10 Sentyabr 2026

Cümə axşamı, 21:06

EKZISTENSIAL MÜBAHISƏNIN ƏSIRINDƏ

Müharibə strategiyası ətrafındakı fikir ayrılıqları Kiyev üçün hansı nəticələri verəcək?

Müəllif:

01.08.2026

Ukraynada baş verən səs-küylü istefalar ölkə bu üçün həyati əhəmiyyətli bir sıra suallar yaradıb. Mixail Fyodorovun və Aleksandr Sırskinin müvafiq olaraq müdafiə naziri və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifələrindən getmələri, üstəlik, hər iki hadisənin köhnə hökumətin fəaliyyətinə xitam verildiyi və yeni kabinetinin formalaşdırıldığı bir vaxtda baş verməsi ölkədə siyasi böhrana aparıb çıxaracaqmı?

Ən başlıcası, bu dəyişikliklər Rusiya-Ukrayna müharibəsinin gedişinə necə təsir göstərəcək? Yaşananlar öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan ölkənin mövqeyinə və perspektivinə necə təsir göstərəcək?

 

Dronlara qarşı klassik müdafiə

Ukrayna Yuliya Sviridenko hökumətinin istefası ilə daxili siyasi böhranın astanasında çatıb. Qeyd edək ki, Prezident Vladimir Zelenski bu istefanı “yenilənmiş siyasi strategiyanın həyata keçirilməsi zərurəti” ilə izah edib. Ölkənin yeni baş naziri isə “Naftoqaz”ın rəhbəri Sergey Koretski olub. Amma ən maraqlısı odur ki, yeni kabinetdə artıq 35 yaşında Ukraynanın ən nüfuzlu və perspektivli siyasi xadimlərindən sayılan Mixail Fyodorova yer tapılmayıb. Fyodorov müdafiə naziri vəzifəsində cəmi yarım il işləsə də, bu qısa vaxtda Ukraynanın müdafiə siyasətində son dərəcə miqyaslı dəyişikliklərə nail olub. Beynəlxalq ekspertlər belə, hesab edirlər ki, Ukrayna cəbhədə təşəbbüsü öz əlinə məhz bu dəyişikliklər sayəsində ala bilib. Daha əvvəl baş nazirin müavini və rəqəmsal inkişaf naziri vəzifələrində çalışmış Fyodorovun adı onun müdafiə etdiyi və dronlardan maksimum fəal istifadəyə, Rusiyanın həm hərbi, həm də enerji infrastrukturu daxil olmaqla strateji obyektlərinin vurulmasına əsaslanan “asimmetrik müharibə” konsepsiyasına söykənən son hərbi uğurların, demək olar ki, sinoniminə çevrilmişdi.

Onun müdafiə naziri olduğu yarım il ərzində Ukrayna nəinki Rusiyanın hücumlarının qarşısını almağa, həm də müharibəni Rusiya Federasiyası ərazisinin dərinliklərinə keçirməyə nail olub. Odur ki, Fyodorovun istefasının Ukraynanın müxtəlif şəhərlərində kütləvi etirazlara səbəb olması təəccüblü deyil. Hətta hakimiyyət tərəfdarları, “Xalqın xidmətçisi” partiyasından olan deputatlar belə, Fyodorovu dəstəkləyərək çıxışlar etməkdədirlər. Onlar bildirirlər ki, Ukraynada insanlar “uzun illərdən sonra ilk dəfədir ki, məmur əleyhinə deyil, onun təklif etdiyi komandanı və dəyişiklikləri dəstəkləmək üçün aksiyalara çıxırlar”.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də istefaya göndərilib. Halbuki onun adı Fyodorovla hakimiyyət daxilində yaranmış ciddi münaqişədə çəkilirdi. Söhbət Müdafiə Nazirliyi ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı arasındakı münaqişədən gedir və bu qarşıdurmanın olduğunu Fyodorovun özü də təsdiqləmişdi.

Səs-küylü istefalar fonunda məlum olub ki, Fyodorov müdafiə naziri olduğu dövrdə prezident Zelenskiyə “köklü kadr dəyişiklikləri” təklif edib və bu zaman, ilk növbədə, Sırskinin vəzifədən uzaqlaşdırılmasını istəyib. Baş komandan isə öz növbəsində, Fyodorovun vəzifədən azad edilməsində israr edirmiş. Bəzi məlumatlara görə, bu münaqişənin əsasında ordunun maddi təminatına nəzarət uğrunda mübarizə dayanırmış. Müdafiə Nazirliyinin mülki rəhbəri bu sahəni öz nəzarətinə götürmək istəyib, hərbçilər isə müharibənin strateji idarə olunmasına “kənar” müdaxilə”nin qarşısını almağa çalışıblar.

Bununla belə, iki fərqli yanaşma sırf hərbi döyüş əməliyyatlarının aparılması mövzusunda da toqquşurdu. Rusiyanın miqyaslı hücuma başladığı andan Kiyevin qəhrəmancasına müdafiə olunması, sonradan Ukraynanın Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar, həmçinin Rusiyanın Kursk vilayətindəki əməliyyat haqlı olaraq Sırskinin adı ilə bağlıdır. O, müharibənin aparılmasının daha çox klassik üsullara üstünlük verir. Sırski hesab edir ki, müharibəni məhz piyada hücumları ilə uğurla bitirmək mümkündür. Fyodorov isə dron hücumu taktikasının tərəfdarıdır. O, Müdafiə Nazirliyinin təklif etdiyi və xüsusilə bilavasitə cəbhədə döyüş əməliyyatlarının təşkilinə aid olan islahat planlarının Sırski tərəfindən sabotaj edildiyini bildirirdi.

Bir sözlə, Ukrayna rəhbərliyi bitmək bilməyən müharibədə nəticə etibarilə qələbəyə yönəlmiş məsələlər kompleksi içərisində dərin ziddiyyətlərlə üz-üzədir. Bəziləri əmindirlər ki, müharibəni yalnız dronların köməyi ilə udmaq mümkün deyil. Məsələn, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirill Budanov dronları “əsas silah deyil, dəstəkçi vasitə” sayır.

Maraqlıdır ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı da Sırski ilə eyni ruhda fikirlər səsləndirib. Halbuki o, Sırskinin köhnə rəqibi sayılır. Zalujnının fikrincə, Fyodorovun planının zəif tərəfi dronlardan istifadənin hücum əməliyyatının həyata keçirilməsinə zəmanət verməməsindədir.

Lakin Fyodorovun xəttini dəstəkləyən baxış da mövcuddur. Bu baxışa görə, dronlardan genişmiqyaslı istifadə birbaşa sürətli qələbəyə aparıb çıxarmasa da (Rusiya ilə müharibə kontekstində sürətli qələbənin prinsip etibarilə mümkün olmadığını nəzərə almaqla), Ukraynanı onun üçün zəruri olan strateji nəticəyə yaxınlaşdırır.

 

Zelenskinin seçimi

Beləliklə, Ukrayna Prezidenti çətin seçim qarşısında qalıb və etiraf edib ki, Sırski ilə Fyodorov ümumi dil tapa bilməyiblər və bu, təkcə onların deyil, həm də bir dövlət başçısı kimi, onun problemi olub. Məhz seçimin çətinliyi hər iki şəxsin praktiki olaraq eyni vaxtda istefaya göndərilməsi kimi radikal qərarın qəbulunu zəruri edib.

Sırskinin yerinə Silahlı Qüvvələrin baş komandanı vəzifəsinə 43 yaşlı general-mayor Mixail Drapatı təyin edilib. O, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsini tuturdu. Drapatının hərbi şöhrətini Xerson istiqamətində uğurlu müdafiə, o cümlədən 2022-ci ilin noyabrında Xersonun azad edilməsi əməliyyatına verdiyi böyük şəxsi töhfə formalaşdırıb. Bundan başqa, o, Drapatıy Xarkov vilayətinin müdafiəsinə bilavasitə rəhbərlik edib, Rusiya qoşunlarının vilayət ərazisinin dərinliklərinə nüfuz etməsinin qarşısını alıb. Sırskinin 2024-cü ilin fevralında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilməsindən sonra Drapatı Baş Qərargah rəisinin müavini olub.

Maraqlıdır ki, Drapatının baş komandan təyin edilməsini Fyodorov “azad insanların azadlıq və ədalət uğrunda mübarizəsində yeni nəfəs və yeni ümid”, “eşidilməməsi mümkün olmayan dəyişikliklər səsi” kimi qiymətləndirib.

Fyodorovun özünə gəlincə, ona hakimiyyət komandasının tərkibində baş nazirin texnoloji inkişaf üzrə müavini vəzifəsi təklif edilsə də, o, Zelenskinin bu təklifini rədd edib. Üstəlik, Fyodorov müdafiə naziri vəzifəsinə qaytarılması tələbini də irəli sürüb. Bu, aşkar olan bir həqiqəti bir daha ortaya qoyub: Ukrayna hakimiyyətini ölkə üçün ən taleyüklü məsələ ətrafında bürümüş konseptual mübahisəni təkcə istefalarla aradan qaldırmaq mümkün olmayacaq. Üstəlik, bu mübahisə istənilən hakimiyyət sistemində öz-özünə meydana çıxan maraqlar və iddialar toqquşması ilə də müşayiət olunur.

Şübhəsiz ki, baş verənlərin hamısının hakimiyyət məsələsinə birbaşa aidiyyəti var. Burada xüsusilə Fyodorovun istefası ilə bağlı mühüm bir məqam diqqəti daha çox cəlb edir. Prezident Zelenski üçün bu, artıq ikinci belə sınaqdır. Qeyd edək ki, onun əsas siyasi rəqibi 2024-cü ilin fevralında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən istefaya göndərilmiş Valeri Zalujnı hesab olunur. Bu istefadan az sonra Zalujnının prezidentlik iddiaları haqda fikirlər eşidilməyə başlamışdı. Az sonra bu iddialar onun özü tərəfindən də kifayət qədər açıq şəkildə təsdiqlənib. Fyodorovun istefasından sonra isə keçmiş müdafiə nazirinin kütləvi aksiyalardan prezidentlik uğrunda seçki kampaniyasının başlanğıcı kimi istifadə edə biləcəyi müzakirə olunur. Britaniyanın “Times” qəzeti istefaya göndərilmiş Fyodorovun prezidentliyə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirdiyini yazır. Ekspertlər arasında belə bir fikir də yayılıb ki, Zelenski keçmiş müdafiə nazirinin artan populyarlığında özü üçün təhlükə saymağa başlayıbmış. Halbuki Fyodorovun hərəkətləri formal olaraq Ukraynanın hazırkı dövlət başçısına qarşı yönəlməmişdi.

Ukrayna siyasi səhnənin daha bir mövzusu müdafiə nazirinin boş qalmış kürsüsü uğrunda mübarizə olacaq. Onun səlahiyyətləri müvəqqəti olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Yevgeni Xmaraya həvalə olunub. Lakin Xmaranın bu vəzifəyə rəsmən təyin edilməsi problemlərə yol aça bilər. Məsələ ondadır ki, Ukrayna qanunvericiliyinə əsasən, müdafiə naziri mülki şəxs olmalıdır, Xmara isə hazırda hərbi qulluqçudur. Demək, müdafiə idarəsinin rəhbəri vəzifəsini tutmaq üçün o, hərbi xidməti tərk etməlidir.

Görünən odur ki, vəziyyət yalnız Ali Radanın yay tətilindən qayıtmasından sonra (avqustun ortalarında) aydınlaşa bilər. Həmin vaxt, güman ki, Fyodorovun Müdafiə Nazirliyinin rəhbərliyinə mümkün qayıdışı ilə bağlı müzakirələrə də son qoyulacaq.

Hər halda, Ukrayna siyasətindəki böhranlı hadisələrin “qiyməti” son dərəcə yüksəkdir. Çünki baş verənlər müharibə şəraitində olan Ukraynanı zəiflədə bilər. Müharibə onun üçün birmənalı olaraq ekzistensial xarakter alıb. Aydındır ki, uzunmüddətli sülhə aparan real yol Ukraynanın birliyinin qorunub saxlanılmasından keçir. Bu birlik həm onun suverenliyini və ərazi bütövlüyünü, həm də dövlətin gələcəyinə görə məsuliyyət daşıyan cəmiyyəti və siyasi elitanı əhatə edir.



MƏSLƏHƏT GÖR:

108