11 Avqust 2026

Çərşənbə axşamı, 23:33

ZƏMANƏTSİZ SAZİŞ

İsraillə Livan illər sonra sülh istiqamətində ilk addımlarını atsalar da, razılaşmanın taleyi qeyri-müəyyəndir

Müəllif:

01.07.2026

İsrail Livan arasında iyunun 26-da Vaşinqtonda çərçivə sazişinin imzalanması son onilliklər ərzində Yaxın Şərqdə baş vermiş ən diqqətçəkən diplomatik hadisələrdən biri sayıla bilər. ABŞ-ın vasitəçiliyi ilə hazırlanmış sənəd uzun illərdir davam edən silahlı qarşıdurmadan və davamlı atəşkəsə nail olmaq istiqamətində çoxsaylı cəhdlərdən sonra iki dövlət arasında bu səviyyədə əldə olunmuş ilk siyasi razılaşmadır.

 

Ehtiyatlı nikbinlik

Lakin qəribədir ki, danışıqların iştirakçıları əldə edilmiş razılaşmanın əhəmiyyətini həddindən artıq yüksək qiymətləndirməyə həvəsli deyillər. Məsələn, ABŞ-ındövlət katibi Marko Rubio deyir ki, söhbət tamhüquqlu sülh müqaviləsindən getmir. Onun sözlərinə görə, bu, uzunmüddətli nizamlanma yolunda yalnız başlanğıcdır və tərəfləri əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində mürəkkəb iş gözləyir. Həm İsrail, həm də Livan sakinlərinin təhlükəsizlik şəraitində yaşamaq hüququna layiq olduqlarını deyən Rubio Livanın tam suverenliyinin bərpası və onun ərazisindən silahlı hücumlar üçün istifadəyə son qoyulmasının uzunmüddətli sabitliyin zəruri şərtləri olduğunu da vurğulayıb.

Sazişin birbaşa iştirakçıları da bənzər, yəni ehtiyatlı mövqedən çıxış edirlər. Livanın ABŞ-dakı səfiri Nada Hamade Moavad sənədi ölkənin suverenliyinin bərpası, döyüş əməliyyatlarının tam dayandırılması və Livanın cənub sakinlərinin öz evlərinə qayıtması yolunda ilk mərhələ adlandırıb. İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter isə öz növbəsində bildirib ki, danışıqlar prosesinin son məqsədi hər iki dövlətin təhlükəsizliyi və suverenliyinin etibarlı şəkildə təmin olunacağı davamlı sülhə nail olunmasıdır.

Artıq sazişin imzalandığı gün aydın olub ki, razılaşmanın həyata keçirilməsi danışıqlar prosesinin özündən xeyli mürəkkəb ola bilər. Qeyd edək ki, saziş İsrail, Livan və ABŞ nümayəndələri tərəfindən imzalanıb. Livanın cənubunda uzun illərdir davam edən münaqişənin əsas tərəflərindən biri olaraq “Hizbullah” şiə hərbi-siyasi təşkilatı isə danışıqlarda iştirak etməyib. Məhz bu səbəbdən hazırkı razılaşmalara regionun ən uzunmüddətli münaqişələrindən birinə son qoyulmasından daha çox diplomatik prosesin yeni mərhələsi kimi yanaşılır.

 

Sazişin imzalanması niyə məhz indi mümkün oldu?

Sənədin imzalanmasından əvvəl İsraillə “Hizbullah” arasında qarşıdurmanın növbəti pikindən sonra başlamış bir neçə aylıq fəal diplomatik fəaliyyət dövrü olub. Döyüş əməliyyatları qarşılıqlı zərbələr, sərhədyanı rayonların dağıdılması və sərhədin hər iki tərəfində dinc sakinlərin kütləvi köçürülməsi ilə müşayiət olunub. Belə şəraitdə Vaşinqton vasitəçilik səylərini gücləndirərək bildirib ki, məsələnin həlli üçün yalnız atəşkəs kifayət deyil. Amerikalılar bildiriblər ki, artıq yeni gərginliyin qarşısını alacaq siyasi mexanizm zərurəti var.

Razılaşmanın konsepsiyasına əsasən, saziş Livanın suverenliyinin tam bərpası, “Hizbullah”ın tərksilah edilməsi və onun hərbi infrastrukturunun ləğvi üzrə strukturlaşdırılmış prosesi də nəzərdə tutur. Nəzarət məqsədilə ABŞ, İsrail və Livanın iştirakı ilə üçtərəfli hərbi koordinasiya mexanizminin yaradılması da planlaşdırılır. Sazişin əsasını qarşılıqlı öhdəliklərin mərhələli şəkildə yerinə yetirilməsi prinsipi təşkil edir. Təklif olunan modelə əsasən, Livan hakimiyyəti ölkənin cənub rayonları üzərində dövlətin tam nəzarətini bərpa etməli, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin müddəalarını yerinə yetirilməlidir. Xatırladaq ki, sözügedən qətnamə Litani çayının cənubunda dövlət nəzarətindən kənarda silahlı birləşmələrin olmamasını nəzərdə tutur. Bu şərtlər həyata keçirildikcə İsrail öz bölmələrini Cənubi Livan ərazisindən mərhələli şəkildə çıxarmalıdır. Bütün bu prosesə nəzarətin ABŞ-ın vasitəçiliyi ilə yaradılacaq koordinasiya mexanizmi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Lakin tərəflərdən heç biri sənədin imzalanmasının avtomatik olaraq münaqişənin başa çatması anlamına gəldiyini iddia etmir. Bu, yalnız İsrail və Livanın siyasi iradəsindən deyil, həm də rəsmi Beyrutun razılaşmaların ən mürəkkəb hissəsini – ölkənin cənubu üzərində tam nəzarəti təmin etmək vəzifəsini yerinə yetirmək qabiliyyətindən asılıdır. Hazırda əsas sınağa çevrilmiş məsələ məhz budur.

 

Münaqişədə “Hizbullah” əsas qüvvəyə necə çevrildi?

Yeni sazişin əsas bəndlərindən birinin “Hizbullah”ın tərksilah edilməsi olmasının səbəbini anlamaq üçün münaqişənin tarixinə müraciət etmək lazımdır. Onun kökləri Livanda vətəndaş müharibəsi dövrünə (1975-1990) gedib çıxır. Həmin dövrdə ölkənin cənubu tədricən İsrail ordusu, Fələstinin silahlı birləşmələri və çoxsaylı Livan qruplaşmaları arasında qarşıdurma meydanına çevrilmişdi. Nəhayət, 1982-ci ildə İsrail “Livan ərazisində yerləşən Fələstin Azadlıq Təşkilatının bazalarından gələn hücumların dayandırılması” məqsədi ilə “Qalileyaya sülh” adlı hərbi əməliyyata başlayıb. İranın dəstəyi ilə “Hizbullah” şiə təşkilatı da məhz bundan sonra formalaşmağa başladı. Əvvəlcə hərəkat özünü İsrailin hərbi mövcudluğuna qarşı müqavimət qüvvəsi kimi təqdim edib. Artıq 1980-ci illərin ortalarına doğru o, Livanın ən nüfuzlu siyasi və hərbi oyunçularından birinə çevrilib. Sonrakı onilliklər ərzində Tehran təşkilata maliyyə, hərbi və siyasi dəstək göstərərək onu Yaxın Şərqdə özünün əsas müttəfiqinə çevirib.

2000-ci ildə İsrail Cənubi Livan ərazisinin böyük hissəsindən qoşunlarını çıxarsa da, bu, münaqişənin tam həllinə səbəb olmayıb. “Hizbullah” bəyan edib ki, silahlı müqavimət bütün ərazi mübahisələri, ilk növbədə Livanın işğal olunmuş ərazi saydığı, İsrailin isə Holan təpələrinin bir hissəsi kimi qiymətləndirdiyi Şebaa fermaları ətrafındakı məsələ həll olunana qədər davam etdiriləcək.

İsrail ilə “Hizbullah” arasında yeni böyük müharibə 2006-cı ilin yayında hərəkat döyüşçülərinin İsrail patruluna hücum etməsi və iki yəhudi hərbçini əsir götürməsindən sonra başlayıb. O zaman 34 gün davam edən döyüşlər kütləvi aviazərbələr, raket hücumları və quru əməliyyatı ilə müşayiət olunub. Münaqişə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin qəbul edilməsindən sonra başa çatıb. Qətnamə atəşkəsi, Livanın cənubuna hökumət qoşun bölmələrinin yerləşdirilməsini, BMT sülhməramlı missiyasının gücləndirilməsini və Litani çayının cənubunda dövlət nəzarətində olmayan silahlı birləşmələrin ləğvini nəzərdə tuturdu. Lakin sənədin bir çox müddəası tam şəkildə həyata keçirilməyib. İsrail dəfələrlə bəyan edib ki, “Hizbullah” hərbi infrastrukturunu gücləndirməyə, sərhədyanı rayonlarda raket potensialını artırmağa davam edir. Hərəkat rəhbərliyi isə öz növbəsində, Livanın İsrailin mümkün təcavüzündən qorunması üçün silahlı qanadın saxlanılmasının zəruri olduğunu bildirib.

Beləliklə, bu gün “Hizbullah”ın tərksilah edilməsi məsələsi yeni diplomatik prosesin məğzinə çevrilib. İsrail üçün bu şərtin yerinə yetirilməsi ölkənin şimal rayonlarının təhlükəsizliyinin əsas təminatıdır. Təşkilatın özü və Livandakı müttəfiqləri üçün isə bu, mövcud qüvvələr balansının dəyişdirilməsi deməkdir. Yanaşmalardakı məhz bu prinsipial fərq yeni imzalanmış sazişin həyata keçirilməsinə əsas maneə hesab olunur.

 

Diplomatiya və siyasi reallıq arasında

Sənədin imzalanmasından sonra verilən ilk rəsmi bəyanatlar göstərib ki, danışıqlar masası arxasında qarşılıqlı anlaşmaya nail olmaq münaqişə iştirakçılarının əldə olunmuş razılaşmaları dəstəkləməsindən xeyli asan imiş.

Vaşinqton sənədi nizamlanmanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirir. Marko Rubionun sözlərinə görə, bu, Livanın tam suverenliyinin bərpasına, “Hizbullah”ın tərksilahına, həm İsrail, həm də Livan üçün uzunmüddətli təhlükəsizlik şəraitinin yaradılmasına aparıb çıxarmalıdır. ABŞ tərəfi həmçinin üçtərəfli hərbi koordinasiya mexanizmi vasitəsilə sazişin həyata keçirilməsinə kömək etməyə hazır olduğunu bildirir.

İsraildə əldə olunmuş razılaşma ehtiyatlı nikbinliklə qarşılanıb. Baş nazir Binyamin Netanyahu deyib ki, bu sənəd uzunmüddətli nizamlanma üçün imkan yaradır. Bununla yanaşı, o, İsrail qoşunlarının “Hizbullah” təhlükəsinin aradan qaldırılmasınadək Livanın cənubunda qalacağını söyləyib. Baş nazir İsrailin öz təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlər görmək hüququnu özündə saxladığını da əlavə edib.

Livanın Baş naziri Nəvvaf Salam isə bildirib ki, razılaşma İsrail qoşunlarının ölkənin bütün ərazisindən çıxarılmasını və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq ölkəyə tam dövlət nəzarətinin bərpasını təmin etməlidir. O hesab edir ki, ölkənin bütün ərazisində təhlükəsizlik məsələləri üzrə müstəsna səlahiyyətlər məhz Livan dövlətinə məxsus olmalıdır.

Sazişə ən sərt etiraz gözlənildiyi kimi, “Hizbullah”dan gəlib. Hərəkatın lideri Naim Qasim tərksilah tələblərini rədd edərək bildirib ki, təşkilat silahdan imtina etmək niyyətində deyil. O, “İsrail tərəfindən təhlükə davam etdiyi müddətdə” müqavimətin də davam edəcəyini söyləyib. Qasimin fikrincə, təklif olunan nizamlanma modeli Livanın maraqlarına cavab vermir və onun qəbul edilməsi faktiki olaraq, İsrail qarşısında təslim olmaq deməkdir.

Tənqidi bəyanatlar Tehranda da eşidilir. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Livanın gələcəyi ilə bağlı bütün qərarlar yalnız Livan xalqı və qanuni dövlət institutları tərəfindən qəbul edilməlidir. O, Livanda müharibənin dayandırılmasının istənilən davamlı nizamlanmanın ayrılmaz hissəsi olduğunu, müqavimət qüvvələrinə tərksilahın zorla qəbul etdirilməsi cəhdlərinin isə sabitliyə nail olunmasına kömək etmədiyini deyib. Beləliklə, İran tərəfi göstərir ki, o, “müqavimət oxu” adlandırılan qüvvələrin məcburi tərksilahını nəzərdə tutan yanaşmaları dəstəkləmir.

Sazişin perspektivinə Livanın daxilindəki bəzi nüfuzlu siyasətçilər də skeptik yanaşıtlarş. Məsələn, parlamentin sədri Nəbih Berri sənədin hazırkı formada istifadə oluna biləcəyinə şübhə etdiyini bildirib.

Beləliklə, ilk rəsmi reaksiyalar göstərir ki, əsas fikir ayrılıqları sənədin imzalanması faktı ilə deyil, onun həyata keçirilməsi şərtləri ilə bağlıdır. Əgər ABŞ, İsrail və Livanın rəsmi hakimiyyətləri sazişi uzunmüddətli nizamlanma üçün əsas kimi qiymətləndirirlərsə, “Hizbullah”, İran və Livan siyasi rəhbərliyinin bir hissəsi onun əsas müddəalarını rədd edir.

Amma istənilən halda, Vaşinqtonda əldə olunmuş razılaşma Yaxın Şərqləı bağlı son onilliklərin ən mühüm diplomatik təşəbbüslərdən biri kimi qiymətləndirilir. Uzun illərdən sonra ilk dəfədir ki, İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə yalnız atəşkəs barədə deyil, həm sərhəddə daimi gərginliyin səbəblərini aradan qaldırmalı olan siyasi mexanizm barədə razılığa gəliblər. Doğrudur, imzalanmış sənəd hələ sülhün başlanması demək deyil. Onun müddəalarının əksəriyyəti (Livan dövlətinin ölkənin cənubu üzərində tam nəzarətinin bərpasından tutmuş, “Hizbullah”ın tərksilahına və İsrail qoşunlarının bu ərazilərdən çıxarılmasına qədər) hələ praktik olaraq həyata keçirilməlidir. Prosesin bütün iştirakçıları üçün əsas sınaq da məhz bu mərhələ olacaq.

Son təşəbbüsün vəziyyəti dəyişə bilib-bilməyəcəyini heç kim proqnozlaşdırmağa tələsmir. Lakin artıq aydındır ki, Vaşinqtonda imzalanmış saziş İsrail-Livan münaqişəsi tarixində yeni səhifə açır. Bu səhifənin uzunmüddətli nizamlanmanın başlanğıcı olacağı, yoxsa həyata keçirilməmiş sülh təşəbbüsləri siyahısına əlavə ediləcəyi qarşıdakı aylarda məlum olacaq.



MƏSLƏHƏT GÖR:

65