BRİTANIYASAYAĞI İMTİNA
Kir Starmerin istefası və Endi Börnemin dövründə Böyük Britaniyanı nə gözləyir?
Müəllif: İrina XALTURİNA
Birləşmiş Krallığın Baş naziri Kir Starmer iyunun 21-də vəzifəsindən vaxtından əvvəl istefa verdiyini elan edib. O, qərarı barədə kral Çarlza məlumat verdiyini, eyni zamanda Leyboristlər Partiyasının yeni rəhbəri seçilənədək vəzifəsində qalacağını bildirib. Beləliklə, Kir Starmer Britaniyada son illərpostunu tam səlahiyyət dövrü başa çatmadan tərk edən shökumət başçılarının sırasına qoşularaq, bu “ənənə”ni davam etdirib.
Onun yerini tutacağı ən çox ehtimal olunan namizəd Böyük Mançesterin artıq keçmiş meri Endi Börnemdir.
Starmer günahkardırmı?
Starmerin rəhbərlik etdiyi Böyük Britaniya hökuməti 2024-cü ilin iyulunda keçirilmiş ümumi seçkilərdən sonra formalaşıb. Həmin seçkilərdə Leyboristlər Partiyası ölkəni idarə edən mühafizəkarlar üzərində qələbə qazanıb. Lakin cəmi iki il sonra Starmer vəzifəsini tərk edir. Bu, mayın 7-də keçirilmiş və Leyboristlər Partiyası üçün uğursuz nəticələnmiş yerli seçkilərsən sonra baş verir. Həmin seçkilərdə həm leyboristlər, həm də mühafizəkarlar səslərinin əhəmiyyətli hissəsini “Reform UK” partiyasına uduzublar. Etirazçı elektoratın bir hissəsi isə “Yaşıllar” Partiyasının tərəfinə keçib.
Bu nəticələr partiya daxilində rəhbərliyin növbəti ümumxalq seçkisində seçicilərin dəstəyini qoruyub saxlamaq qabiliyyəti ilə bağlı şübhələri daha da artırıb. Qeyd edək ki, Britaniyada hökumətin reytinqlərinin aşağı düşdüyü bundan əvvəl də müşahidə olunur, parlament üzvlərinin bir hissəsi isə kabinetin siyasi kursundan narazılığını getdikcə daha açıq şəkildə ifadə edirdi. Sorğular göstərirdi ki, 2026-cı ilin ortalarına doğru Starmer Britaniya tarixinin ən qeyri-populyar baş nazirlərindən birinə çevrilib.
Bəs nə baş verib ki, öz partiyasında belə, Starmerin istefasını istəyənlər əmələ gəlib? Britaniya hökumətinin rəhbəri hansı ciddi səhvlərə yol verib? Məsələ ondadır ki, Starmerin siyasi strategiyasının əsas elementi və seçicilərin onun hökumətini qiymətləndirdiyi başlıca meyarlardan biri iqtisadi artımdır. Onun proqramında həmçinin bərpa olunan enerjinin inkişafı, qeyri-qanuni miqrasiya ilə mübarizə, 1,5 milyon yeni mənzilin tikintisi, milli səhiyyə sistemində səliqə-səhman yaradılması və bir çox digər məsələlər yer alırdı. Odur ki, qeyd edilən istiqamətlər üzrə parlaq uğurların əldə olunmaması, iqtisadi artımın faktiki olaraq ləngiməsi, nəticədə seçicilərin şəxsi maliyyə vəziyyətinin yaxşılaşmamamsı bütün deyilənlərin yerinə yetirilməyən vəd kimi qiymətləndirilməsi ilə nəticələnib.
Buraya sosial siyasətin bir sıra istiqamətlərindəki mübahisəli nəticələri də əlavə etmək olar. Məsələn, pensiyaçılara istilik xərclərinin ödənilməsi üçün verilən ödənişlər, əlilliyə görə müavinət almaq şərtlərinin sərtləşdirilməsi, traktor vergisi və s.
Bununla belə, vəziyyət heç də tam neqativ deyildi. Yüksək inflyasiya dövründən sonra qiymət artımının tempi zəifləmiş, maliyyə şərtləri müəyyən qədər yumşalmış, dövlət borcunun ÜDM-ə nisbəti sabitləşmiş və qismən azalçışdı. Amma bütün bunlar siyasi etimadı artırmayıb. Baş nazirin komandasının qərarsızlığı və ardıcıllıq nümayiş etdirməməsi barədə fikirlər getdikcə daha çox səslənməyə başlamışdı. Lakin bir sıra ekspertlərin fikrincə, bu vəziyyətin səbəbi Starmerin özünü “pis menecer” kimi göstərməsi deyil, daha çox onun qarşılaşdığı problemlərin sistemli xarakter daşıması idi. Söhbət ilk növbədə, siyasi parçalanma və konsensusun olmamasından gedirdi. Bu, təbii olaraq uzunmüddətli planlaşdırmanı və ümumilikdə iqtisadi eksperimentlər və islahatlar üçün imkanları məhdudlaşdırırdı.
Amma məsələ ondadır ki, Britaniyada bütün yeni liderlər “Brexit”dən sonra kəskin şəkildə üzə çıxan eyni çağırışlarla qarşılaşmalı olacaqlar. Bunlar aşağı iqtisadi artım və əmək məhsuldarlığının zəif inkişaf tempi, əhalinin qocalması və bunun nəticəsi olaraq büdcəyə demoqrafik təzyiq, səhiyyə və dövlət xidmətləri sisteminə yük, infrastruktur və mənzil sahəsinə investisiya çatışmazlığı və sairdir. Çağırışlar sırasında həmçinin Londonla ölkənin qalan hissəsi arasındakı regional disbalans, enerji resurslarının bahalaşması, borc ödənişinə xərclərin artması və nəhayət, geosiyasi amillər də var.
Üstəlik, Starmer hökuməti hakimiyyətə ciddi beynəlxalq qeyri-sabitlik dövründə gəlmişdi. ABŞ-ın bir çox ölkə ilə apardığı ticarət müharibələrinin kəskinləşməsi, Hörmüz boğazının fəaliyyətinin iflic olmasına səbəb olan Yaxın Şərq münaqişəsi qaçılmaz olaraq enerji daşıyıcılarının qiymətlərinin artmasına, inflyasiyanın yüksəlməsinə yol açıb. Bununla yanaşı, Starmer bir tərəfdən Vaşinqton qarşısında müttəfiqlik öhdəlikləri, digər yandan isə xarici siyasətdə ehtiyatlılığın eyni dərəcədə vacib olduğu çox həssas vəziyyətlə üz-üzə idi. Nəticədə Tramp media kampaniyası çərçivəsində britaniyalı həmkarı haqda “bir Çörçill deyil” (“no Churchill”) ifadəsini işlədirdi. Müşahidəçilər bu kəskin şərhi Starmerin kifayət qədər qətiyyətli olmamasına eyham kimi qəbul edirdilər ki, bu da onun imicinə ciddi zərbə vururdu.
Bundan başqa, Baş nazir bir neçə qalmaqalın mərkəzinə düşməyə də “macal tapmışdı”. Onlardan ən səs-küylüsü Böyük Britaniyanın ABŞ-dakı səfiri vəzifəsinə məşhur Cefri Epşteynlə əlaqəsi ifşa olunmuş lord Piter Mendelsonun təyinatı idi.
Şimalın kralı
İndi görünən odur ki, Böyük Britaniya hökumətinin yeni rəhbəri Böyük Mançesterin artıq keçmiş meri Endi Börnem ola bilər. O, növbədənkənar parlament seçkisində İngiltərənin şimal-qərbində yerləşən Meykerfild dairəsində inamlı qələbə qazanıb. Nəticədə Börnemin İcmalar palatasına qayıtması Leyboristlər Partiyasının nizamnaməsinə uyğun olaraq, onun liderlik uğrunda mübarizədə qarşısındakı əsas formal maneəni aradan qaldırıb. İndi İcraiyyə Komitəsi iyulun 9-dan 16-dək seçki prosesini təşkil etməlidir. Partiyanın nizamnaməsinə əsasən, onun liderliyinə iddia edən siyasətçi, ilk növbədə, İcmalar palatasının deputatı olmalı, ikincisi, parlament fraksiyasının 20%-nin imzasını toplamalı, üçüncüsü, partiya ilə əlaqəli ən azı üç təşkilatın dəstəyini qazanmalı, onlardan ikisi isə həmkarlar ittifaqı olmalıdır.
Xatırladaq ki, Leyboristlər Partiyası 126 il əvvəl məhz həmkarlar ittifaqları və sosialist təşkilatlar tərəfindən yaradılıb. Həmkarlar ittifaqları bu gün də onun həyatında əsas rol oynamaqdadır. Onlar partiyanın xəzinəsinə üzvlük haqqı ödəyir, onun rəhbər orqanlarında institusional təmsilçiliyə malikdirlər.
56 yaşlı siyasət veteranı olan Börnem üçün hələ ki, ciddi rəqiblər görünmür. O, artıq Böyük Britaniya hökumətinə rəhbərlik etmək istədiyini təsdiqləyib.
“YouGov” şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələrinə görə Börnem hazırda Britaniyada ən populyar siyasətçidir. Onun arxasında böyük təcrübə dayanır. Börnem16 il ərzində İcmalar palatasının deputatı olub, Toni Bleyr və Qordon Braun hökumətlərində müxtəlif vəzifələr tutub. 2017-ci ildə Böyük Mançester meri postuna ilk seçkidə qalib gəlib, nəticədə deputat səlahiyyətlərdən imtina edib. Daha sonra mer vəzifəsinə daha iki dəfə seçilən Börnem hər dəfə seçicilərin inamlı dəstəyini qazanıb. Koronavirus pandemiyası zamanı Britaniya mediası onu “Şimalın kralı” belə, adlandırmışdı. O zaman Börnem ölknin ən diqqətçəkən regional siyasətçilərindən birinə çevrilmişdi. Mer karantin tədbirləri, regionların maliyyələşdirilməsi və pandemiynın nəticələri ilə mübarizə tədbirləri məsələlərində mühafizəkarların mərkəzi hökuməti ilə açıq şəkildə mübahisələrə gedirdi. Yəni həmin dövrdə o, faktiki olaraq Şimali İngiltərənin əsas ictimai siyasi səslərindən birinə çevrilmişdi.
Hazırda Börnem əsas diqqəti sosial siyasətə və regional bərabərsizliyə yönəldir. Çıxıçlarında hətta öz partioyasından olan siyasətçiləri də tənqid edən deputat eyni zamanda, yarışa Starmerə liderliyinə görə təşəkkür edərək başlayıb. “Ölkə sabitlik, ciddilik və ən vacib məsələlərə daimi diqqət gözləyir”, - deyə o, qeyd edib.
Lakin Starmerin uğursuzluqları ilə bağlı yuxarıda qeyd olunanları nəzərə alsaq, leyboristlərin Börnemin rəhbərliyi altında nə dərəcədə uğur qazanacaqlarını söyləmək də çətindir.
İndi Britaniyanın daxili siyasətində son illərin bir mühüm amili də nəzərə alınmalıdır. Söhbət yeni partiyaların güclənməsindən gedir. Onlar XX əsrin demək olar ki, bütün dövründə əsas siyasi qüvvələr olmuş leyboristlər və mühafizəkarlarla rəqabət aparmağa başlayıblar. Söhbət ilk növbədə Naycel Faracın sağ populist “Reform UK” partiyasından gedir. Sosioloqların məlumatına görə, bu partiya ölkənin ən populyar siyasi qüvvəsidir. Son sorğuların nəticələrinə əsasən, hazırda seçicilərin 25%-i məhz bu siyasi təşkilatk dəstəkləyir. Leyboristlər və mühafizəkarların hər birinə səs verməyə hazır olan seçici kütləsi 18%-dir. Dördüncü yerdə 15% ilə “yaşıllar” gəlir.
Böyük Britaniyada 2029-cu ilin avqustundan gec olmayaraq, ümumi seçkilər keçirilməlidir. Leyboristlər Partiyasında bir çoxları ümid edir ki, Börnem həmin vaxta qədər Farac tərəfdən gələn təhlükəni aradan qaldıra biləcək. Amma hər şey o qədər də sadə deyil. Britaniya birmandatlı seçki sistemi ilə çoxpartiyalı siyasət dövrünə daxil olub ki, bu da özü-özlüyündə xroniki siyasi qeyri-sabitlik, növbəti “vaxtsız” istefalar üçün zəmin yaradır.
Xarici siyasətə gəlincə, Börnem Avropapərəst siyasətçi hesab olunur. Gözlənilir ki, o, bu baxımdan əsasən Starmerin kursunu davam etdirəcək. ABŞ ilə münasibətlərin necə inkişaf edəcəyi sualı isə açıq qalır. Çünki Donald Trampın Ağ Evdə olduğu müddətdə çox şey liderlər arasındakı şəxsi münasibətlərdən asılıdır. Belə bir vəziyyətdə Börnemin sonda daxili siyasəti, yoxsa geosiyasi məsələləri prioritet seçəcəyi hələ tam aydın deyil. Məsələn, o, “mümkün qədər az səyahət edəcəyinə”, diqqətini daha çox daxili problemlərə yönəldəcəyinə söz verib. Lakin reallıq əlbəttə ki, bu planlara təsir edə bilər.
İstənilən halda, yeni baş nazir üçün asan olmayacaq – nə ölkə daxilində, nə də xarici siyasət meydanında. Əsas məsələ 2029-cu ilə qədər hakimiyyətdə qalmaq və müsbət nəticələr göstərməkdir.
MƏSLƏHƏT GÖR:




37

