“BAHALI” MÜHARİBƏ
Energetika və logistika obyektlərinə endirilən zərbələr iqtisadi tükənməni münaqişənin əsas amillərindən birinə çevirir
Müəllif: İlqar VƏLİZADƏ
Rusiya-Ukrayna müharibəsinin gedişində ciddi dəyişikliklər baş veriк. Söhbət daha çox döyüş əməliyyatlarının əsasən mövqe xarakteri daşıdığı cəbhə xəttindəki vəziyyətdən deyil, Ukraynanın Rusiyanın enerji və nəqliyyat infrastrukturuna endirdiyi zərbələrin intensivliyinin və dəqiqliyinin artmasından gedir. Artıq Ukrayna faktiki olaraq Rusiya üçün ikinci cəbhə açıb - ərazi yox, iqtisadi baxımdan.
Hədəfdə neft emalı zavodlarıdır
Rusiyanın neft emalı sənayesi Ukrayna üçün əsas hədəfə çevrilib. Bu isə kifayət qədər prinsipial əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Rusiya dünyanın ən böyük neft istehsalçıları və ixracatçılarından biridir. Neft emalı zavodlarının sabit fəaliyyəti həm ixrac gəlirlərinin formalaşması, həm də daxili bazarın neft məhsulları ilə təmin edilməsi baxımından həlledici əhəmiyyətə malikdir. Bu zavodlara müntəzəm zərbələr təbii ki, Rusiyanın yanacaq sisteminin dayanıqlığını tədricən azaldır. Bunun nəticələri isə artıq təkcə iqtisadi sahədə deyil, əhalinin gündəlik həyatında da özünü göstərməyə başlayır: ayrı-ayrı regionlarda yanacaq təchizatında fasilələr, benzin və dizel yanacağının qiymətinin artması qeydə alınır. Bundan başqa, yanacaqdoldurma məntəqələrində böyük avtomobil növbələri müşahidə olunur ki, bu da nəqliyyat infrastrukturuna əlavə yükdür.
Bundan başqa, neft emalı zavodları mürəkkəb texnoloji qurğulardan asılıdır. Onların təmiri aylarla vaxt aparır. Bu zavodlar idxal avadanlığı da tələb edir bütün bunları resursların sadəcə yenidən bölüşdürülməsi ilə tez bir zamanda kompensasiya etmək mümkün deyil.
Bəzi məlumatlara görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) zərbələri nəticəsində iyunda Rusiyada benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25% azalıb. Ənənəvi neft məhsulları ixracatçısı olan Rusiyanın artıq yanacaq idxalı məsələsini müzakirə etməyə başlaması böhranən nə qədər ciddi olduğunu ghöstərən daha bir amildir. Belə ki, Moskva Qazaxıstandan təxminən 50 min ton “Aİ-92” markalı benzin istəyib. Bu, Rusiya bazarı üçün kritik həcm olmasa da, siyasi və iqtisadi baxımdan son dərəcə əlamətdar siqnaldır: ixracatçı ölkə daxili bazarı sabitləşdirmək üçün xarici tədarük mənbələri axtarmağa məcburdur.
Eyni zamanda, Rusiya hakimiyyəti artıq benzin və aviasiya yanacağının ixracını qadağan edib. Bu azmış kimi, dizel yanacağının ixracına da qadağa qoyulması imkanları nəzərdən keçirilir. Bu da son deyil. Artıq ölkədə daha aşağı keyfiyyətli yanacağın istifadəsinə icazə verilir, neft emalı zavodlarının müasirləöşdirilməsi təxirə salınır, bu sahə üçün vergi güzəştləri tətbiq edilir. Bütün bunlar göstərir ki, Ukraynanın zərbələri təkcə istehsal həcmini deyil, həm də Rusiya dövlətinin iqtisadi siyasətini dəyişməyə başlayıb.
Baş verənlərin əsas nəticələrindən biri də Rusiyanın hasil etdiyi neftin bir hissəsini ölkə daxilində emal etmək əvəzinə ixraca yönəltməyə məcbur olmasıdır. Müxtəlif mənbələrin qiymətləndirməsinə görə, iyunda Rusiyanın qərb limanları vasitəsilə xam neft tədarükünün həcmi sutkada 2,7-2,8 milyon barelə çata bilər ki, bu da rekord göstəricidir. Bu onunla izah olunur ki, emal güclərinin zədələnməsi səbəbindən adi şəraitdə neft emalı zavodlarına göndərilməli olan xammalın bir hissəsi indi xarici bazara çıxarılır.
Nəticədə, Ukrayna zərbəni sadəcə Rusiyanın neft hasilatına deyil, neft sənayesinin ən gəlirli həlqəsi olan emal sahəsinə də endirir. Rusiya neft hasil və ixrac etmək imkanını saxlasa da, onun üçün daxili bazarın və silahlı qüvvələrin təminatı üçün zəruri olan neft məhsullarını, eləcə də daha yüksək əlavə dəyərə malik, daha çox ixrac gəliri gətirən məhsulları istehsal etmək getdikcə çətinləşir.
Beləliklə, yaşanan benzin böhranına əslində yaxınlaşan sistemli böhranın əlaməti kimi baxmaq lazımdır. Yanacaqdoldurma məntəqələrində növbələr, satışa qoyulan məhdudiyyətlər, qiymət artımı və yanacaq idxalı ilə bağlı müzakirələr Rusiya neft emalı sisteminin dayanıqlığının azalmasının zahiri təzahürləridir. Problem Rusiyanın tamamilə benzinsiz qalması deyil. Sadəcə, dövlət üçün bazarın normal fəaliyyətini təmin etmək getdikcə daha baha başa gəlir.
Məqsəd vasitələrə haqq qazandırmır
Ukraynanın bu istiqamətdə strategiyası kifayət qədər rasionaldır. Kiyev Rusiyanın neft sənayesini tamamilə dayandırmağa çalışmır. Bu, praktiki olaraq mümkün də deyil. Məqsəd başqadır – Moskva üçün müharibənin dəyərini ardıcıl şəkildə artırmaq. Ucuz və ya nisbətən ucuz pilotsuz uçuş aparatları elə obyektləri vurur ki, onların bərpası milyonlarla vəsait, uzun vaxt, texnoloji avadanlıq və hava hücumundan müdafiə resurslarının cəlbini tələb edir. Hər uğurlu zərbə eyni vaxtda bir neçə nəticə yaradır. Belə ki, emal həcmi azalır, logistika çətinləşir, daxili qıtlıq dərinləşir, dövlət məhdudiyyətlərin tətbiqinə məcbur olur, büdcə yükü artır.
Ukrayna müəyyən mənada, daha əvvəl İranın nümayiş etdirdiyi asimmetrik tükəndirmə məntiqindən istifadə etməyə başlayıb. Bu modelin mahiyyəti rəqibi birbaşa toqquşmada məhv etmək yox, münaqişənin uzanmasının qiymətini onun üçün getdikcə artırmaqdır. Fərq ondadır ki, Ukrayna bu məntiqi regional çəkindirmə vasitəsi kimi deyil, özündən xeyli böyük resurslara malik dövlətə qarşı apardığı müharibənin tərkib hissəsi kimi tətbiq edir. Buna görə də neft emalı zavodlarına endirilən zərbələr sadəcə hərbi əməliyyat yox, qüvvələr arasındakı disbalansı kompensasiya etmək üsuluna çevrilir.
Rusiyaya gəlincə, onun bu taktikaya qarşı müqavimət imkanları qalsa da, onlar əsasən kompensasiya xarakteri daşıyır. Moskva ixracı qadağan edə, yanacağı regionlar arasında yenidən bölüşdürə, idxalı artıra, Belarus və Qazaxıstandan tədarükə yönələ, neft emalı zavodlarını subsidiyalaşdıra və qiymətləri inzibati qaydada nəzarətdə saxlaya bilər. Lakin bütün bu tədbirlər əsas problemi həll etmir. Daha konkret desək, zədələnmiş istehsal gücünü qısa müddətdə bərpa etmək mümkünsüzdür. Üstəlik, Moskva inzibati tədbirlərə nə qədər tez-tez əl atırsa, bazarın artıq adi rejimdə fəaliyyət göstərə bilmədiyi bir o qədər aydın görünür.
Belıəliklə, Ukrayna müharibəni tədricən iqtisadi tükəndirmə müstəvisinə keçirir. Burada əsas hədəf tək və miqyaslı zərbə yox, dəqiq hücumlar silsiləsidir. Əgər Ukrayna zərbələrin intensivliyini qorunub saxlayarsa, Rusiya üçün onun nəticələri getdikcə ağırlaşacaq. İlk mərhələdə bu, təchizatdakı fasilələr, növbələr, qiymət artımı və yanacaq idxalı ilə ifadə olunur. Növbəti mərhələdə isə daha sərt ixrac məhdudiyyətləri, büdcə yükünün artması, ayrı-ayrı regionların təchizatının pisləşməsi, mülki bazar, sənaye, kənd təsərrüfatı və hərbi ehtiyaclar arasında rəqabətin güclənməsi demək olacaq. Bu isə Moskva üçün bir günün fəlakəti deyil, sistemin dayanıqlığının tədricən zəifləməsi anlaməna gəlir.
Real mənzərə ondan ibarətdir ki, Rusiyanın enerji infrastrukturu artıq yalnız müharibənin maliyyələşdirilməsi mənbəyi olmaqdan çıxır və özü həssas hədəfə çevrilir. Bu isə münaqişənin xarakterini dəyişir. Ukrayna artıq təkcə cəbhədə Rusiyanın hücumunu cilovlamağa çalışmır, həm də Moskvanın uzunmüddətli müharibə aparmasına imkan verən iqtisadi bazanı sarsıtmağa cəhd göstərir.
Cəbhə artıq əvvəlki deyil
Artıq birbaşa cəbhədə, ən azı cənub istiqamətində də nəzərəçarpacaq dəyişikliklə baş verir. Kiyev Krımın və Ukraynanın cənubunda yerləşən Rusiya qoşunlarının təchizatını təmin edən nəqliyyat infrastrukturuna zərbələri davamlı olaraq artırır. Krım körpüsü, dəmir yolu xətləri, avtomobil magistralları, anbarlar, aerodromlar və hərbi logistikanın digər obyektləri daimi təzyiq altındadır. Eyni zamanda, Ukraynanın pilotsuz dəniz platformalarının fəaliyyəti və Qara dəniz donanmasının obyektlərinə endirilən zərbələr Rusiyanın dəniz təchizat marşrutlarından istifadə imkanlarını da əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Nəticədə Ukrayna tədricən Krımı bir növ “logistika adasına” çevirir və yarımadanın, eləcə də orada yerləşən Rusiya qoşunlarının təchizatını getdikcə daha mürəkkəb, daha bahalı və daha riskli vəziyyətə gətirir.
Beləliklə, Rusiya sursatın, yanacağın, texnikanın və ehtiyat qüvvələrin daşınmasına daha çox vaxt və resurs sərf etməyə, kommunikasiya xətlərinin mühafizəsini gücləndirməyə, hava hücumundan müdafiə qüvvələrini, mühəndis bölmələrini və aviasiyanı arxa cəbhədə yerləşən obyektlərin mühafizəsinə cəlb etməyə məcburdur. Təchizat tamamilə dayanmasa belə, onun səmərəliliyi azalır ki, bu da tədricən Rusiya ordusunun döyüş əməliyyatlarının yüksək tempini qoruyub saxlamaq imkanını zəiflədir.
Krım uzun illər Moskva tərəfindən Ukrayna ilə münasibətlərdə qüvvələr balansının dəyişməsinin əsas rəmzi, Rusiyanın formalaşmış regional status-kvonu dəyişmək qabiliyyətinin təsdiqi kimi qiymətləndirilib. İndi isə yarımadanın infrastrukturuna müntəzəm zərbələr göstərir ki, artıq bu ərazi də tam təhlükəsiz arxa cəbhə deyil. Ukrayna çalışır ki, Krım Rusiya üçün strateji üstünlük olmaqdan çıxsın və həm hərbi, həm də iqtisadi baxımdan getdikcə daha ağır yükə çevrilsin. Müharibənin hazırkı mərhələsinin əsas xüsusiyyətlərindən biri də budur. Rusiya isə hələlik Ukraynanın bu fəaliyyətini neytrallaşdırmağın effektiv üsulunu tapa bilmir.
Əvəzində Ukrayna tərəfi öz üstünlüklərindən fəal şəkildə istifadə edir. Prezident Volodimir Zelenski bəyan edib ki, Rusiyanın pilotsuz uçuş aparatlarının hücumlarının istiqamətləndirilməsi üçün Belarus ərazisdində istifadə olunan retranslyatorlar fəaliyyətini dayandırıb. Xatırladaq ki, daha əvvəl Zelenski həmin retranslyatorların söndürülməsini Belarus Prezidenti Aleksandr Lukaşenkodan açıq şəkildə tələb etmiş, əks halda “mümkün nəticələr” barədə xəbərdarlıq etmişdi. Hələlik onların məhz Belarus hakimiyyətinin qərarı ilə dayandırıldığına dair dəqiq məlumat yoxdur. Lakin məlumat təsdiqlənərsə, bu, Minskin müharibə dövründə nümayiş etdirdiyi ümumi davranış xəttinə tam uyğun olardı. Moskva ilə sıx hərbi-siyasi müttəfiqliyə baxmayaraq, Belarus rəhbərliyi ilk gündən ölkənin silahlı münaqişəyə birbaşa cəlb olunmasının qarşısını almağa, Rusiyaya dəstəyi qorumaqla yanaşı, eyni zamanda Belarusu müharibənin tamhüquqlu tərəfinə çevirə və onun ərazisinə Ukrayna zərbələri riskini əhəmiyyətli dərəcədə artıra biləcək addımlardan yayınmağa çalışıb.
Beləliklə, müharibənin hazırkı mərhələsində Moskva getdikcə həlli yalnız hərbi vasitələrlə mümkün olmayan problemlərlə üz-üzə qalır. Nəticədə artıq hərbi güc deyil, tərəflərin danışıqlar masası arxasında razılığa gələ bilmək bacarığı daha ciddi əhəmiyyət daşımağa başlayır.
MƏSLƏHƏT GÖR:





45

