8 İyul 2026

Çərşənbə, 21:31

MUXTARİYYƏT VASİTƏSİLƏ SÜLH

Avropa müttəfiqlik loyallığı ilə öz maraqları arasında

Müəllif:

15.06.2026

Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların növbəti dəfə intensivləşməsi fonunda Avropa ölkələrinin münaqişənin sülh yolu ilə nizamlanmasına dair gələcək danışıqlarda birbaşa iştirakı məsələsi yenidən aktuallaşıb. İyunun əvvəlində Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts hətta Rusiya Prezidenti ilə görüşehtimalını belə, istisna etməyiblər. Bununla yanaşı, onlar Ukrayna Prezidentinin mövqeyini öyrənməyin vacib olduğunu da vurğulayıblar.

Avropanın Rusiya rəhbərliyi ilə diplomatik dialoqa başlamasının zəruriliyini Finlandiya Prezidenti Aleksandr Stubb da dilə gətirib. O, avropalıların fəaliyyətlərini əlaqələndirmələrinin vacibliyini də vurğulayıb.

Qeyd olunan ölkələrin səfirləri artlq Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşərək ona yeni formatda danışıqlar aparılması təklifini çatdırıblar. Rusiya tərəfi təklifə təmkinli formada mənfi cavab verib.

 

Pis sülh yaxşı müharibədən yaxşıdır

Xronoloji ardıcıllığa nəzər salsaq, əvvəlcə onu qeyd etmək lazımdır ki, iyunun 4-də Ukrayna Xarici İşlər Nazirliyi dövlət başçısı Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı açıq məktubu rəsmi şəkildə təqdim edib. Məktubda Zelenski qarşı tərəfə vasitəçilər olmadan birbaşa danışıqlar təklifi irəli sürüb. Lakin məktubun məzmunu və Zelenskinin ritorikası daha çox Ukraynanın dəyişməz tələblərini bir daha təsdiqləməyə, Qərbdəki müttəfiqləri qarşısında mövqeyini möhkəmləndirməyə daha çox yönəlib, nəinki genişmiqyaslı danışıqlar niyyətinin nümayişinə.

Hazırda Moskva ilə Kiyevin mövqeləri bir-birindən kifayət qədər uzaqdır. Tərəflərin hər biri gələcəkdə daha əlverişli şərtlər əldə edəcəyinə ümid bəsləyir və əsas məsələlər üzrə ciddi güzəştlərə hazır olduğunu göstərən heç bir addım atmır. Belə mürəkkəb şəraitdə Kir Starmer, Emmanuel Makron və Fridrix Merts Zelenskini Londona dəvət edərək onunla Moskva ilə gələcək təmasların perspektivlərini müzakirə ediblər.

Putinlə danışıqların zəruriliyi məsələsinin qaldırılması hələ bir neçə il əvvəl Qərbin bir çox paytaxtında kəskin tənqidlə qarşılanırdı. Çünki həmin dövrdə bu paytaxtlarda Rusiyaya maksimum təzyiq siyasəti üstünlük təşkil edirdi. Lakin müharibənin uzanması ilkin hesablamalara ciddi düzəlişləri zəruri edib. Ötən illər ərzində nə Rusiya Ukraynanı məğlub edə bilib, nə də özü məğlub olub. Üstəlik, o, siyasi qeyri-sabitliklə üzləşməyib, hakimiyyət vəziyyətə nəzarəti qoruyub saxlaya bilib. Bundan başqa, sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı yeni şəraitə uyğunlaşıb, hərbi-sənaye kompleksi uzunmüddətli perspektivdə hərbi əməliyyatları təmin edə bilib.

Sosial-iqtisadi vəziyyətin pisləşməsinin Moskvada hakimiyyət dəyişikliyinə gətirib çıxaracağı və ya yeni Rusiya rəhbərliyini əvvəlki məqsədlərindən imtinaya məcbur edəcəyi ilə bağlı gözləntilər də özünü doğrultmayıb. Əksinə, münaqişənin başlanmasından bir neçə il keçməsinə baxmayaraq, Putin Rusiya siyasətinin əsas fiquru olaraq qalır, Moskva müharibəni davam etdirir, nəzarətində olan mövqeləri qoruyub saxlayır.

Bununla yanaşı, münaqişənin yalnız hərbi yolla həllinə hesablanmış strategiyanın gözlənilən nəticəni vermədiyi getdikcə daha aydın görünür. Qərbin Ukraynaya ayırdığı çoxmilyardlıq yardımlara baxmayaraq, savaşın gedişində Kiyev də həlledici dönüş yarada bilmir. Nəticədə, Qərb açıq reallığı qəbul etmək məcburiyyətində qalır: nizamlanmanın son modelinin necə olacağından asılı olmayaraq, danışıqlar Rusiyanın hipotetik gələcək rəhbərliyi ilə deyil, hazırda hakimiyyətdə olanlarla aparılmalıdır.

Beləliklə, Qərbdə artıq getdikcə daha çox “Rusiya üzərində qələbə” deyil, danışıqlar, atəşkəs və siyasi həll yollarının axtarışı barədə danışılır.

Narahatlıq doğuran daha bir məqam Avropanın gələcək təhlükəsizlik sisteminin konturlarının Rusiya-ABŞ təmasları çərçivəsində, Ukraynanın məhdud iştirakı və faktiki olaraq Avropa ölkələrinin prosesdən kənarda qalması şəraitində müzakirə edilməsidir. Bu, Avropanın öz təhlükəsizliyinə və strateji maraqlarına birbaşa təsir göstərən proseslərə müstəqil şəkildə təsir etmək qabiliyyətini sual altına qoyur. Məhz bu səbəbdən Fransa, Böyük Britaniya və Almaniya liderlərinin danışıqlar prosesinə qoşulmaq cəhdi getdikcə daha çox hərəkətə başlamış qatara son anda minmək cəhdinə bənzəyir. Onlar hələ indi Avropanın gələcək təhlükəsizlik sisteminin formalaşdırılmasında təşəbbüsü öz əllərinə almaq istəyirlər.

Bununla yanaşı, gələcək danışıqlar prosesi ilə bağlı Qərb düşərgəsinin öz daxilində də vahid mövqe yoxdur. İtaliyanın “La Repubblica” qəzetinin yazdığına görə, İtaliyanın Baş naziri Corca Meloni ilə “Böyük Britaniya-Fransa-Almaniya qrupu”nun liderləri arasında sülh nizamlanmasına aparan yollar barədə fikir ayrılıqları yaranıb. Qəzetin məlumatına əsasən, Romada hesab edirlər ki, London, Paris və Berlinin səylərinə baxmayaraq, Rusiya ilə Ukrayna arasında ABŞ-nin birbaşa iştirakı olmadan davamlı razılaşmaların əldə edilməsi mümkün deyil.

Əslində, bu mövqe kifayət qədər məntiqli görünür. Ukraynanın əsas hərbi təchizatçısı hələ də ABŞ-dir. Eyni zamanda, o, NATO üzrə avropalı müttəfiqlərin təhlükəsizliyinin başlıca təminatçısı və nizamlanmanın yekun arxitekturasının hazırlanmasında iştirak etmək üçün kifayət qədər siyasi, iqtisadi və hərbi-strateji çəkiyə malik yeganə Qərb aktoru olaraq qalır. Odur ki, Vaşinqtonun prosesə cəlb olunmaması halında Avropa ölkələrinin istənilən diplomatik təşəbbüsü həm danışıqlar mərhələsində, həm də mümkün razılaşmaların həyata keçirilməsi zamanı ciddi məhdudiyyətlərlə üzləşə bilər.

 

Avropanın şərtləri

Məlum olduğu kimi, Londonda keçirilən danışıqlarda Böyük Britaniya, Almaniya, Fransa və Ukrayna liderləri Rusiya ilə “ədalətli və davamlı” sülhün əldə olunması üçün beş şərt üzərində razılığa gəliblər: 1. Dərhal atəşkəs elan edilməli, Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatların tam dayandırılmasına razılıq verməlidir; 2. Hazırkı təmas xətti danışıqlar üçün başlanğıc nöqtəsi olmalıdır. Sərhədlər güc yolu ilə dəyişdirilə bilməz, Ukraynanın ittifaqlara (o cümlədən NATO-ya) qoşulmaq kimi suveren hüququna isə tam hörmət edilməlidir; 3. Ukrayna üçün etibarlı hüquqi təhlükəsizlik zəmanəti verilməli, bu zəmanət atəşkəs qüvvəyə mindiyi andan etibarən tətbiq olunmalı və Ukrayna ərazisində beynəlxalq qüvvələrin yerləşdirilməsini də əhatə etməlidir; 4. Rusiyanın bütün vurduğu zərərləri kompensasiya etməsinədək ona məxsus vəsaitlər dondurulmuş vəziyyətdə saxlanılmalıdır; 5. Sülh sazişində Avropanın təhlükəsizlik maraqları nəzərə alınmalıdır. Avropa İttifaqı və NATO ilə bağlı istənilən danışıqlar müvafiq olaraq Aİ və onun üzv dövlətlərinin, həmçinin Şimali Atlantika Alyansı üzrə müttəfiqlərin razılığını tələb edəcək.

Bu tələblərin əksəriyyətinin həyata keçirilməsi ehtimalı ciddi suallar doğurur. Onların əhəmiyyətli hissəsi Moskva üçün əvvəlcədən qəbuledilməzdir və Rusiya rəhbərliyinin dəfələrlə nizamlanmanın məcburi şərtləri kimi irəli sürdüyü məqsədlərlə ziddiyyət təşkil edir. Söhbət ilk növbədə Ukrayna ərazisində beynəlxalq hərbi kontingentin yerləşdirilməsindən, bu ölkənin NATO-ya inteqrasiya perspektivini saxlamasından, eləcə də dondurulmuş Rusiya aktivlərindən gedir.

Qoşunların hazırkı təmas xəttinin danışıqlar üçün yalnız başlanğıc nöqtəsi olması tələbi isə faktiki olaraq Rusiyanın münaqişənin geri dönməz nəticəsi hesab etdiyi ərazilərin statusu məsələsini açıq saxlayır. Moskvanın mövqeyinə görə, belə yanaşma əsas ziddiyyətləri aradan qaldırmır, sadəcə, onların həllini daha sonrakı mərhələyə saxlayır.

Yekun bəyanata Avropa İttifaqı və NATO-nun təhlükəsizlik maraqlarının nəzərə alınmasının zəruriliyi barədə bəndin daxil edilməsi də az əhəmiyyət kəsb etmir. Əslində, bu, Avropa dövlətlərinin gələcək bütün danışıqlarda özlərinə məcburi iştirakçı statusu qazandırmaq cəhdidir. Son aylarda Rusiya ilə ABŞ arasında təmasların fəallaşmasının ardından Avropa paytaxtları gələcək nizamlanmanın parametrlərinin onların birbaşa iştirakı olmadan müəyyənləşdirilməsi faktı ilə üz-üzə qalmamağa çalışırlar.

Bu mənada London görüşü təkcə və ya əsasən Ukraynaya deyil, Avropanın gələcək təhlükəsizlik arxitekturasına da həsr olunmuşdu.

 

Müharibə və onun xərcləri gələcək barədə düşünmək üçün ciddi əsasdır

Müharibə uzandıqca aydın görünür ki, o, təkcə hərbi deyil, həm də hər iki tərəf üçün miqyaslı sosial-iqtisadi sınağa çevrilir. Ukrayna ağır demoqrafik və humanitar nəticələrlə üz-üzədir: milyonlarla qaçqın və məcburi köçkün, yaşayış və sənaye infrastrukturunun əhəmiyyətli hissəsinin dağıdılması, müharibə veteranlarının və əlillərinin sayının artması, eləcə də xarici maliyyə yardımından asılılığın güclənməsi. İqtisadiyyat 2022-ci ildən sonra real vəziyyətə müəyyən qədər uyğunlaşsa da, ölkə büdcə sabitliyini qorumaq və bərpa işlərini həyata keçirmək üçün hər il on milyardlarla dollar dəstəyə ehtiyac duyur.

Rusiya isə münaqişənin əvvəlində proqnozlaşdırılan iqtisadi çöküşdən yayınaraq sanksiyalara uyğunlaşmağa və xarici ticarətinin bir hissəsini yeni istiqamətlərə yönəltməyə nail olub. Bununla belə, Rusiya iqtisadiyyatının dayanıqlılığı getdikcə daha çox genişmiqyaslı hərbi xərclər və hərbi-səfərbərlik modelinə mərhələli keçid hesabına təmin edilir. Bu, mövcud sabitliyi qorumağa imkan versə də, eyni zamanda inflyasiya təzyiqini artırır, işçi qüvvəsi çatışmazlığını dərinləşdirir, büdcə disbalansını gücləndirir və mülki iqtisadiyyat sahələrinin inkişafı üçün resursları azaldır.

Nəticədə, tərəflərin yaxın vaxtlarda tam tükənəcəklərini göstərən əlamətlər olmasa da, onların iqtisadi, sosial və demoqrafik itkiləri artırmaqda davam edir. Buna görə də qarşıdurmanın nəticəsi getdikcə daha çox döyüş meydanında deyil, danışıqlar prosesində qəbul ediləcək siyasi qərarlardan asılı olacaq.

Avropa üçün bu prosesdə iştirak strateji muxtariyyət iddialarını təcrübədə sınaqdan keçirmək, qitənin təhlükəsizliyi məsələlərinə hələ dəmüstəqil təsir göstərmək qabiliyyətinə malik olduğunu ortaya qoymaq imkanıdır. Hazırda o, ilk növbədə, danışıqlar prosesinə qoşulmaq hüququ uğrunda mübarizə aparır. Bu mümkün formal iştirakın sonradan qəbul edilən qərarlara real təsir imkanına çevrilib-çevrilməyəcəyi isə hələ sual olaraq qalır.



MƏSLƏHƏT GÖR:

34