MÜTTƏFİQLƏR QOPMA HƏDDİNDƏ
Ukrayna ilə Polşa bir-birlərindən niyə narazıdırlar?
Müəllif: Natiq NAZİMOĞLU
Kiyevlə Varşava arasında ciddi diplomatik böhran yaşanır və getdikcə daha da dərinləşir. Tarixlə bağlı olan bu mübahisənin çübhəsiz ki, aşkar geosiyasi tərəfi də var.
Nifaq ordenləri
Hər şey Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələrindən birinə “Ukrayna Üsyan Ordusunun qəhrəmanları” fəxri adının verilməsi barədə sərəncamından başlayıb. Bu, Ukrayna Üsyan Ordusuna (UÜO) münasibətin son dərəcə mənfi olduğu Polşada narazılıq doğurub.
2016-cı ildə Polşa Seymi İkinci Dünya müharibəsi illərində Volında və Şərqi Qalisiyada təxminən 100 min polyakın öldürülməsini soyqırımı kimi tanıyıb. Bu hərbi cinayətdə günahkar kimi isə məhz UÜO elan edilib. Kiyev öz növbəsində, bu cür ittihamlar hər zaman rədd edilib və zorakılıq hərəkətlərinin qarşılıqlı xarakter daşıdığıni bildirib. Lakin əsas məsələ ondan ibarətdir ki, ukraynalılar UÜO-nu ölkənin müstəqilliyi uğrunda mübarizəyə verdiyi töhfə prizmasından qiymətləndirirlər və həmin ordunun şərəfinə verilən fəxri adlar məhz bununla bağlıdır.
İndi Zelenskinin USQ-nin elit bölmələrindən birinə UÜOadının verilməsi qərarına reaksiya olaraq, Polşa Prezidenti Karol Navrotski Ukrayna liderinin “Ağ Qartal” ordenindən məhrum edildiyini elan edib. Polşanın ən yüksək dövlət mükafatı olan bu orden Zelenskiyə 2023-cü ildə verilmişdi.
Zelenski dərhal ordeni Polşaya geri göndərib. Bununla yanaşı, Navrotskinin qərarına etiraz əlaməti olaraq Ukraynanın vaxtilə bu mükafata layiq görülmüş sabiq prezidentləri Leonid Kuçma, Viktor Yuşşenko və Pyotr Poroşenko da könüllü şəkildə ordenlərdən imtina ediblər.
Daha sonra ordenlərdən imtina silsiləsini Polşa Senatının vitse-spikeri Mixal Kaminski davam etdirib. Vitse-spiker ona təqdim olunmuş iki mükafatı Ukraynaya qaytarmaq qərarına gəlib. O, qərarını belə izah edib: “Ukrayna hakimiyyəti və siyasi elitasının əhəmiyyətli hissəsi indiyədək Volın cinayətlərini və Polşa vətəndaşlarının kütləvi qətliamını birmənalı şəkildə pisləməyib”.
Bunun ardınca problem həll etməyə çalışan Kiyev Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanovu Polşaya göndərib. Lakin bu, nəticə verməyib – Polşa hökuməti Ukraynada hərbi bölmələrdən birinə UÜO adının verilməsi qərarının ləğvini tələb etməyə başlayıb. Yeri gəlmişkən, Varşavaya səfərdən qısa müddət sonra Budanov Prezident Navrotski tərəfindən ona ötən il verilmiş “Polşaya xidmətə görə” ordeninin “Qızıl zabit” xaçından imtina etdiyini açıqlayıb.
Bundan sonra Ukrayna ortaya kifayət qədər sərt mövqe qoymağa başlayıb. Xarici işlər naziri Andrey Sibiqan Polşanı təmkinli olmağa çağıraraq bildirib ki, Ukrayna özünə qarşı dost olmayan və ya hörmətsiz hesab etdiyi hərəkətlərə anoloji reaksiyanı verəcək.
Varşava-Kiyev böhranında növbəti epizod Zelenskinin Ukraynanın bərpası üzrə Beynəlxalq Konfransda iştirak etmək üçün Polşaya planlaşdırdığı səfərdən imtinası olub. Nəticədə iyunun 25-26-da Qdansk şəhərində keçirilən konfrans onun iştirakı olmadan baş tutub. Konfransda Ukrayna nümayəndə heyətinə Baş nazir Yuliya Sviridenko rəhbərlik edib.
Qeyd edək ki, konfransa Polşa Prezidenti Navrotski dəvət edilməyib. Media yazır ki, müvafiq qərarı yalnız Zelenski deyil, Polşanın Baş naziri Donald Tusk qəbul edib (bu, olduqca diqqətçəkən məqamdır). Tusk Navrotskinin əsas siyasi rəqibidir və Baş nazirin rəhbərlik etdiyi hakim liberal koalisiya Polşa Prezidentinin təmsilçisi olduğu millətçi düşərgə ilə rəqabət aparır. Başqa sözlə, Tusk dolayısı ilə də olsa, Navrotskinin Zelenskinin Polşanın ən yüksək ordenindən məhrum edilməsi qərarı ilə razılaşmadığını göstərir. Ümumilikdə o, barışdırıcı rol oynamağa çalışır. Hər halda, Tuskun getdikcə sərtləşən münaqişəni yumşaltmaq istəyi hər addımda açıq görünür. Qdansk konfransından əvvəl Tusk Zelenskinin tədbirdə iştirakdan imtinasını “gərginliyin azaldılması istiqamətində addım” kimi qiymətləndirərək, Polşa və Ukrayna siyasətçiləri arasındakı münaqişəni “biznes, geosiyasət və reputasiya baxımından hər iki tərəfə zərər vuracaq strateji səhv” adlandırıb. Baş nazir bildirib ki, “prezidentlər Zelenski və Navrotskinin vəzifəsi gərginlioyi artırmaq yox, emosiyaları yatızdırmqdır”. “Cəbhə xətti başqa yerdən keçir”, - deyə Tusk qeyd edib.
O, “cəbhə xətti” dedikdə, şübhəsiz ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini nəzərdə tutur. Bu müharibə illəri ərzində Kiyev ilə Varşava arasında münasibətlər müttəfiqlik xarakteri alıb. Qərb silahları Ukraynaya məhz Polşa ərazisi vasitəsilə çatdırılır. Bu, Kiyevə hərbi və hərbi-texniki yardımın göstərilməsi ümçün yeganə marşrutudur. Odur ki, Ukraynada, Polşada və ümumilikdə Qərbdə haqlı olaraq sual yaranır: Kiyevlə Varşava arasında münasibətlərin soyuması hansı nəticələrə aparıb çıxara bilər? Polşa Ukrayna üçün həyati əhəmiyyət daşıyan bu tədarüklərə maneələr yaratmayacaq ki?
Hər halda, Polşada artıq Ukraynaya dəstəyin dayandırılmasına çağırışlar səsləndirilir. Xüsusilə, son prezident seçkisində seçicilərin 14%-nin dəstəyini qazanmış ultrasağ mövqeli milliyyətçi Slavomir Mentsen polyakların öz ordenlərini “konfet kimi payladıqlarından” təəssüfləndiyini bildirib, ukraynalı xadimləri “mükafatları geri qaytardıqdan sonra pulları, silahları, döyüş sursatlarını və bütün digər şeyləri də qaytarmağa» çağırıb.
Bundan başqa, Polşa Avropa İttifaqına daxil olan istənilən digər ölkə kimi, qərarların qəbulunda, o cümlədən yeni üzvlərin birliyə qoşulmas prosesində veto hüququna malikdir. O, vaxtı yetişdikdə bu hüququndan istifadə edərək Ukraynanın Aİ-yə daxil olmasını ləngidə bilərmi? Hazırda Aİ-də müharibə aparan Şərqi Avropa ölkəsinin qəbulu prosesinin mümkün sürətləndirilməsi məsələsi fəal müzakirə edilir. Demək ki, mövzu xüsusilə aktualdır.
“Güclü oyunçü qapıdadr”
Baş verənlər fonunda istər Polşa, istərsə də Ukrayna onların aralarında yaşananların Rusiyanın xeyrinə işləyə biləcəyindən narahatdır. Bunu xüsusiləPolşanın Baş naziri Tusk və Ukraynanın xarici işlər naziri Sibiqa açıq şəkildə dilə də gətiriblər. Eyni zamanda, Prezidentlər Zelenski ilə Navrotskinin faktiki olaraq formalaşmış hərbi ittifaqı hər hansı şəkildə zəiflətmək niyyətlərinin olmadığını göstərən ayrı-ayrı açıqlamaları da diqqət çəkir. Navrotski vurğulayıb ki, Zelenskini “Ağ Qartal” ordenindən məhrum etmək qərarı “Polşa siyasətinin təhlükəsizlik sahəsində strateji kursunun dəyişməsi demək deyil”. O, Varşavanın Ukraynanı bundan sonra da dəstəkləyəcəyini bildirib: “Çünki biz bilirik ki, Rusiyanın təcavüzü Polşanın və bütün Avropanın təhlükəsizliyinə təhdid yaradır”.
Zelenski də əmindir ki, Ukrayna ilə Polşa “bir-birləri üçün tərəfdaş və dostdan başqa heç nə ola bilməzlər”.
Buna baxmayaraq, hələ ki, gərginliyi azaltmaq mümkün olmur. Bu mənada görünən odur ki, tarixi məsələlər ətrafında mübahisələri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi kimi strateji vəzifəyə təhlükə yaratmayacaq çərçivədə saxlamaq heç də asan deyil. Bundan başqa, yaşanan böhranın zahirən tarixi məsələ ilə əlaqəli olmasına baxmayaraq, o da aydındır ki, Polşa ilə Ukrayna arasındakı ziddiyyətlərin geosiyasi məzmunu da var. Kiyev hesab edir ki, onun taribə baxışı qərbli müttəfiqləri tərəfindən təbii və qəbulolunan sayılmalıdır. Üstəlik, bu zaman onun müstəqilliyi və ərazi bütövlüyü naminə apardığı müharibənin reallıqları da nəzərə alınmalıdır. Eyni zamanda Ukrayna Avropaya inteqrasiya kontekstində ona bərabər, hətta imtiyazlı tərəf kimi yanaşılmasını tələb edir – yenə də onun Qərbin ekzistensial rəqibi olan Rusiyaya qarşı mübarizənin ön cəbhəsində olması nəzərə alınmaqla.
Polşaya gəldikdə, Varşava polyakların tarixi yaddaşına toxunan istənilən addımın qəbuledilməz olduğunu bildirir. Burada belə addımların Kiyevin Rusiyanın işğalına qarşı müqaviməti fonunda möhkəmlənmiş müttəfiqlik münasibətlərinin olduğu Ukrayna tərəfindən atılması da heç nəyi dəyişmir. Amma məsələ təkcə bundan da ibarət deyil.
Polşanın Avropaya inteqrasiyada iştirakı ilə bağlı öz tələbləri var və bu, onun Avropa İttifaqında aparıcı rollardan birinə iddialı olduğunu açıq şəkildə göstərir. Lakin bu iddianın məntiqi Ukraynanın Avropanın ən döyüş qabiliyyətli dövlətinə çevrilməsi ilə uzlaşmır. Görünür, Ukraynanın Avropa təhlükəsizlik və siyasət sistemində əhəmiyyətli dərəcədə güclənməsi amili müəyyən mənada Polşanın maraqlarına da toxunur. Həm də tək Polşanın yox.
Bu mənada, Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kulebanın bir fikrini xatırlatmaq yerinə düşər: “Avropa liderləri Ukraynanın Moskvaya endirdiyi zərbələrdən heyrətə gəlmişdilər. Amma məsələnin başqa tərəfi də var. Mənə deyirdilər ki, bəzi liderlər Ukraynanın gücündən qorxmağa başlayır. Onlar strateji baxımdan öz qapılarında necə güclü oyunçunun meydana çıxdığını görürdülər”.
Həqiqətən də, həm bütövlükdə Aİ-nin, həm də ayrı-ayrılıqda onun aparıcı ölkələrinin siyasətinin təhlili göstərir ki, Brüsseldə, eləcə də Paris, Berlin, Roma və Varşava da daxil olmaqla digər nüfuzlu Avropa paytaxtlarında bir perspektivdən narahatlıq var. Söhbət Ukraynanın Rusiya ilə müharibədən Avropanın və transatlantik məkanın təhlükəsizliyinin bütün konfiqurasiyasına təsir göstərə biləcək dövlət kimi çıxması ehtimalıdır. Belə bir konfiqurasiyada Avropanın Fransa və Almaniya kimi “ağır çəkili” dövlətləri geri çəkilməli olacaq, bununla da onların “Köhnə qitə”dəki ənənəvi hökmran mövqelərini ciddi şəkildə itirmək riski yaranacaq.
Yenə də tarixə müraciət edək. Tarix göstərir ki, Avropanın aparıcı dövlətləri, xüsusilə qitənin əsas güc mərkəzi rolunda çıxış edən və ya buna iddia edən ölkələr ənənəvi olaraq özlərini bir sırada görmədikləri ölkələrin (hətta Avropa ölkələri olsa belə) həyata keçirdikləri “heyrətamiz hücumlar”ı qəbul etmirlər. Bu baxımdan Ukraynanın qarşısında Avropanın “heyrətini” aradan qaldırmaq uğrunda inadkar mübarizə perspektivi də görünür. Yəqin ki, bu mübarizə meydanlarından biri də getdikcə Avropanın hakim elitası tərəfindən Aİ liderləri sırasına buraxılan Polşa ilə tarixi mübahisədir.
MƏSLƏHƏT GÖR:



36

