MÜHARİBƏDƏ FASİLƏ VAXTI
Hərbi fasilə nəinki ziddiyyətləri aradan qaldırmayıb, hətta regionda yeni böhran ehtimalını da istisna etmir
Müəllif: Samir VƏLİYEV
ABŞ Prezidenti Donald Tramp iyulun 25-də amerikalı hərbçilərə İrana, təxminən, iki həftə davam edən hücumları dayandırmaq əmri verib. Bu, son dövrdəki eskalasiyanın danışıqlar prosesində tələblər səviyyəsinin yüksəldilməsi üçün vasitə olduğunu bir daha ortaya qoyub. Bununla yanaşı, vəziyyətin yenidən kəskinləşəcəyi də istisna olunmur.
Gücə “stavka”
Tərəflər arasında atəşkəs rejiminin faktiki pozulması ilə iyulda başlayan ABŞ-İran müharibəsinin yeni mərhələsi münaqişənin əvvəlki fazasından nəzərəçarpacaq dərəcədə fərqlənir. Yaz aylarında ABŞ-ın əsas vəzifəsi İranın strateji potensialına – nüvə nüvə proqramına, hava hücumundan müdafiə sisteminə, komanda məntəqələrinə, raket bazalarına və hərbi-sənaye kompleksinin obyektlərinə – maksimum zərər vurmaq idisə, son kampaniya daha konkret xarakter daşıyırdı. Bu dəfə məqsəd İranı Hörmüz boğazını bloklamaq cəhdlərindən əl çəkməyə məcbur etmək, həmçinin dəniz kommunikasiyalarının təhlükəsizliyinin təmini idi.
ABŞ-nin genişmiqyaslı zərbələrə yenidən başlamasının formal səbəbi İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumları olub. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatına görə, iyulun 7-də Amerika qüvvələri hava hücumundan müdafiə sistemləri, komanda şəbəkələri, sahilyanı radiolokasiya stansiyaları, gəmi əleyhinə komplekslər və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) 60-dan çox kiçik qayığı da daxil olmaqla, 80-dən artıq obyektə zərbələr endirib. Artıq ertəsi gün hədəflərin siyahısı genişləndirilib: raket və pilotsuz uçuş aparatlarının saxlandığı anbarlar, dəniz qüvvələri və İran sahillərindəki hərbi logistika obyektləri. İyulun 11-nə olan məlumata görə, CENTCOM üç gecə ərzində 300-dən çox hədəfi vurub.
ABŞ kampaniyasının əsas hədəfləri, ilk növbədə, İranın Hörmüz boğazı üzərində nəzarətini birbaşa təmin edən hərbi infrastruktur obyektləri olub. Zərbələr ölkənin cənub sahili boyunca Buşehr, Bəndər-Abbas, Cask, Konarak, Çabahar rayonlarına və Əbu-Musa adasına endirilib. Məsələ ondadır ki, İranın sahilyanı raket kompleksləri, kiçik qayıq bazaları, müşahidə məntəqələri, pilotsuz uçuş aparatları anbarları, aerodromlar, Tehrana boğaza nəzarət, oradan keçən gəmilərə təhdid yaratmaq imkanı verən rabitə qovşaqları məhz bu bölgədə yerləşir.
ABŞ-nin budəfəki məqsədi sadəcə ayrı-ayrı qayıqları və ya raket qurğularını məhv etməyə deyil, İranın Hörmüz boğazından dünya iqtisadiyyatına təzyiq vasitəsi kimi istifadəsinə imkan verən bütün infrastrukturu dağıtmaq olub. Bununla yanaşı, Vaşinqton dəniz blokadasını bərpa edib, İran limanlarına doğru hərəkət edən gəmilərin istiqamətini dəyişməyə başlayıb. Demək olar ki, eyni vaxtda münaqişə yenidən Qırmızı dənizə də yayılıb. İran tərəfindən dəstəklənən “Ənsar Allah” hərəkatı (husilər) kommersiya gəmiçiliyinə hücumlara başlandığını bəyan edib, bunun ABŞ və müttəfiqlərinə qarşı vahid kampaniyanın bir hissəsi olduğunu bildirib. Nəticədə, bir sıra gəmiçilik şirkətləri yenidən marşrutlarını dəyişmək məcburiyyətində qalıb, sığorta tarifləri və Avropa ilə Asiya arasında yük daşınmalarının müddətləri artıb.
Beləliklə, İran faktiki olaraq dünya ticarətinin iki mühüm dəniz kommunikasiyasına – Hörmüz boğazına, Qırmızı dəniz və Süveyş kanalı üzərindən keçən marşruta – eyni vaxtda təzyiq göstərmək imkanı əldə edib.
Yeni müharibənin digər göstəricisi mümkün hədəflər kateqoriyasının tədricən genişləndirilməsi olub. Donald Tramp bildirib ki, Tehran tərəfindən kommersiya gəmilərinə hər yeni hücum ABŞ-nin İranda körpülərə və ya elektrik stansiyalarına zərbələri ilə cavablandırıla bilər. Vaşinqton bununla faktiki olaraq hərbi infrastruktura zərbələrdən məhdud da olsa, ikili təyinatlı və mülki obyektlərə zərbələrə keçə biləcəyini göstərib. ABŞ müharibənin Tehran üçün iqtisadi və sosial baxımdan daha ağrılı olmasına, həmçinin İranın boğazdakı hərəkətləri ilə ölkə daxilində yaranan zərər arasında birbaşa əlaqənin qurulmasına “stavka” edir.
İran kozırlardan istifadəyə başlayıb
Öz növbəsində Tehran da münaqişənin coğrafiyasını genişləndirərək rəqibə təsir göstərmək üçün malik olduğu asimmetrik vasitələr arsenalından tam istifadə etmək qərarına gəlib. İran hərbçiləri təkcə Fars körfəzi ölkələrindəki Amerika bazaları və obyektləri hədəf seçməklə kifayətlənməyib. Bu dəfə İranın Amerika hərbi kampaniyasının iştirakçıları saydığı dövlətlərin enerji və su infrastrukturu da zərbələrə məruz qalıb. Xüsusilə Bəhreyn və Küveytə intensiv zərbələr endirilib. Bəhreyndə ABŞ-nin Beşinci Donanmasının qərargahı, Küveytdə isə ABŞ-yə məxsus böyük bazalar, anbarlar və logistika obyektləri var. İranlılar bildirirlər ki, bu obyektlər ərəb dövlətlərinin ərazisində yerləşsə belə, onlar məhz Amerika hərbi infrastrukturuna zərbə endirirlər.
İyul ayında İran tərəfi bölgədə yerləşən “Patriot” sistemlərinə, yanacaq anbarlarına, rabitə və kəşfiyyat obyektlərinə zərbələr endirildiyini bəyan edib. Əvəzində Küveyt İranın elektrik və su təchizatı obyektlərinin vurulduğunu bildirib. Bəhreyn isə bəyan edib ki, Tehran artıq mülki əhali üçün təhlükə yaradan hücumlara başlayıb.
Paralel olaraq İsraillə qarşıdurma da davam edib. Amerikanın zərbələrinin İranın cənubuna yönəlibsə, İsrail Hərbi Hava Qüvvələri islam respublikasının hərbi-sənaye kompleksi müəssisələrini, silah anbarlarını, SEPAH-a məxsus obyektləri, raket infrastrukturunu hədəf seçib. Bu, Tehranın bütün qüvvələrini yalnız Fars körfəzindəki Amerika əməliyyatına qarşı yönəltməsinə imkan verməyib.
Tehran son qarşıdurmada bir-biri ilə əlaqəli bir neçə məqsəd güdürdü. İlk növbədə, ABŞ-nin regionda hərbi mövcudluğunu “daha bahalı” vəziyyətə gətirmək, gələcək eskalasiyanın ABŞ və müttəfiqləri üçün riskləri mütləq şəkildə artıracağını nümayiş etdirmək. Bununla yanaşı, İran Fars körfəzi ölkələrinə də mesaj verib: hər hansı ölkə ərazisində Amerika hərbi obyektlərinin yerləşməsi həmin əraziləri avtomatik olaraq potensial döyüş zonasına çevirir.
İran tərəfinin daha bir önəmli hədəfi Vaşinqtonla onun ərəb tərəfdaşları arasında ziddiyyətlər yaratmaq, sonuncuları Amerikanın əməliyyatlarına münasibətdə daha ehtiyatlı mövqe tutmağa sövq etmək idi. Nəhayət, gəmiçiliyə, neft infrastrukturuna, elektrik stansiyalarına və duzsuzlaşdırma qurğularına zərbələr endirməklə Tehran rəqibinə daha ciddi iqtisadi zərər vurmağa çalışıb.
Körfəz cavab zərbəsi endirir?
Lakin nəticə daha çox əksinə olub. İran nəinki Körfəz monarxiyalarının neytrallığına nail olmayıb, əksinə, onları tədricən ABŞ və bir-biri ilə daha sıx hərbi koordinasiyaya sövq edib. Ən diqqətçəkən məlumatlardan biri iyulun əvvəlində Bəhreyn və Küveytin İran ərazisindəki obyektlərə zərbələr endirmək üçün gizli şəkildə oraya qırıcı təyyarələr göndərməsi xəbəri olub. Müxtəlif mənbələrin məlumatına görə, hədəflər arasında raket və pilotsuz uçuş aparatları anbarları, eləcə də digər hərbi obyektlər olub. İddialara görə, müharibənin əvvəlki mərhələsində ayrı-ayrı əməliyyatlarda iştirak etmiş Birləşmiş Ərəb Əmirlikləri də öz növbəsində, müttəfiqlərinə kəşfiyyat məlumatları verib, hava müdafiəsinin təşkilində iştirak edib.
Doğrudur, Küveyt İrana qarşı hücum xarakterli əməliyyatlarda iştirakını rəsmi olaraq inkar edib, Bəhreyn də deyilənləri rəsmən təsdiqləməyib. Lakin hər şey onu göstərir ki, artıq Körfəz ölkələri passiv müşahidəçi rolunda qalmaq fikrində deyillər. İndi onlar Tehranla bağlı yalnız konkret tədbirlər planlaşdırmaqla kifayətlənməyib, bu planları həyata keçirməyə də qadir olduqlarını göstərmək istəyirlər.
Onilliklər ərzində Fars körfəzi dövlətləri İranla birbaşa hərbi toqquşmadan qaçmağa çalışıblar. Onlar ABŞ-yə bazalar, hava məkanı, müşahidə sistemləri və logistika infrastrukturu verib, lakin adətən İran ərazisinə zərbələr endirilməsində formal iştirakdan yayınıblar. Bu ehtiyatlılıq hər zaman onların həssaslığı ilə izah olunub. Məsələ ondadır ki, sözügedən monarxiyaların iri şəhərləri, neft emalı müəssisələri, limanları, elektrik stansiyaları və duzsuzlaşdırma qurğuları İran raketlərinin və pilotsuz uçuş aparatlarının vura biləcəyi məsafədə yerləşir.
İndi isə görünür, Körfəzin ərəb monarxiyalarının davranış modeli tədricən dəyişir. Əgər indiyədək bu ölkələr ABŞ ilə hərbi tərəfdaşlığı və Tehranla siyasi əlaqə kanallarını eyni vaxtda qorumağa çalışırdılarsa, indi İranın davamlı hücumları bu ikili strategiyanı tədricən dağıda bilər.
Bununla belə, söhbət hələlik tammiqyaslı anti-İran hərbi koalisiyasının formalaşmasından getmir. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Oman və Bəhreyn İran tərəfindən gələn təhlükəni müxtəlif cür qiymətləndirir və müharibədə birbaşa iştirak məsələsinə fərqli yanaşırlar. Oman və Qətər ənənəvi olaraq vasitəçilik funksiyalarını qorumağa çalışır, Küveyt hücum xarakterli əməliyyatlarda iştirakda ittiham olunmaq istəmir və s. Odur ki, qeyd olunan zərbələr, həqiqətən, baş veribsə, onlar gizli şəkildə həyata keçirilib.
Növbəti eskalasiya gözləntisi
Beləliklə, ABŞ-İran qarşıdurmasının növbəti mərhələsi də tərəflərdən hər hansı üçün həlledici nəticə olmadan başa çatıb. ABŞ İrana ciddi hərbi və iqtisadi zərər vurmağa nail olsa da, əsas məqsədinə çatmayıb. Söhbət Tehranın Hörmüz boğazından strateji təzyiq vasitəsi kimi istifadə etmək imkanını birdəfəlik aradan qaldırmaqdan gedir.
Öz növbəsində İran hətta genişmiqyaslı zərbələrdən sonra belə, düşməninə cavab zərbələri endirmək, həm Hörmüz boğazında, həm də Qırmızı dənizdə gəmiçiliyə təhdid yaratmaq, münaqişəyə yeni iştirakçılar cəlb etmək və bununla da, ABŞ və müttəfiqləri üçün hərbi kampaniyanın davam etdirilməsinin qiymətini daim artırmaq qabiliyyətində olduğunu göstərib.
Artıq bu qarşıdurmanın nəticələri regionun hüdudlarını xeyli aşır. Əsas dəniz kommunikasiyaları üçün davam edən təhlükə dünya enerji bazarlarına təzyiq göstərir, dəniz daşımalarının və sığorta haqlarının, habelə enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olur və bununla da, Qərb dövlətlərinin iqtisadi xərclərini yüksəldir. Son hadisələr göstərir ki, hərbi və mülki infrastruktura ciddi ziyan vurulmasına baxmayaraq, İran müharibəni davam etdirmək qabiliyyətini itirməyib və asimmetrik potensialının əhəmiyyətli hissəsini qoruyub saxlayır. Odur ki, Donald Trampın zərbələri dayandırmaq qərarına, çox güman ki, münaqişənin başa çatması kimi deyil, əldə edilmiş hərbi nəticələrdən Vaşinqtonun danışıqlardakı mövqelərini gücləndirmək üçün istifadə etmək cəhdi kimi baxmaq lazımdır. Tərəflərdən heç biri əsas məqsədinə nail olmadığından, fundamental ziddiyyətlər həll edilməmiş qaldığından, hazırkı fasilənin böyük ehtimalla müvəqqəti xarakter daşıyacağı gözlənilir. Əgər danışıqların növbəti raundu qarşılıqlı məqbul razılaşmaların əldə olunmasına aparıb çıxarmayacaqsa, vəziyyətin daha da kəskinləşməsi qaçılmaz olacaq.
Hər halda, iyulun 29-da İranın Hörmüz boğazında gəmilərə və İordaniyada ABŞ-nin hərbi hədəflərinə növbəti zərbələr eindirməsi də bunu təsdiqləyir. Bütün bunlar göstərir ki, tərəflər güc ssenarisindən imtina etməyib, sadəcə qüvvələri yenidən qruplaşdırmaq, əldə edilmiş nəticələri qiymətləndirmək üçün taktiki fasilə götürüblər. Belə şəraitdə genişmiqyaslı qarşıdurmanın yenidən başlaması ehtimalı yüksək olaraq qalır və əldə edilmiş atəşkəs sabit deeskalasiyanın başlanğıcı kimi deyil, daha çox operativ hərbi fasilə kimi görünür.
MƏSLƏHƏT GÖR:



106

