10 Sentyabr 2026

Cümə axşamı, 21:06

ERMƏNİ ANTİSEMİTİZMİ

Faktlar öz-özülüyndə danışarkən

Müəllif:

01.08.2026

İsrailin “erməni soyqırımı”nı mümkün tanıması ilə bağlı qərarı tarixi yaddaş, müasir siyasət və milli narrativlərdən ibarət mürəkkəb düyününü yenidən gündəmə gətirib. Bununla yanaşı, diplomatik bəyanatlardan kənar bir sual açıq qalır: tarixi faciələr cəmiyyətin digər xalqlara və milli azlıqlara münasibətinə necə təsir göstərir?

Doğrudur, İsrail parlamenti “erməni soyqırımı”nı tanımaqdan çəkinib. Halbuki, 2026-cı il iyunun 28-də Nazirlər Kabinetinin həftəlik iclasında xarici işlər naziri Gideon Saarın bu təklifi yekdilliklə təsdiqlənmişdi.

Bundan, demək olar ki, dərhal sonra ermənipərəst, əfv olunmuş cinayətkar Aleksandr Lapşin sosial şəbəkədə yazıb: “İsrailin Baş naziri Binyamin Netanyahu Knessetdə erməni soyqırımının tanınması ilə bağlı səsverməni blokladıqdan heç bir gün keçməmiş, proqnozlaşdırıldığı kimi, bəzi məyus ermənilər öz qəzəb və məyusluqlarını Ermənistanın kiçik yəhudi icmasına yönəldiblər”.

Hadisələrin bu cür inkişafının Türkiyə-İsrail münasibətlərinin kəskin şəkildə pisləşməsinin nəticəsi olduğuna, demək olar ki, heç kimdə şübhə yoxdur.

 

Netanyahunun qərarı və reaksiyalar

Baş verənlərə Türkiyənin cavabı özünü çox gözlətməyib. Prezident Rəcəb Tayyib Ərdoğan kifayət qədər sərt bəyanatla çıxış edib. “Bizim tariximizdə soyqırımı yoxdur” deyən dövlət başçısı Ankaraya qarşı ittihamları birmənalı şəkildə rədd edib.

Qeyd olunmalıdır ki, Knessetdə səsvermə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin dövlət başçısının tapşırığı ilə İsrailin Baş nazirinin dəftərxanası ilə əlaqə saxlamasından sonra bloklanıb.

Baş verənlərə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin reaksiyası da diqqət çəkib. Belə ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, “erməni soyqırımından siyasi silah kimi istifadəyə cəlb olunmamaq Ermənistan Respublikasının maraqlarına daha çox cavab verir”. Baş nazir deyib ki, “buna görə də biz hər hansı reaksiyaya ehtiyac duymuruq”.

Baş verənlərə erməni diasporunun, xüsusilə ABŞ-nin ən nüfuzlu erməni təşkilatlarından sayılan Amerika Erməni Milli Komitəsinin (ANCA) beynəlxalq strukturu olan “Armenian National Committee International”ın davranışını təhlil edən israilli politoloq Avraam Şmuleviç də xüsusi diqqət çəkib. Təşkilat 2026-cı il iyunun 28-də rəsmi bəyanat yayıb. Gideon Saarın bu qərarın Türkiyəyə qarşı “qisas aktı” olmadığı fikrinin şərh edildiyi bəyanatda deyilir: “Güman ki, nazir nəinki Türkiyə tərəfindən, həm də beynəlxalq ictimaiyyətin əhəmiyyətli bir hissəsi tərəfindən irəli sürülən, İsrailin Qəzzada Fələstin xalqına qarşı soyqırımı törətdiyi barədə əsaslandırılmış iddiaları nəzərdə tutub”.

Daha sonra Knessetdəki səsverməyə də toxunulub və bildirilib ki, “erməni soyqırımı”nın tanınması “onun (İsraili) üçün tarixi həqiqətlərdən, o cümlədən “Artsax”ın erməni əhalisinə qarşı törədilmiş cinayətlərdə onun iştirakına dair həqiqətlərdən immunitet yaratmır”.

Burada aşkar təzad diqqət çəkir. Ermənistan hökuməti “soyqırımı” mövzusunu aktuallaşdırmaq istəmədiyini diplomatik şəkildə nümayiş etdirirsə (görünür, o, bu məsələdə Azərbaycanla davam edən sülh prosesinin məntiqindən çıxış edir), erməni diasporunun ən böyük strukturu faktiki olaraq İsrailə qarşı eyni anda iki ittiham irəli sürür: Qəzza və Qarabağ.

Avraam Şmuleviç bununla bağlı yazır: “Antisemitizm sinaqoqun yandırılması ilə başlamır. Ondan əvvəl yəhudilərin “günahı” barədə miflərin illərlə yayılması, açıq təhdidlər və hər bir hücumu xarici təxribatla izah etmək vərdişi gəlir. Ermənistanda bu zəncir artıq formalaşıb: antisemit miflər ictimai məkanın bir hissəsinə çevrilib, ölkənin yeganə sinaqoqu dörd dəfə hücuma məruz qalıb, Holokost qurbanlarının xatirəsinə ucaldılmış memorial dəfələrlə təhqir edilib, lakin heç bir hadisə ittiham hökmü ilə nəticələnməyib. Başqa sözlə, bu problemin inkar edilməsi problemin özünün bir hissəsinə çevrilib”.

Belə təəssürat yaranır ki, bu halda məlum siyasi prinsip həyata keçirilir: opponent üzərində mənəvi üstünlük əldə etmək üçün yaranmış gərginliyə görə məsuliyyəti onun üzərinə qoymaq lazımdır.

 

“Soyqırımı”nın tanınması nə verir?

Əvvəla, onu anlamaq lazımdır ki, İsrail tərəfindən “erməni soyqırımı”nın tanınması öz-özlüyündə Ermənistan-Türkiyə münasibətlərinin xarakterini dəyişmək iqtidarında deyil və hər hansı hüquqi nəticəyə səbəb ola bilməz. Səbəb isə aydındır. “Soyqırımı” beynəlxalq hüquqi anlayışı yalnız 1948-ci il dekabrın 9-da BMT Baş Assambleyasının 260 (III) saylı qətnaməsi ilə təsdiq edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın qəbulundan sonra meydana çıxıb. Bunun İsrail dövlətinin yaranması ilə demək olar ki, eyni vaxta təsadüf etməsi bir qədər rəmzi anlam da daşıyır. Yəni o tarixədək beynəlxalq hüquqda “soyqırımı” termini, sadəcə, mövcud olmayıb.

İkinci Dünya müharibəsi illərində yəhudilərin kütləvi şəkildə məhv edilməsi özünəməxsus tarixi adı – Holokost adını məhz buna görə alıb. Bundan başqa, məlumdur ki, Konvensiyanın geriyə qüvvəsi yoxdur və bu səbəbdən onun daha əvvəl baş vermiş hadisələrə, o cümlədən 1915-ci ilin faciəli hadisələrinə şamil edilməsi mümkün deyil.

Türkiyənin mövqeyi də ardıcıl olaraq məhz bunun üzərində qurulub. Ankara bildirir ki, 1915-ci il hadisələri erməni əhalisinin kütləvi şəkildə məhv edilməsinə yönəlmiş, dövlət tərəfindən əvvəlcədən planlaşdırılmış kampaniya olmayıb və buna görə də hüquqi baxımdan soyqırımının tərifinə uyğun gəlmir. Birinci Dünya müharibəsi Osmanlı imperiyasının bütün xalqları üçün böyük insan itkiləri ilə nəticələnib və buna görə də baş vermiş hadisələrdən müasir Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi yolverilməzdir.

Ankara uzun illərdir bildirir ki, o, Birinci Dünya müharibəsi dövrünə aid arxivləri beynəlxalq elmi ictimaiyyət üçün açmağa, mübahisəli hadisələri müxtəlif ölkələrdən, o cümlədən Ermənistandan olan nümayəndələrin iştirakı ilə tarixçilər tərəfindən birgə araşdırılmasına hazırdır.

İrəvan isə öz növbəsində, öz arxivlərini təqdim etməyə hazır olduğunu göstərmir. Bu, təbii ki, əsaslı suallar yaradır və tarixi müzakirənin mühüm hissəsini cavabsız qoyur. Üstəlik, təəccüblüdür ki, problemin bu aspektinə beynəlxalq ictimaiyyət nadir hallarda diqqət yetirir.

 

Azərbaycan, İsrail və erməni antisemitizminin yeni dalğası

Ermənistanda antisemitizm təzahürləri bu gün yaranmayıb. Onlar Cənubi Qafqazda yaşanmış son hadisələrdən xeyli əvvəldən sistemli xarakter daşıyıb. Məsələn, İrəvanda 2006-cı il oktyabrın 27-də Holokost qurbanlarının xatirəsinə həsr olunmuş memorial açılıb. O, hazırda da mövcuddur. Lakin abidənin açılımasından heç iki ay keçməmiş, 2007-ci il dekabrın 23-də naməlum şəxslər onun üzərinə nasist svastikası çəkmiş, abidəni qara boya ilə boyamışdılar. Həmin vaxt Ermənistanın baş ravvini Gerşon Burşteyn hüquq-mühafizə orqanlarına müraciət də etmişdi.

Ölkədə antisemit əhvali-ruhiyyənin növbəti dalğası Təl-Əvivin Azərbaycana müasir yüksək texnologiyalı silahların tədarükünə başladığı dövrə təsadüf edib. Halbuki İsrail Bakı ilə hərbi-texniki sahədə əməkdaşlıq edən heç də yeganə dövlət deyildi. Azərbaycana bir sıra ölkələr, o cümlədən Rusiya da silah tədarük etsə də, İrəvan məhz İsraildən səfirini geri çağırmışdı.

Erməni təbliğatının bu mövzudan fəal istifadəsi, sadəcə, cəmiyyətdə onsuz da mövcud olan antisemit əhvali-ruhiyyəni daha da gücləndirib.

Maraqlıdır ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün əks-hücum əməliyyatına başlamasınının (28 sentyabr 2020-ci il) ertəsi gün İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış memorial növbəti dəfə təhqirə məruz qalmışdı. Bir neçə gün sonra naməlum şəxslər onu yandırmağa belə, cəhd göstərmişdilər. Daha bir vandalizm aktı isə onun üzərinə “Sizin əlləriniz qandadır” yazısının yazılması idi.

Avraam Şmuleviç hadisələr xronoloji ardıcıllıqla təqdim edib: 2020-ci il oktyabrın 14-də memorialın ivrit və erməni dillərində yazılar olan hər iki tərəfi boya ilə rənglənir, oktyabrın 19-da memorial yenidən vandalizmə məruz qalır, Ermənistanın “A1+” nəşri baş verənləri şərh edərkən bunun heç də ilk belə hadisə olmadığını etiraf edir, əvvəlki təhqiramiz hərəkətləri xatırladır. Oktyabrın 22-də memorialın bürünc hissəsinin ətrafında tonqal qalanır və nəticədə, abidə zədələnir, onun rəngi dəyişir. ABŞ Dövlət Departamenti bu insidenti 2020-ci ildə baş vermiş antisemit vandalizmin ayrıca epizodu kimi qiymətləndirir. 2021-ci il fevralın 12-də Holokost qurbanlarının xatirəsinə həsr olunmuş memorial yenidən təhqirə məruz qalır. Bir neçə gün sonra isə naməlum şəxslər İrəvandakı “Axtanak” parkında ucaldılmış Ermənistan-İsrail dostluğu abidəsini qırmızı boya ilə rəngləyirlər.

Şmuleviç yekunda qeyd edir ki, Holokost qurbanlarının xatirəsinə ucaldılmış köhnə və yeni memoriallara qarşı törədilmiş vəhşilik aktlarının ümumi sayı ən azı 12-dir. Bununla belə, bu epizodların heç biri üzrə ittiham hökmü çıxarılmayıb. Yalnız 2021-ci il fevralın 12-də memorialın zədələnməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarına könüllü şəkildə gələn bir nəfər saxlanılıb. Lakin sonradan onun barəsində də cinayət təqibinə xitam verilib. Rəsmi məlumata görə, qərar onun “istintaqla əməkdaşlıq etməsi” və əməlindən peşman olması səbəbilə qəbul edilib.

 

Vandalizmdən sinaqoqa hücumlara

Əgər əvvəlki illərdə özbaşınalıq və təhqir aktlarının əsas hədəfləri Holokost qurbanlarının xatirəsinə ucaldılmış memoriallar idisə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Ermənistanda ksenofob təzahürlər yeni şəkil alıb. Bu dəfə hədəf Ermənistandakı yeganə sinaqoq –  “Mordexay Navi” sinaqoqu olub. Sinaqoqa ilk hücum 2023-cü ilin sentyabrında edilib. Bu hal 2023-cü il oktyabrın 3-də təkrarlanıb. Bu zaman sinaqoq binası qırmızı boya ilə rənglənib, onun pəncərələri sındırılıb. Maraqlıdır ki, bu hadisə İsraildə həmin il oktyabrın 7-də baş vermiş faciəvi hadisələrdən cəmi 4 gün əvvələ təsadüf edib. Hücuma görə məsuliyyəti “ASALA Young” qrupu öz üzərinə götürüb. Qrup yəhudilərin “Ermənistanın and içmiş düşmənləri” elan edildiyi manifest də yayımlayıb. Manifestdə bildirilirdi ki, oktyabrın 3-dəki aksiya «yalnız başlanğıcdır». Orada, həmçinin ravvinlərə qarşı birbaşa təhdidlər və İsrail yəhudilərinə qarşı müharibə aparmaq niyyəti də yer almışdı. Müəlliflər bu “müharibə”nin yalnız Ermənistanda deyil, Avropada, ABŞ-də, Kanadada və Gürcüstanda da aparılacağını bildirirdilər.

2023-cü il noyabrın 15-də İrəvanda sinaqoqa növbəti hücum həyata keçirilib. Bu dəfə naməlum şəxslər bina üzərinə benzin tökərək onu yandırmağa cəhd göstəriblər. Aksiyanı təşkil edən terrorçu qrup növbəti aktın yəhudi icmasına qarşı artıq Ermənistanın hüdudlarından kənarda həyata keçiriləcəyini deyərək, bunun “Fələstin və Livan müqaviməti ilə həmrəylik əlaməti” adlandırmışdı.

2024-cü il iyunun 12-də Ermənistan paytaxtında sinaqoqa növbəti, sayca dördüncü hücum olub. Bu dəfə sinaqoqun pəncərəsinə kərpic atılıb.

Beləliklə, doqquz aydan da az müddət ərzində Ermənistanın yeganə sinaqoqu dörd hücuma məruz qalıb. Bundan əvvəl isə artıq qeyd edildiyi kimi, uzun illər ərzində İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış memoriallara qarşı dəfələrlə vandalizm aktları törədilib.

 

Antisemitizm ictimai rəydə

Qeyd olunan xronologiya problemin yalnız bir tərəfini əks etdirir. Bu mövzuda beynəlxalq sosioloji araşdırmaların nəticələri də az önəm daşımır. Amerikanın “Pew Research Center” araşdırma mərkəzi hələ 2019-cu ildə Mərkəzi və Şərqi Avropa ölkələrində yəhudilərə münasibətə həsr olunmuş sorğu keçirmişdi. Dərc olunmuş nəticələrə görə, Ermənistan araşdırılan 18 dövlət arasında yəhudilərə qarşı mənfi münasibətin səviyyəsinə görə birinci yerdə gəlirdi. Belə ki, bu ölkədə sorğuya qatılmış şəxslərin 32%-i yəhudilərin Ermənistan vətəndaşı olmasını istəmədiyini bildirmişdi.

Sonrakı hadisələrə əsasən ehtimal etmək olar ki, bu gün həmin göstərici əhəmiyyətli dərəcədə yüksək ola bilər. Hər halda, çoxsaylı vandalizm aktları, yəhudi obyektlərinə hücumlar və ayrı-ayrı radikal təşkilatların ritorikası fonunda məhz belə təəssürat yaranır.

Statistika öz-özlüyündə baş verənlərin səbəblərini nadir hallarda izah edir. Lakin sadalanan faktlarla birlikdə bu məlumatlar erməni cəmiyyətində yəhudilərə qarşı mənfi münasibətin köklərinin daha dərin olduğunu düşünməyə imkan verir.

 

Erməni antisemitizminin kökləri

Bu ideoloji konstruksiyanın elementlərindən biri erməni millətçi mühitində geniş yayılmış tarixi miflərdir. Buraya İsa Məsihi erməni kimi təqdim etmək cəhdləri, ermənilərin ilk xristian xalq olması barədə iddialar, tarix, xəritəçilik və qədim sivilizasiyaların mənşəyi ilə bağlı çoxsaylı alternativ versiyalar daxildir. Keçmişin bu cür mifləşdirilməsi öz xalqının tarixi müstəsnalığı haqqında təsəvvür formalaşdırır və bununla yanaşı, onlarda siyasi və ərazi iddialarına xüsusi hüququn olduğuna inam yaradır.

Bu ideologiyanın digər tərkib hissəsi siyasi zorakılığın qəhrəmanlaşdırılmasıdır. Burada “soyqırımı” adlı mövzu onilliklər ərazidə yalnız geniş beynəlxalq kampaniya ilə müşayiət olunmayıb, həm də erməni terror təşkilatlarının fəaliyyətinə haqq qazandırılması cəhdləri ilə müşayiət edilib. İctimai şüurda onların bəzi üzvləri tədricən cinayətkarlardan “milli iş uğrunda mübarizə aparan” simaya çevrilib.

İstər Ermənistanın özündə, istərsə də diaspor üzvləri arasında ayrı-ayrı nümayəndələrinin ritorikasına nəzər yetirdikdə siyasi məqsədlərə zorakı yollarla nail olmaq ideyasının millətçi dairələrin bir hissəsinin şüurunda nə dərəcədə möhkəm kök saldığını görmək mümkündür.

Burada ortaya məntiqli suallar çıxır. Ümumerməni fondlarına pul ödəməkdən imtina edən soydaşları kim öldürür? “Böyük Ermənistan” ərazilərini digər xalqların nümayəndələrindən azad etməyə çalışan etnik təmizləmələri kim həyata keçirir? Aeroportlarda, səfirliklərdə, metroda, qatarlarda, dəniz bərələrində və digər mülki obyektlərdə partlayışlar törətmiş terrorçuların yalnız erməni olduqları və milli qəhrəman hesab edildikləri üçün azadlığa buraxılmasına kim nail olmağa çalışır?

Bəli, burada terrorçuluq və tarixi miflərin genişmiqyaslı təbliğatı öz xalqının qədimliyi, müstəsnalığı və nəticə etibarilə xüsusi hüquqlara malik olması barədə təsəvvürlərin formalaşdırılmasının bir-birini tamamlayan vasitələrinə çevrilib. Bu məntiq çərçivəsində belə baxışları bölüşməyən hər kəs düşmən kateqoriyasına düşmək riski ilə üz-üzədir.

Antisemitizm probleminə daha geniş ideoloji konstruksiyanın tərkib hissələrindən biri kimi, məhz bu kontekstdə nəzər salmaq lazımdır.

 

Ekstremizm, tarixi yaddaş və yəhudi məsələsi

Professor Rövşən Mustafayevin “Virtual ehtiraslar” kitabında (Tbilisi, 2006) ilk dəfə olaraq 1918-1919-cu illərdə Cənubi Qafqazda baş vermiş qanlı hadisələr zamanı həlak olmuş 104 yəhudinin siyahısı dərc edilib. Azərbaycanın kütləvi qətllərin baş verdiyi Quba rayonunda qurbanların dəfn yeri də müəyyənləşdirilib. Bu gün həmin yerdə 1918-ci ilin faciəli hadisələrinin qurbanlarının xatirəsinə memorial kompleks yerləşir.

Erməni terrorizminin tarixini araşdıran Mustafayev bir sıra erməni millətçi təşkilatlarının yəhudi xalqı ilə bağlı gizli niyyətlərinin mövcudluğu qənaətinə gəlib. Onun diqqətini cəlb edən epizodlardan biri 1972-ci il sentyabrın 5-də Münhen Olimpiya Oyunları zamanı İsrail idmançılarının öldürülməsi ətrafında baş verən hadisələr olub. Bu cinayət əvvəlcə Fələstinin “Qara sentyabr” təşkilatı ilə əlaqələndirilirsə də, Mustafayev öz əsərlərində iddia edib ki, əməliyyata erməni əsilli terrorçu Akop Akopyan (Mosulda anadan olub) rəhbərlik edib. Söhbət sonradan erməni terror təşkilatı olan ASALA-nın yaradıcılarından biri olmuş şəxsdən gedir.

Bu, İsraildə nəşr olunmuş “Ölüm marşları. Erməniliyin yəhudi xalqına qarşı cinayətləri” kitabında da təsdiqini tapıb: “On il sonra həmin Akopyan (Bedros Oqanesyan) “Daşnaksütyun” ideologiyası ilə sıx bağlı olan beynəlxalq erməni terror təşkilatı ASALA-nı yaratdı».

ASALA XX əsrin ikinci yarısının ən tanınmış erməni terror təşkilatlarından birinə çevrilib. Onun fəaliyyəti silahlı hücumları, partlayışları, diplomatların və müxtəlif dövlət nümayəndələrinin qətlini əhatə edib. Hələ 1983-cü ildə ABŞ Prezidenti Ronald Reyqan ASALA-nı “barbar, qeyri-insani və sivil cəmiyyət üçün yolverilməz cinayətkar təşkilat” adlandırıb.

Mustafayev İsrailə hücum cəhdi ilə bağlı başqa bir epizodu da təqdim edir. 2001-ci il mayın 11-də, yəni ABŞ-də törədilmiş məşhur 11 sentyabr terrorundan bir neçə ay əvvəl İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri pilot-kamikadze, etnik erməni Stefan Oqanes Nikolyanın idarə etdiyi “Cessna” (Livan) təyyarəsini vurmuşdu. Mustafayevin “Hizbullah”ın bəyanatına istinadən təqdim etdiyi məlumat görə, onun məqsədi İsrailin rabitə obyektini məhv etmək imiş.

Tarixi yaddaşla bağlı müzakirələrdə XX əsr erməni milli hərəkatının ən tanınmış xadimlərindən biri olan Qaregin Njde fiquru da xüsusi yer tutur. Njdeyə qarşı çıxan tənqidçilər onun İkinci Dünya müharibəsi illərində nasist Almaniyası ilə əməkdaşlığına və Almaniyanın xüsusi xidmət orqanlarının fəaliyyətində iştirakına diqqət çəkirlər. Bir sıra sənədlərə əsasən, o, Vermaxtın Qərbi Krımda keçirdiyi əməliyyatlarda da iştirak edib.

Xüsusilə, 1942-ci il yanvarın 2-də “Dromedar” xüsusi komandasının 150 saylı məxfi məruzəsində Krımda yəhudilərin, karaimlərin, qaraçıların və əhalinin digər qruplarının kütləvi şəkildə güllələnməsi barədə məlumat verilib. Sənəddə deyilirdi ki, “Simferopol, Yevpatoriya, Aluşta, Karasubazar, Kerç, Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən təmizlənib” (R.Mustafayev. “Virtual ehtiraslar»).

Digər hadisə “Dro” kimi tanınan Drastamat Kanayanla bağlıdır. Bu gün Ermənistan Müdafiə Nazirliyinin Milli Strateji Araşdırmalar İnstitutu onun adını daşıyır. Araşdırmalar göstərir ki, İkinci Dünya müharibəsi zamanı “Dro” da Almaniya strukturları ilə əməkdaşlıq edib. Avstriyalı tarixçi Erik Fayql iddia edir ki, “Dro” 1942-ci ilin dekabrında Henrix Himmler ilə görüşüb. O yazır: “Dro”nun vicdan əzabı çəkmədən öldürmək təcrübəsi var idi. Bu, Himmlerə çox ciddi təsir bağışlamışdı”. Müasir Ermənistanda “Dro” cəmiyyətin bir hissəsi tərəfindən milli qəhrəman kimi qəbul edilməkdədir...

Tarixi şəxsiyyətlərin Ermənistan hüdudlarından kənardakı qiymətləndirilməsi ilə onlara ölkə daxilindəki münasibətin yaratdığı təzad tarixi yaddaşın ən kəskin məqamlarından biri olaraq qalır.

 

Sualla yekunlaşdıraq…

İsrailin qondarma “erməni soyqırımı”nı tanıması təşəbbüsü, əslində, kimə nə verə bilər? Bu, xalqlar arasındakı münasibətləri dəyişməyə qadirdirmi? Faciəli hadisələrdən yüz ildən artıq vaxt keçdikdən sonra qəbul edilən siyasi qərar bugünkü əhvali-ruhiyyəyə və yəhudilərə münasibətə təsir göstərə bilərmi?

Tarix göstərir ki, beynəlxalq bəyanatlar öz-özlüyündə ictimai şüuru dəyişmir. Onlar siyasi rəmzə çevrilə bilər, lakin onilliklər ərzində formalaşmış stereotipləri, tarixi mifləri və ideoloji baxışları avtomatik şəkildə aradan qaldırmaq iqtidarında deyil.

“Erməni soyqırımı” mövzusu yalnız tarixi müzakirə predmeti deyil, həm də erməni milli hərəkatının bir hissəsinin siyasi identikliyinin mühüm elementidir. Bununla paralel olaraq erməni cəmiyyətinin ayrı-ayrı nümayəndələrinin yəhudilərə, İsrailə və yəhudi tarixi yaddaşına münasibətilə bağlı problemlər qalmaqdadır. Bu kontekstdə xalqlar arasında ənənəvi şəkildə formalaşmış əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Tarixən türk və yəhudi xalqları arasında münasibətlər bir çox əsrlər ərzində əsasən dostluq xarakteri daşıyıb. Bu mənada, yəhudilərlə azərbaycanlılar arasındakı münasibətlər xüsusi yer tutur. Bu münasibət çoxəsrlik dinc-yanaşı yaşama və qarşılıqlı hörmət nümunəsidir.

Bəs dövlətlər arasındakı müvəqqəti siyasi fikir ayrılıqları yəhudi icmalarının maraq və təhlükəsizliyinin tarixi faciələrdən siyasi mübarizə vasitəsi kimi istifadə edən qüvvələrə qurban verilməsinə səbəb ola bilərmi?

Və ən əsası: keçmiş faciələrin xatirəsi barışıq və dialoq üçün əsas olacaq, yoxsa müasir xalqlara və dövlətlərə qarşı silah kimi istifadə ediləcək?



MƏSLƏHƏT GÖR:

138