ANNANDAN SONRAKI KİPR
İki dövlət ideyası getdikcə niyə daha real görünür?
Müəllif: Namiq H. ƏLİYEV
Fransa və Kiprin yunan administrasiyası iyunun 8-də Fransa freqatlarına, təyyarədaşıyan gəmilərinə və qırıcılarına Kiprdə daimi mövcudluq hüququ verən qüvvələrin statusu haqqında saziş imzalayıblar. Türkiyə tərəfi dərhal bu sazişin hüquqi əsasının olmadığını bəıyan edib. Xatırladaq ki, hadisə BMT-nin bufer zonasında (“Yaşıl xətt”) yerləşən Pila kəndi ətrafında aprel ayında yaranmış gərginlikdən sonra baş verir. Həmin vaxt fermerlər arasında lokal mübahisə qısa müddətdə milli təhlükəsizlik məsələsinə çevrilmiş, prosesə Ankara, Afina, Britaniya kontingenti və BMT sülhməramlı qüvvələri cəlb olunmuşdu. Hazırda Kipr probleminin nizamlanması üçün BMT-nin vasitəçiliyi ilə yeni çoxtərəfli danışıqlara hazırlıq gedir.
Kofi Annanın planı üzrə taleyüklü referendumdan iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, Kipr hələ də bölünmüş ada olaraq qalır və vahid federativ dövlətin yaradılması perspektivi heç vaxt olmadığı qədər qeyri-real görünür. Amma son illərin hadisələri bir çox beynəlxalq müşahidəçiləri Kipr probleminin nizamlanmasına dair yanaşmanı yenidən nəzərdən keçirməyə vadar edir. Bu fonda “iki dövlət” konsepsiyasının artıq yalnız Türkiyənin təşəbbüsü olmadığı, tədricən adanın gələcəyi ilə bağlı ən çox müzakirə edilən ssenarilərdən birinə çevrildiyi həqiqət olaraq ortaya çıxır.
Kipr probleminin nizamlanması üçün BMT-nin vasitəçiliyi ilə yeni çoxtərəfli danışıqlara hazırlığın getdiyi bir vaxtda getdikcə aydın olur ki, bu məsələ təkcə ərazi mübahisəsi və ya “soyuq müharibə”nin mirası deyil. Burada söhbət beynəlxalq ictimaiyyətin onilliklər boyu adadakı iki xalqın real narahatlıqlarını və mövqelərini nəzərə almayan siyasi model tətbiq etməyə çalışmasından gedir. 2004-cü ildən sonrakı hadisələr Avropa İttifaqı və bir sıra Qərb dövlətləri tərəfindən uzun müddət irəli sürülən yanaşmanın məntiqini də şübhə altına alıb.
2004-cü ildə qaçırılmış şans
2004-cü ilin yazında Birləşmiş Millətlər Təşkilatı tarixə “Kofi Annan planı” kimi düşən genişmiqyaslı nizamlanma planı təqdim etmişdi. Sənəd yunan və türk icmalarının siyasi bərabərliyi əsasında vahid Kipr dövlətinin yaradılmasını nəzərdə tuturdu. Avropa İttifaqına da məhz bu birləşmiş dövlətin daxil olacağı gözlənilirdi.
Referendumun nəticəsində Kipr türkləri beynəlxalq təcriddən çıxmaq və siyasi statuslarına təminat əldə etmək ümidi ilə təklif olunan kompromisi dəstəkləsələr də, yunanların əksəriyyəti planı rədd etdi. Buna baxmayaraq, cəmi bir neçə gün sonra Kipr Respublikası Avropa İttifaqına qəbul olundu.
Türkiyədə hesab edirlər ki, strateji səhvə məhz həmin anda yol verilibv. Brüssel faktiki olaraq yunan Kiprinin rəhbərliyinə təzyiq etmək üçün əsas alətdən məhrum olub, çünki o, iki icma arasında kompromisə nail edilmədən Aİ üzvlünə çevrilib. Bu gün bir çox Türkiyə siyasətçisi və eksperti 2004-cü il hadisələrini münaqişənin yekun həlli baxımından qaçırılmış tarixi fürsət kimi qiymətləndirir. Qeyd edək ki, məhz həmin vaxtdan sonra Ankaranın siyasi dairələrində beynəlxalq ictimaiyyətin tərəflərə qarşı ikili standartlar tətbiq etdiyi fikri güclənməyə başlayıb. Türk icması BMT-nin təklif etdiyi kompromisə “hə”, yunan icması isə “yox” deyib. Lakin Avropa İttifaqına üzvlükdən gələn siyasi və iqtisadi üstünlükləri məhz “yox” deyən tərəf qazanıb. Ankara və Lefkoşada bu fakt bu gün də beynəlxalq vasitəçilik mexanizmlərinə inama ciddi zərbə kimi qiymətləndirilir.
Burada Aİ-nin məsuliyyəti məsələsi də az əhəmiyyət daşımır. Bir çox ekspertlər qeyd edirlər ki, Kipr Respublikasının Aİ-yə münaqişə həll olunmadan qəbul edilməsi yunan Kipri administrasiyasını güclü diplomatik alətə çevirib, ona Türkiyənin Avropa istiqamətində bir çox təşəbbüslərini bloklamaq imkanı verib. Beləliklə, Kipr problemi regional münaqişədən faktiki olaraq Türkiyə-Aİ münasibətlərinin əsas amillərindən birinə çevrilib.
Federasiya modeli niyə “dalana dirənib”?
Kipr üçün federativ quruluşla bağlı danışıqlar onilliklərdir davam etsə də, ortada heç bir nəticə yoxdur. 2017-ci ildə İsveçrənin Kran-Montana şəhərində keçirilmiş növbəti ciddi danışıqlar raundu da nəticəsiz başa çatıb. Artıq Türkiyə və kipr-türk siyasi diskursunda iki icmalı federasiya konsepsiyasının iflasa uğradığı fikri getdikcə daha çox səslənməkdədir. Halbuki, beynəlxalq vasitəçilər uzun illər belə bir fərziyyədən çıxış edirdilər ki, kifayət qədər vaxt olduqda tərəflər səlahiyyətlərin bölüşdürülməsi, təhlükəsizlik təminatları və birgə idarəetmə mexanizmləri barədə kompromisə gələ biləcəklər. Lakin təcrübə göstərir ki, əsas fikir ayrılıqları nəinki aradan qalxmayıb, əksinə bir çox hallarda daha da dərinləşib.
Bəli, adanın gələcəyinə baxışlarda prinsipial fərqlər mövcuddur. Kipr yunanlarının əhəmiyyətli hissəsi üçün federasiya adanın beynəlxalq səviyyədə tanınmış Kipr Respublikası tərəfindən daha sıx inteqrasiyaya aparan keçid mərhələsi kimi görünür. Türklər üçün isə hər hansı razılaşmanın əsas şərti siyasi bərabərliyin qorunması və qərarvermə prosesində effektiv iştirakdır. Bu yanaşmalar çox vaxt bir-birinə uyğun gəlmir. Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) rəhbərliyi dəfələrlə vurğulayıb ki, onilliklər boyu aparılan danışıqlar yunan Kipri tərəfinin adadakı iki xalqın faktiki bərabərliyini qəbul etməyə hazır olmadığını göstərir. Bu məntiqlə federasiya üzrə növbəti danışıqlar artıq həll yolu kimi deyil, daim uğursuzluqla nəticələnən prosesin təkrarı kimi qəbul edilir.
Məhz buna görə 2021-ci ildən etibarən Lefkoşa ilə Ankara adada iki suveren bərabər tərəfin və iki dövlətin mövcudluğunun tanınmasına əsaslanan yeni nizamlanma formulunu irəli sürür.
Türkiyənin yeni strategiyası
Son illərdə Türkiyənin bu məsələdəki mövqeyi son dərəcə aydındır. Xarici işlər naziri Hakan Fidan dəfələrlə bildirib ki, ən real nizamlanma variantı adada iki dövlətin yanaşı mövcudluğudur. Eyni mövqeni ŞKTC rəhbərliyi də bölüşür. ŞKTR Prezidenti Ersin Tatar vurğulayır ki, adada artıq yarım əsrdən çoxdur iki ayrı siyasi sistem, iki administrasiya və öz institutlarına malik iki xalq mövcuddur. Odur ki, vəziyyəti vahid dövlət modelinə qaytarmaq cəhdləri formalaşmış reallıqların nəzərə alınmaması deməkdir.
Bu xəttə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mütəmadi dəstək verir və iki dövlətli həll modelinin adada uzunmüddətli sabitliyə aparan ən real yol olduğunu deyir
Ümumiyyətlə, son illərdə Türkiyə diplomatiyası Kipr məsələsində faktiki olaraq müdafiə mövqeyindən imtina edib. Əvvəllər Ankara federativ ssenariyə sadiqliyini sübut etməyə çalışırdısa, indi o, mövcud faktiki reallığın tanınmasına əsaslanan alternativ konsepsiya irəli sürür. Bu yanaşma sadə arqumentə söykənir: BMT, Avropa İttifaqı və aparıcı dünya güclərinin dəstəyinə baxmayaraq, yarım əsrdən çox müddətdə işlək federasiya yaratmaq mümkün olmayıbsa, eyni siyasətin davam etdirilməsi fərqli nəticə verə bilməz.
İki xalq - iki dövlət?
İki dövlətli həllin tərəfdarları diplomatik müzakirələrdə çox vaxt kənarda qalan mühüm bir amilə diqqət çəkirlər. Ayrılıq illəri ərzində adada öz institutlarına, təhsil sistemlərinə, ictimai təsəvvürlərinə və xarici siyasi istiqamətlərinə malik iki müstəqil siyasi cəmiyyət formalaşıb. Hər iki icmanın tarixi yaddaşında hələ də travmalar var. 1960-cı illərin etnik qarşıdurmaları, 1974-cü il hadisələri və adanın bölünməsi ictimai şüurda dərin iz buraxıb. Belə şəraitdə vahid dövlət çərçivəsində məcburi birləşmə ideyası ciddi suallar doğurur. Bir sıra çoxmillətli dövlətlərin təcrübəsi göstərir ki, icmalar arasında etimadsızlıq dövlət institutlarını daimi siyasi qarşıdurma arenasına çevirə bilər. İki dövlət tərəfdarları hesab edirlər ki, mövcud reallıqların qarşılıqlı tanınması sabitliyi təmin edə, bir tərəfin digərinə hökmranlıq etməyə çalışmadığı qonşuluq münasibətlərinin əsasını qoya bilər. Bu baxımdan iki dövlət ideyası əməkdaşlıqdan imtina demək deyil. Əksinə, bu model Avropadakı müstəqil dövlətlər arasında mövcud olan münasibətlərə bənzər əlaqələri nəzərdə tutur: açıq sərhədlər, iqtisadi əməkdaşlıq, birgə infrastruktur layihələri, təhlükəsizlik və ekologiya üzrə koordinasiya və s.
Qeyd edək ki, bu gün siyasi nizamlanma olmadan da adanın iki hissəsi arasında humanitar və iqtisadi sahələrdə əməkdaşlıq mexanizmləri mövcuddur. Bu da iki dövlət modelinin tərəfdarlarına vahid dövlət quruluşu olmadan da dinc yanaşı yaşamağın mümkünlüyünü iddia etmək üçün əsas verirt.
Beynəlxalq ölçü
İki dövlət ideyası hələlik beynəlxalq oyunçuların əksəriyyətinin dəstəyini qazanmır. Avropa İttifaqı, BMT və Yunanıstan hələ də problemin federativ model əsasında həllini müdafiə edirlər. Kipr Respublikası özü də iki dövlət yanaşmasını BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd sayır. Bununla belə, beynəlxalq vasitəçilər özləri də etiraf edirlər ki, onilliklərdir davam edən danışıqlardan sonra tərəflər hələ də adanın gələcəyinə dair vahid baxışdan uzaqdırlar. BMT-nin Baş katibi və onun nümayəndələri isə son məsləhətləşmələr zamanı dəfələrlə hərtərəfli danışıqların bərpası üçün ümumi siyasi əsasın olmadığını qeyd ediblər.
Bununla yanaşı, iki tərəf arasında minalardan təmizləmə, ekologiya, enerji və humanitar əlaqələr üzrə praktiki əməkdaşlıq davam edir. Bu, adanın dövlət quruluşu məsələsinin tam həll olunmadan da qarşılıqlı fəaliyyətin mümkün olduğunu təsdiqləyir.
Siqqətəlayiq məqamlardan biri isə Kiprlə bağlı beynəlxalq mövqeyin tamamilə fərqli geosiyasi şəraitdə formalaşmasıdır. BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrinin əhəmiyyətli hissəsi onilliklər əvvəl, beynəlxalq təhlükəsizlik, regional güc balansı və etnopolitik münaqişələrin həlli prinsiplərinə dair fərqli təsəvvürlərin mövcud olduğu dövrdə qəbul edilib. Dünya təcrübəsi isə göstərir ki, siyasi qərarların dayanıqlığı çox vaxt onların keçmiş diplomatik sxemlərə formal uyğunluğundan deyil, yerli reallıqları nəzərə alma qabiliyyətindən asılıdır. Bu gün Kipr məsələsinə beynəlxalq yanaşmanın yenidən nəzərdən keçirilməsini müdafiə edənlər məhz bu arqumentə daha çox istinad edirlər.
Şərqi Aralıq dənizi və yeni geosiyasət
Annan planı hazırlanarkən mövcud olmayan ən mühüm amillərdən biri Şərqi Aralıq dənizinin strateji əhəmiyyəti ilə bağlı idi. İndi təbii qaz ehtiyatlarının aşkarlanması, enerji marşrutlarının inkişafı və dəniz zonaları uğrunda rəqabətin kəskinləşməsi regionu geosiyasi qarşıdurmanın əsas mərkəzlərindən birinə çevirib. Bu şəraitdə Kipr artıq yalnız iki icmanın lokal problemi deyil. Türkiyə üçün kiprli türklərin statusu məsələsi onun Şərqi Aralıq dənizində qanuni maraqlarının təmin olunması ilə birbaşa bağlıdır. Ankara ardıcıl olaraq bildirir ki, regiondakı bütün enerji layihələri həm Türkiyə, həm də adadakı türk icmasının hüquqları nəzərə alınmaqla reallaşdırılmalıdır. Türkiyəli analitiklərinin fikrincə, iki tərəfin siyasi bərabərliyinin tanınması regional əməkdaşlıq üçün daha dayanıqlı baza yarada, enerji resursları ətrafında yeni münaqişələrin yaranması riskini azalda bilər.
Yenidən düşünmə vaxtı
Beləliklə, Kipr məsələsi yalnız ərazi mübahisəsi olmaqdan çoxdan çıxıb. Bu gün söhbət təhlükəsizliyi, siyasi bərabərliyi və davamlı sülhü təmin edəcək birgəyaşayış modelinin tapılmasından gedir.
Bəli, 2004-cü il referendumu dönüş nöqtəsi olub. Türk tərəfi üçün bu hadisə kompromisə hazır olmağın, yunan çoxluq üşün isə dəstəklənməyən bir təşəbbüsün sübutu olaraq qalır. Məhz buna görə də Ankara ilə Lefkoşada federativ formulun iflasa uğradığı fikrini getdikcə daha çox səsləndirir.
Bu qiymətləndirmə ilə razılaşmaq və ya razılaşmamaq mümkündür. Lakin əsas faktı inkar etmək olmaz: Annan planının uğursuzluğundan iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, Kipr hələ də bölünmüş vəziyyətdə qalır və iki dövlət ideyası artıq müvəqqəti danışıqlar mövqeyi deyil, Kiprin türk icmasının və Türkiyə rəhbərliyinin əhəmiyyətli hissəsinin dəstəklədiyi tam siyasi konsepsiyaya çevrilib.
Bu gün əsas sual artıq federativ modelin niyə həyata keçməməsi deyil. Daha vacibi onilliklər əzrində nəticə verməyən danışıqlardan sonra onun gələcəkdə reallaşması üçün əsasların olub-olmamasıdır. Getdikcə daha aydın olur ki, beynəlxalq ictimaiyyət gec-tez bu narahat suala cavab verməlidir: onilliklərdir nəticə verməyən yanaşmanın davam etm.si nə dərəcədə doğrudur?
Bəlkə də adada dayanıqlı sülh keçmişi yenidən qurmaq cəhdi ilə deyil, mövcud reallığın tanınması və qarşılıqlı hörmət, əməkdaşlıq və qonşuluq prinsiplərinə əsaslanan iki xalqın yeni birgəyaşayış modelinin yaradılması ilə əldə olunacaq. Əgər Annan planı vahid dövlət yaratmaq üçün son böyük cəhd idisə, sonrakı illərin hadisələri iki dövlət layihəsini sadəcə alternativ deyil, Kipr nizamlanmasının gələcək inkişafı üçün ən obyektiv ssenarilərdən birinə çevirib.
MƏSLƏHƏT GÖR:




41

