DANIŞIQLARDA KİM UDUR?
ABŞ-İran memorandumu nəinki sülhü yaxınlaşdırmadı, Yaxın Şərq problemini daha da ağırlaşdırdı. Niyə?
Müəllif: Samir VƏLİYEV
İyunun 17-də imzalanmış İslamabad Anlaşma Memorandumu baxışdan, yığılıb qalmış bir çox məsələləri aradan qaldırmalı idi. Lakin tam əksi baş verib. Tərəflər nə qədər çox bəyanat səsləndirirlərsə, baş verənlərin ümumi mənzərəsi bir o qədər ziddiyyətli və dolaşıq xarakter alır. Son dövrün qarışıqlıqlarından biri isə ABŞ və İran rəhbərliyinin nümayəndələrinin iki ölkə arasında Dohada keçiriləcək növbəti danışıqlar raundu ilə bağlı bir-birinə zidd bəyanatları olub. Amerika tərəfi israrla bu danışıqların iyulun 30-da keçiriləcəyini bildirdiyi halda, İran heç bir yeni raundun olmayacağını deyirdi. Tehran tərəfi bildirirdi ki, Dohada yalnız ekspertlər toplaşacaq və bu da yalnız texniki məsələlərin müzakirəsi üçün olacaq. Əslində, ABŞ-İran dialoqunun özünəməxsusluğu da elə budur. Necə deyərlər, aydın olan yeganə məqam odur ki, heç nə aydın deyil.
Danışıqlardakı paradokslar
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf iyunun sonunda İƏT Parlament İttifaqının Bakıda keçirilən 20-ci sessiyasındakı çıxışı zamanı bildirib ki, İslamabad Memorandumu ABŞ-ın məğlubiyyətinin göstəricisi kimi qiymətləndirilməlidir. Maraqlıdır ki, belə qiymətləndirməyə Amerika siyasi və ekspert dairələrinin müəyyən hissəsində də rast gəlinir. Nüfuzlu respublikaçı siyasətçilərin, analitiklərin və mühafizəkar dairələrin bir çox nümayəndəsi bu sənədi Vaşinqtonun kapitulyasiyası, Tehrana əsassız güzəşt və İranın diplomatik qələbəsi kimi xarakterizə edir.
Bununla belə, unutmaq olmaz ki, hələlik söhbət tamhüquqlu beynəlxalq sazişdən yox, sadəcə qarşılıqlı anlaşma memorandumundan gedir. Onun bir çox müddəaları hələ də çərçivə xarakteri daşıyır, əlavə razılaşdırma tələb edir. Başqa sözlə, gələcək razılaşmaların yekun parametrləri üzərində iş hələ davam edir.
Hazırkı danışıqlar prosesinin diqqəti cəlb edən paradoksu ondan ibarətdir ki, Prezident Trampın ritorikası, o cümlədən hədələri və İran rəhbərliyinə qarşı şəxsi hücumları nə qədər sərtləşirsə, bunun danışıqlar prosesinə təsiri bir o qədər azalır. Görünür, Tehran artıq buna alışıb. Belə bəyanatlara sərt şərhlərlə, nümayişkaranə demarşlar və diplomatik etirazlarla qarşılansa da, hər dəfə tərəflərt gələcək razılaşma şərtlərinin müzakirəsinə qayıdırlar. Başqa sözlə, indiki ərhələdə tərəflər üçün danışıqların hansı sözlərlə müşayiət olunmasından çox, onların necə başa çatacağı vacibdir.
Ədalət naminə deyək ki, memorandumun məzmununa əsasən, İran tərəfi bu mərhələdə özü üçün prinsipial əhəmiyyət daşıyan bütün müddəaların sənədə daxil edilməsinə nail olub. Söhbət təkcə nüvə proqramından və ya ABŞ ilə gərginliyin azaldılması mexanizmlərindən getmir, həm də ABŞ-İran münaqişəsinə birbaşa aid olmayan regional məsələlərdən, o cümlədən Livandakı vəziyyətdən gedir. Aydındır ki, Tehranın əsas regional proksi qüvvəsi olan “Hizbullah”ın təhlükəsizliyi onun üçün nüvə proqramının taleyindən heç də az əhəmiyyət kəsb etmir. İrana öz sərhədlərindən kənarda təsir imkanlarını genişləndirmək, regionun aparıcı dövlətlərindən biri statusunu qoruyub saxlamaq imzanını məhz belə strukturlar şəbəkəsi yaradır.
Bu arada yaşananların regionda ABŞ-ın əsas müttəfiqi olan, faktiki olaraq öz təhlükəsizliyinə də toxunan razılaşmalardan kənarda qalan İsrailin kəskin narazılığına, etirazına yol açması təəccüblü deyil.
İsraillə Hörmüz arasında
Əsas problem məhz bu məqamda ortaya çıxır. Tehran prinsipial olaraq bildirir ki, razılaşmanın cəmi bir bəndi üzrə razılıq əldə olunmazsa, heç bir bənd üzrə razılaşma olmayacaq. İsrail isə memorandumun Livan, həmçinin “Hizbullah”ın hərbi fəallığının məhdudlaşdırılmasına dair müddəaları ilə barışmaq niyyətində deyil. Əksinə, son hadisələr göstərir ki, İsrail İranın əsas müttəfiqinə hərbi təzyiq göstərməkdə davam edir və ola bilsin ki, danışıqların pozulacağına da ümid bəsləyir.
Vaşinqtona gəıincə, o, bu ssenaridə maraqlı deyil. Hazırkı administrasiya üçün razılaşmaların uğurla həyata keçirilməsi təkcə praktiki deyil, həm də siyasi əhəmiyyət daşıyır. Bu, Trampın sələflərinin uğursuz olduğu sahələrdə nəticə əldə etməyi bacaran siyasətçi nüfuzu ilə birbaşa bağlı məsələlərdir. Görünür, Ağ Evlə Benyamin Netanyahu hökuməti arasında artan gərginlik məhz buradan qaynaqlanır. Əgər İsrail öz hərəkətləri ilə memorandumun icrasını təhlükə altına qoyarsa, bu, təbii ki, ABŞ administrasiyasının maraqları ilə ziddiyyət təşkil edəcək. Vaşinqtonıa Təl-Əviv İsrail arasında ziddiyyətlərin dərinləşməsi isı nəticəı etibarı ilə Tehranın xeyrinə işləyir. Onlar İranla razılaşmaların həyata keçirilməsi məsələsində nə qədər çox fikir ayrılığı yaşayarlarsa, İsrailin mövqeyi bir o qədər zəifləyəcək, Tehran isə daha geniçş manevr imkanı qazanacaq.
Digər tərəfdən, son vaxtlar ABŞ administrasiyası daxilində fikir ayrılıqları daha aydın nəzərə çarpmağa başlayıb. Vitse-prezidenti Cey Di Vensin etiraf etdiyi kimi, Amerika isteblişmentinin və Ağ Evin müttəfiqlərinin bir hissəsi İrana qarşı hərbi əməliyyatın hədəflərinin genişləndirilməsini istəyirmiş. Lakin Donald Tramp danışıqları davam etdirmək imkanını qoruyub saxlamaq üçün ilkin məqsədlərin çərçivəsindən kənara çıxmaq istəməyib.
Bütün bu proseslər təbii ki, Tehranda son dərəcə diqqətlə izlənilir. Geniş yayılmış fikrin əksinə olaraq, ABŞ administrasiyasında parçalanma İrana sərf etmir. Əksinə, onlara Tehrana əldə olunmuş razılaşmaların yerinə yetirilməsini təmin edə biləcək vahid mövqe lazımdır. Odur ki, Trampın ətrafında İrana münasibət strategiyası ilə bağlı davam edən mübahisələr bütün danışıqlar prosesi üçün əlavə qeyri-müəyyənlik yaradır.
Bununla yanaşı, Donald Tramp iddia edir ki, ABŞ İranla “güc mövqeyindən” danışır. O, sözlərinin təsdiqi kimi Hörmüz boğazının açılmasını göstərir və bildirir ki, əgər İran nüvə silahı əldə etsəydi, dünya daha böyük təhlükə ilə üz-üzə qalardı.
Lakin hələlik gəmiçiliyin təhlükəsizliyinin tam bərpa olunduğunu söyləmək tezdir. Doğrudur, gəmilərin hərəkəti bərpa olunub. Amma proses son dərəcə ehtiyatlı gedir. Gəmiçilik şirkətləri və sığortaçılar çox yaxşı anlayırlar ki, istənilən yeni eskalasiya bir neçə saat ərzində boğazı yenidən iflic vəziyyətinə sala bilər. Bu isə Vaşinqton üçün prinsipial əhəmiyyət daşıyır. Dünya üzrə neft və mayeləşdirilmiş qaz ixracının əhəmiyyətli hissəsinin Hörmüz boğazından keçdiyi bəllidir. Odur ki, boğazın hətta qısamüddətli blokadası belə, enerji daşıyıcılarının qiymətlərinə, maliyyə bazarlarına və dünya iqtisadiyyatına dərhal öz təsirini göstərir. Bir sözlə, İranla aparılan danışıqlarda gəmiçiliyin təhlükəsizliyinin qorunması Tramp üçün dialoqun uğurunun əsas göstəricilərindən biridir.
Bu təzyiq rıçağının dəyərini əlbəttə ki, Tehran da çox yaxşı anlayır. Memorandumun imzalanmasından cəmi bir neçə gün sonra İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Oman sahilləri yaxınlığında Sinqapur bayrağı altında üzən “Ever Lovely” yük gəmisinə hücum edib. Bundan bir qədər əvvəl isə İran Hərbi Dəniz Qüvvələri xarici gəmilərə Tehranla razılaşdırmadan Hörmüz boğazı marşrutlardan istifadə olunmamasına dair xəbərdarlıq etmişdi. Siqnal sadə və aydındır: davam edən danışıqlara baxmayaraq, İran ABŞ-a təzyiq göstərmək üçün əsas alətindən imtina etməyi düşünmür.
İslam İnqilabı Keşikçiləri Korpusu kölgədən çıxır
Bu gün İİKK ABŞ-İran dialoqunda getdikcə daha çox ön plana çıxır. Cey Di Vens Dohada keçiriləcək növbəti danışıqlar raundunu elan edərkən bildirib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və İİKK nümayəndələri yeni eskalasiya riskini azaltmaq üçün xüsusi rabitə kanalı vasitəsilə görüş keçirəcəklər. Demək, birincisi, Hörmüz boğazının təhlükəsizliyi ABŞ-ın Yaxın Şərq strategiyasının mərkəzi elementinə çevrilib, ikincisi isə Vaşinqton siyasi baxımdan əlverişli hesab etdiyi tərəflərlə deyil, quruda və dənizdə vəziyyətə real nəzarət edən qüvvələrlə danışmağa məcburdur.
Xüsusi paradoks ondadır ki, İİKK 2019-cu ildən etibarən ABŞ-ın xarici terror təşkilatları siyahısında yer alır. Lakin böhran diplomatiyası bir daha təsdiq edir ki, böyük müharibənin qarşısını almaq lazım gəldikdə, siyasi damğalar ikinci plana keçir, danışıqların real təsir rıçaqlarına malik qüvvələrlə aparılması zərurətə çevrilir.
Amma hər bir halda, hələ ki, yekun nizamlanmadan danışmaq tezdir. ABŞ ilə İran memorandumun icrasını və onun əsas müddəalarını hələ də müxtəlif cür başa düşürlər. Vaşinqton Hörmüz boğazından maneəsiz gəmiçiliyə zəmanət almaq istəyir, Tehran üçün isə Hörmüz əsas təzyiq vasitəsi olaraq qalır. Livan, sanksiyalar və təhlükəsizlik təminatları ilə bağlı məsələlər razılaşdırılmayınca, İranın ən güclü rıçağından imtina edəcəyi inandırıcı görünmür.
Danışıqların mürəkkəb bəndlərindən biri də Livan və İsrailin “Hizbullah”a qarşı apardığı müharibədir. İran üçün hərbi əməliyyatların dayandırılması və “Hizbullah”ın təhlükəsizliyi ümumi razılaşmanın bir hissəsidir. İsrail isə memorandumun tərəfi olmadığından, müddəaları özünə aid hesab etmir. Nəticədə Təl-Əviv hərbi əməliyyatları davam etdirir.
Məsələnin regional tərəfi də var. ABŞ-İran məsləhətləşmələri fonunda Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn və Oman Manamada ABŞ-ın dövlət katibi Marko Rubionun iştirakı ilə sammit keçiriblər. Əslində, tərəflər orada ABŞ ilə İran arasındakı aralıq razılaşma, ilk növbədə isə Hörmüz boğazı məsələsi ilə bağlı mövqelərini uzlaşdırmağa çalışıblar. Körfəz ölkələri üçün bu, həyat məsələsidir. ABŞ, İran və İsrail arasında istənilən eskalasiyanın iqtisadi, hərbi və siyasi yükünü ilk növbədə məhz onlar ödəyirlər. Buna görə də bu ölkələrin mövqeyi sadədir: İranla gərginliyin azaldılması lazımdır, lakin bu, onun əvvəlki regional siyasətinin leqallaşdırılmasına imkan verməməlidir.
Birgə bəyanatda Körfəz ölkələri Vaşinqtonun İranın nüvə silahı əldə etməsinin qarşısının alınması və gəmiçiliyin təhlükəsizliyinin bərpası istiqamətində səylərini dəstəkləyiblər. Bununla yanaşı, region ölkələri aydın şəkildə bildirirlər ki, İranın yaratdığı bütün təhdidlər kompleksi – raketlərdən və pilotsuz uçuş aparatlarından tutmuş, proksi strukturların dəstəklənməsinə qədər – aradan qaldırılmadan, uzunmüddətli sabitlik mümkün deyil.
Döyüş üzərində
Bütün bu yaşananların daha bir aspekti də var. Belə ki, İran parlamentinin sədri ABŞ üzərində qələbə ilə bağlı bəyanatını haradasa başqa yerdə yox, məhz Bakıda səsləndirib. Bu gün Qalibaf İran siyasətinin ən nüfuzlu fiqurlarından biridir. Müharibədən sonra onun sistem daxilində qərarvermə prosesində mövqeyi xeyli güclənib və hazırda ABŞ-la danışıqlar prosesinə məhz spiker rəhbərlik edir. Bu səbəbdən, onun bəyanatları şəxsi mövqedən çox İran rəhbərliyinin xarici siyasət və təhlükəsizlik məsələlərinə yanaşmasını əks etdirir.
Qalibaf Bakıda Prezident İlham Əliyevlə görüşdə onu da deyib ki, Azərbaycan etibarlı qonşu kimi, İranla qarşıdurmaya cəlb edilməsinə imkan verməyib. Bu xüsusi önəm daşıyan məsələdir. Çünki son illər ərzində İranda bəzi radikal siyasi, dini və hərbi-siyasi dairələr ardıcıl şəkildə Azərbaycanı təhdid mənbəyi kimi təqdim etməyə çalışır, bunun üçün İsrail amilindən, Ermənistan-Azərbaycan probleminə dair məsələlərdən və süni şəkildə şişirdilən ziddiyyətlərdən istifadə edirdilər. İnformasiya kampaniyaları mütəmadi olaraq Bakı əleyhinə ittihamlarla müşayiət olunurdu və guya Azərbaycanın İranın maraqlarına qarşı fəaliyyət göstərdiyi iddia edilirdi.
Son hadisələr bu cür iddiaların əsassızlığını aydın şəkildə otraya qoyub. Azərbaycan İran üçün ən mürəkkəb dövrdə mehriban qonşuluq prinsiplərinə sadiq qalaraq ona humanitar yardım göstərib, Tehranın maraqlarına zərər verə biləcək addımların atılmasına imkan verməyib. Bunun əsas nəticəsi isə təkcə İran rəhbərliyi tərəfindən Azərbaycana müsbət siyasi qiymətin verilməsi yox, həm də Bakının İran üçün təhlükə yaratdığına dair illərdir davam edən ittihamların təkzib olunmasıdır. Həyat bir daha göstərib ki, dövlətlərin real addımları siyasi spekulyasiyalardan və informasiya kampaniyalarından daha inandırıcıdır.
MƏSLƏHƏT GÖR:






40

