15 Sentyabr 2026

Çərşənbə axşamı, 19:58

HÖRMÜZ BÖHRANI

Vaşinqtonla Tehran arasındakı iyun razılaşması ilk ciddi sınaqdan çıxa bilmədi

Müəllif:

15.07.2026

 

Vaşinqtonla Tehran arasında iyun razılaşma ilk ciddi sınaqdan çıxa bilmədi

NATO-nun Ankarada keçiriləcək sammiti ərəfəsində ABŞ ilə İran növbətiqarşılıqlı raket zərbələrinə start veriblər. Bu, tərəflər arasında son dövrlərdə əldə olunmuş kövrək atəşkəsin nə qədər həssas olduğunu bir daha ortaya qoyub.

 

Yenə Hörmüz

Ölkələr arasında gərginliyin yenidən artmasına iyulun 7-də Hörmüz boğazından keçən üç kommersiya gəmisinə edilən hücumlar səbəb olub. Zərərçəkənlər arasında Qətər və Səudiyyə Ərəbistanı ilə əlaqəli tankerlərin də olduğu bildirilir. Amerika tərəfi hücumlara görə məsuliyyəti İranın üzərinə qoyaraq, baş verənləri atəşkəs rejiminin “təhlükəli və əsassız şəkildə” pozulması kimi qiymətləndirib.

ABŞ rəsmilərinin sözlərinə görə, qapalı təmaslar zamanı Tehran hücumları İranın siyasi rəhbərliyi ilə tam razılaşdırılmadan hərəkət edən ayrı-ayrı hərbi və ya təhlükəsizlik strukturlarının üzərinə atıb. Vaşinqton isə öz növbəsində bunu İran rəhbərliyinin siyasi və güc strukturlarını təmsil edən qanadları arasında fikir ayrılıqlarının mümkün əlaməti kimi şərh edib.

Lakin qeyd olunan versiyanı təsdiqləyən açıq faktlar mövcud deyil. Üstəlik, hücumlardan az əvvəl İranın hərbi komandanlığı Tehranın müəyyənləşdirdiyi marşrutlara əməl etməyən gəmilərə qarşı güc tətbiq olunacağına dair rəsmi xəbərdarlıq da etmişdi. Bu üzdən, hücumların rəsmi şəkildə sanksiyalaşdırılmış xarakter daşıdığını istisna etmək olmaz.

Beləliklə, iyulun 7-də ABŞ Mərkəzi Komandanlığı İran ərazisinə bir sıra zərbələrin endirildiyini elan edib. İran mənbələri ölkənin cənubundakı Sirik şəhərində yerləşən Taherui limanı ərazisinə 6 raketin düşdüyünü təsdiqləyib. Vaşinqton isə bəyan edib ki, zərbələr kommersiya gəmiçiliyinə hücumlar üçün istifadə edilən infrastruktur obyektlərinə yönəldilib.

Cavabında İran Birləşmiş Ştatların Fars körfəzi ölkələrində yerləşən hərbi obyektlərinə hücum edib. Tehranın iddiasına görə, xüsusilə ABŞ-nin Küveytdə yerləşən “Patriot” zenit-raket kompleksləri, Qətərdəki erkən xəbərdarlıq sisteminin yerləşdiyi obyekt və Bəhreyndə aviasiya yanacağı anbarı vurulub. Amerikanın İordaniyada yerləşən obyektlərinə də zərbələr endirilib. Vurulmuş hədəflərin tam siyahısı və dəymiş ziyanın miqyası barədə məlumat verilmir.

Daha sonra vəziyyət ticarət gəmiləri ilə bağlı məhdud insidentlərdən ABŞ və İran Silahlı qüvvələri arasında birbaşa zərbə mübadiləsinə keçib. Diqqətçəkən məqam ondan ibarətdir ki, Tehran ABŞ ilə davam edən qarşıdurma ilə yanaşı, İsrailin münaqişənin yeni mərhələsinə birbaşa cəlb olunmasının qarşısını almağa da çalışır. Qərb mediasının və ekspertlərinin qiymətləndirməsinə görə, İran rəhbərliyi İsrailin qarşıdurmada mümkün iştirakının müharibənin miqyasının qaçılmaz şəkildə genişləndirəcəyini, ABŞ-nin İsrailə hərbi dəstəyi gücləndirməsinə yol açacağını, diplomatik nizamlanma imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşmasına aparıb çıxaracağını düşünür. Tehran cavab tədbirlərini məhz buna görə əsasən bölgədəki ABŞ hərbi obyektlərinə yönəldir. Başqa sözlə, iranlılar İsrailin döyüş əməliyyatlarına yenidən qoşulmasına formal əsas verə biləcək addımlardan yayınır. Bu isə İran rəhbərliyinə münaqişəni nisbətən idarəolunan çərçivədə saxlamaq, Tehrana qarşı vahid ABŞ-İsrail hərbi cəbhəsinin formalaşmasının qarşısını almaq imkanı verir.

 

Birgə təzyiq taktikası

İyulun 8-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə növbəti zərbələri endirib. CENTCOM-un rəsmi məlumatına görə, Amerika qüvvələri hava hücumundan müdafiə sistemləri, sahil müşahidə vasitələri, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr, hərbi-dəniz qüvvələrinin obyektləri və İran sahillərində yerləşən logistika infrastrukturu da daxil olmaqla təxminən 90 hərbi obyektə zərbə endirib. Bundan bir gün əvvəl isə ABŞ təxminən 80 hədəfə, o cümlədən İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) məxsus 60-dan çox kiçik katerə zərbələr endirmişdi. Vaşinqton bəyan edib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum imkanlarını məhdudlaşdırmaqdır.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, gərginliyin ilk günlərində altı şəhərin atəşə tutulması nəticəsində azı 20 nəfər həlak olub, yüz nəfərdən çox insan yaralanıb. Maraqlıdır ki, ABŞ əməliyyatları rəsmi şəkildə başa çatdırdıqdan sonra belə, İran ərazisində yeni partlayışlar barədə məlumatlar yayılıb. Bu partlayışlara görə heç bir tərəf məsuliyyəti üzərinə götürməyib ki, bu da baş verənlərdə İsrailin və ya Fars körfəzi regionunun ayrı-ayrı dövlətlərinin mümkün iştirakı ilə bağlı ehtimalların yaranmasına yol açıb. Lakin bu versiyalar, hələ ki, təsdiqini tapmayıb.

ABŞ İrana qarşı iqtisadi təzyiqi də gücləndirir. İyulun 7-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) iyun ayından etibarən İran neftinin, neft və neft-kimya sənayesi məhsullarının istehsalına, tədarükünə və satışına icazə verən ümumi lisenziyanı ləğv edib, onu yalnız artıq başlanmış əməliyyatların başa çatdırılmasını nəzərdə tutan yeni lisenziya ilə əvəzləyib.

Bundan başqa, iyulun 10-da Vaşinqton İranın yeni ali rəhbəri Müctəba Xameneinin maliyyə strukturları və İİKK ilə əlaqəli 14 fiziki şəxsə, həmçinin təşkilata qarşı əlavə sanksiyalar paketi tətbiq edib. Məhdudiyyətlər İranın valyutadəyişmə məntəqələrini, xarici vasitəçi şirkətləri, həmçinin Vaşinqton tərəfindən İranın hakim elitasına məxsus aktivləri idarə etməkdə ittiham olunan bankir Əli Ənsarini də əhatə edib.

Beləliklə, Birləşmiş Ştatlar hərbi infrastruktura zərbələrin endirilməsi, neft ixracının məhdudlaşdırılması, yeni maliyyə sanksiyalarının tətbiqi və Fars körfəzində gəmiçilik rejiminin daha da sərtləşdirilməsi hədələrini özündə birləşdirən vahid təzyiq strategiyasına keçib.

 

Qəribə müharibə

Bu arada, NATO-nun Ankarada keçirilən sammitində ABŞ Prezidenti Donald Tramp iyunda elan olunmuş atəşkəsin başa çatdığını bildirib. O, İranı əldə edilmiş razılaşmaları sistemli şəkildə pozmaqda günahlandırıb, hücumların davam edəcəyi təqdirdə Vaşinqtonun yeni, daha miqyaslı zərbələrə əl atacağını deyib.

Beləliklə, Tramp faktiki olaraq, əvvəlki yanaşmadan imtina edib. Həmin yanaşmaya görə, ayrı-ayrı toqquşmalar bütün nizamlanma prosesini ləğv etməyən lokal pozuntular kimi qiymətləndirilə bilərdi. Tankerlərə hücumlardan və ardınca ABŞ ilə İran arasında birbaşa qarşılıqlı zərbələrə başlanılmasından sonra isə Ağ Ev iyun razılaşmalarının hərbi-siyasi əsasının artıq qüvvədə olmadığını elan edib.

Bununla belə, Vaşinqton danışıqlar prosesindən çıxdığını demir. İyulun 10-da Donald Tramp ABŞ-nin İranla təmasları davam etdirmək barədə razılığa gəldiyini bildirib, lakin eyni zamanda atəşkəs rejiminin artıq qüvvədə olmadığını bir daha dilə gətirib. Tehran isə onun danışıqların bərpası təşəbbüsünün məhz İran tərəfindən irəli sürüldüyünə dair iddiasını təkzib edib.

Atəşkəs razılaşmasının qüvvədən düşməsinə baxmayaraq, ABŞ ilə İran arasında diplomatik təmasların tamamilə kəsildiyini söyləmək olmaz. Bu işdə Oman, Qətər və Pakistan vasitəçilik missiyasını davam etdirir, gərginliyin daha da artmasının qarşısını almağa, tərəflərin danışıqlar masasına qayıtması imkanını qorumağa çalışırlar.

Müzakirələrin mərkəzində yenə də Hörmüz boğazı ətrafındakı vəziyyətdir. Vaşinqton Tehrandan kommersiya gəmilərinə hücumları dayandırmağı və beynəlxalq gəmiçiliyin sərbəstliyinə təminat verməyi tələb edir, İran isə öz növbəsində, israrla sahillərinə bitişik sularda gəmilərin hərəkətinə nəzarət etmək hüququnun olduğunu deyir. Hazırda razılaşmaların bərpasına əsas maneə məhz gəmiçilik rejimi ilə bağlı kompromisin olmamasıdır.

Tərəflər, hələ ki, tammiqyaslı danışıqlara qayıtmayıb. Lakin vasitəçilərin köməyi ilə kommunikasiya kanalları qorunub saxlanılır. Bu, gərginliyin dərhal genişlənməsi riskini azaltmağa imkan versə də, nə atəşkəs rejiminin bərpa olunduğunu, nə də yeni razılaşmaların əldə edildiyini göstərir.

İranın artıq keşmiş ali rəhbəri Əli Xameneinin dəfnindən sonra vəziyyət daha da mürəkkəbləşib. Ölkənin yeni rəhbəri Müctəba Xamenei bildirib ki, ölkəsi onun atasının ölümünün qisasını almaq niyyətindədir. Donald Tramp isə buna cavab olaraq bildirib ki, Tehran tərəfindən ona qarşı sui-qəsd cəhdinin olacağı təqdirdə ABŞ qüvvələrinin İrana miqyaslı zərbələrin endirilməsinə hazır vəziyyətə gətirilməsi haqda göstəriş verib.

Göründüyü kimi, bir tərəfdən danışıqlar davam edir, digər yandan yeni hərbi əməliyyatlara hazırlıq davamlı xarakter alır. Diplomatik kanallar bağlanmayıb, amma bu kanallar artıq sanki atəşkəsə dair formal mövzu olan rejimdən kənardadır.

 

Sülh formulu axtarışında

Yaranmış vəziyyəti ən doğru formada, yəqin ki, silahlı çəkindirmə şəraitində aparılan danışıqlar kimi xarakterizə etmək olar. ABŞ yeni zərbələr və sanksiyalar təhlükəsini saxlayaraq İranı gəmiçiliyə təzyiq göstərməkdən imtinaya, nüvə proqramı ilə bağlı güzəştlərə məcbur etməyə çalışır. Tehran isə öz növbəsində, Hörmüz boğazına nəzarəti və regiondakı Amerika obyektlərinə zərbə endirmək imkanını danışıqlarda əsas təzyiq vasitələri kimi istifadə edir.

Əslində, mövcud vəziyyət prinsipial məsələlər üzrə fikir ayrılıqlarının davam etdiyi şəraitdə tərəflər arasında istənilən razılaşmanın nə qədər kövrək və həssas olduğunu nümayiş etdirir. Tam mübaliğəsiz demək olar ki, münaqişənin yenidən alovlanması böyük ümidlər bəslənilən iyun memorandumunun ardıcıl şəkildə iflasa uğraması nəticəsində baş verib. Xatırladaq ki, həmin razılaşma döyüş əməliyyatlarının dayandırılmasını, Hörmüz boğazında gəmiçiliyin sərbəstliyinin bərpasını, sanksiya rejiminin müvəqqəti yumşaldılmasını və İranın nüvə proqramı da daxil olmaqla ən həssas məsələlər üzrə danışıqlara başlanmasını nəzərdə tuturdu. Lakin bu razılaşmanın həyata keçirilməsi elə əvvəldən ayrı-ayrı müddəaların formal şəkildə yerinə yetirilməsindən çox, Vaşinqtonla Tehranın münaqişənin daha da genişlənməsi riskini nəzarətdə saxlamaq qabiliyyətindən asılı idi. Son hadisələr göstərib ki, bu imkan hələ də olduqca məhduddur. Cəmi bir mübahisəli insident qarşılıqlı zərbələr zəncirini işə salmağa, sanksiya təzyiqini yenidən gündəmə gətirməyə və əvvəllər əldə olunmuş bütün irəliləyişi şübhə altına almağa kifayət edir. Buna görə də əsas problem yalnız gələcək razılaşmaların məzmununda deyil. Əsas çətinlik həm də ondadır ki, hər hansı yeni təxribatın aylarla davam edən diplomatik səylərin nəticələrini sıfıra endirməsini əngəlləyəcək dayanıqlı mexanizm hələ də mövcud deyil.

 



MƏSLƏHƏT GÖR:

85