8 İyul 2026

Çərşənbə, 21:10

PAŞİNYAN QALDI

Ermənistanın Baş naziri rəqiblərinə növbəti dəfə qalib gəlsə də, bu seçkilərə olan suallar azalmadı

Müəllif:

15.06.2026

Nikol Paşinyan siyasi həyatda qalma möcüzələri nümayişini davam etdirir. Ermənistanda iyunun 7-də keçirilən parlament seçkisi onun rəhbərlik etdiyi“Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi ilə başa çatıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, seçki bülletenlərinin 100%-nin hesablanmasından sonra “Vətəndaş Müqaviləsi”nin 49,81% səs topladığı məlum olub. Bu, 727 160 seçici səsi deməkdir. İkinci yeri 23,29% (340 062 səs) ilə Samvel Karapetyanın “Güclü Ermənistan” bloku tutub. Robert Koçaryanın “Ermənistan” bloku üçüncü olub – 9,94% faiz (145 097 səs). Dördüncü yeri Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası tutub. O, 4% səs qazanıb (58 368). Bu partiyanın parlamentə düşməmək riski də var.

Paşinyan rəsmi nəticələr elan olunmadan təbrikləri qəbul etməyə başlayıb. O, qələbə bəyanatı ilə çıxış da edib. “Ermənistan xalqı səsvermə yolu ilə dövləti, müstəqilliyi, gələcəyi, sülhü və Ermənistan Respublikasını müdafiə etdi”, - deyə Paşinyan bildirib: “Müharibə tərəfdarı olan üçbaşlı siyasi qüvvə darmadağın edildi. Bu, mühüm, lakin yekun nəticə deyil. Xalq öz iradəsini aydın şəkildə ifadə etdi. Bu siyasi qüvvə ilə bağlı olan kriminal-oliqarxik sistem kökündən çıxarılmalıdır”.

 

Erməni aksentli ikili standartlar

Lakin bu qələbənin nə dərəcədə “təmiz” olduğu açıq sual olaraq qalır. Paşinyana hansı üstünlüklərin kömək etdiyi də mübahisə mövzusudur. Onun seçki kampaniyası zamanı sosial şəbəkələrdə baş nazirin gah kök gəmirərkən, gah pirojki yeyərkən, gah da “Varçabend” qrupunun (erməni dilində “varçapet” - “hökmdar, baş nazir” deməkdir) konsertini təşkil edərkən görüntüləri yayılırdı. Qrupda o, zərb alətləri ifaçısı kimi çıxış belə, etmişdi.

Ola bilsin ki, bu addımlar müəyyən mənada onun “xalqdan biri” imicini qorumasına kömək edib. Halbuki o, artıq köhnə maykasını dəyişmiş, bel çantasından və idman ayaqqabılarından imtina etmiş, ictimaiyyət qarşısına kostyum və şlyapa ilə çıxmağa başlamışdı. Lakin yalnız belə üsullara arxalanaraq seçkidə qalib gəlmək mümkündürmü?

Bir versiyaya görə, bu qələbədə avropapərəst siyasi gündəm də rol oynayıb. Amma Paşinyanın Ermənistanı yaxın gələcəkdə Avropa İttifaqına daxil etməsi realgörünmür. Əvəzində Rusiya iləxüsusilə iqtisadi sahədəkorlanan münasibətlərErmənistana ciddi və ağrılı nəticələr vəd edir.

Səsvermədən xeyli əvvəl Ermənistanda əsl siyasi repressiya dalğası da başlamışdı. Əvvəlcə ölkənin ikinci böyük şəhəri olan Gümrünün meri Vardan Qukasyan həbs edilmişdi. Qeyd edək ki, onun yerli seçkidə qələbəsi sensasiya kimi qarşılanmışdı və ilkin mərhələdə məhz Qukasyan müxalifətin baş nazir postuna namizədi hesab olunurdu.

Artıq seçki ərəfəsində erməni əsilli rusiyalı oliqarx, “Güclü Ermənistan” seçki blokunun rəhbəri Samvel Karapetyan da saxlanıldı. Sonradan onun barəsində çıxarılmış həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənsə də, bu, işin mahiyyətini dəyişmədi. Ekspertlər Karapetyanı “Ermənistanın İvanişvilisi” roluna namizəd hesab edirdilər. O, Paşinyanın güclü və təhlükəli rəqibi kimi qəbul olunurdu. Məhz bu səbəbdən sonda Karapetyan siyasi baxımdan neytrallaşdırılıb.

Səsvermə gününədək Ermənistanda müxalifət partiyalarının ofislərində axtarışların aparılması, fəalların saxlanılması və digər oxşar hadisələr barədə mütəmadi məlumatlar yayılırdı.

Bilavasitə səsvermə prosesinə gəlincə, səslərin satın alınması da geniş vüsət almışdı. Ermənistanda istehza ilə qeyd edirdilər ki, Avropa yolunu dəstəkləyənlər seçicilərə avro ilə, Rusiyaya yaxın müxalifət isə rubl ilə pul ödəyir. “Erməni karuseli” adlandırılan üsul da istisna deyildi – yəni bir seçicinin bir neçə məntəqədə səs verməsi halları müşahidə olunurdu.

Maraqlıdır ki, repressiyalar seçkidən sonra da davam edib. Məsələn, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyanın ölkədən çıxmasına icazə verilməyib. Halbuki onun partiyası parlamentə keçmək üçün lazımi nəticəni cüzi səs fərqi ilə əldə edə bilməmişdi.

Qəribədir ki, avropalı müşahidəçilər bütün bunları susqunluqla qarşılayır. Əgər bu qədər genişmiqyaslı pozuntular Azərbaycanda baş versəydi, Avropa Parlamentinin emosional qətnamələri, xarici siyasət qurumlarının sərt bəyanatları və digər reaksiyalar çoxdan ortada olardı. Burada isə səssizlik hökm sürür. Əslində bu, təəccüblü deyil. Çünki Avropa Parlamentinin müşahidə missiyasına tanınmış ermənipərəst lobbiçi Natali Luazo rəhbərlik edir...

Avropa üçün sərfəli olduqda, seçki pozuntularına sadəcə göz yumulur. Bir faktı xatırlamaq kifayətdir ki, 2008-ci ilin fevralında Ermənistanda keçirilmiş prezident seçkisi Avropa müşahidəçiləri tərəfindən kifayət qədər müsbət qiymətləndirilmişdi. Sonradan İrəvanda seçkinin nəticələrinə etiraz aksiyaları zamanı Qarabağdan gətirilmiş xüsusi təyinatlı hərbi qüvvələr mitinq iştirakçılarına atəş açdıqda həmin müşahidəçilər yaşananlara necə reaksiya verməli olduqlarını bilmirdilər.

Ermənistanın “demokratik ölkə” statusu sanki əvvəlcədən ona verilmiş bir avans kimi qəbul edilir və Avropanın hakimiyyət dəhlizlərində əslində seçkilərdə və küçələrdə nələrin baş verdiyi ilə çox da maraqlanmırlar.

 

Seçki bitsə də, suallar qalır

Beləliklə, Nikol Paşinyan öz postunu qoruyub saxlamağı bacarıb. Bu, Bakı ilə İrəvan arasında sülh gündəliyinin davam etdirilməsi baxımından ciddi ümidlər yaradır. İstehza ilə qeyd edildiyi kimi, bu gün Ermənistanın daxili siyasətini Azərbaycan müəyyənləşdirir. Bütün seçki kampaniyası ərzində də Azərbaycan mövzusu əsas yerdə olub. Sosial şəbəkələrdə geniş yayılmış bir videodebat zamanı Azərbaycanın adı 100 dəfədən çox çəkilmişdi. Bu fonda erməni revanşistlərin hətta İrəvanın özündə belə, üstünlük qazana bilməməsi, şübhəsiz ki, Bakının strateji uğuru hesab oluna bilər.

Məğlubiyyətlə nəticələnmiş müharibə Ermənistanda bir çoxlarını xülyalarda xilas edib. Burada qüvvələr nisbətinin dəyişdiyi və yaxın gələcəkdə hərbi revanş üçün imkanların olmayacağı barədə anlayış getdikcə güclənir. Doğrudur, Ermənistanda revanşist əhvali-ruhiyyənin səviyyəsi hələ də təhlükəli dərəcədə yüksək olaraq qalır. Lakin vəziyyət dəyişir və bu dəyişiklik kifayət qədər nəzərəçarpandır. Xüsusilə ona görə ki, Nikol Paşinyan bütün seçki kampaniyası boyunca qonşulara qarşı ərazi iddialarından imtina etməyin və “real Ermənistan”la məşğul olmağın vacibliyini vurğulayıb. İrəvanda artıq sülh gündəliyinin faydalarını da hiss edirlər. Azərbaycan və Gürcüstan ərazisindən keçən nəqliyyat əlaqələri bərpa olunub.

Lakin indi növbəti mərhələ başlayır. Təkcə danışmaq kifayət deyil. Konkret addımlar atılmalıdır. İlk növbədə, Ermənistanda işğalçı rejimlə bu və ya digər şəkildə bağlı olan təşkilat və institutların fəaliyyəti dayandırılmalıdır. Söhbət, məsələn, rəhbərliyi mütəmadi olaraq xəbərlərdə görünən, “Yerablur” memorial kompleksində əklillər qoyan, guya sabah və ya birigün Xankəndiyə qayıdacaqmış kimi görüntü yaradan “Qarabağ parlamenti”ndən gedir.

Həmçinin Rusiyada, ABŞ-də, Fransada və digər ölkələrdə fəaliyyət göstərən müxtəlif “Dağlıq Qarabağ nümayəndəlikləri”nə verilən dəstək dayandırılmalıdır. Onların rəsmi İrəvanın dəstəyi ilə fəaliyyət göstərməsi sülh gündəliyi və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması qərarı ilə uzlaşmır. Nəhayət, Ermənistan Konstitusiyasına ən qısa müddətdə dəyişikliklər edilməlidir. Çünki orada Qarabağla bağlı iddialar hələ də qalmaqdadır.

Lakin burada müəyyən çətinliklər mövcuddur. Revanşist qüvvələrin liderlərinin istehza ilə qeyd etdiyi kimi, Paşinyan və tərəfdarları parlamentdə konstitusion çoxluğu əldə edə bilməyiblər. Bu isə o deməkdir ki, Konstitusiyaya yalnız bir partiyanın iradəsi ilə dəyişiklik etmək mümkün olmayacaq.

Bundan başqa, Ermənistanda Konstitusiyanın yeni variantının dərc olunması yenidən təxirə salınıb. Ədliyyə naziri Səbuhi Qalyanın sözlərinə görə, mətn hələ hazır deyil və nazirlik həmkarlarından irad və təkliflər gözləyir. Bundan sonra daha bir və ya iki iclas keçiriləcək və hər şey qaydasında olarsa, yenilənmiş Konstitusiya ictimaiyyətə təqdim ediləcək.

İrəvan Konstitusiyaya dəyişiklik məsələsində artıq ilk dəfə deyil ki, vaxt qazanmağa çalışır. Bir çox məqamlar göstərir ki, Paşinyanın komandası Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsini məqsədli şəkildə ləngidir. Müəyyən mənada bu, İrəvanın ənənəvi taktikasıdır – müsbət vədlər vermək, qarşı tərəfin eşitmək istədiyi sözləri demək, lakin köklü addımlar atmamaq.

Lakin unutmaq olmaz ki, Konstitusiyaya dəyişikliklərin edilməsi Paşinyanın şəxsi razılaşması deyil. Yəni Azərbaycan bu məsələdə Baş nazirlə deyil, Ermənistan dövləti ilə razılığa gəlib. Bu isə o deməkdir ki, götürülmüş öhdəliklər yerinə yetirilməlidir. Hətta onlar çox populyar olmasalar belə.

Azərbaycan öz öhdəliklərini dəqiq və son dərəcə məsuliyyətlə yerinə yetirir. Söhbət istər centlmen razılaşmalarından, istər şifahi vədlərdən, istərsə də imzalanmış sənədlərdən gedir. Bakı ikili oyun aparmır və qarşı tərəfin də bunu etməsinə imkan verməyəcək. Fərqi yoxdur onlar prosedurlara, parlamentdəki qüvvələr nisbətinə istinad edir, yaxud hər hansı başqa səbəbə.

Sülh prosesi birtərəfli ola bilməz. İrəvan bunu aydın şəkildə anlamalıdır.



MƏSLƏHƏT GÖR:

65