10 Sentyabr 2026

Cümə axşamı, 21:05

AĞILLI LOGİSTİKA

“Bir pəncərə” sistemi Azərbaycanın xarici ticarətinin idarə edilməsi modelini dəyişir

Müəllif:

01.08.2026

Azərbaycan ərazisindən tranzit yük axınlarının sürətlə artması nəinki nəqliyyat infrastrukturunun genişləndirilməsini, həm də logistik proseslərin idarə edilməsində prinsipcə yeni keyfiyyət tələb edir. Yüklərin çatdırılma sürəti getdikcə daha çox dövlətlərin nə qədər operativ şəkildə məlumat mübadiləsi aparmasından, icazələri rəsmiləşdirməsindən və gömrük prosedurlarını həyata keçirməsindən asılıdır. Bu şəraitdə rəqəmsallaşma köməkçi alətdən beynəlxalq dəhlizlərin rəqabət qabiliyyətliliyinin əsas amillərindən birinə çevrilir.

Azərbaycanda yaradılmış “Bir Pəncərə İnformasiya Sistemi - Rəqəmsal Logistika Platforması” xarici ticarətin müxtəlif xidmətlərini, sənədlərini və proseslərini vahid elektron mühitdə birləşdirməlidir.

 

Hər şey bir dəfəyə

“Bir Pəncərə”İnformasiya Sisteminin rəsmi təqdimatı Azərbaycanda nəqliyyat və logistika sektorlarında aparılan rəqəmsal transformasiyanın növbəti mərhələsi olub. Platforma dövlət başçısının 15 dekabr 2025-ci il tarixli Fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb və ixrac, idxal, tranzit və nəqliyyat əməliyyatları ilə bağlı informasiyanı, xidmətləri və sənəd dövriyyəsini birləşdirir.

İndiyə qədər xarici iqtisadi fəaliyyət iştirakçıları müxtəlif elektron resurslar və dövlət qurumları ilə qarşılıqlı əlaqədə olmalı, eyni məlumatları dəfələrlə təqdim etməli idilər. Platformaların ayrı-ayrı olması inzibati yükü artırır, sənədlərin rəsmiləşdirilməsini uzadır və yükün bütün marşrutu boyu izlənilməsini çətinləşdirirdi. “Bir pəncərə” bunu aradan qaldıraraq şəffaf və izlənilə bilən xidmət göstərmə sistemi formalaşdırmağa yönəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin rəisi Fariz Əliyevin sözlərinə görə, layihənin əhəmiyyəti daha bir elektron resursun yaradılması çərçivəsindən xeyli kənara çıxır. “Bu sistem sadəcə yeni bir elektron platforma deyil. Bu, dövlət orqanlarını, sahibkarları və daşıyıcıları vahid rəqəmsal mühitdə birləşdirən, xarici ticarət proseslərini sadələşdirən və xidmətləri daha sürətli və əlçatan edən yeni idarəetmə modelidir. Sistemin əsas məqsədi dövlət və biznes arasında qarşılıqlı əlaqəni asanlaşdırmaq, əvvəllər idxal, ixrac və tranzit əməliyyatları zamanı mövcud olan mürəkkəb və təkrarlanan prosedurları aradan qaldırmaq və bütün prosesləri vahid rəqəmsal mühitdə təşkil etməkdir”, - o qeyd edib.

Platformanın funksionallığı nəqliyyat-logistika və kommersiya sənədlərinin rəsmiləşdirilməsini, lisenziyaların, icazələrin, mənşə sertifikatlarının və fitosanitar sertifikatların, həmçinin fumiqasiya aktlarının alınmasını əhatə edəcək. Artıq bu gün sistemə 30-dan çox dövlət orqanı qoşulur, vahid ixrac proseduru isə faktiki olaraq tam rejimdə fəaliyyət göstərir. İlin sonunadək bu mexanizmi mərhələli şəkildə idxal və tranzit əməliyyatlarına da şamil etmək planlaşdırılır.

Bütün prosesin - ərizənin verilməsindən lazımi icazənin alınmasınadək - vahid mühitə köçürülməsi məlumatların bir dəfə təqdim edilməsi prinsipinin həyata keçirilməsini təmin etməlidir. Bu, sahibkar üçün dövlət qurumlarına müraciətlərin sayının azalması, dövlət orqanları üçün isə informasiya mübadiləsinin sürətləndirilməsi imkanı, nəqliyyat sistemi üçün isə ümumilikdə - prosedurların uyğunsuzluğu səbəbindən yaranan gecikmə risklərinin azaldılması deməkdir.

 

Məlumat dəhlizi

Yeni sistemin əsas strateji dəyəri ondan ibarətdir ki, o, əvvəldən yalnız daxili sənəd dövriyyəsinə deyil, həm də xarici inteqrasiyaya yönəlib. Növbəti mərhələdə “Bir pəncərə”nin Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları boyunca yerləşən dövlətlərin informasiya sistemləri ilə inteqrasiyası nəzərdə tutulur.

Məhz rəqəmsal pərakəndəlik bu gün transsərhəd daşımaların sürətləndirilməsinin əsas maneələrindən biri olaraq qalır. Müasir dəmir yolu, avtomobil və liman infrastrukturu olsa belə, yük məlumatlarının təkrar daxil edilməsi zərurəti, sənəd formatlarındakı fərqlər və onların qarşılıqlı tanınması mexanizmlərinin olmaması səbəbindən sərhəddə dayana bilər. Buna görə də XXI əsrdə dəhlizin rəqabət qabiliyyətliliyini təkcə yolların və terminalların ötürücülük qabiliyyəti deyil, həm də məlumatların hərəkət sürəti müəyyən edir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun sözlərinə görə, Azərbaycan MDB məkanında dövlət orqanlarını və xarici ticarət, nəqliyyat-logistika sahəsinin iştirakçılarını vahid rəqəmsal platformada birləşdirən ilk ölkə olub: “Layihə çərçivəsində artıq bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, tətbiq mexanizmləri isə BMT-nin müvafiq standartları nəzərə alınmaqla hazırlanır. Hazırda Türkiyə, Qazaxıstan və Rusiya ilə nəqliyyat sənədlərinin tam rəqəmsallaşdırılması istiqamətində addımlar atılır”.

Perspektivdə sistem malın bütün yolunu – istehsalçı müəssisədən son təyinat məntəqəsinədək – əhatə etməlidir. Məsələn, Çindən məhsul idxal edən azərbaycanlı sahibkar konteynerin yükləndiyi andan etibarən lisenziya, icazə və gömrük sənədlərinin alınması üçün elektron formatda ərizələr verə biləcək. Dövlət orqanları isə öz növbəsində müraciətlərə baxacaq və lazımi sənədləri eyni platforma vasitəsilə ötürəcəklər.

 

Belə bir model nəqliyyat dəhlizinin rəqəmsal əkizinin formalaşdırılması üçün zəmin yaradır ki, bu çərçivədə yükün fiziki hərəkəti yoxlanılmış məlumatların fasiləsiz mübadiləsi ilə müşayiət olunur. Nəticədə, çatdırılma müddətlərinin proqnozlaşdırılması artır, dayanmalar azalır və nəqliyyat əməliyyatlarının planlaşdırılması asanlaşır. Asiya ilə Avropa arasında alternativ marşrutlarla rəqabət aparan Orta Dəhliz üçün bu amil yollara, limanlara və hərəkət tərkibinə böyük investisiyalardan az əhəmiyyət daşımaya bilər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib ki, platforma Azərbaycanın “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərində strateji mövqeyinin möhkəmləndirilməsinə və ölkənin regional nəqliyyat-logistika mərkəzi kimi rolunun daha da gücləndirilməsinə kömək edəcək. Gələcəkdə platforma Azərbaycanın Dünya Bankının Logistik Səmərəlilik İndeksində daha yüksək nəticələr əldə etməsi üçün mühüm institusional və rəqəmsal baza formalaşdıracaq, nəqliyyat-logistika sektorunun investisiya cəlbediciliyinin artmasına müsbət təsir göstərəcək, “yaşıl dəhliz” buraxılış sisteminin istifadəsini genişləndirəcək.

 

Məlumat dəhlizi

Layihənin ən mürəkkəb elementlərindən biri gömrük prosedurlarının inteqrasiyası ilə bağlıdır. Məhz bu sahədə sənədlərin əhəmiyyətli hissəsi formalaşır ki, onların operativ emalından malların buraxılışının və yüklərin sonrakı hərəkətinin sürəti asılıdır.

Layihənin birinci mərhələsi artıq tam yerinə yetirilmiş 154 funksional və texniki tapşırığı əhatə edirdi. API-arxitektura qurulub, təhlükəsizlik və autentifikasiya mexanizmləri yaradılıb, VPN-bağlantılar təşkil edilib, mal nomenklaturu və təsnifat məlumatları üzrə interfeyslər hazırlanıb. Eyni zamanda elektron gömrük bəyannaməsi, sənəd mübadiləsi və istifadəçilərin bildirişləri alətləri formalaşdırılıb.

Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinovun sözlərinə görə, mayın 4-də sistem vasitəsilə avtomatlaşdırılmış emal və təsdiqləmədən keçən ilk ixrac gömrük bəyannaməsi qəbul edilib. Hazırda qısa idxal və tranzit bəyannamələrinin inteqrasiyasını nəzərdə tutan ikinci mərhələ başlayıb.

“İnteqrasiya nəticəsində idxal və tranzit əməliyyatları üzrə məlumatların vahid platforma vasitəsilə qəbulu, emalı və müvafiq dövlət orqanları arasında elektron mübadiləsi təmin olunacaq. Bununla da, məlumatların təkrar təqdim edilməsi zərurəti aradan qalxacaq, gömrük rəsmiləşdirilməsi və malların buraxılışı prosesləri daha operativ və səmərəli həyata keçiriləcək”, - o deyib.

Üçüncü mərhələdə idxal gömrük bəyannaməsinin və digər gömrük prosedurlarına aid sənədlərin inteqrasiyasının tamamlanması planlaşdırılır. Bütün lazımi icazələr, razılaşdırmalar və lisenziyalar dövlət orqanları tərəfindən birbaşa gömrük informasiya sisteminə ötürülməlidir. Bununla da, sahibkarın hər bir quruma ayrı-ayrılıqda müraciət etməsinə ehtiyac qalmayacaq.

 

Dəqiqələrin effekti

Platformanın yaradılmasından əvvəl mövcud prosedurların geniş təhlili aparılıb. 30-dan çox dövlət orqanı və şirkətin 150-dən artıq biznes prosesi araşdırılıb, həmçinin biznesin 400-dən çox nümayəndəsi ilə görüşlər keçirilib. Belə yanaşma təkcə qurumların tələblərini deyil, həm də bazar iştirakçılarının real ehtiyaclarını nəzərə almağa imkan verib.

Rəqəmsal Logistika Platforması layihəsinin rəhbəri Ehtiram Quliyev vurğulayıb ki, “Bir pəncərə” lokal texniki həll deyil. Oxşar modellər artıq Sinqapur, Cənubi Koreya, Niderland və Estoniyada effektivliyini sübut edib, lakin onların yaradılması mərhələli həyata keçirmə və daimi inkişaf tələb edir.

“Bizim missiyamız – “Bir Pəncərə” İnformasiya Sistemi vasitəsilə idxal, ixrac və tranzit proseslərini tam rəqəmsallaşdırmaq, onların izlənilə bilməsini təmin etmək, xidmət keyfiyyətini və əməliyyat səmərəliliyini artırmaqdır”, - E.Quliyev hesab edir.

İlk nəticələr tam ölçülə bilən effekt nümayiş etdirir. Platformanın rəsmi istifadəyə verilməsi yalnız indi baş tutsa da, bəzi xidmətlər apreldən göstərilir. Bu müddət ərzində 60-dan çox şirkətdən fumiqasiya aktının alınması üçün 180-dən artıq müraciət daxil olub. Əvvəllər 2-3 saat çəkən prosedur indi 7-8 dəqiqəyə tamamlanır.

Platformanın inkişafının növbəti mərhələsi Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun unikal ticarət nömrəsinin tətbiqini nəzərdə tutur. Vahid identifikator dövlət orqanlarına və sahibkarlara konkret ixrac, idxal və ya tranzit əməliyyatı üzrə bütün məlumatları - onun rəsmiləşdirilməsində neçə qurumun iştirak etməsindən asılı olmayaraq - izləməyə imkan verəcək.

Perspektivdə sistemə süni intellekt və optik simvol tanıma (OCR) texnologiyasının inteqrasiyası planlaşdırılır. Süni intellekt sənədlərin yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi, çatdırılma müddətlərinin proqnozlaşdırılması və risklərin təhlili üçün istifadə oluna bilər, OCR isə yüklənən sənədlərdən məlumatların avtomatik çıxarılmasına imkan verəcək. Bu, əl ilə məlumat daxiletmə həcmini və yüklərin rəsmiləşdirilməsi zamanı gecikmələrin səbəblərindən biri olaraq qalan xəta etmə ehtimalını azaldacaq.

Ayrıca istiqamət elektron ticarət olacaq. Gələcəkdə “Amazon”, “Temu” və digər beynəlxalq platformalar vasitəsilə həyata keçirilən əməliyyatların da “Bir pəncərə”yə inteqrasiyası nəzərdə tutulur. Transsərhəd onlayn sifarişlərin sürətli artımını nəzərə alaraq, bu, alıcılar, satıcılar, daşıyıcılar, gömrük orqanları və çatdırılma operatorlarının vahid qarşılıqlı əlaqə mexanizmini formalaşdırmağa imkan verəcək.

Texnoloji genişlənmə sistem iştirakçıları arasında məsuliyyətin aydın bölüşdürülməsi ilə müşayiət olunmalıdır. Kommersiya məlumatlarının qorunması, verilənlər bazalarının uyğunluğu və elektron sənədlərin hüquqi tanınması məsələləri həm ölkə daxilində, həm də dövlətlərarası səviyyədə əlavə normativ işlər tələb edəcək. Buna görə də layihənin yekun uğuru texniki inteqrasiyanın nə qədər tez institusional və hüquqi bağlılıqla tamamlanmasından asılı olacaq.

Bir sözlə, əgər “Bir pəncərə” platforması vaxtın, xərclərin və inzibati prosedurların real azaldılmasını təmin edərsə, o, ölkənin beynəlxalq nəqliyyat marşrutlarında mühüm rəqabət üstünlüyünə çevriləcək. Növbəti vəzifə onun Orta Dəhliz tərəfdaşlarının rəqəmsal sistemləri ilə əlaqələndirilməsi və elektron sənədlərin qarşılıqlı tanınmasının təmin edilməsi olacaq. Bu halda Azərbaycan bazara təkcə coğrafi cəhətdən əlverişli deyil, həm də texnoloji baxımdan sürətli, şəffaf və proqnozlaşdırıla bilən marşrut təklif edə biləcək.



MƏSLƏHƏT GÖR:

56