ZƏFƏRSİZ PARAD
Zirehli texnikasız yürüş müharibənin vəziyyəti haqda siyasi siqnal sayıla bilər
Müəllif: Samir VƏLİYEV
Moskvada 9 May bayram yürüşü və Rusiya-Ukrayna arasında kövrək atəşkəs son həftələr beynəlxalq gündəmin əsas mövzularından biri oldu. O, İran müharibəsini belə, müəyyən dərəcədə kölgədə qoya bilib. Bu, dönüş nöqtəsi olmasa da, Rusiya-Ukrayna müharibəsinin xarakterində ciddi dəyişikliklərin göstəricisi kimi qiymətləndirilə bilər.
2008-ci ildən bəri ilk dəfə olaraq Qırmızı meydandan ağır hərbi texnika kolonu keçməyib. Budəfəki paradda nə tanklar, nə zirehli transportyorlar, nə də raket kompleksləri nümayiş etdirilib. Kreml bunu rəsmi olaraq “təhlükəsizlik tədbirləri” və Ukrayna dronlarının mümkün hücumları fonunda risklərin minimuma endirilməsi ilə izah edib. Lakin əsl səbəblər yəqin ki, daha geniş və daha dərindir.
Ciddi zəiflik göstəricisi
Təbii ki, təhlükəsizlik amili burada mühüm rol oynayıb. Lakin əsas sual başqadır: necə oldu ki, müharibənin başlanmasından dörd il sonra Rusiya artıq cəbhədə yeni uğurlardan deyil, qərarvermə mərkəzi olan Kreml və Qırmızı meydanın müdafiəsindən danışır? Məsələ ondadır ki, Moskva vilayəti də daxil olmaqla, Rusiyanın mühüm regionlarının kritik iqtisadi və hərbi infrastrukturu mütəmadi olaraq dron hücumlarına məruz qalır. Hətta bir vaxtlar Rusiya hava hücumundan müdafiə sisteminin istənilən mürəkkəb hücumu dəf edə biləcəyini düşünənlər belə, artıq buna şübhə ilə yanaşmağa başlayıblar. Belə şəraitdə texnikanın kilometrlərlə uzanan kolonu ilə klassik paradın keçirilməsi yalnız hərbi təhlükəsizlik baxımından deyil, həm də mümkün insident və ya zərbə halında ciddi nüfuz itkiləri nöqteyi-nəzərindən də əlavə risklər yaradırdı.
Yeri gəlmişkən, indi məhz bu nüfuz, imic məsələsi ən həssas məqama çevrilib. Rusiya təbliğatı paradda texnikadan imtinanı rasional addım və əhali ilə hərbçilər üçün risklərin azaldılması kimi təqdim etməyə çalışsa da, bir çoxları üçün zirehli texnikanın yürüşdə görünməməsi müharibədə vəziyyətin dəyişdiyinin göstəricisinə çevrilib. Nüvə dövlətinin paytaxtının dron hücumu təhlükəsinə görə əsas hərbi paradı texnikasız keçirməsi Rusiyanın ciddi zəifliyi kimi qəbul olunub. Bu, xüsusilə 2025-ci il paradında 180-dən çox texnikanın nümayiş etdirilməsi ilə müqayisədə daha təsirli görünüb. Yəni iki parad arasındakı fərq yalnız təhlükəsizliklə izah olunmayacaq qədər böyük olub.
Bununla yanaşı, tribunalarda xarici qonaqların sayı da 2025-ci ildəkinə nisbətən xeyli az olub. O vaxt Moskva beynəlxalq təcrid vəziyyətində olunmadığını göstərməyə çalışaraq paytaxta təxminən 30-a yaxın xarici dövlət liderini gətirə bilmişdi. Bu dəfə mənzərə fərqli idi. Budəfəki paradın ən diqqət çəkən qonaqları Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Slovakiyanın Baş naziri Robert Fitso, Milorad Dodikin rəhbərliyi ilə Serb Respublikasının nümayəndələri, eləcə də Abxaziya, Cənubi Osetiya, Laos və Malayziya rəhbərləri olublar.
Bu siyahı özlüyündə çox şey deyir. Faktiki olaraq Moskva ya postsovet məkanındakı ən yaxın hərbi-siyasi müttəfiq və tərəfdaşlarına, ya da Qərbə və antirusiya sanksiyalarına münasibətdə daha müstəqil mövqe tutan ölkələrə arxalanır. Xüsusilə Fitsonun iştirakı diqqət çəkib. O, Avropada Rusiya ilə bağlı sərt xəttə açıq şəkildə qarşı çıxan azsaylı liderlərdən biridir. Bununla yanaşı, Fitso belə, Qırmızı meydandakı əsas mərasimdə həddindən artıq nümayişkaranə iştirakdan çəkinib.
9 May paradında ilk dəfə olaraq Şimali Koreya hərbçilərinin iştirakı ayrıca diqqət çəkib. Moskva ilə Pxenyan arasında artan hərbi-texniki əməkdaşlıq fonunda bu, təkcə iki ölkə arasında əlaqələrin dərinləşməsi deyil, həm də daha geniş geosiyasi məqsədlərə yönəlmiş bir tandem siqnalı kimi qiymətləndirilə bilər.
“Çox vacib” çıxış
Tədbirin əsas elementi Rusiya Prezidenti Vladimir Putinin çıxışı olub. Qeyd edək ki, Kreml onu əvvəlcədən “çox vacib çıxış” elan etmişdi. Ümumi tonallığa nəzər saldıqda Putinin eyni anda bir neçə məsələni həll etməyə çalışdığı hiss olunub. Birincisi, çıxışda Ukrayna ilə hazırkı müharibənin Böyük Vətən müharibəsi ilə bağlı tarixi narrativə bağlanması, baş verənlərin Rusiyanın xarici təzyiq və təhdidlərə qarşı mübarizəsinin davamı kimi təqdim edilməsi kimi ənənəvi yanaşma yer alıb. İkincisi, Moskvanın hələ də danışıqlara və “ədalətli sülhə” açıq olduğu, lakin bunu yalnız öz şərtləri daxilində qəbul etdiyi ifadə edilib. Eyni zamanda, Rusiya tərəfi Ukraynaya qarşı əsas tələblərindən imtina etməyə hazır olmadığını da dolayısı ilə nümayiş etdirib.
Nəhayət, üçüncü vəzifə daxili sabitliyin nümayişi olub. Dron hücumlarının davam etməsi, Moskvanın təhlükəsizliyi ilə bağlı müzakirələr və paradın məhdud formatı fonunda Kreml dövlət sisteminin vəziyyətə nəzarəti saxladığını və normal rejimdə fəaliyyət göstərdiyini göstərməyə çalışıb. Amma Putinin bu haqda dedikləri real vəziyyətlə kəskin ziddiyyət təşkil edir. Qırmızı meydanda tankların və raketlərin olmaması, gücləndirilmiş təhlükəsizlik tədbirləri, rabitə problemləri, aeroportların bağlanması və Moskvaya zərbə təhlükələrinin müzakirəsi faktiki olaraq ortaya fərqli mənzərə çıxarır.
Nəticədə, 2026-cı il paradı uzun illərdən sonra ilk dəfə olaraq yeni dövrün – uzanan münaqişə, dron müharibəsi təhlükəsi və “qələbə” görüntüsündən “mühasirədə olan qala” obrazına keçid dövrünün rəmzinə çevrilib.
Diplomatik kanalın imkanları
Bilindiyi kimi, eskalasiyanın nəzarətdən çıxmaması üçün həm Rusiya, həm də Ukrayna ABŞ-nin vasitəçiliyinə müraciət etməyə məcbur olublar. Qarşılıqlı təhdidlərin artması və Moskva ilə Kiyevə mümkün zərbələrlə bağlı müzakirələrdən sonra Rusiya-ABŞ təmasları kəskin şəkildə fəallaşıb. ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə iki gün ərzində tərəflər 9-11 may tarixlərini əhatə edən üçgünlük atəşkəs və müharibə tarixində ən böyük əsir mübadiləsini razılaşdırıb – “1000-ə 1000”.
Lakin Moskva atəşkəsi yalnız müvəqqəti fasilə elan edib. Onun uzadılması və ya yeni danışıqlar raundu barədə hər hansı razılaşma əldə olunmayıb. Üstəlik, Rusiya danışıqların davamını növbəti dəfə Ukraynaya qarşı tələblərlə, o cümlədən Donetsk vilayətinin tam nəzarətə verilməsi şərtilə əlaqələndirib. Kiyev isə adəti üzrə, bunu qəti şəkildə rədd edir.
Atəşkəs perspektivlərinin tərəflər və vasitəçilər tərəfindən fərqli qiymətləndirilməsi də diqqət çəkir. Donald Tramp atəşkəsin daha uzun müddət davam etməsi, danışıqlar prosesinin qorunub saxlanması ümidi ilə çıxış edirsə, Kreml bu gözləntiləri “əsassız” adlandırır.
Belə bir vəziyyətdə Rusiya və Ukrayna liderləri Vladimir Putin ilə Volodimir Zelenski arasında mümkün görüşlə bağlı bəyanatlar da sadəcə, rəmzi xarakter daşıyır. Moskva danışıqların yalnız Rusiya paytaxtında aparıla biləcəyini deyir, Kiyev isə onu “təcavüzkar dövlətin paytaxtı” adlandıraraq bu formatı qəti şəkildə rədd edir.
Bütün bunlar bir daha göstərir ki, hazırkı atəşkəs tam siyasi nizamlanmanın başlanğıcı deyil, daha çox məcburi taktiki fasilədir.
Maraqlıdır ki, atəşkəs elanından dərhal sonra Zelenski Moskvaya münasibətdə istehza dolu addım atıb. O, 9 may tarixində Rusiya paytaxtında paradın keçirilməsinə “icazə verən” fərman imzalayıb. Sənəd mayın 8-i axşam Prezident Ofisinin rəsmi saytında dərc olunub.
“Çoxsaylı müraciətləri və 8 martda ABŞ tərəfi ilə aparılan danışıqlarda qeyd edilən humanitar məqsədi nəzərə alaraq, 9 mayda Moskva şəhərində (RF) paradın keçirilməsinə icazə verilir”, - deyə sənəddə bildirilir. Bununla yanaşı, Zelenski Qırmızı meydanın dəqiq koordinatlarını paylaşaraq həmin ərazinin müvəqqəti olaraq Ukrayna Silahlı Qüvvələrinin hədəf planlarından çıxarıldığını bildirib.
Belə bir vəziyyətdə real sülhdən danışmaq əlbəttə ki, çətindir. Hazırkı şəraitdə maksimum mümkün olan münaqişənin daha təhlükəli eskalasiya mərhələsinə keçməsinin qarşısını almağa çalışmaqdır. Tərəflərin mövqeləri çox fərqli, qarşılıqlı etimadsızlıq çox yüksək, müharibənin məntiqi isə hələ də kifayət qədər sərtdir.
MƏSLƏHƏT GÖR:





75

