ERMƏNİSTANDA SEÇKİ VƏ DİAQNOZ
Nikol Paşinyanın Qərbdə kömək axtardığı bir vaxtda erməni ictimaiyyəti yenidən revanşist xülyalara və nifrətə “yoluxdurulur”
Müəllif: NURANİ
SSRİ-də, xüsusilə onun son dövrlərində bir çox təmtəraqlı epitetlər dəbdə idi. Əgər Sovet İttifaqı Kommunist Partiyasının növbəti qurultayı keçirilirdisə, o, mütləq “tarixi” qurultay, onun qərarları “taleyüklü” qərarlar idi. Ümumilikdə isə bu, “dünya kommunist və fəhlə hərəkatı tarixində mühüm mərhələ” olurdu. Əgər bülletenlərdə “sarsılmaz kommunistlərlə bitərəflər bloku”ndan cəmi bir namizədin adı olurdusa belə, bu seçki də mütləq şəkildə “həyati əhəmiyyətli” seçki olurdu.
Ermənistanda parlament seçkisinə hazırlıq belə şüarlarla müşayiət olunmur. Amma o, həqiqətən də, ölkə üçün tarixi və həyati əhəmiyyətli seçkidir. Bu seçkinin nəticələrindən çox şey asılıdır. Buraya sülh prosesi, Ermənistanın mümkün geosiyasi istiqamət dəyişikliyi və bir çox digər məsələlər daxildir.
Seçki ərəfəsində Qərb Nikol Paşinyana misilsiz dəstək göstərir. İrəvanda “Avropa Siyasi Birliyi”nin sammiti keçirilir, Fransa Prezidenti Emmanuel Makron İrəvana dövlət səfərinə yollanır, ardınca ABŞ-nin dövlət katibi Rubionun səfərinin anonsu verilir.
Bununla yanaşı, Paşinyanın özünün yeni qərbli, xüsusilə də avropalı müttəfiqlərindən, həqiqətən, ciddi dəstək qazana bilib-bilmədiyi sualı açıq olaraq qalır. Söhbət xüsusilə İrəvanın Rusiyadan ciddi asılılığının olduğu iqtisadi sahədən gedir.
Ermənistan Avropaya “buraxılmalı”dırmı?
Rusiya Nikol Paşinyanın Avropa İttifaqı ölkələri ilə yaxınlaşmasından son dərəcə narazı olduğunu, həmin ölkələrin çoxunu özü üçün qeyri-dost hesab etdiyini gizlətmir. Əvvəllər bu istiqamətdə əsasən Rusiya mediası fəal təbliğat aparırdısa, rəsmi şəxslər əsasən diplomatik nəzakəti qoruyurdularsa, indi vəziyyət dəyişib. Artıq Ermənistan Baş nazirinə qarşı ittihamlar yağışı başlayıb. Bu tənqidlər Ukrayna Prezidenti Volodimir Zelenskinin “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən sammitində Moskvada təşkil olunacaq 9 May paradına Ukrayna dronlarının “baş çəkə biləcəyi” haqda bəyanatından sonra xüsusilə kəskinləşib.
Məlum olduğu kimi, bu, baş verməyib. Amma narazılıq aradan qalxmayıb: Paşinyan Zelenskini sözünü niyə kəsməyib? Amma, əslində, bu, sammitə ev sahibliyi edən tərəfin səlahiyyətinə daxil deyil.
Amma istənilən hala, 9 May mövzusu Rusiya üçün həssas məsələdir. Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması isə daha da həssas mövzudur.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ermənistan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq bəyannaməsinin imzalanmasını şərh edərkən deyib: “Rusiya Nikol Paşinyan ilə ciddi danışıb və bütün məsələlərə aydınlıq gətirilib”. Uşakov fikrini belə davam etdirib: “Təəssüf ki, Yerevan hələ də “iki stulda oturmaq” siyasətini davam etdirməyə çalışır. Bu vəziyyətdə nə qədər qalmaq mümkündür, bilmirəm. Amma bu, əlbəttə, ikitərəfli münasibətlərin inkişafına zərər verir. Halbuki bu münasibətlər həm Rusiya, həm də Ermənistan üçün faydalıdır”.
Belə bir vəziyyətdə Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının Astana toplantısına qatılmaqdan imtinası tənqid dalğasını daha da gücləndirib.
Paşinyanı müəyyən mənada başa düşmək olar. Birincisi, indi ölkədə seçki kampaniyasının qızğın dövrüdür. İkincisi, İrəvanda hərbi parad keçirilməli və o, Ali Baş Komandan kimi orada olmalı idi.
Lakin ümumi gərginlik fonunda tənqidlər daha da artıb. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Paşinyanın Astanaya yollanmaqdan imtinası İrəvanda prioritetlərin necə qurulduğuna dair siqnaldır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, o, Paşinyan gəlməsə belə, Ermənistan nümayəndələrinin Astanadakı görüşə qatılacaqlarına ümid edir.
Ən sərt mövqeni, yəqin ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin nümayiş etdirib. O, bildirib ki, “Ermənistanın Baş naziri Rusiyaya qarşı qeyri-dost siyasəti aparır və Moskvanın verdiyi imkanlardan sui-istifadə edir”. Volodin qeyd edib ki, Rusiya Ermənistana təbii qazın min kubmetrini 177,5 dollara satır ki, bu da Avropa qiymətlərindən (633 dollar), təxminən, 4 dəfə ucuzdur: “Əvəzində Paşinyanın qeyri-səmimiliyini və etibarsızlığını görürük”.
Dövlət Dumasının spikeri əmindir ki, Paşinyanın Aİİ-də qalmaq istəyi Avrasiya məkanından maliyyə məqsədləri üçün istifadəni davam etdirmək cəhdidir ki, bu da artıq Ermənistan ÜDM-in 2,5 dəfə artmasına səbəb olub. O xatırladıb ki, Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib, daha əvvəl isə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyaraq, onun tamhüquqlu üzvünə çevrilib. “Siyasi baxımdan Paşinyan artıq bütün qərarlarını verib. Bu qərar Rusiya ilə dost olmayan ölkələrlə münasibətlərin qurulmasının xeyrinədir”, - deyə Volodin qeyd edib.
Hələlik Moskva Ermənistana satdığı qazın qiymətini yenidən nəzərdən keçirmir və seçkiyədək, yəqin ki, keçirməyəcək. Lakin Rusiya artıq Ermənistan istehsalı olan “Cermuk” mineral suyunun, bir neçə növ spirtli içkinin və güllərin idxalını dayandırıb. Görünür, erməni seçicilərə Paşinyana səs verməyin onların cibinə necə təsir göstərəcəyi haqda düşünmələri təklif olunur.
“Artsax” istəyirsiniz? O yoxdur!”
Bu arada, Ermənistanın özündə seçkiqabağı kampaniyanın əsas mövzusu nə Rusiya, nə də Aİ-dir. Əsas mövzu Azərbaycandır. Nikol Paşinyan həqiqi sülhün parlaq perspektivlərindən, yolların açılmasından, əməkdaşlıqdan və s. danışırsa, onun revanşist düşərgədən olan rəqiblərinin mövqeyi tamamilə fərqlidir. Burada Baş naziri “Artsaxa xəyanət”də ittiham etməkdən yorulmurlar, onu açıq şəkildə “Bakı və Ankaranın agenti” adlandırırlar və s.
Ermənistanın ikinci prezidenti, Xocalıda azərbaycanlılara qarşı soyqırımının törədilməsində iştiraka görə axtarışda olan hərbi cinayətkar Robert Koçaryan artıq açıq-aşkar deyir ki, guya o, prezident olsaydı, Azərbaycan müharibəyə başlamağa heç vaxt cəsarət etməzmiş. O, 2020-ci ilin sentyabrında müharibəni məhz Ermənistanın başlatdığını “unudur”. Halbuki Ermənistanın ozamankı müdafiə naziri David Tonoyan hələ 2019-cu ilin payızında “yeni ərazilər uğrunda yeni müharibə” vəd edirdi. Yeni müharibə baş verdi. Amma ərazilərlə bağlı vəziyyət başqa cür alındı.
2020-ci ildə uduzulmuş müharibə və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatları sanki erməni cəmiyyətini ayıltmalı idi. Təəssüf ki, belə olmadı. Bir çox ekspertlərin etiraf etdiyi kimi, revanşist əhvali-ruhiyyə məğlubiyyətdən sonra da cəmiyyətdə kifayət qədər uzun müddətdir davam edir. Bunun klassik nümunəsi Almaniyadır. O, Birinci dünya müharibəsində ağır məğlubiyyətə uğrasa da, məhz revanş gözləntiləri dalğasında hakimiyyətə gələn Adolf Hitler ölkəni daha böyük fəlakətə sürükləyib.
Təəssüf ki, tarixin xoşagəlməz dərslərindən heç də həmişə lazımi nəticə çıxarılmır. Xüsusilə revanşist əhvaldan istifadə etməyə hazır olan siyasətçilər varsa.
Yalanın məşhur bir növü var: guya həqiqəti danışırsan, lakin onu elə danışırsan ki, həmsöhbətin dediklərini səhv başa düşsün. Revanşistlər isə heç bir formada həqiqəti demirlər. Amma çalışırlar ki, “bir qəpiklik” söz desinlər, seçicilər isə onu “yüz dramlıq” qəbul etsin.
Amma 2021-ci ilin növbədənkənar seçkisi zamanı seçicilərinə “Şuşa və Hadrutu qaytarmaq” vədi vermiş Paşinyandan fərqli olaraq, bu gün revanşist düşərgənin “ulduz”ları belə vədlər vermir. Onlar çox yaxşı anlayırlar ki, indiki şəraitdə belə bir müharibə Ermənistan üçün intihar deməkdir.
2016-cı ildə artıq Azərbaycan müasir, döyüş qabiliyyətli ordu yarada bildiyi bəlli olmuşdusa, bu gün Azərbaycan Silahlı Qüvvələri 2016, 2020 və 2023-cü illərlə müqayisədə daha güclüdür. Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, biz məhz Koçaryan və Sarqsyanın ordusunu darmadağın etmişik. Lakin məlum olduğu kimi, seçici “qulaqları ilə sevir” və “əgər hakimiyyət məndə olsaydı, biz Artsaxı itirməzdik” sözlərində onların çoxu, bəlkə də hamısı deyil, amma əksəriyyəti “əgər mən hakimiyyətə gəlsəm (və ya qayıtsam), itirilmiş əraziləri qaytaracağam” mesajını eşidir.
Erməni əsilli rusiyalı oliqarx Samvel Karapetyan isə açıq şəkildə vəd edir ki, seçkidə qələbə qazanacağı təqdirdə “Azərbaycan üçün problemlər yaradacaq”. Aydındır ki, indiki şəraitdə erməni siyasətçilərin yeni müharibə və xüsusilə də ərazilər barədə xəyal qurmaları belə, mümkün deyil. 1990-cı illərin ssenarisi bu gün işləməz. Azərbaycanın cavabı çox ağrılı olacaq.
Ola bilsin, Ermənistan yeni formada yenidən sərhəd təxribatlarına əl atsın. Lakin 2020-2024-cü illərin sərhəd insidentlərinin təcrübəsi göstərir ki, belə oyunlar da pis nəticələnir.
İrəvanın Vaşinqton razılaşmalarından çıxmağa cəhd göstərəcəyi də istisna deyil. Amma Azərbaycan istənilən varianta hazırdır. İndi o, elə vəziyyətdə deyil ki, istənilən, üstəlik, özü üçün əlverişsiz müddəalarla sülh müqaviləsinə imza atsın.
“300 min azərbaycanlı”
Daha bir düşündürücü məqam revanşistlərin seçiciləri mütəmadi olaraq “300 min azərbaycanlı” ilə qorxutmaq cəhdidir. Guya Nikol Paşinyan onları Ermənistana köçürmək istəyir, artıq onlar üçün məktəblər tikilir və s.
Paşinyanın özü və xarici işlər naziri Ararat Mirzoyan isə bu mövzudan hər vəchlə uzaq durmağa çalışırlar.
Bu yerdə bir daha xatırladaq ki, Qərbi Azərbaycandan olan etnik azərbaycanlılar etnik təmizləmənin qurbanı olublar. Onlar beynəlxalq humanitar hüquqa uyğun olaraq öz evlərinə qayıtmaq imkanı əldə etməlidirlər. Bu məsələdə Qarabağ erməniləri ilə paralel aparılması isə tamamilə yanlışdır. Çünki onlar bölgədən könüllü şəkildə köçüblər. 2023-cü ildə Qarabağa göndərilmiş iki BMT missiyası orada mülki əhaliyə təzyiq göstərilməsi ilə bağlı hər hansı fakt aşkar etməyib. Qarabağdan gedən ermənilər Laçın buraxılış məntəqəsində verdikləri müsahibələrdə də açıq şəkildə bildirirdilər ki, “bizim azərbaycanlılara qarşı heç bir etirazımız yoxdur, sadəcə bizə dedilər ki, getmək lazımdır. Həm də bunu azərbaycanlılar demədilər”.
Elə həmin Samvel Karapetyan artıq dəfələrlə bildirib ki, hakimiyyətə gələcəyi təqdirdə xüsusi qanun qəbul etdirəcək və həmin qanuna əsasən azərbaycanlılar Ermənistanda torpaq və daşınmaz əmlaka sahib ola, hədiyyələr qəbul edə və s. bilməyəcəklər. Ekspertlər isə bu “qanunvericilik təşəbbüsü” ilə Almaniyada Adolf Hitler dövrünün “yəhudilər əleyhinə qanunlar” arasında paralellər aparırlar.
Bu mövzu artıq azərbaycanofobiyanın səviyyəsinin təhlükəli dərəcədə yüksək qaldığı erməni cəmiyyəti üçün diaqnoza çevrilməkdədir. Bəli, bu gün müharibə yoxdur və hər iki ölkə sülh müqaviləsi imzalamağa hazırlaşır. Lakin erməni cəmiyyətində belə əhvali-ruhiyyənin olması, onların məqsədli şəkildə qızışdırılması çox şeydən xəbər verir. Tarixçilərin dediyi kimi, istənilən müharibə nifrətin qızışdırılması ilə başlayır.
Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı İlham Əliyev deyib: “Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməyib. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”.
Məhz buna görə də Azərbaycan “barıtını quru saxlayır” və müharibəsonrası arxayınlığa qapılmır.
MƏSLƏHƏT GÖR:





51

