XƏZƏRİN APARICI TRENDLƏRİ
Azərbaycan Ələt limanının gücünü artırır və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq çərçivəsində konteyner donanması qurur
Müəllif: Ağasəf NƏCƏFOV
Xəzər dənizinin əsas nəqliyyat qovşağı olan Bakı şəhəri Mərkəzi Asiya (MA) ölkələri, Türkiyə, Çin və Avropa dövlətləri ilə logistik əməkdaşlığı gücləndirir. Üstəlik, Ukraynada müharibənin beşinci ili və Fars körfəzindəki indiki münaqişə fonunda Orta Dəhliz çərçivəsində ölkəmizin liman potensialının və güclü yük donanmasının əhəmiyyəti hər il artır.
Ələt limanının infrastrukturunun inkişafı ilə yanaşı, ölkə ardıcıl olaraq donanmasını artırır, konteynerlərin aşırılması üçün bərələr və digər gəmiləri fəal şəkildə satın alır. Bu sifarişlər həm BƏƏ və Qazaxıstan üçün də gəmilərin inşa edildiyi Bakı Gəmiqayırma Zavodunda (BGZ), həm də Türkmənistanda Balkan gəmiqayırma zavodunda yerləşdirilir. Bu ölkədən bu yaxınlarda Ələt limanına yeni konteyner gəmisi olan “Gadamly” gəlib.
Böhran artımı
Artıq 8-ci ildir ki, multimodal quru-dəniz dəhlizi – trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) olduqca uğurla istismar olunur. Paralel olaraq coğrafi istiqamətdə Azərbaycan-Türkmənistan yolu Lapis Lazuli inkişaf edir, həmçinin Bakı və Aşqabad Tbilisi və Buxarestlə birlikdə perspektivli Qara dəniz-Xəzər dənizi marşrutunda iştirak edir.
Bütün bu təşəbbüslər Ukrayna ətrafında geosiyasi böhranın başlanması ilə Avropa İttifaqı ölkələri üçün xüsusi əhəmiyyət kəsb edib. Sanksiya qarşıdurması nəticəsində “Şimal” dəhlizi (trans-Sibir dəmir yolu xətti və Baykal-Amur magistral xətti) vasitəsilə beynəlxalq dəmir yolu daşımaları son dörd ildə minimum səviyyəyə düşüb və Avrasiyanın tranzit və logistika xəritələrini kökündən dəyişdirib. Yaxın Şərqdəki bitməmiş münaqişə – Hörmüz boğazının bağlanması, eləcə də Qırmızı dənizdə – Bab-əl-Məndəb boğazında və Süveyş kanalı bölgəsində gəmiçiliyə vaxtaşırı təhdidlər üzündən vəziyyət daha da mürəkkəbləşib. Bütün bunlar Çindən Avropaya və əks-istiqamətdə Aİ-dən və Türkiyədən Mərkəzi Asiya ölkələrinə yük daşınması üçün ən qısa, sürətli və təhlükəsiz hesab edilən multimodal quru-dəniz istiqamətlərinin əhəmiyyətini daha da artırır.
Çindən köhnə dünyaya konteyner yük daşınmasının artan həcmi nəzərə alınmaqla, Orta Dəhliz Çin üçün də getdikcə daha vacib marşruta çevrilir. Bu proseslərin optimallaşdırılması üçün Xəzər bölgəsi ölkələrinin liman və dəmir yolu infrastrukturları inkişaf etdirilir, transsərhəd və gömrük prosedurları sadələşdirilir, elektron qaimələrin, rəqəmsal “vahid pəncərə”nin və s. tətbiqi hesabına tranzit sürətləndirilir. Bu və digər addımlar sayəsində son 4 ildə çatdırılma müddətləri 58-60 gündən 15 günə qısalıb, yüklərin həcmi isə yeddi dəfədən çox artaraq 2025-ci ildə 600 min tondan 4,5 milyon tona çatıb.
Azərbaycanın Baş naziri Əli Əsədovun sözlərinə görə, 2025-ci ildə Orta Dəhliz boyunca ümumi tranzit həcmi təxminən 5 milyon ton təşkil edib və bu da illik müqayisədə 11%-lik artım deməkdir. Bu rəqəm marşrutun Xəzər hissəsinə düşən yükü birbaşa artırır.
“Azərbaycan 6 ildə tranzit daşımalarını 2,5 dəfə artırıb”, – Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov mayda Astanada keçirilən Avropa-Qafqaz-Asiya marşrutunun hökumətlərarası komissiyanın XVIII iclasında bildirib. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ərazisindən tranzit daşımaların ümumi həcmi 14,3 milyon tona çatıb və bu da 2019-cu ilin göstəricisini 2,5 dəfə üstələyir: “Üstəlik, bu həcmlərin təxminən 4,7 milyon tonu Orta Dəhliz üzrə daşınıb ki, bu da onun regional əlaqəliliyin təmin edilməsində artan rolunu təsdiqləyir”. Nazir müavini, həmçinin qeyd edib ki, 2025-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə konteyner daşımalarının həcmi 40% artaraq rekord 107 min TEU-ya (standart 20 funtluq konteyner) çatıb.
“Darboğaz” effekti
Dünya Bankının proqnozlarına görə, Orta Dəhliz üzrə yük axını 2030-cu ilə qədər 10-11 milyon tona çata bilər. Bu, Azərbaycanı və onun TBNM üzrə tərəfdaşlarını marşrutun nəqliyyat-logistika infrastrukturunu ardıcıl olaraq genişləndirməyə stimullaşdırır. Yük axınının fors-major artımı zamanı hələ də həddindən artıq yüklənmə problemi ilə üzləşən limanların aşırma qabiliyyətini genişləndirmək xüsusilə vacibdir. Aktau və Ələt limanlarında, eləcə də Gürcüstanın dəniz limanlarında tez-tez yüksək sıxlıq və “darboğaz” effekti müşahidə olunur ki, bu da yük aşırılmasının emal həcmlərinin sürətli artırılmasına mane olur. Bu mənfi vəziyyət 2022-ci ilin yayında müşahidə edilib və 2026-cı ilin aprelində təkrarlanıb. Fars körfəzində müharibə səbəbindən Bakı limanında 1500 yük maşınından ibarət uzun bir növbə yaranıb. Onlar Türkiyədən Mərkəzi Asiya istiqamətində İrandan yan keçərək Gürcüstan və Azərbaycandan tranzitlə hərəkət edirdilər.
Multimodal konteyner daşımalarının artırılması üçün Bakı və Astana “dar yerlər”in sinxron şəkildə aradan qaldırılması və TBNM-in 2022-2027-ci illər üçün inkişafı üzrə yol xəritəsini həyata keçirir. Bunun üçün layihə iştirakçılarına liman infrastrukturunun inkişafına və əlavə gəmilərin alınmasına yüz milyonlarla dollar yatırmaq lazımdır. Ölkəmiz, xüsusən 2030-cu ilə qədər Bakı limanının inkişafının ikinci mərhələsi çərçivəsində onun ötürücülük qabiliyyətini 25 milyon ton yükə və 500 min TEU-ya qədər artırmağı planlaşdırır. Hazırda 150 min TEU olan Bakı limanının konteyner terminalının tutumu yaxın 2 il ərzində 260 min TEU-ya çatdırılacaq. Liman ərazisində illik aşırma gücü 2,5 milyon ton olan gübrə terminalının tikintisi başa çatdırılır, həmçinin liman rayonunda taxıl terminalı və TIR-parkın tikintisi layihəsi hazırlanıb. Bundan başqa, liman öz körpülərinin və konteyner meydançalarının təməllərini möhkəmləndirir ki, bu da yüklərin təhlükəsiz saxlanılmasını təmin edəcək və daha böyük yük daşımalarını idarə etməyə imkan verəcək. Konteyner donanması genişləndirilir və yığım meydançasının buraxılış qabiliyyətini artırmaq üçün hazırlıq işlərinə başlanılıb ki, bu da “dəmir yolu-yük maşını” əlaqəsinin səmərəliliyini artıracaq, yüklərin daşınmasında tıxacları və gecikmələri azaldacaq.
Bu mənada mühüm addım isə Bakı Beynəlxalq Dəniz Limanının indiyədək istifadə olunmayan 7-ci körpü limanının istismara verilməsi, həmçinin yük qaldırma gücü 125 ton olan yeni nəsil kran ilə körpünün texniki potensialının gücləndirilməsidir. Güclü kranın tətbiqi əlavə xərclər tələb etmədən limanın mövcud infrastruktur imkanlarını işə salacaq, limanın ötürücülük qabiliyyəti və əməliyyat imkanları genişlənəcək.Yeni kran müasir ekoloji tələblərə uyğun layihələndirildiyindən və elektrik enerjisi ilə işlədiyindən, bu, karbon izini azaldacaq və enerji səmərəliliyini artıracaq, limanın “yaşıl liman” konsepsiyasına mühüm töhfə verəcək.
Xəzərdə kooperasiya
Diqqətəlayiq haldır ki, limanların ötürücülük qabiliyyətinin genişləndirilməsi ilə paralel olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanması ilə yük aşırılması artır. Keçən il ASCO, təxminən, 1,324 milyon ton yük daşıyıb: 45% çox. Bərə ilə konteyner aşırılmasını isə 203% artıraraq 22 030 TEU-ya çatdırıb.
Göründüyü kimi, konteyner daşımaları uzun illər əsas istiqamət olaraq qalacaq və bu hal Xəzər hövzəsi ətrafındakı dövlətləri və onların beynəlxalq tərəfdaşlarını donanmanın bu seqmentinə investisiya yatırmağa stimullaşdırır. Xəzərdə ən böyük quru yük daşıyıcısı olan ASCO-nun balansında hazırda, təxminən, 60 müxtəlif təyinatlı gəmi var.
Bakı Gəmiqayırma Zavodu (BGZ) isə ASCO-nun donanmasının tonnajını uğurla artırır. Onun sifarişləri ilə 12 il ərzində gəmi tərsanəsində müxtəlif tipli 14 gəmi inşa edilib. Bu günə BGZ-nin ümumilikdə 17 gəminin tikintisi üçün müqavilələri var.
Cari ildə yerli gəmiqayırma zavodu Xəzər bölgəsi ölkələrindən və hətta uzaq xaricdən sifarişlər alıb. Martda BGZ-də tutumu 780 TEU olan iki konteyner gəmisinin tikintisinin başlanması mərasimi keçirilib. Bununla bağlı işlər BƏƏ-dən olan şirkətlər qrupu ilə bağlanan müqavilə çərçivəsində həyata keçirilir. Mayın əvvəlində isə BGZ ilə Qazaxıstanın “KTZ Express Shipping” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən, Bakı gəmi tərsanəsində iki quru yük-konteyner gəmisinin tikintisinə sifariş olunub.
Zamanla BGZ-nin regional sifariş portfeli genişlənə bilər. Keçən ilin avqustunda Özbəkistan nəqliyyat naziri İlxom Maxkamov ölkəsinin Xəzər dənizində öz bərələri ilə fəaliyyət göstərməyi planlaşdırdığını qeyd edərək, Azərbaycan və Türkmənistanın gəmiqayırma zavodlarına sifariş yerləşdirmək planlarını açıqlayıb. Mediada yayılan məlumatlara görə, bu layihənin maliyyələşdirmə həcmi 150 milyon dollar olaraq qiymətləndirilir.
TBNM üzrə yük daşımalarına tələbin artması fonunda Xəzər bölgəsi ölkələri gəmiqayırma üzrə kooperasiyanı genişləndirir. Bu baxımdan mühüm addım mayın 12-də Ələt limanına yük tutumu 6100 ton olan, 240 TEU daşıma qabiliyyətinə malik “Gadamly” quru yük gəmisinin gəlməsi olub. Bu gəmi “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sifarişi ilə Türkmənistanda inşa edilib və Cənubi Koreyanın “Koryo Shipbuilding Industry Technology” şirkəti ilə əməkdaşlıq çərçivəsində Türkmənistan gəmi tərsanəsində tam inşa edilmiş ilk quru yük gəmisi olub.
“Gadamly” gəmisi Bakı və Türkmənbaşı limanları arasında konteyner daşımaları üçün istifadə olunacaq və bu, təkcə gəmiçilik xətlərinə yeni bir əlavə deyil, həm də bütövlükdə Orta Dəhlizin inkişafına əhəmiyyətli töhfədir”, - ADY-nin sədr müavini Arif Ağayev gəminin rəsmi qarşılanma mərasimində bəyan edib. O, həmçinin əlavə edib ki, Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımaları üçün ikinci quru yük gəmisinin tikintisi davam edir: onun suya buraxılması təxminən 2026-cı ilin payızının sonuna planlaşdırılır.
Bakıdakı mərasimdə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov “Gadamly”nin ilk reysini Aşqabad və Bakı arasında artan nəqliyyat-logistika əməkdaşlığının göstəricisi adlandırıb. Xatırladaq ki, Bakı və Aşqabad Orta Dəhliz üzrə qeyri-neft yüklərinin aşırılması sahəsində də çox fəal əməkdaşlıq edir: o cümlədən Lapis Lazuli və CASCA+ kimi nəqliyyat marşrutları çərçivəsində. Yük aşırılmasının şaxələndirilməsi məqsədilə TBNM trafikinin bir hissəsini Türkmənistana yönləndirmək qərarı qəbul edilib. 2023-cü ilin əvvəlindən Türkmənbaşı-Bakı-Türkmənbaşı marşrutu üzrə dəniz fider konteyner daşımalarına başlanılıb.
Son illərdə Azərbaycan-Türkmənistan tərəfdaşlığı logistika sahəsində yük daşımalarının rəqəmsallaşdırılması layihələrini əhatə edib. Bundan əlavə, transsərhəd və gömrük prosedurları sadələşdirilir, dəniz və dəmir yolu xidmətləri üçün tariflər aşağı salınırdı ki, bu da multimodal yük daşımalarının, o cümlədən tranzit konteyner aşırılmasının artmasına kömək edib. Bu məqsədlərə Bakı və Aşqabadın BMT-nin elektron qaimə haqqında protokoluna qoşulması da xidmət edir. Bundan əlavə, bu il aprelin 1-də Bakı limanında yük trafikinin artırılması, gəmilərin giriş qrafiklərinin koordinasiyası və Bakı ilə Türkmənbaşı limanları arasında multimodal daşımaların inkişafı məsələsi üzrə Türkmənistan və Azərbaycanın müvafiq qurumları arasında danışıqlar aparılıb.
Bir sözlə, Xəzər dənizi hövzəsindəki dövlətlərin birgə addımları regionun nəqliyyat-logistika infrastrukturunun inkişafına töhfə verərək, eyni zamanda hər bir ölkənin iqtisadi yüksəlişinə yardım göstərir. Tərəflərin qarşılıqlı marağı yeni perspektiv layihələrin həyata keçirilməsini stimullaşdırır, regionu dünya nəqliyyat arxitekturasına daha da çox cəlb edir.
MƏSLƏHƏT GÖR:




28

