8 İyul 2026

Çərşənbə, 21:32

BİR MƏSƏLƏYƏ HƏSR OLUNMUŞ SAMMİT

“Böyük yeddilik” ölkələrinin liderləri Ukrayna məsələsini yenidən Qərbin diqqətinə qaytardılar

Müəllif:

15.06.2026

İyunun 15-17-də Fransanın Evian kurort şəhərində “Böyük yeddilik”də (G7) yer alan ölkələrin liderləri növbəti dəfə bir araya gəliblər. Rəsmi gündəlikdə Çin, süni intellekt, internetdə uşaqların təhlükəsizliyi, dünya iqtisadiyyatı və Yaxın Şərq məsələləri yer alsa da, sammitin elə ilk günündə aydın olub ki, onlarla qlobal çağırışa baxmayaraq, G7 üçün əsas məsələ Ukraynadır.

Hələ bir neçə həftə əvvəl belə düşünmək olardı ki, Rusiya-Ukrayna müharibəsi tədricən digər böhranların kölgəsində qalır. Dünya ABŞ ilə İran arasında təhlükəli qarşıdurmanı izləyir, Hörmüz boğazında gəmiçiliyə təhdidləri müzakirə edir və Yaxın Şərqdəki münaqişənin genişmiqyaslı regional müharibəyə çevrilib-çevrilməyəcəyi barədə ehtimallar irəli sürürdü. Nəticədə, Ukrayna problemi uzun müddətdən sonra ilk dəfə beynəlxalq gündəliyin mərkəzindəki yerini itirməyə başlamışdı.

Fransada keçirilən G7 sammiti Kiyev və onun avropalı müttəfiqləri üçün məhz buna görə xüsusi əhəmiyyət daşıyırdı. Söhbət təkcə Rusiyaya qarşı yeni sanksiyalardan və ya növbəti hərbi yardım paketlərindən getmirdi. Bəli, Vaşinqtonun diqqətini yenidən Ukrayna məsələsinə yönəltmək daha vacib hədəf idi. Təsadüfi deyil ki, G7-yə daxil olmayan iştirakçılar arasında əsas fiqur məhz Ukrayna Prezidenti Volodimir Zelenski olub. Bir çox siyasi mesajların əsas ünvanı isə ABŞ Prezidenti Donald Tramp idi.

Sammit başlamazdan əvvəl Fransa Prezidenti Emmanuel Makron ABŞ liderindən nə gözlədiyini açıq şəkildə bəyan da etmişdi: “Mən istəyirəm ki, amerikalılar desinlər: biz sizinləyik, Ukraynaya dəstəyi davam etdirəcəyik və Rusiyaya təzyiqi daha da artıracağıq”.

Tramp isə öz növbəsində bildirmişdi ki, o, İranla çərçivə sazişi razılaşdırıldıqdan sonra diqqətini yenidən Rusiya-Ukrayna müharibəsinə yönəltməyə hazırdır. “Rusiya razılaşmanı imzalamalıdır” deyən ABŞ Prezidenti münaqişənin dayandırılması üçün “əlindən gələni edəcəyinə” söz də verib.

Nəticədə, sammitdə əsas müzakirələr məhz bu mövzu ətrafında gedib. Rusiyanın neft və qaz sektoruna qarşı yeni sanksiyalar, Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsi, diplomatiya üçün “imkan pəncərəsi”nin açılması cəhdləri, avropalıların ABŞ-ni daha fəal rola qaytarmaq istəyi Cenevrə gölünün sahilində cərəyan edən böyük siyasi oyunun tərkib hissəsinə çevrilib.

 

Makronun missiyası

Əsas mövzunun Ukrayna olduğu sammitdə Kiyevə dəstəyin gücləndirilməsi istiqamətində səylərin başlıca təşkilatçısı kimi Fransa Prezidenti Emmanuel Makron çıxış edib. Görüşün ev sahibi üçün Evian təkcə Fransanın liderlik iddialarını nümayiş etdirmək deyil, həm də müttəfiqləri Ukrayna böhranına yüksək səviyyədə cəlb olunmağın vacibliyinə inandırmaq imkanı idi. Belə israrın səbəbləri, əlbəttə ki, aydındır. Son aylarda Avropa özü qeyri-adi vəziyyətlə üzləşib. Müharibənin ilk illərində əsas maliyyə və hərbi yükü ABŞ daşıyırdısa, bu gün vəziyyət xeyli dəyişib. Makronun özü də etiraf edir ki, hazırda Kiyevə yardım, demək olar ki, “yalnız avropalılar tərəfindən maliyyələşdirilir”.

Belə şəraitdə Donald Trampın Ağ Evə qayıdışı Avropada lap əvvəldən tamamilə anlaşılan narahatlıq doğururdu. Bir çox paytaxtlarda düşünürdülər ki, ABŞ-nin yeni administrasiyası diqqətini daxili problemlərə və Yaxın Şərq siyasətinə yönəldərək Ukrayna istiqamətini avropalıların öhdəsinə buraxacaq. Buna görə də Evian sammiti bir növ sınağa çevrilmişdi. Avropalılar anlamaq istəyirdilər ki, Tramp Ukraynanın nizamlanması prosesində yenidən daha fəal rol oynamağa hazırdırdır, ya yox. Etiraf edilməlidir ki, ABŞ Prezidentinin bu mövzudakı bəyanatları onlarda müəyyən nikbinlik yarada bilib. Tramp sammit çərçivəsində təkcə Zelenski ilə görüşməyib, həm də Rusiyanın sülh sazişi bağlamalı olduğunu, Vaşinqtonun müharibənin dayandırılması istiqamətində diplomatik səylərini yenidən gücləndirəcəyini bildirib. Doğrudur, ABŞ-nin bu marağının nə qədər uzunmüddətli olacağını söyləmək çətindir. Lakin hər bir halda Fransa sammitinin əsas intriqalarından biri məhz bu məsələ olub.

 

Neft ilgəyi

Görüşün əsas nəticəsi Rusiyaya təzyiqin artırılması ilə bağlı yeni razılaşmalar olub. Diplomatik mənbələrin məlumatına görə, G7 liderləri Rusiyanın neft-qaz sektoruna qarşı növbəti sanksiyalar paketini razılaşdırıblar. “Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi artırmaq öhdəliyi götürürük. Bu kontekstdə neft və qaz sektorları da daxil olmaqla sanksiyalarımızı daha da gücləndirəcəyik”, - deyə sənəddə bildirilir: “Hörmüz boğazının açılması ilə bağlı bizim dəstəklədiyimiz razılaşmanı Prezident Tramp da imzaladı”.

Bununla yanaşı, G7 üzvləri Ukraynaya “dəyişməz dəstəklərini” bir daha təsdiqləyiblər. Bəyanatda deyilir: “Biz hava hücumundan müdafiə sistemlərinin, əlavə komplekslərin və raket əleyhinə vasitələrin, eləcə də uzaqmənzilli silahların tədarükünün artırılması barədə razılığa gəldik”.

Qeyd olunmalıdır ki, minlərlə məhdudiyyət tətbiqinə baxmayaraq, enerji daşıyıcılarının ixracının məhdudlaşdırılması Moskva üçün xüsusilə həssas məsələdir. Çünki o, ölkəyə xarici valyuta daxilolmalarının əsas mənbəyi və dövlət xərclərinin maliyyələşdirilməsinin ən mühüm alətidir. Əslində, bu, Qərbin daha əvvəl də iri geosiyasi rəqiblərinə qarşı dəfələrlə tətbiq etdiyi strategiyaya qayıdışdır: onlar xammal satışından əldə etdikləri yüksək gəlirlərdən məhrum edilirlər.

Bu mövzu Yaxın Şərqdə baş verən hadisələr fonunda xüsusi əhəmiyyət kəsb edir. Hörmüz boğazı ətrafında yaranan istənilən qeyri-sabitlik ənənəvi olaraq dünya bazarında neft qiymətlərinin artmasına səbəb olur. Bu isə Rusiyanın sanksiya təzyiqi nəticəsində üzləşdiyi itkiləri müəyyən qədər kompensasiya edə bilər. Məhz buna görə Evian sammitində enerji məsələsinə təkcə sanksiya siyasətinin elementi kimi deyil, həm də daha geniş iqtisadi qarşıdurma strategiyasının tərkib hissəsi kimi baxılıb. G7-nin məntiqi sadədir: əgər hərbi münaqişəni diplomatik vasitələrlə qısa müddətdə dayandırmaq mümkün deyilsə, onun davam etdirilməsinin iqtisadi dəyərini artırmaq lazımdır.

Yeganə sual yeni məhdudiyyətlər paketinin nə dərəcədə səmərəli olacağındadır. Üç il davam edən sanksiyalar müharibəsi ərzində Rusiya tədarükün əhəmiyyətli hissəsini Asiya bazarlarına yönəltməklə bir çox məhdudiyyətlərə uyğunlaşmağa nail olub. Buna görə də neft gəlirləri uğrunda mübarizənin sammit başa çatdıqdan sonra da beynəlxalq siyasətin əsas mövzularından biri olaraq qalacağı ehtimal edilir.

 

Ukrayna üçün qalxan

Hava hücumundan müdafiə sistemləri istəyi Ukraynanın müttəfiqlərinə ünvanladığı əsas tələblərdən biri olaraq qalır. Zelenski Eviana təkcə siyasi dəstək üçün yollanmamışdı. Kiyevin yaxın perspektivdə ölkənin müdafiə qabiliyyətini gücləndirə biləcək konkret qərarlara ehtiyacı var. Danışıqların yekunlarına əsasən, Ukrayna Prezidenti bir neçə əsas istiqamət üzrə razılaşmaların əldə olunduğunu bildirib. Onların arasında hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünün artırılması, həmin raketlərin birbaşa Ukrayna ərazisində istehsalı üçün lisenziyaların verilməsi və qış dövrü üçün xüsusi dəstək paketinin hazırlanması da yer alır. Silah istehsalının lokallaşdırılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Əgər əvvəllər Ukrayna, demək olar ki, tamamilə xarici tədarüklərdən asılı idisə, indi söhbət tədricən ölkənin öz istehsal bazasının yaradılmasından gedir. Kiyev üçün bu, təkcə hərbi deyil, həm də strateji vəzifədir.

Digər mühüm məqamlardan biri də Zelenskinin ABŞ-nin əldə olunmuş razılaşmaların icrasına zəmanətli dəstək verməyə hazır olduğunu bəyan etməsidr. Yəni Vaşinqton “backstop” adlandırılan mexanizmi təmin etməyə hazırdır. Söhbət öhdəliklərin yerinə yetirilməsi zamanı yarana biləcək siyasi və ya maliyyə çətinlikləri halında bir növ təminat mexanizmindən gedir.

Ukrayna üçün bu, xüsusilə beynəlxalq diqqətin digər böhranlara yönələ biləcəyi ilə bağlı narahatlıqlar fonunda sammitin ən mühüm nəticələrindən biri hesab olunur.

 

Diplomatiya üçün imkan pəncərəsi

İlk baxışdan yeni sanksiyalar və əlavə silah tədarüklərinə həsr olunmuş sammitin eyni zamanda diplomatiya ilə bağlı müzakirələrə də yol açması qəribə görünə bilər. Evianda məhz belə olub. Almaniya kansleri Fridrix Merts bildirib ki, uzun müddətdən sonra ilk dəfə olaraq “diplomatiya üçün imkan pəncərəsi” görməyə başlayır. Oxşar fikirlər sammitin digər iştirakçıları tərəfindən də səsləndirilib. Donald Trampın bəyanatları isə bu gözləntilərə əlavə təkan verib. ABŞ Prezidenti deyib ki, İranla çərçivə sazişi əldə edildikdən sonra onun administrasiyası diqqətini yenidən Rusiya-Ukrayna nizamlanmasına yönəldəcək.

Sammitdən Zelenski də danışıqlar gündəliyini irəli aparmaq üçün istifadə etməyə çalışıb. Onun sözlərinə görə, Kiyev Tramp, Makron və digər Qərb liderlərinin də iştirak edəcəyi formatda Putinlə görüşə hazır imiş, lakin görünür, Rusiya tərəfi bu variantdan imtina edib.

Lakin yaxın vaxtlarda sülhün əldə olunacağından danışmaq hələ tezdir. Tərəflərin mövqeləri arasında prinsipial fikir ayrılıqları qalmaqdadır, hərbi əməliyyatlar isə əvvəlki intensivliklə davam edir. Buna görə də G7 sammitinin əsas paradoksu onun iştirakçılarının eyni vaxtda iki ssenariyə hazırlaşmasındadır. Bir tərəfdən Moskvaya təzyiq artırılır, Ukraynaya yardım genişləndirilir, digər yandan isə mümkün danışıqlar üçün qapıları açıq saxlamağa çalışılır.

Evian sammiti göstərib ki, Qərb əvvəlki kimi “sülh naminə təzyiq” formuluna üstünlük verir. Lakin əsas sual hələ də cavabsız qalır. Yeni sanksiyalar, silah tədarükləri və diplomatik təşəbbüslər müharibənin başa çatmasını yaxınlaşdıracaq, yoxsa onlar sadəcə uzunmüddətli qarşıdurmanın yeni mərhələsinə çevriləcək? Bu sualın cavabını artıq Cenevrə gölünün sahilindəki diplomatlar deyil, cəbhə xəttinin hər iki tərəfində qərar qəbul edən siyasətçilər və hərbçilər tapmalı olacaqlar.



MƏSLƏHƏT GÖR:

34