8 İyul 2026

Çərşənbə, 21:30

MALİYYƏ KODU

Rəqəmsal texnologiyalar bank sektorunun və regional inteqrasiyanın yeni modelinin əsasına çevrilir

Müəllif:

15.06.2026

Maliyyə sektoru son onilliklərin ən genişmiqyaslı transformasiya mərhələlərindən birini yaşayır. Süni intellekt (Sİ), pulun tokenizasiyası, biometrik identifikasiya, açıq bankinq və ani ödəniş sistemləri (AÖS) tədricən eksperimental həllərdən çıxaraq yeni iqtisadi reallığın əsasına çevrilir.

Məhz bu proseslər iyunun 9-10-da Bakıda keçirilən X Beynəlxalq Maliyyə-Bank Sammitinin diqqət mərkəzində olub.

Forumun, demək olar ki, hər bir spikeri rəqəmsal transformasiyanı daha geniş vəzifələrlə – vahid maliyyə məkanının yaradılması, investisiya imkanlarının genişləndirilməsi və artan qlobal rəqabət şəraitində regionun iqtisadiyyatlarının dayanıqlılığının artırılması ilə əlaqələndirib.

 

Yeni maliyyə xəritəsi

Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində olduqca diqqətçəkici vəziyyət formalaşır: regionun iqtisadi potensialı onun maliyyə sisteminin inkişaf səviyyəsini xeyli qabaqlayır.

TDT ölkələrinin məcmu ÜDM-i artıq 2,1 trilyon dolları ötür və bu da dünya iqtisadiyyatının, təxminən, 3%-nə bərabərdir. Bununla yanaşı, təşkilatın dövlətləri yüksək artım templəri nümayiş etdirir. Belə ki, keçən il Qırğızıstan iqtisadiyyatı 11%-dən çox, Özbəkistan 7%-dən çox, Qazaxıstan isə 5%-dən çox artıb. TDT üzrə orta iqtisadi artım göstəricisi 6%-i keçib və bu da dünya üzrə orta templərdən nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Lakin bu qədər təsirli dinamikaya baxmayaraq, bank sektoru hələ ki, regionun iqtisadiyyatının miqyasından xeyli geri qalır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı hesab edir ki, TDT ölkələrinin məcmu bank aktivləri, təxminən, 1,2 trilyon dollar və ya dünya bank aktivlərinin 0,8%-ni təşkil edir: “Bank aktivlərinin ÜDM-ə nisbətinə baxsaq, aydın olur ki, TDT ölkələrinin dünya iqtisadiyyatındakı payı onların dünya bank sistemindəki payını, demək olar ki, dörd dəfə üstələyir. Bu, maliyyə vasitəçiliyinin inkişafı üçün nəhəng potensialın mövcudluğundan xəbər verir”.

Başqa sözlə, regionun iqtisadiyyatları bu artımı zəruri investisiyalar və kredit resursları ilə təmin etməli olan maliyyə infrastrukturundan daha sürətlə böyüyür.

Əmanət göstəriciləri əlavə təsdiq kimi çıxış edir. V.Qasımlının sözlərinə görə, TDT ölkələrində əmanətlərin həcmi artıq 670 milyard dollara çatıb ki, bu da dünya yığımlarının 2,3%-nə bərabərdir. Lakin bu vəsaitlərin böyük hissəsi hələ ki, kifayət qədər həcmdə investisiyalara və kredit resurslarına çevrilmir.

Ekspertin fikrincə, məhz əmanət həcmi ilə bank sisteminin inkişaf səviyyəsi arasındakı bu fərq kreditləşmənin genişləndirilməsi, maliyyə bazarlarının dərinləşdirilməsi və kapitalın cəlb edilməsi üçün yeni alətlərin yaradılması baxımından geniş imkanlar açır. Demək, türk dövlətləri arasında daha sıx maliyyə məkanının formalaşdırılması yalnız siyasi təşəbbüs deyil, həm də Avrasiyanın ən dinamik inkişaf edən regionlarından birinin potensialını açmağa qadir olan iqtisadi zərurətə çevrilir.

 

Gələcəyin maliyyəsi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov ölkədə rəqəmsal texnologiyaların tətbiqini sürətləndirməli olan genişmiqyaslı qanunvericilik paketinin hazırlanmasının başa çatmaq üzrə olduğunu bildirib.

Hədəf göstəriciləri də iddialı görünür. 2030-cu ilə qədər Azərbaycan İKT sektorunun həcmini iki dəfə, rəqəmsal xidmətlərin ixracını isə təxminən 7 dəfə artıraraq ildə 1 milyard dollara çatdırmaq niyyətindədir. F.Osmanov vurğulayıb ki, Azərbaycanın məqsədi yalnız daxili rəqəmsallaşmanı sürətləndirmək deyil, həm də ölkəni regionun rəqəmsal və texnoloji mərkəzlərindən birinə çevirməkdir.

Ümumilikdə, Türkiyə Banklar Birliyinin baş katibi Nurullah Bakır qeyd edib ki, türk dünyasında rəqəmsal bankinq sürətli artım dövrü yaşayır.

O, nümunə olaraq Türkiyə bank sisteminin rəqəmsal transformasiyasının dərin təəssürat yaradan nəticələrini göstərib. Əgər 2019-cu ildə rəqəmsal bankinqin aktiv istifadəçilərinin sayı təxminən 51 milyon nəfər idisə, hazırda bu göstərici 129 milyonu ötür, yəni iki dəfədən çox artıb. Daha da dinamik templərlə istifadəsi təxminən 200% artan mobil bankinq inkişaf edib. Spikerin sözlərinə görə, bu, rəqəmsal maliyyə xidmətlərinin artıq vətəndaşların gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyini göstərir.

O, maliyyə sektorunun bundan sonrakı inkişafında müştərilərə müxtəlif bankların hesablarını vahid platformalar vasitəsilə idarə etməyə imkan verən açıq bankinqə və müasir ödəniş sistemlərinə xüsusi rol ayırıb.

Bununla yanaşı, rəqəmsal xidmətlərin inkişafı qaçılmaz olaraq kibertəhlükələrin artması ilə müşayiət olunur. Buna görə də, o vurğulayıb ki, kibertəhlükəsizlik sahəsində regional əməkdaşlıq, təhlükələr barədə informasiya mübadiləsi və birgə müdafiə mexanizmlərinin yaradılması bank sektorunun dayanıqlılığına əhəmiyyətli töhfə verə bilər.

Bu fikri Gürcüstan Banklar Assosiasiyasının prezidenti Aleksandr Dzenadze davam etdirib. Onun sözlərinə görə, heç bir ölkə davam edən dəyişikliklərin miqyası ilə təkbaşına mübarizə apara bilməz. Bu baxımdan Gürcüstan ticarətin, investisiyaların inkişafına və regionun maliyyə bazarları arasında əlaqələrin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev yeni texnologiyaların tətbiqinin stimullaşdırılması və sektorun prioritet inkişaf istiqamətlərinin müəyyən edilməsi üçün platforma ola biləcək innovasiya mərkəzinin yaradılması zərurətinə ayrıca diqqət ayırıb. Onun fikrincə, ən effektiv həll belə bir mərkəzin Azərbaycan Mərkəzi Bankı (AMB) nəzdində formalaşdırılması olardı.

O, digər mühüm istiqamət kimi ani ödəniş sistemi çərçivəsində NFC texnologiyası əsasında rəqəmsal ödənişlərin inkişafını adlandırıb. Bu, ödəniş əməliyyatlarını istifadəçilər üçün daha rahat, sürətli və əlçatan etməyə, həmçinin milli ödəniş ekosistemində innovativ həllərin tətbiqini sürətləndirməyə imkan verəcək.

Z.Nuriyev əmindir ki, məhz müasir ödəniş texnologiyalarının inkişafı regionun maliyyə bazarlarının bundan sonrakı yaxınlaşmasının təməli olacaq: “Ölkələrarası maliyyə inteqrasiyası bu gün atılmalı olan strateji addımdır. Rəqəmsal transformasiya, birgə maliyyə infrastrukturları və innovativ həllər regionumuzu qlobal maliyyə sistemində daha güclü mövqelərə çıxarmağa qadirdir”.

Azərbaycan Banklar Assosiasiyası prezidentinin fikrincə, bu məqsədə nail olmaq üçün yalnız texnoloji həllər deyil, həm də dövlətlər arasında daha sıx koordinasiya lazımdır. O, xüsusilə ani ödəniş sistemlərinin inkişafı, texnologiya mübadiləsi və innovativ həllərin qarşılıqlı tanınması üçün mərkəzi bankların və sahə ekspertlərinin birgə işçi qruplarının yaradılmasını təklif edib.

Z.Nuriyev uğurlu nümunə olaraq beynəlxalq təcrübəni gətirib. Belə ki, Avropa İttifaqında artıq uzun illərdir ki, ölkələr arasında sürətli və rahat hesablaşmaları təmin edən inteqrasiya olunmuş SEPA və TARGET2 ödəniş mexanizmləri fəaliyyət göstərir. Analoji proseslər Cənub-Şərqi Asiyada da inkişaf edir. Bu regionda Tailand, Sinqapur, Malayziya, İndoneziya və Kamboca ardıcıl olaraq vahid rəqəmsal ödəniş ekosistemi formalaşdırır.

Z.Nuriyevin sözlərinə görə, türk dövlətləri artıq bu istiqamətdə mühüm addımlar atıb. Ödəniş xidmətlərinin normativ bazasının təkmilləşdirilməsi, rəqəmsal banklar haqqında qanunvericiliyin hazırlanması, kriptovalyutaların hüquqi tənzimlənməsinin formalaşdırılması, ani ödəniş sistemlərinin tətbiqi və innovativ xidmətlərin genişləndirilməsi maliyyə inteqrasiyasının daha da dərinləşdirilməsi üçün möhkəm əsas yaradır.

Bu kursun uğurluluğunun ən parlaq təsdiqlərdən biri Azərbaycanın ani ödənişlər sistemi ilə bağlı göstəriciləri olub. AMB-nin Baş proqram təminatı mühəndisi Tofiq Acırqayev bildirib ki, beş il ərzində sistemdəki əməliyyatların sayı 86 dəfə artıb, 2026-cı ildə isə artım templəri rekord olaraq qalmağa davam edir.

Növbəti inkişaf mərhələsi sistemin milli sərhədlərdən kənara çıxması ola bilər. Azərbaycan artıq Türkiyə və BƏƏ ilə transsərhəd ani ödəniş sisteminin yaradılması barədə danışıqlar aparır.

AÖS-nin tətbiqinin əhəmiyyətli olan nəticələrindən biri maliyyə xidmətlərinin dəyərinin azalması olub. Bu prosesə QR ödənişlər və həm banklar, həm də müştərilər üçün əməliyyatların ucuzlaşdırılmasına imkan verən digər rəqəmsal alətlər əhəmiyyətli töhfə verir.

 

Sİ-nin istifadəsi

Sammitdə bu gün maliyyə sektorunun transformasiyasının əsas hərəkətverici qüvvələrindən biri hesab edilən süni intellekt ətrafında da müzakirələr aparılıb.

Lakin AMB-nin Məlumat Departamentinin Məlumat Mühəndisliyi şöbəsinin rəhbəri Mahir Quluzadə qeyd edib ki, süni intellektin effektiv tətbiqi yolunda əsas maneə heç də alqoritmlər və hesablama gücləri deyil, məlumatların keyfiyyətidir: “Məlumatlar sistemə anlaşılan olmalıdır. Sİ həllərinin effektiv işləməsi üçün məlumatlara məna qazandıran semantik məna qatının yaradılması vacibdir”.

“Freedom Holding”in nümayəndəsi Ruslan Vdoviçenko isə hesab edir ki, Sİ-nin əsas təhlükəsi onun nəticələrinin tədricən mütəxəssislərin rəyindən daha nüfuzlu kimi qəbul edilməyə başlanılmasıdır. Məsuliyyətli tənzimləmə nümunəsi olaraq ekspert süni intellektin istifadəsinin hüquqi bazasının artıq formalaşdırıldığı Qazaxıstanı gətirib. Orada məsuliyyət məsələləri aydın müəyyən edilib: hətta həkim diaqnoz qoyarkən Sİ-dən istifadə etsə də, son qərarı insan qəbul edir. Qanunvericilik, həmçinin texnologiyaların vətəndaşların emosional vəziyyətinin təhlili, həssas şəxsi məlumatların toplanması və insanların davranışına manipulyasiya üçün istifadəsini məhdudlaşdırır. R.Vdoviçenkonun fikrincə, analoji yanaşma Azərbaycan üçün də faydalı ola bilər.

“Payments Innovation” konsaltinq şirkətinin baş direktoru Mixael Salmoni tokenizasiya barədə də danışıb. Bu, pulun və digər aktivlərin blokçeyn texnologiyasından istifadə etməklə rəqəmsal formaya keçirilməsi prosesidir. “Tokenizasiya dəyərin dünya üzrə ötürülməsini elektron məktub göndərmək qədər sürətli etməyi vəd edir”, - ekspert qeyd edib.

Bu gün beynəlxalq köçürmələr əsasən müxbir banklar, RTGS sistemləri və SWIFT şəbəkəsi vasitəsilə həyata keçirilir. Tokenizasiya alternativ model təklif edir ki, burada dəyər ötürülməsi iştirakçılar arasında, demək olar ki, birbaşa baş verə bilər. “Əgər insanlar sadəcə telefonlarını bir-birinə yaxınlaşdırmaqla birbaşa pul köçürə bilsələr, bankların funksiyası necə dəyişəcək? Bu qurumlar qalacaq, lakin onların rolu əhəmiyyətli dərəcədə fərqli olacaq”, - M.Salmoni iddia edir.

Bu cür alətlərin sürətli yayılması tənzimləyiciləri yeni hüquqi baza formalaşdırmağa məcbur edir. Avropa İttifaqında artıq MiCA reqlamenti (kriptoaktivlər bazarının tənzimlənməsi) qüvvədədir, ABŞ-də isə rəqəmsal aktivlərin dövriyyə qaydalarını müəyyən edən qanunvericilik təşəbbüsləri üzərində işlər davam edir.

Bu günün reallıqlarının ən mühüm aspekti kibertəhlükəsizlikdir. Məhz o, hazırda maliyyə sektorunun bundan sonrakı rəqəmsal transformasiyasının dayanıqlılığını müəyyən edir.

Bu baxımdan AMB İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirib ki, ilin sonuna qədər Azərbaycanda risk yönümlü yanaşmaya əsaslanan fırıldaqçılığa qarşı mübarizənin yeni qaydalarının tətbiqi planlaşdırılır. Artıq fəaliyyət göstərən mexanizmlər maliyyə fırıldaqçılığı ilə mübarizədə nəzərəçarpan nəticələr əldə etməyə imkan verib. Bununla belə, kiberriskləri tamamilə aradan qaldırmaq mümkün deyil, çünki cinayətkarların metodları müdafiə texnologiyaları qədər sürətlə inkişaf edir.

Beləliklə, sammitin müzakirələri göstərib ki, maliyyə sektorunun gələcəyini artıq texnologiyalardan ayrı nəzərdən keçirmək mümkün deyil. Və bu həllərin bir çoxu hələ aktiv inkişaf mərhələsində olsa da, hərəkət istiqaməti artıq aydındır: gələcəyin maliyyə sistemi həmişəkindən daha sürətli, daha inteqrasiya olunmuş və texnoloji olacaq.



MƏSLƏHƏT GÖR:

35