XƏZƏRDƏ TƏRƏFDAŞLIQ
Türkmənistan Prezidentinin Azərbaycana səfəri birgə işgüzar layihələrin yeni istiqamətlərini müəyyənləşdirib
Müəllif: Ağasəf NƏCƏFOV
Orta Dəhliz üzrə neft və qeyri-xammal yüklərinin tranzitinə artan tələbat Xəzər regionu dövlətlərini nəqliyyat infrastrukturunun inkişafını sürətləndirməyə, liman qovşaqlarını fəal şəkildə modernləşdirməyə və yük donanmasını artırmağa sövq edir.
Energetika və nəqliyyat, xüsusilə, Azərbaycan-Türkmənistan əməkdaşlığının əhəmiyyətli hissəsini təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədov arasında danışıqlar məhz bu əsas istiqamətlərin inkişaf perspektivlərinə həsr olunub.
Nəqliyyat və energetika
Azərbaycan və Türkmənistan Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Onların iqtisadi inkişaf strategiyalarının birləşdirilməsi üzrə birgə səyləri təkcə iki xalq üçün deyil, həm də geniş Avrasiya regionu üçün böyük potensiala malikdir.
Təsadüfi deyil ki, iyunun 22-23-də Türkmənistan Prezidentinin Azərbaycana səfəri iki dövlət arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində və işgüzar kooperasiyanın genişləndirilməsində mühüm mərhələ olub. İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı qeyd edib ki, həm geniş tərkibdə, həm də təkbətək formatda keçirilən danışıqlarda ikitərəfli gündəliyin bir çox məsələləri müzakirə edilib və iki ölkənin qarşılıqlı fəaliyyətinin sonrakı yolları müəyyənləşdirilib: “Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır”.
Azərbaycan dövlət başçısı nəqliyyat-logistika sahəsində tərəfdaşlığın genişləndirilməsinin zəruriliyinə də diqqət çəkib ki, bu sahə təkcə region dövlətləri üçün deyil, geniş coğrafiya üçün strateji xarakter daşıyır, çünki bu gün dünyada bir-biri ilə əməkdaşlıq edən ölkələri birləşdirən etibarlı, təhlükəsiz nəqliyyat yolları o qədər də çox deyil. “Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə, təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”, - Azərbaycan lideri bildirib.
Bu məqamda qeyd edək ki, Bakı və Aşqabadın nəqliyyat-logistika istiqamətindəki qarşılıqlı fəaliyyəti prosesində böyük məhsuldar təcrübə toplanıb və burada əsas baza energetika sahəsi olub. Artıq 15 ildən çoxdur ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına tədarük olunur. Belə ki, Azərbaycan ərazisindən tranzitlə dünya bazarlarına 36 milyon tondan çox karbohidrogen nəql edilib. Türkmənistan neft məhsulları və yanacağı isə Gürcüstanın Kulevi limanında SOCAR-a məxsus “Black Sea” terminalı vasitəsilə xarici bazarlara çıxarılır.
2021-ci ildən başlayaraq Bakı, Aşqabad və Tehran üçtərəfli razılıq çərçivəsində təbii qazın svop tədarüklərini həyata keçirirlər. Bu, uzunmüddətli planlarda daha böyük miqyasda icra oluna bilər.
İki ölkə arasında energetika sahəsində mühüm irəliləyiş isə Xəzər dənizindəki “Dostluq” yatağının birgə işlənilməsi və karbohidrogen xammalının ixracının təşkili barədə razılaşmalar görünür.
“Türkmənistanın 2011-2030-cu illər üçün sosial-iqtisadi inkişafının Milli proqramı”na uyğun olaraq 2030-cu ilə qədər neft hasilatının 67 milyon tona, təbii qaz hasilatının isə ildə 230 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bu zaman 180 milyard kubmetr “mavi yanacağ”ın ixrac edilməsi nəzərdə tutulur. Bu, gələcək Türkmənistan ixracının strukturunda Xəzərin neft-qaz seqmentinin əhəmiyyətini artırır və Azərbaycan vasitəsilə trans-Xəzər tranziti üçün dəniz logistikasının və nəqliyyat infrastrukturunun genişləndirilməsinin rolunu birbaşa yüksəldir.
Bu baxımdan Bakı və Aşqabadın Xəzərdə donanmanın artırılması, o cümlədən Azərbaycanın iki ölkənin limanları arasında xammalın dəniz daşınmaları üçün istifadəsi planlaşdırılan neft tankerinin təhvil verilməsi üzrə əməkdaşlığı tamamilə məntiqli görünür. Prezidentlərin onlayn formatda iştirakı ilə Bakı gəmiqayırma zavodunda inşa edilmiş, daşıma tutumu 7875 ton və su çəkimi 4,54 m olan “Dostluq” neft tankerinin Türkmənistana hədiyyə verilməsi mərasimi keçirilib.
Bakı və Aşqabadın gəmiqayırma sahəsindəki əməkdaşlığı trans-Xəzər tranzitinin inkişafında ciddi komponentə çevrilir. Mühüm addım “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə Türkmənistanın “Balkan” gəmiqayırma zavodunda inşa edilmiş “Gadamly” yükdaşıyan gəmisinin mayın 12-də Ələt limanına gəlməsi olub. Yükqaldırma qabiliyyəti 6100 ton olan yükdaşıyan gəmi 240 standart 20 futluq konteyner daşıya bilir. O, Bakı və Türkmənbaşı limanları arasında daşınmalarda istifadə ediləcək.
Qeyri-neft seqmenti
Ənənəvi neft-qaz trekindən əlavə, Azərbaycan və Türkmənistanın profil qurumları bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırlar: o cümlədən Avropa ölkələrinə perspektiv “yaşıl elektrik enerjisi” tədarükləri çərçivəsində. Bu baxımdan təxminən bir il əvvəl Türkmənistan və Qazaxıstan hökumətləri Xəzər dənizi vasitəsilə sualtı enerji kabelinin çəkilməsində iştirak etməyə və perspektiv “Black Sea Energy” sisteminə elektrik enerjisinin tranzitini təmin etməyə hazır olduqlarını rəsmən bəyan ediblər.
Bakı və Aşqabad qeyri-neft məhsullarının ticarətini və tranzitini ardıcıl olaraq artırır, mineral, kənd təsərrüfatı və digər xammalların trans-Xəzər marşrutu ilə davamlı daşınmasını təmin edir. Bu trendin reallaşdırılmasına liman və dəmiryolu infrastrukturlarının genişləndirilməsi, rəqəmsallaşma və Orta Dəhliz üzrə yük trafikinin artırılması üçün transsərhəd prosedurların sadələşdirilməsi üzrə birgə səylər yönəlib.
Yüklərin, o cümlədən konteyner yüklərinin tranzitinin şaxələndirilməsi üçün trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun trafikinin bir hissəsinin Türkmənistana yönləndirilməsi barədə qərar qəbul edilib. 2023-cü ilin əvvəlindən dəniz fider konteyner daşımalarına start verilib, bərələr fəaliyyət göstərir. Yükdaşımaların artırılmasının ən mühüm istiqaməti Ələt limanının potensialından istifadə etməklə gübrələrin və digər tökmə yüklərin tranziti kimi görünür. 2023-cü ilin sonunda Bakı Beynəlxalq Dəniz Limanının ərazisində illik ötürmə qabiliyyəti 2,5 milyon ton olan müasir gübrə terminalı istismara verilib: bu, Aktau və Türkmənbaşı limanlarından gələn tökmə yüklərin qəbuluna, kükürd, karbamid və ammonium-nitrat gübrələrinin tranzitinə hesablanmış Xəzərdəki ən güclü profilli terminaldır.
Trans-Xəzər marşrutuna tələbat dinamik şəkildə artır, bununla əlaqədar Azərbaycan və Türkmənistan qeyri-neft yüklərinin daşınmasının genişləndirilməsi sahəsində də fəal əməkdaşlıq edirlər.
Beləliklə, yeddi il əvvəl işə salınmış Lapis-Lazuli layihəsi çərçivəsində Əfqanistanın Herat vilayətindəki Torqundi şəhərini Aşqabadla, daha sonra Türkmənbaşı və Ələt limanları vasitəsilə Gürcüstandan keçərək Türkiyə ilə birləşdirəcək perspektiv nəqliyyat vektoru yaradılır.
Yeri gəlmişkən, Sərdar Berdiməhəmmədov nəqliyyat-tranzit sahəsini əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qeyd edib. Türkmənistan və Azərbaycanın əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını vurğulayıb. Bu kontekstdə Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Məsələləri üzrə Komissiyanın fəaliyyətinin daha da fəallaşdırılmasını təklif edib. S.Berdiməhəmmədov qeyd edib ki, Əfqanistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi uğurlu tərəfdaşlığın nümunəsidir və Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər-Qara dəniz dəhlizinin yaradılması təşəbbüsü də dəstəklənir. Türkmənistan Prezidentinin sözlərinə görə, Xəzər və Qara dəniz regionlarının birləşdirilməsi iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar açır.
Nəticələr
İki ölkə prezidentlərinin danışıqları çərçivəsində ticarət, işgüzar və investisiya tərəfdaşlığının prioritet istiqamətləri müzakirə edilib. Türkmənistan dövlət başçısı tərəfindən əsas istiqamətlər arasında energetika, dəniz gəmiçiliyi, kimya və toxuculuq sənayesi, eləcə də bir sıra digər sahələr qeyd edilib. Bakıdakı görüş zamanı nəzərdən keçirilmiş işgüzar təşəbbüslərin ətraflı işlənməsindən sonra konkret layihələr Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiyanın gündəliyinə çıxarılacaq.
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Birgə Bəyanat imzalayıb və ikitərəfli sənədlərin - protokolların və qarşılıqlı fəaliyyət haqqında memorandumların mübadiləsi mərasimində iştirak ediblər. Bu sənədlər arasında 2026-2028-ci illər üçün sənaye sahəsində əməkdaşlıq proqramı, energetika sahəsində və iqtisadi tərəfdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri üzrə sazişlər, iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Mərkəzi Bankı və Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında qarşılıqlı fəaliyyət haqqında memorandumlar və s. var.
Səfərin ikinci günündə Azərbaycan və Türkmənistan liderləri Füzuli və Şuşanı ziyarət ediblər, burada aparılan bərpa işləri və işğaldan azad edilmiş ərazilərin inkişafı planları ilə tanış olublar. Ali qonağa həmçinin Türkmənistan tərəfindən Füzuli şəhərində inşa edilən məscid barədə məlumat verilib: məscid kompleksinin sahəsi 1 hektarı keçəcək, burada hər birinin hündürlüyü 40 metr olan iki minarə ucaldılacaq, əsas günbəzin hündürlüyü isə 30 metr olacaq. Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək. Bu məscidin təməli 2025-ci ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Sammiti zamanı Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən onlayn formatda qoyulmuşdu.
Səfərin daha bir əlamətdar hadisəsi mənzərəli Cıdır düzündə məşhur Qarabağ atlarının iştirakı ilə şou-proqram olub. İki xalq arasında sarsılmaz dostluğun rəmzi olaraq Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib.
Bu səfər bir daha artan siyasi dialoqun, tez-tez baş verən yüksək səviyyəli təmasların və razılaşmalar şəbəkəsinin iki ölkə arasında gələcək tərəfdaşlıq üçün nəhəng potensialı necə açdığını nümayiş etdirib. Bu, türk dövlətlərinin genişlənən qarşılıqlı əlaqəsi fonunda - xüsusilə nəqliyyat, logistika və enerji əlaqələndirilməsi sahəsində son dərəcə vacibdir ki, bu da Azərbaycan və Türkmənistanın daha geniş Avrasiya regionunda əsas oyunçular rolunu möhkəmləndirir.
MƏSLƏHƏT GÖR:




59

