4 İyun 2026

Cümə axşamı, 17:58

XÜSUSİ NİYYƏTLİ SAMMİT

Avropa ilə Rusiya arasındakı oyunun qiyməti

Müəllif:

15.05.2026

N.Çerkaşinin «Вишнунун ишаряси» povestində qəhrəmanlardan, daha doğrusu, antiqəhrəmanlardan biri müharibə və siyasəti şahmat oyunu ilə müqayisə edənlərlə beynində mübahisə aparır: “Şahmat necə yaxşı oyundur ki, qara fil bir anda ağ ata çevrilə bilər, vəzir piyada ola bilər, şahın altında ağ xana isə qəfil xəyanətlə qarala bilər?” Həqiqətən də, incə siyasi oyunda bir vaxtlar qələbə və “qızıl bilet” kimi görünən şeylər birdən-birə sərt tələyə çevrilə bilir. Bunun klassik nümunələrindən biri Avropa Siyasi Birliyinin (ASB) İrəvanda keçirilmiş sammitidir.

İrəvanda, marşal Baqramyan küçəsi, 26 ünvanında bu sammit, şübhəsiz ki, xüsusilə seçki ərəfəsində böyük uğur kimi qəbul edilirdi. O, ilk növbədə, Ermənistanın yeni siyasi istiqamətini – onun artıq Rusiyaya deyil, Qərbə və Avropaya yönəldiyini təsdiqləməli idi. Bu, bir növ ikitərəfli hərəkət edən küçə kimi təqdim olunmalı, Avropanın Paşinyanın yeni kursunu dəstəklədiyi göstərilməli idi. Üstəlik, Avropa texnologiya, investisiya və siyasi dəstək üçün ən yaxşı mənbə kimi təqdim olunurdu. Lakin…

 

İrəvan sammitinin Azərbaycan ölçüsü

Azərbaycan Prezidenti İlham Əliyev sammit iştirakçıları qarşısında videokonfrans formatında çıxış edib. Bakı ilə İrəvan arasında sülh prosesi sürətlənsə də, hələlik yüksək səviyyədə qarşılıqlı səfərlərin vaxtı çatmayıb. Prezidentin çıxışı isə heç məqama heç bir şübhə qoymayıb: Avropanın bəzi dairələrinin ermənipərəst siyasətinin öz qiyməti var və bu qiymət çoxlarının düşündüyündən daha yüksəkdir.

İlham Əliyev çıxışının xeyli hissəsini bir sıra Avropa institutlarının, yumşaq desək, qeyri-obyektiv mövqeyinə həsr edib. O, Qarabağda antiterror tədbirlərinin başa çatmasından və BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin icrasından 4 ay sonra Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq etdiyini xatırladıb.

Dövlət başçısı Avropa Parlamentini də sərt tənqid edib: “Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib”.

Bu bəyanat elə bir platformada səsləndirilib ki, onun daxili auditoriya üçün nəzərdə tutulduğunu iddia etmək belə, mümkün deyil.

İrəvan sammiti Avropa liderlərinin Azərbaycana silsilə səfərləri fonunda keçirilirdi. Aprelin əvvəlində Litvanın Baş naziri İnqa Ruginene Bakıya gəlmiş, aprelin sonunda Latviya Prezidenti Edqars Rinkeviçus Azərbaycanda olmuşdu. Sammit ərəfəsində isə Çexiyanın Baş naziri Andrey Babiş Bakıya səfər etmiş, daha sonra bildirmişdi ki, Avropa liderləri Azərbaycana səfər etmək üçün növbəyə düzülüblər. İrəvan sammitinin rəsmi bitişini gözləmədən İtaliyanın Baş naziri Ciorcia Meloni da Bakıya gəlib. ASB iştirakçılarının görüşü bitər-bitməz isə Avropa İttifaqının xarici siyasət üzrə komissarı Kaya Kallasın Azərbaycana səfəri başlayıb. Danışıqların gündəliyində neft və qaz tədarükü, Avropanın enerji təhlükəsizliyi və logistika məsələləri yer alıb. İtaliya və Çexiya ilə hərbi əməkdaşlıq məsələləri də müzakirə olunub.

Beləliklə, Avropada eyni vaxtda iki siyasi xətt və iki düşərgə formalaşıb. Bir tərəfdə Avropa Parlamentinin bəzi deputatları və onun spikeri Roberta Metsola kimi fiqurlar açıq şəkildə anti-Azərbaycan xətti nümayiş etdirir, saxta məlumatların yayılmasından və beynəlxalq hüququn pozulmasından çəkinmirlər, digər yanda isə Avropa ölkələrinin liderləri Azərbaycanla münasibətləri gücləndirirlər.

Yaxın Şərqdəki qeyri-sabitlik və Rusiyaya qarşı sanksiyalar fonunda Avropaya Azərbaycanın enerji resursları lazımdır, Mərkəzi Asiyadakı geosiyasi dəyişikliklər fonunda isə Azərbaycan logistikası ön plana çıxır. Buna görə də “Ermənistanın dostları”nın bütün cəhdlərinə baxmayaraq, Bakı ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

 

Aldadılmış ümidlər

Bəs Ermənistan? Onun özü nə qazanır? İlk baxışda hər şey ideal olmasa da, ən azı Nensi Pelosinin səfəri zamanı olduğu kimi böyük fiaskolar yaşanmayıb. Lakin digər tərəfdən, Ermənistan vəd olunan dividendləri də əldə etməyib. Bəli, Avropa formal olaraq İrəvanın “Avropaya inteqrasiya meyilləri”ni dəstəkləyib. Amma Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağa tələsmir, eyni anda iki iqtisadi blokun üzvü olmaq isə mümkün deyil. Üstəlik, Avropa İttifaqına üzvlük son dərəcə uzun prosesdir. Avropada artıq bir neçə ildir ki, “genişlənməyə moratorium” tətbiq olunur. Kağız üzərində “Avropa yolu” açıq görünsə də, reallıqda bağlıdır.

Bundan başqa, İrəvanla Brüssel hələ heç assosiasiya sazişi və digər məsələlər üzrə danışıqlara belə, başlamayıblar. Tamamilə mümkündür ki, Brüssel Ermənistandakı seçkinin nəticəsini gözləyir. Digər ehtimal isə Avropanın Ermənistandan konkret addımlar gözləməsidir. Söhbət, ilk növbədə, Aİİ üzvlüyündən imtinadan gedir.

Müdafiə və təhlükəsizlik sahəsində dəstək məsələsinə gəlincə, “Avropa Sülh Fondu” çərçivəsində növbəti və dondurulmuş 30 milyon avroluq tranş açılıb. Amma bu məbləğ hərbi büdcəni ciddi şəkildə gücləndirəcək səviyyədə deyil.

Sammitdə Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ermənistan sərhədlərində hələ də rus sərhədçiləri dayanır. O, Avropa İttifaqını sərhədlərin nəzarətinin Ermənistanın öz əlinə keçməsinə kömək etməyə çağırıb.

Avropalılar “Sülh kəsişməsi” kimi layihələrə mümkün 2,6 milyard avro investisiyadan da danışıblar. Amma bunlar yalnız nəzəri investisiyalardır. Ortada nə real pul var, nə də konkret imzalanmış layihə. Üstəlik, “Sülh kəsişməsi” layihəsinin perspektivi də hələ kifayət qədər qeyri-müəyyəndir.

Müharibə və bağlı sərhədlər dövründə Azərbaycan Ermənistanı kənarda qoyan nəqliyyat infrastrukturu formalaşdırıb.

Ermənistan tarixində buna bənzər hadisə artıq yaşanıb. 44 günlük müharibədən bir neçə il əvvəl İrəvan alternativ enerjini inkişaf etdirmək qərarı vermişdi. O zaman Ermənistan paytaxtında hətta bununla bağlı beynəlxalq forum da keçirilmiş, ABŞ-nin ozamankı səfiri Riçard Mills bu sahəyə mümkün 8 milyard dollarlıq investisiyadan danışmışdı. O zaman da ölkədə əvvəlcə buna sevinmişdilər. Lakin səfir real investisiya müqavilələrindən deyil, yalnız nəzəri imkanlardan bəhs edirdi – məsələn, donuz peyinindən bioqaz istehsal edən qurğulara sərmayə yatırılmasından...

Bu dəfə də sammit başa çatıb, amma Ermənistan öz problemləri ilə baş-başa qalıb. Ən acısı isə odur ki, əvvəlki illərdə olduğu kimi, Avropa yeni dostlarının problemlərini həll etməyə yenə də tələsmir.

 

“Rus ayısı” özünü xatırladır

Ola bilsin ki, sammitin əsl geosiyasi nəticələri təzə-təzə ortaya çıxmağa başlayır. Paşinyan, həqiqətən də, “rus ayısının qurdalamağa” nail olub. Ermənistan paytaxtında Avropa sammitinin keçirilməsi faktının özü artıq Moskva üçün “qıcıqlandırıcı amil”dir. Ukrayna Prezidenti Volodimir Zelenskinin oraya gəlməsi isə daha ciddi siqnal sayıla bilər.

Yəqin bütün bunların nəticəsidir ki, Avropa liderlərinin təyyarələrinin izləri İrəvan səmasından çəkilməmiş, Kreml öz narazılığını ifadə edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, İrəvan Moskvaya qarşı addımlar atmamaq barədə vədini pozub. Zaxarova düşünür ki, Ermənistan hakimiyyətinin hazırkı kursu ölkəni “Brüsselin antirusiya xətti”nə cəlb edə bilər. O, Zelenskinin Ukrayna dronlarının 9 May paradını “ziyarət edə biləcəyi” barədə sözləri və görüşdəki “rusofob atmosfer” nəzərdə tutub.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun şərhi də sərt olub. O bildirib ki, Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanla ciddi danışıqlar aparıb və bütün məsələlərə aydınlıq gətirilib. Ardınca isə əlavə edib: “Təəssüf ki, İrəvanda hələ də iki stulda oturmaq siyasətini davam etdirməyə çalışırlar. Bu vəziyyətdə nə qədər qalmaq mümkündür, bilmirəm. Amma bütün bunlar həm Rusiya, həm də Ermənistan üçün faydalı olan ikitərəfli münasibətlərin inkişafına zərər vurur”.

Uşakov daha sonra xatırladıb ki, Ermənistan iqtisadiyyatının əlverişli vəziyyəti xüsusilə ölkənin Aİİ çərçivəsində Rusiya ilə əməkdaşlığı ilə bağlıdır.

Ermənistanın təkcə Rusiyadan daxili qiymətlərlə aldığı neft, qaz və emal olunmamış almazlar hesabına İrəvan büdcəsinə bir neçə milyard dollar əlavə gəlir daxil olur. Xəsis Avropanın bunu nəzəri olsa belə, kompensasiya etməyə hazır olduğu inandırıcı görünmür.

Bu maliyyə axınları olmadan Ermənistan iqtisadiyyatının ayaq üstə qalması çox çətindir. Üstəlik, Ermənistanın əsas ixracı da Rusiya bazarına yönəlib. Rusiya Ermənistanın əsas xarici iqtisadi tərəfdaşıdır, Avropa İttifaqı isə bu siyahıda yalnız dördüncü yeri tutur.

Nəhayət, bəlkə də, ən vacib məqam: sammit ərəfəsində Moskva faktiki olaraq Ermənistandan Rusiyaya “Cermuk” mineral suyunun ixracını dayandırıb. Doğrudur, “Cermuk” Ermənistan ixracında aparıcı yerdə deyil. Amma bunun xəbərdarlıq addımı olduğuna şübhə yoxdur.

Xatırladaq ki, bu, İrəvanın “Qərbə yönəlmək” istiqamətində ilk cəhdi deyil. Hələ 2013-cü ildə Ermənistanın ozamankı rəhbəri Serj Sarqsyan Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağa hazırlaşırdı. Lakin sammitin açılışı ərəfəsində Sarqsyan Moskvaya çağırıldı və ona açıq şəkildə izah edildi ki, bu halda Ermənistan rus qazını dünya qiymətləri ilə almağa məcbur olacaq. Nəticədə, vəziyyət belə həll edildi: Ermənistanın qaz şəbəkələri tam şəkildə Rusiyanın “Qazprom” şirkətinin mülkiyyətinə verildi, İrəvan Avropa İttifaqına deyil, Avrasiya İqtisadi İttifaqına qoşulacağına dair öhdəlik götürdü.

İqtisadiyyatla mübahisə etmək çətindir. İndi Moskvanın necə davranacağı açıq sualdır. Amma bir məsələ şübhə doğurmur: “rus ayısını qurdalamazdan” əvvəl iqtisadi dayanıqlılıq barədə ciddi düşünmək lazımdır. Bu məsələdə isə Avropadan xüsusi yardım gözləməyə dəyməz.



MƏSLƏHƏT GÖR:

72