun 2026

Cümə axşamı, 17:59

MİNERALAR UĞRUNDA MÜBARİZƏ

Mərkəzi Asiya nadir torpaq metalları uğrunda əsas qlobal mübarizə meydanına çevrilir

Müəllif:

15.05.2026

Vaşinqtonla Pekin arasında strateji əhəmiyyətli faydalı qazıntılar üzərində nəzarət uğrunda kəskin rəqabət Qazaxıstana dünya güclərinin əsas strateji tərəfdaşlarından birinə çevrilmək üçün əla imkan yaradıb. Bununla yanaşı, Donald Tramp administrasiyasının son təşəbbüsləri Vaşinqton üçün Astananın həm geosiyasi əhəmiyyətini, həm də praktik potensialını ciddi şəkildə artırıb.

Ölkə ciddi resurs arsenalına malikdir. Vaşinqtonun kritik əhəmiyyətli hesab etdiyi 50 növ faydalı qazıntının 21-i Qazaxıstanda hasil oluna bilər. Söhbət uran, mis, xromit, qızıl, titan, volfram və nadir torpaq elementlərinin böyük hissəsindən gedir. Hazırda ABŞ-nin Qazaxıstanın kritik minerallar ixracındakı payı cəmi 5% təşkil etdiyi halda, Çin 27%, Rusiya isə 16% paya malikdir.

 

Qazaxıstan mineral savaşının mərkəzinə necə çevrildi?

Aydındır ki, Amerikanın Qazaxıstanın mineral sektorunda iştirakının genişlənməsi yalnız ABŞ-nin maraqlarına deyil, həm də Astananın uzunmüddətli strateji məqsədlərinə uyğundur. Kritik xammal sahəsində tərəfdaşlığın şaxələndirilməsi sayəsində Qazaxıstan hakimiyyəti Çin və Rusiya bazarlarından hədsiz asılılığı azaltmaq, qlobal danışıqlarda mövqeyini gücləndirmək imkanı əldə edir.

Vaşinqtonla Pekin arasında 2018-ci ildə, hələ Donald Trampın ilk prezidentlik dövründə başlamış ticarət müharibəsi nəinki Co Baydenin dövründə davam edib, Trampın ikinci prezidentlik müddətində daha da kəskinləşib. Çinin Vaşinqtonun addımlarına cavabı kifayət qədər məntiqli və gözlənilən olub. Pekin kritik əhəmiyyətli mineralların və nadir torpaq elementlərinin ixracına məhdudiyyətlər tətbiq edib, bununla nə qədər güclü təsir rıçaqlarına malik olduğunu açıq şəkildə nümayiş etdirib. Məsələ ondadır ki, hazırda bu materiallar müasir iqtisadiyyatlar və müdafiə sənayesi üçün həyati əhəmiyyət daşıyır. Yəni onlar artıq sadəcə məhsul deyil, texnoloji suverenliyin təməlidir.

Hazırda dünyada bu strateji resursların istehsalının təxminən 60%-i Çinə aiddir. Üstəlik, o, bu məhsulların emal gücünün 85%-nə nəzarət edir. Belə bir vəziyyətdə Pekin ABŞ-yə kritik xammalın ən böyük tədarükçüsü olaraq qalır və 2024-cü ilin nəticələrinə görə Amerikanın 24 növ kritik mineral üzrə tələbatının yarıdan çoxunu, nadir torpaq elementlərinə olan ehtiyacının isə təxminən 90%-ni məhz Pekin təmin edir.

Bir sözlə, bu sahədə Çinin hökmranlığı Vaşinqtonu son dərəcə asılı vəziyyətə salır ki, bu da ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid hesab olunur. Belə şəraitdə Ağ Ev kritik mineralların etibarlı tədarükünün təmin edilməsini xarici iqtisadi və texnoloji strategiyasının əsas prioritetlərindən biri elan edib. İndi o, dünyanın müvafiq resurslarla zəngin ölkələri ilə fəal tərəfdaşlıq qurur.

Belə əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri də Mərkəzi Asiyanın ən böyük və ən inkişaf etmiş iqtisadiyyatı olan, strateji xammal sahəsində böyük və hələ tam açılmamış potensiala malik Qazaxıstandır.

2024-cü ildə ABŞ “Kritik Minerallar üzrə C5+1 Dialoqu” təşəbbüsünü başladıb. Bu təşəbbüs Mərkəzi Asiya dövlətləri ilə dağ-mədən sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlib. Bu dialoq geoloji kəşfiyyatdan resursların emalına qədər fəaliyyətin bütün spektrini əhatə edir və inteqrasiya olunmuş, dayanıqlı tədarük zəncirlərinin yaradılmasını hədəfləyir.

Qazaxıstan həmçinin ABŞ Dövlət Departamenti və Energetika Nazirliyi tərəfindən təşkil olunan ABŞ-Qazaxıstan Strateji Enerji Dialoqu çərçivəsində də Vaşinqtonun əsas tərəfdaşına çevrilib.

Ən mühüm addımlardan biri isə Astananın “Mineral Resursların Təhlükəsizliyi üzrə Tərəfdaşlıq” Forumuna qoşulmasıdır. Bu yüksək səviyyəli platforma ABŞ, Avropa İttifaqı, Avstraliya və Yaponiya kimi aparıcı dünya iqtisadiyyatlarını birləşdirir.

Maraqlıdır ki, Qazaxıstandakı iri volfram yatağının işlənməsi layihəsinin arxasında ABŞ-nin hazırkı prezidentinin ailəsi ilə əlaqələr üzə çıxıb. “Financial Times” qəzetinin üç mənbəyə istinadən yaydığı məlumata görə, Donald Trampın oğulları Donald Tramp Jr. və Erik Tramp “Skyline Builders Group Holding” tikinti şirkətinə daxil olublar. Şirkət daha sonra “Cove Capital” qrupunun törəmə strukturuna 20 milyon dollar sərmayə yatırıb.

Bundan başqa, “Skyline Builders” və “Cove Kaz Capital Group”un birləşməsi nəticəsində yeni “Kaz Resources” şirkəti yaradılıb və layihə birbaşa dövlət dəstəyi də alıb. Ona İxrac-İdxal Bankı tərəfindən 900 milyon dollar və İnkişafın Maliyyələşdirilməsi Korporasiyası tərəfindən təxminən 700 milyon dollar olmaqla,  ümumilikdə 1,6 milyard dollara qədər maliyyə dəstəyi göstərilib. Prinsipial məqam ondan ibarətdir ki, söhbət məhz ölkədaxili emal öhdəliklərini və “Tau-Ken Samruk” milli şirkətinin 30%-lik iştirakını nəzərdə tutan birgə müəssisədən gedir.

Qeyd edək ki, Qazaxıstanın “Şimali Katpar” və “Yuxarı Kayraktı” yataqları birlikdə 410 min tondan artıq ehtiyatla, dünyanın ən iri volfram yataqlarından biridir. Üstəlik, burada volframla yanaşı, mis, gümüş və digər faydalı qazıntıların da hasilatı mümkündür. Hər iki yatağın layihə gücünə çatması Qazaxıstana volfram məhsullarının istehsalına görə dünyada ikinci yeri tutmaq imkanı verəcək. Hazırda bu sahədə 1,8 milyon ton ehtiyata malik Çin mütləq liderdir.

 

Nadir torpaq metalları geosiyasəti necə dəyişir?

Beləliklə, Astana Qərbin investisiyalarını, texnologiyalarını və infrastruktur sahəsində ekspertizasını cəlb etmək üçün yeni imkanlar qazanır. Bu, xüsusilə ona görə vacibdir ki, son onilliklər ərzində Qazaxıstanın xammal sənayesi əsasən faydalı qazıntıların hasilatına yönəlmiş, geoloji kəşfiyyat və emal mərhələləri isə lazımi diqqətdən kənarda qalmışdı. Kəşfiyyat işlərinin müasirləşdirilməsinə və emal güclərinin inkişafına yönəlmiş layihələrə investisiyaların artırılması ölkəyə yalnız dünya bazarında mövqeyini möhkəmləndirmək deyil, həm də dayanıqlı inkişaf və texnoloji tərəqqinin təmini istiqamətində qlobal səylərin tamhüquqlu iştirakçısına çevrilmək imkanı verəcək.

Bu modelin həyata keçirilməsi, əlbəttə, bir sıra əsas şərtlərin yerinə yetirilməsini tələb edir. Birincisi, ixtisaslı kadrların, məsələn, dağ mühəndislərinin, metallurqların və emal üzrə mütəxəssislərin hazırlanması vacibdir. İkincisi, etibarlı və əlçatan enerji təminatı lazımdır. Çünki volfram istehsalı yüksək enerji tələb edir. Üçüncüsü və ən əsası isə sabit institusional və biznes mühitidir.

Təsadüfi deyil ki, Qazaxıstan hökuməti artıq bu istiqamətdə fəal addımlar atır. 2025-ci ildə geoloji kəşfiyyat işləri üçün rekord həcmdə – 127 milyon dollar vəsait ayrılıb. Prezident Kasım-Jomart Tokayev nadir torpaq elementlərinin ölkənin uzunmüddətli iqtisadi inkişafı üçün perspektivli sahə olduğunu mütəmadi olaraq dilə gətirir. O, bu ilin əvvəlində Amerikanın “The National Interest” nəşri üçün yazdığı məqalədə strateji resursların hasilatı və emalı sahəsində ABŞ ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyinə xüsusi diqqət çəkib. Prezidentin fikrincə, ABŞ ilə tərəfdaşlıq müasir sənayenin və qlobal enerji transformasiyasının tələblərinə cavab verə biləcək dayanıqlı və yüksək texnologiyalı dağ-mədən sənayesinin qurulmasında əsas uğur amili olacaq.

Ekspertlərin proqnozlarına görə, hasilatdan hazır məhsul istehsalına qədər tam sənaye dövrünün uğurla təşkil olunması nadir torpaq metalları sektorunun ölkəyə ÜDM-in 7,1%-i həcmində gəlir gətirə bilər. Bu göstərici hazırda neft və qaz gəlirlərinin ÜDM-dəki 7,3%-lik payı ilə müqayisə oluna bilər.

Amma müasir energetika, müdafiə sənayesi və yüksək texnologiyaların əsasını təşkil edən materialların böyük ehtiyatlarına malik olan tək Qazaxıstan deyil. Bu imkanlar regionun digər ölkələrində də var. Təsadüfi deyil ki, Özbəkistan da Astana ilə oxşar şəkildə hərəkət edir. 2025-ci ilin martında Daşkənd 76 sahədə mineral resursların işlənməsi üçün 2,6 milyard dollarlıq təşəbbüs elan edib. İndi o, bu sahəyə Qərb, Çin və Cənubi Koreya investorlarını cəlb edir. Özbəkistan hökumətinin məqsədi yalnız xammal hasilatı deyil, həm də emal sənayesinin inkişafı, Daşkənd və Səmərqənd vilayətlərində texnoparkların yaradılması, geoloji kəşfiyyat, kadr hazırlığı və yüksək əlavə dəyərə malik məhsulların istehsalı və sairdir.

Əgər vəziyyətə daha geniş coğrafiya – Mərkəzi Asiya və ilk növbədə, tranzit imkanları ilə seçilən Cənubi Qafqaz kontekstində baxsaq, mənzərə daha da təsirli görünür. Kritik xammala çıxış uğrunda qlobal mübarizə və Qərbin Çindən asılılığı azaltmaq istəyi şəraitində region real vaxt rejimində indiyədək heç vaxt malik olmadığı strateji əhəmiyyət qazanır. Çinin Mərkəzi Asiyada mövcudluğu birbaşa investisiyalar, infrastruktur tikintisi, uzunmüddətli müqavilələr və Mərkəzi Asiya istehsalçılarının tədricən öz emal zəncirlərinə inteqrasiyası vasitəsilə qurulub. Başqa sözlə, Amerika layihələri hələ kağız üzərində mövcud olduğu halda, çinlilər artıq filiz hasil edir.

Bununla yanaşı, Çin “Bir kəmər, bir yol” təşəbbüsü, “yaşıl” mineral əməkdaşlıq və inkişaf etməkdə olan ölkələrlə tərəfdaşlıq çərçivəsində qarşılıqlı fayda, suverenliyə hörmət, birgə inkişaf və texnologiyaların paylaşılması prinsiplərini də mütəmadi vurğulayır. Belə olan təqdirdə aydındır ki, ABŞ da bu məntiqlə hərəkət etməlidir – yəni sadəcə resursların çıxarılması ilə bağlı sazişlərdən daha irəli gedərək yerində emalı nəzərdə tutan inteqrasiya olunmuş layihələrə yönəlməlidir.

SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiya və Cənubi Qafqaz onilliklər boyu iri xarici güclərin qaydaları diktə etdiyi şəraitdə yaşayıb. Burada məhz Qərbin maraqları qeyri-ardıcıl olub. O, əsasən real investisiyalarla dəstəklənməyən demokratiya və insan hüquqları ritorikası ilə məhdudlaşıb. Vaşinqton ənənəvi olaraq Mərkəzi Asiyaya Əfqanıstan problemi və ya demokratikləşmə prizmasından baxıb, onu müstəqil iqtisadi prioritet kimi qəbul etməyib.

Bu gün vəziyyət kökündən dəyişir. Çünki ABŞ artıq rəqabət aparmağa məcburdur və bu səbəbdən yalnız bəyanatlar deyil, real şərtlər təklif etməlidir.

Böyük dövlətlər arasında rəqabət resurslarla zəngin kiçik və orta güclü dövlətlər üçün struktur üstünlük yaradır. Məntiq sadədir: bir aktiv uğrunda bir neçə alıcı mübarizə aparırsa, satıcı danışıqlarda əlavə gücü əldə edir.

Bu gün Mərkəzi Asiya və Qafqaz vahid region kimi ayrı-ayrı ölkələrin hər birindən müqayisəolunmaz dərəcədə böyük çəkiyə malikdir. Əgər onlar bu sahədə siyasəti koordinasiya etməyi bacarsalar (artıq bu istiqamətdə sürətlə irəliləyirlər), investorlara ayrı-ayrı aktivlər deyil, kompleks paketlər təklif edə biləcəklər.

ABŞ ilə Çin arasında rəqabət uzun müddətdən sonra ilk dəfə elə bir vəziyyət yaradıb ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri oyunun müəyyən şərtlərini diktə edə, təkcə onları qəbul etməklə kifayətlənməyə bilərlər. Bu, mütləq istifadə olunmalı olan tarixi nadir imkan pəncərəsidir.



MƏSLƏHƏT GÖR:

71