15 Sentyabr 2026

Çərşənbə axşamı, 19:58

ANKARA NATO-nu DƏYİŞİR

Alyansın yeni strategiyasının memarlarından biri Türkiyədir

Müəllif:

15.07.2026

Son dövrlərdə keçirilən beynəlxalq tədbirlər arasında yəqin ki, NATO-nun 7-8 iyul tarixlərində Ankarada baş tutmuş sammiti qədər maraq doğuran başqa tədbirolmayıb. Təsadüf deyil ki, onun nəticələri hələ də dünyanın müxtəlif ölkələrində siyasətçilər və ekspertlər tərəfindən təhlil olunmaqdadır. Sammitdə müzakirə edilən məsələlərin miqyası və qəbul olunan qərarlar onu Alyansın bipolyar sistemdən sonrakı tarixində ən mühüm toplantılardan biri saymağa əsas verir. Əslində, NATO-nun 2022-ci il Strateji Konsepsiyasının qəbulundan sonra başlanmış yeni inkişaf modelinin formalaşması prosesinin məhz Ankarada tamamlandığını da söyləmək olar.

 

Gündəliyin formalaşdırılması

İyul toplantısı zamanı Ankaranın rolu sadəcə sammitin təşkilatçısı olmaqla məhdudlaşmayıb. NATO-nun cənub cinahı, müdafiə sənayesinin inkişafı, Alyans daxilində məsuliyyətin yenidən bölüşdürülməsi və regional təhlükəsizliyin perspektivləri ilə bağlı məsələlərin müzakirəsində əsas istiqamətləri məhz Türkiyə müəyyənləşdirib.

Bununla yanaşı, sammitin ən mühüm siyasi hadisələrindən biri ABŞ ilə Türkiyə arasında ali səviyyədə keçirilən danışıqlar olub. Bu danışıqların nəticələri ikitərəfli münasibətlərin hədlərini aşa bilər.

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın bildirib ki, bu tədbir Türkiyə paytaxtında keçirilməsəydi və onun təşkilatçısı Prezident Rəcəb Tayyib Ərdoğan olmasaydı, o, “bəlkə də ümumiyyətlə sammitə qatılmazdı”. Bütün bunlar həm Türkiyənin ABŞ-nin xarici siyasətində, həm də ümumilikdə dünyada artan rolundan xəbər verir.

Təsadüfi deyil ki, görüşün əsas mövzuları arasında CAATSA sanksiyalarının (Vaşinqtonun rəqibləri ilə sanksiyalar vasitəsilə ilə mübarizəsinə dair qanun) ləğvi perspektivləri, Türkiyənin F-35 proqramına mümkün qayıdışı və hərbi-texniki əməkdaşlığın bərpası da yer alıb. Əslində, Vaşinqton özünün Avrasiya strategiyasındaTürkiyənin yerinə yenidən baxmağa başlayır və etiraf edir ki, əvvəlki sanksiya təzyiqi siyasəti qarşıya qoyulan məqsədlərə nail olunmasına kömək etməyib.

Bu gün Türkiyə artıq xarici hərbi texnika nümunələrindən asılı deyil və pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, raketlər, eləcə də KAAN milli qırıcı təyyarəsi daxil olmaqla müasir silahların böyük hissəsini müstəqil şəkildə istehsal etmək iqtidarındadır. Başqa sözlə, tətbiq olunan sanksiyalar Türkiyənin müdafiə sahəsi sahəsində müstəqilliyini daha da gücləndirib. Məhz buna görə də Trampın həmin sanksiyaların ləğvinə hazır olması və Türkiyənin “F-35” proqramına qayıtması məsələsinə baxacağını deməsi əvvəlki siyasətin səmərəsizliyinin etirafı kimi qiymətləndirilməlidir.

ABŞ-nin bu məsələyə yanaşmasına yenidən baxmasının əsas səbəbi, ilk növbədə, regionda geosiyasi vəziyyətin dəyişməsidir. Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyə bu ölkənin yeni rəhbərliyinə təsir göstərən əsas xarici oyunçuya çevrilib. Eyni zamanda, İsrail və ABŞ-ın İranla apardıqları müharibədən sonra Türkiyənin əhəmiyyəti bir qədər də artıb. Belə ki, indi Vaşinqton təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilən regional müttəfiqlərə daha çox arxalanmağa başlayıb.

Digər mühüm istiqamət Cənubi Qafqazdır. Türkiyə Orta Dəhlizin inkişafında əsas iştirakçısı, ABŞ-nin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni nəqliyyat-logistika sisteminin formalaşdırılmasına yönəlmiş TRIPP layihəsinin mərkəzi elmentidir. Bununla yanaşı, Ankara Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsilə Mərkəzi Asiyadada  öz mövqelərini gücləndirir ki, bu da Rusiyanın təsirinin zəiflədiyi və Çinin gücləndiyi şəraitdə onu Vaşinqon üçün mühüm tərəfdaşa çevirir.

Bu baxımdan, Türkiyənin Qərbin müasir silahları ilə bağlı proqrama qayıdışı Vaşinqton üçün sadəcə hərbi-texniki əməkdaşlığın bərpası deyil, həm də Ankaranın uzunmüddətli strateji qarşılıqlı asılılıq sisteminə yenidən inteqrasiyası deməkdir. Mövcud fikir ayrılıqlarına baxmayaraq, ABŞ artıq təzyiq siyasətindən çox, Türkiyənin Qərbin təhlükəsizlik arxitekturasına qaytarılmasında maraqlıdır.

 

Rusiya əsas təhlükə kimi

Sammitin gündəliyinə qayıdaraq qeyd etmək lazımdır ki, onun ən mühüm siyasi qərarlarından biri Rusiya ilə bağlı sərt mövqeyin saxlanılması olub. Bəyannamədə Rusiyanın “Avro-Atlantik təhlükəsizliyə yaratdığı uzunmüddətli təhlükə”dən bəhs edilir. Demək, NATO artıq hərbi planlarını Moskvanın Ukrayna ilə müharibədə sarsıdıcı məğlubiyyətə uğraya biləcəyi, yaxud bu ölkədə ərazi əldə etmək hədəfindən imtina edəcək qüvvələrin hakimiyyətə gələcəyi ehtimalı üzərində qurmur. Əgər belə dəyişikliklər olsa belə, onların yaxın perspektivdə baş verəcəyi gözlənilmir. Bu isə o deməkdir ki, silahlı qüvvələrin, müdafiə sənayesinin və kollektiv müdafiə sisteminin inkişafı Rusiya-Ukrayna münaqişəsinin gələcək inkişafından asılı olmayaraq, Moskvanın uzunmüddətli çəkindirilməsi zərurətindən çıxış etməklə həyata keçirilməlidir.

Son dörd il ərzində Şimali Atlantika Alyansı təhlükəsizlik sisteminin, demək olar ki, bütün əsas elementlərinə yenidən baxıb. Hərbi planlaşdırmaya yanaşmalar dəyişib, yüksək hazırlıqlı qüvvələrin strukturunda islahatlar aparılıb, yeni regional müdafiə planları təsdiqlənib, müdafiə-sənaye bazasının genişmiqyaslı bərpasına başlanılıb, avropalı müttəfiqlər isə hərbi xərclərin kəskin artırılması barədə öhdəlik götürüb. Ankara isə indi bütün bu qərarları vahid strateji konstruksiyada birləşdirərək, əslində uzun sürən islahatlar dövrünə yekun vurub.

Bu dəyişikliklərin ardıcıllığı NATO-nun son sammitlərində qəbul edilən qərarlarda da aydın görünür. 2023-cü ildə keçirilmiş Vilnüs sammiti yeni kollektiv müdafiə sisteminin təcrübədə həyata keçirilməsinə yönəlmiş, 2024-cü ilin Vaşinqton toplantəsə Ukraynaya uzunmüddətli dəstək, müdafiə sənayesinin inkişafı və Alyansın texnoloji üstünlüyü kursunu möhkəmləndirmiş, 2025-ci ildə Haaqada müttəfiqlər müdafiə və təhlükəsizlik xərclərinin ümumi həcmini ÜDM-in 5%-nə çatdırmaq barədə razılığa gəlmiş və bununla gələcək transformasiyanın maliyyə əsasını yaratmışdılar. Ankara isə bu prosesi tamamlayaraq ona siyasi və təşkilati baxımdan yekun xarakter verib.

 

Ağırlıq mərkəzi Avropaya keçir?

Ankarada müzakirəyə çıxarılan məsələlərin son dərəcə əhatəli olması məhz bununla izah edilir. Burada mərkəzi yeri sadəcə Ukraynaya gələcək dəstək və Rusiyanın çəkindirilməsi siyasəti tutmayıb. Müzakirələrin əhəmiyyətli hissəsi Avropanın müdafiə sənayesinin inkişafına, sursat, hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli yüksək dəqiqlikli silahların istehsal gücünün artırılmasına, süni intellekt texnologiyalarının hərbi sahəyə tətbiqinə, kritik infrastrukturun qorunmasına, Alyansın cənub cinahının möhkəmləndirilməsinə və ABŞ ilə avropalı müttəfiqlər arasında məsuliyyətin yenidən bölüşdürülməsinə həsr edilib. Sammitdə Avropanın uzaqmənzilli yüksək dəqiqlikli zərbə vasitələrinin inkişafına xüsusi diqqət yetirilib. Böyük Britaniya bir sıra avropalı müttəfiqlərlə birlikdə dəyəri 50 milyard ABŞ dollarından artıq olan uzunmüddətli proqramın icrasına başlanıldığını elan edib. Bu proqram 300 kilometrdən 2000 kilometrdən artıq məsafəyədək uçuş imkanına malik raket sistemləri ailəsinin yaradılmasını nəzərdə tutur. Əslində, söhbət, strateji əhəmiyyətli hədəfləri ABŞ silahlarından kritik asılılıq olmadan məhv etməyə qadir, nüvə silahı daşımayan yüksək dəqiqlikli çəkindirmə komponentinin formalaşdırılmasından gedir.

Sammitdə heç də az əhəmiyyət daşımayan daha bir mövzu müdafiə sənayesində istehsal imkanlarının genişləndirilməsilə bağlı olub. Müttəfiqlər etiraf etdilər ki, mövcud istehsal gücləri yüksək intensivlikli müasir münaqişənin tələblərinə cavab vermir. Rusiya-Ukrayna müharibəsi göstərir ki, sursatların, raketlərin və hava hücumundan müdafiə vasitələrinin istifadəsi onların istehsal tempini əhəmiyyətli dərəcədə üstələyir. Nəticədə hərbi xərclərin artırılması artıq özlüyündə kifayət edəcək tədbir hesab olunmur. Əsas vəzifə silah istehsalını qısa müddətdə artırmağa və uzunmüddətli münaqişə şəraitində orduların davamlı təchizatını təmin etməyə qadir sənaye bazasının yaradılmasıdır.

Sammitin yekun bəyannaməsi də ayrıca diqqətəlayiqdir. Mətndəki ifadələrin əhəmiyyətli hissəsi müttəfiqlər arasında mövcud olan ən kəskin ziddiyyətləri yumşaltmaq cəhdi sayıla bilər. Sənədin, demək olar ki, hər bir əsas bölməsi NATO-nun gələcəyi ilə bağlı müxtəlif yanaşmalar arasında əldə olunmuş kompromisləri əks etdirir.

Qeyd edək ki, baş verənlər fonunda ABŞ ilə avropalı müttəfiqləri arasında əsas ciddi fikir ayrılığı hələ də məsuliyyətin bölüşdürülməsi məsələsindədir. Donald Trampın Ağ Evə qayıdışı artıq on ildən çoxdur müzakirə olunan problemi yenidən gündəliyə çıxarıb: Vaşinqton Avropa dövlətlərindən Alyansda ABŞ-nin strateji liderliyinin qorunub saxlanması ilə xərclərin və hərbi öhdəliklərin daha böyük hissəsini öz üzərlərinə götürmələrini tələb edir. Bir çox Avropa ölkəsi üçün bu yanaşma yalnız müdafiə büdcəsinin artması deyil, həm də uzun illər ərzində ABŞ tərəfindən təmin edilmiş hərbi məsələlərin qısa müddətdə onların öz boynuna düşməsi deməkdir.

 

Fikir ayrılıqları maneə deyil

Bəyannamədə ABŞ-nin müttəfiqləri qarşısındakı öhdəliklərinin azalması təəssüratını yarada biləcək heç bir ifadə yoxdur. Bir tərəfdən, sənəd Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə “sarsılmaz sadiqliyi” təsdiqləyir, trans-Atlantik həmrəyliyin aparıcı rolunu bir daha vurğulayır. Digər yandan isə ilk dəfə olaraq avropalı müttəfiqlər və Kanadanın kollektiv müdafiəyə görə daha çox məsuliyyət daşıdıqları son dərəcə aydın şəkildə ifadə olunur. Beləliklə, bəyannamə eyni anda iki siyasi vəzifəni yerinə yetirir. O, ABŞ-nin müttəfiqlərini müdafiə etmək öhdəliyini saxladığını təsdiqləyir, eyni zamanda Avropa dövlətlərinin öz təhlükəsizliklərinin təmin edilməsində daha böyük maliyyə yükü və məsuliyyət götürmələri tələbini rəsmiləşdirir.

NATO-nun vahid müdafiə-sənaye bazasının yaradılması kursu ilə ayrı-ayrı müttəfiqlər arasında hərbi-texniki əməkdaşlıq sahəsində hələ də qüvvədə olan məhdudiyyətlər arasındakı ziddiyyət də az diqqət çəkmir. Sammit iştirakçılarının demək olar ki, bütün çıxışları silahların birgə istehsalının, sənaye kooperasiyasının genişləndirilməsinin və müdafiə texnologiyalarının sürətli inkişafının vacibliyinə həsr olunmuşdu. Türkiyə Prezidenti Ərdoğan bildirib ki, müdafiə sənayesi sahəsində siyasi motivlərlə tətbiq olunan əməkdaşlıq məhdudiyyətləri aradan qaldırılmadıqca, belə məqsədləri həyata keçirmək mümkün olmayacaq. Onun müttəfiqlər arasında mövcud maneələrin aradan qaldırılması çağırışı hər kəsə NATO-nun ən böyük silah istehsalçılarından biri hələ də bir sıra birgə proqramlara tam həcmdə inteqrasiya olunmadığını xatırladıb. Buna görə də Ankara kollektiv müdafiə prinsipinin müdafiə sənayesinə də şamil olunmasını təklif edir. Türkiyədə düşünürlər ki, silahların birgə hazırlanması və istehsalı istisnasız olaraq Alyansın bütün üzvləri üçün əlçatan olmalıdır.

Ümumilikdə Ankara sammiti göstərib ki, NATO inkişafın yeni mərhələsinə qədəm qoyur. Bu mərhələdə əsas çağırış artıq ümumi düşmənin müəyyənləşdirilməsi deyil, Alyans daxilində müxtəlif milli maraqların uzlaşdırılmasıdır. Mövcud fikir ayrılıqlarına baxmayaraq, müttəfiqlər siyasi birliyi qoruyub saxlaya, təşkilatın gələcək transformasiyası istiqamətində kursu institusional şəkildə möhkəmləndirə biliblər.

Bir sözlə, daxili fikir ayrılıqlarının kollektiv qərarlara çevrilməsi bacarığı NATO-nun əsas rəqabət üstünlüyü olaraq qalır.



MƏSLƏHƏT GÖR:

147