10 Sentyabr 2026

Cümə axşamı, 21:05

PRAQMATİK TƏRƏFDAŞLIQ

Azərbaycanla Almaniya iqtisadi əməkdaşlığın sərhədlərini genişləndirir

Müəllif:

01.08.2026

Prezident İlham Əliyevin Berlində apardığı danışıqlar Azərbaycan-Almaniya münasibətlərində iqtisadi maraqlar və strateji dialoqun uzlaşdırılmasına əsaslanan yeni mərhələnin başlandığını göstərib. Energetika iki ölkə arasında əməkdaşlığın ən inkişaf etmiş istiqaməti olaraq qalsa da, səfərin məzmunu tərəflərin neft-qaz ticarətinin hüdudlarından xeyli kənara çıxmaq niyyətində olduğunu nümayiş etdirib. Yeni gündəliyə investisiyalar, sənayenin müasirləşdirilməsi, Orta Dəhliz, rəqəmsallaşma, bərpa olunan enerji, kənd təsərrüfatı və hidrogen texnologiyaları da daxildir. Bu planların həyata keçirilməsinin siyasi şərti, əlbəttə ki, Cənubi Qafqazda sabitliyin təmin olunmasıdır. Odur ki, Berlində iqtisadi məsələlər sülh prosesi ilə birbaşa əlaqəli şəkildə müzakirə edilib.

Səfərin əsas nəticəsi isə ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanması olub.

 

Yeni mərhələ

İlham Əliyevin Almaniyaya rəsmi səfəri biznes komponenti ilə – Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşlə başlayıb. Tərəflər iki ölkənin şirkətlərinin birgə fəaliyyətə artan marağını və bu marağın institusional əsasda inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Ənənəvi və alternativ energetika ilə yanaşı, nəqliyyat, logistika, Orta Dəhliz, turizm və Almaniya texnologiyalarının “ağıllı kənd” təsərrüfatında tətbiqi məsələləri də diqqət mərkəzində olub.

Gündəliyin tərkibi göstərirdi ki, Bakı ilə Berlin tədricən Azərbaycanın əsasən enerji resursları tədarükçüsü, Almaniyanın isə sənaye məhsulları istehsalçısı kimi çıxış etdiyi dar əməkdaşlıq modelindən uzaqlaşırlar. Yeni mərhələdə əsas hədəf investisiyalara, birgə layihələrə və texnoloji əməkdaşlığa keçiddir.

Proqramın siyasi hissəsi Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə “Villa Borsig” iqamətgahında keçirilən görüşlə başlayıb. Almaniya Prezidenti dünyada və regionda baş verən hadisələr fonunda Azərbaycan ilə Almaniyanı “sabitlik adası” adlandırıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi qeyd edib, Ermənistanla sülh gündəliyində əldə olunan nailiyyətlər münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb. Görüşdə Bakı ilə Avropa İttifaqı arasındakı münasibətlər, Orta Dəhliz və Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub.

Səfərin əsas hadisəsi İlham Əliyevin kansler Fridrix Mertslə danışıqları olub. Danışıqların yekununda ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə imzalanıb. Sənəd tərəflər arasında müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsini, ticarət və investisiyalar üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətinin davam etdirilməsini, həmçinin sənaye, kənd təsərrüfatı, energetika, infrastruktur, rəqəmsal transformasiya, elm və təhsil sahələrində əməkdaşlığı nəzərdə tutur. “Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq”, - deyə İlham Əliyev bildirib.

Qeyd edək ki, Bəyannamə çərçivə xarakteri daşıyır və layihələrin maliyyə dəyərinə dair qiymətləndirmə və ya onların həyata keçirilməsi üçün konkret müddətlər müəyyən etmir. Onun əhəmiyyəti ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlıqdan uzunmüddətli maraqların sistemli şəkildə uzlaşdırılmasına keçiddədir. İ.Əliyevin sözlərinə görə, əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün bir neçə işçi qrupu yaradılacaq.

 

Biznes hesabı

Belə bir keçid üçün iqtisadi baza uzun illər ərzində formalaşıb. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi, təxminən, 1,4 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə, təxminən, 68% çoxdur. Ticarətin strukturu hələ də ənənəvi olaraq qalır: Almaniya Azərbaycana maşınlar, sənaye avadanlıqları, avtomobillər, kimya və əczaçılıq məhsulları ixrac edir, Azərbaycanın ixracının əsası isə xam neftdən ibarətdir.

Bu gün Azərbaycanda 200-dən çox Almaniya şirkəti fəal fəaliyyət göstərir, Alman-Azərbaycan Xarici Ticarət Palatası 150-dən çox biznes nümayəndəsini özündə birləşdirir. Bununla belə, birbaşa investisiyaların və birgə istehsalın miqyası Aİ-nin ən böyük iqtisadiyyatı ilə Cənubi Qafqazın ən böyük bazarının potensialına hələ də tam cavab vermir.

“Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Əminəm ki, bugünkü səfərdən sonra onların sayı daha da artacaq”, - deyə İlham Əliyev qeyd edib. Onun sözlərinə görə, artıq ölkədə Almaniya biznesinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı konkret təkliflər də irəli sürülüb.

Səfərin praktiki nəticələrindən biri də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanması olub. Şura şirkətlər arasında birbaşa dialoqu təmin etməli, investisiya layihələrinin həyata keçirilməsinə dəstək verməli və inzibati maneələrin aradan qaldırılmasına köməklik göstərməlidir.

Merts Şuranın yaradılmasını “iki ölkənin şirkətləri üçün mühüm siqnal” adlandıraraq deyib ki, “Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır”. Kansler, həmçinin Bakının təklif etdiyi və Almaniya şirkətləri üçün əlavə imkanlar aça biləcək investisiya proqramının konstruktiv şəkildə müzakirə edildiyini bildirib.

Ən perspektivli istiqamətlər sənaye avadanlıqlarının istehsalı, avtomatlaşdırma, nəqliyyatın rəqəmsallaşdırılması, aqrar texnologiyalar, su təsərrüfatı və enerji səmərəliliyi ola bilər. Almaniya bu sahələrdə güclü imkanlara malikdir, Azərbaycan isə iqtisadiyyatın müasirləşdirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üzrə genişmiqyaslı proqramlar həyata keçirir.

Lakin Almaniya biznesi yalnız iri konsernlərdən ibarət deyil. Almaniya iqtisadiyyatının əhəmiyyətli hissəsini ixtisaslaşmış ortaölçülü şirkətlər təşkil edir və onlar üçün uzaq bazarlara çıxış daha yüksək xərclər və risklərlə bağlıdır. “Kiçik və orta müəssisələr uzaqda olduqda investisiya yatırmaq çox vaxt asan olmur. Yerli səviyyədə əlverişli şəraitin olması həmişə çox vacibdir”, - deyə F.Merts vurğulayıb. Buna görə də Biznes Şurasının səmərəliliyi onun keçirdiyi iclasların sayı ilə deyil, yeni investorların bazara daxil olmasını asanlaşdırmaq qabiliyyəti ilə qiymətləndiriləcək.

 

Qaz müqaviləsi

Energetika əməkdaşlığın ən konkret və kommersiya baxımından ən dolğun istiqaməti olaraq qalır. Azərbaycan uzun müddətdir Almaniyaya neft tədarük edir, 2026-cı ilin əvvəlindən etibarən buna təbii qaz da əlavə olunub. Nəql “Cənub Qaz Dəhlizi” vasitəsilə İtaliya üzərindən həyata keçirilir. SOCAR Almaniyanın SEFE şirkəti ilə ildə 1,5 milyard kubmetr qaz tədarükünü nəzərdə tutan 10 illik müqavilə imzalayıb. Almaniya və Avstriya bazarlarına çıxışla Azərbaycanın qaz ixracının coğrafiyası 16 ölkəyədək genişlənib ki, onların 10-u Avropa İttifaqının üzvüdür. 2025-ci ildə Azərbaycanın ümumi qaz ixracı 25,2 milyard kubmetr təşkil edib və bunun 12,8 milyard kubmetri məhz Avropanın payına düşüb.

Lakin Almaniya üçün bu müqavilənin əhəmiyyəti yalnız həcmlə bağlı deyil. Rusiyadan boru kəməri ilə qaz idxalının dayandırılmasından sonra Berlin eyni vaxtda tədarükçüləri şaxələndirməyə, mayeləşdirilmiş təbii qaz infrastrukturunu inkişaf etdirməyə və sənaye üçün resursları qoruyub saxlamağa məcburdur. İndi Azərbaycan qazı bu mürəkkəb təhlükəsizlik sisteminin bir hissəsinə çevrilir. “Biz dörd il yarım əvvəl Rusiyadan qaz idxalını dayandırdıqdan sonra, təbii ki, yeni tədarük mənbələri axtarmağa başladıq və bu baxımdan Azərbaycan mühüm rola malikdir. İqtisadi baxımdan bu, bizim üçün maraqlı perspektivdir”, - deyə F.Merts bildirib.

Kansler Almaniyanın əlavə həcmlərdə maraqlı olduğunu da təsdiqləyib: “Azərbaycanla əməkdaşlıq sayəsində enerji təchizatımızı daha da şaxələndirmək istəyirik”. Merts, xüsusilə Almaniyanın cənub hissəsinə tədarükü perspektivli istiqamət adlandıraraq bildirib ki, burada zəruri infrastruktur artıq mövcuddur və o, daha da genişləndirilə bilər.

Bakı da ixracı artırmağa hazırdır, lakin bunun üçün iki şərtin təmini lazımdır. Söhbət əlavə tələbatın mövcudluğu və nəqliyyat sisteminin inkişaf etdirilməsindən gedir. İlham Əliyev deyib ki, ilkin həcm 1,5 milyard kubmetr təşkil etsə də, bu həcm arta bilər”.

Hazırda bu işdə əsas məhdudiyyət ötürücülük qabiliyyəti ilə bağlıdır. TANAP və TAP, demək olar ki, maksimum gücü ilə işləyir, Mərkəzi Avropaya çıxış üçün isə yeni bağlantılar və mövcud qaz kəmərlərinin genişləndirilməsi tələb olunur. TAP-ın ötürücülük gücünün 1,2 milyard kubmetr artırılması Avstriya və Almaniyaya ixraca başlamaq imkanı verib, lakin ixracın əhəmiyyətli dərəcədə artırılması üçün daha böyük həcmli investisiyalar tələb olunur.

 

Genişlənmənin qiyməti

Problem Avropanın enerji təhlükəsizliyi ilə onun maliyyə siyasəti arasındakı ziddiyyətdədir. Avropa institutları, o cümlədən Avropa İnvestisiya Bankı “yaşıl gündəlik” çərçivəsində ənənəvi neft-qaz layihələrinin maliyyələşdirilməsini demək olar ki, dayandırıb. Eyni zamanda geosiyasi böhranlar Avropa İttifaqını Rusiya qazına alternativ axtarmağa məcbur edir.

“Bu gün həm TANAP, həm TAP tam gücü ilə işləyir və bu kəmərlərdə boş yer qalmayıb. Avropa məkanında yeni interkonnektorlar lazımdır. Əlbəttə ki, buna vəsait lazımdır”, - deyə Azərbaycan Prezidenti bildirib. O, Avropanı enerji infrastrukturunun maliyyələşdirilməsinə yanaşmanı Yaxın Şərqdəki qeyri-sabitliyi və ənənəvi təchizat zəncirlərinin pozulmasını nəzərə almaqla yenidən nəzərdən keçirməyə çağırıb. İ.Əliyevin fikrincə, yataqların işlənməsi və qaz kəmərlərinin genişləndirilməsi üçün maliyyə vəsaiti tapılarsa, Azərbaycan Almaniya da daxil olmaqla Avropaya qaz ixracını əhəmiyyətli dərəcədə artıra bilər.

Bu təklif faktiki olaraq, Berlin və Brüsselin qarşısında risklərin bölüşdürülməsi məsələsini qoyur. Avropalı alıcıların uzunmüddətli müqavilələri tələbatı təmin edə, maliyyə dəstəyi isə infrastrukturun tikintisinə yol aça bilər. Bu iki amil olmadan sadəcə siyasi maraq məqsədlərı çatılmasına kifayət etməyəcək.

Bununla yanaşı, tərəflər tərəfdaşlığın yeni mərhələsinin yalnız yanacaq ətrafında qurulduğu təsəvvürünün yaranmasına yol verməməyə çalışırlar. Birgə Bəyannamə “yaşıl energetika”, enerji səmərəliliyi və aşağı karbonlu hidrogen istehsalı sahələrində əməkdaşlığı da nəzərdə tutur.

“Bu gün biz, həmçinin bərpa olunan enerji mənbələrindən və hidrogendən istifadənin genişləndirilməsini müzakirə etdik”, - deyə F.Merts bildirib. İ.Əliyev isə öz növbəsində Azərbaycanın gələcəkdə Avropaya “yaşıl enerji” tədarük etmək əzmində olduğunu vurğulayıb.

Beləliklə, ikisəviyyəli model formalaşır: orta perspektivdə qaz Avropa üçün şaxələndirilməni dəstəkləyir, uzunmüddətli perspektivdə isə əməkdaşlıq “yaşıl enerjisi” və hidrogenə yönəlməlidir. Lakin bunun üçün təkcə Azərbaycanda enerji istehsalı deyil, həm də Qara dəniz enerji dəhlizinin, şəbəkə infrastrukturunun və Avropanın sertifikatlaşdırma mexanizmlərinin inkişaf etdirilməsi tələb olunacaq.

 

Orta Dəhliz

Səfərin ikinci strateji istiqaməti nəqliyyat və logistika ilə bağlı olub. Dünya ticarətinin yenidən qurulduğu şəraitdə Almaniya Mərkəzi Asiyaya və oradan da Çinə etibarlı marşrutlarla çıxışda maraqlıdır. Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən Orta Dəhliz bu imkanı yaradır, lakin onun rəqabət qabiliyyəti daşımaların sürətindən, tariflərin uzlaşdırılmasından, limanların və dəmir yollarının buraxılış qabiliyyətindən asılıdır. Azərbaycan artıq zəruri infrastrukturun əhəmiyyətli hissəsinə malikdir: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər donanması, eləcə də avtomobil və dəmir yolu marşrutları şəbəkəsi. İndi əsas vəzifə dəhlizdə yer alan bütün ölkələrin fəaliyyətini əlaqələndirmək və sənədlərin rəqəmsal mübadiləsini tətbiq etməkdir.

“Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü əhəmiyyəti artır. Yeni nəqliyyat və ticarət dəhlizləri bizim üçün birlikdə istifadə etmək istədiyimiz iqtisadi potensialı formalaşdırır”, - deyə Almaniya kansleri qeyd edib.

Almaniya üçün Orta Dəhliz yalnız hazır məhsulların daşınması yolu kimi əhəmiyyət daşımır. Berlin Mərkəzi Asiyanı xammal, enerji və yeni bazarlara çıxış kimi nəzərdən keçirir. Azərbaycan isə bu baxımdan Almaniya biznesinə daha qısa və şaxələndirilmiş təchizat zəncirləri qurmağa imkan verən əlaqələndirici həlqəyə çevrilir.

“Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaq”, - deyə İlham Əliyev vurğulayıb.

Müzakirələrin oktyabrın 6-da Bakıda keçiriləcək Almaniya-Azərbaycan Bağlantı Konfransında davam etdirilməsi nəzərdə tutulur. Konfransın nəqliyyat, logistika, liman və dəmir yolu infrastrukturu, “yaşıl energetika” və rəqəmsallaşmaya investisiyalara həsr olunması planlaşdırılır. Almaniya şirkətləri üçün bu, yalnız daşımalarda iştirak deyil, həm də marşrutun özünün müasirləşdirilməsinə töhfə vermək imkanıdır.

 

Sabitlik amili

Səfərin iqtisadi gündəliyi regional siyasətlə sıx şəkildə bağlı idi. Həm Ştaynmayer, həm də Merts Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə xüsusi diqqət çəkiblər. Berlin bu prosesin başa çatmasını Cənubi Qafqazda sabitliyin və Avropanı Asiya ilə birləşdirən marşrutların etibarlılığının şərti kimi nəzərdən keçirir. “Almaniya və Avropa İttifaqı geosiyasi baxımdan mühüm olan bu regionda möhkəm sülhün əldə olunmasında son dərəcə maraqlıdır”, - deyə F.Merts bildirib. O, Bakı ilə İrəvan arasında sülh sazişinin paraflanmasını tarixi hadisə adlandırıb: “Almaniya və Avropa öz imkanları daxilində bu istiqamətdə hər şeyi etməkdən məmnun olacaq”.

Bakı artıq normallaşmanı praktiki iqtisadi addımlarla əlaqələndirir. Azərbaycan ərazisindən Ermənistana 40 min tondan çox tranzit yükü daşınıb, benzin və dizel yanacağının tədarükünə başlanılıb. Belə əməliyyatların genişləndirilməsi Cənubi Qafqazın iqtisadi xəritəsini tədricən dəyişə və regional kommunikasiyalara yeni məzmun qazandıra bilər.

Berlində Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolu da müzakirə olunub. Almaniyanın keçmiş və hazırkı rəsmilərinin Bakıda Rusiya nümayəndələri ilə görüşləri barədə suala cavab verən İlham Əliyev bildirib ki, Azərbaycan hakimiyyəti bu görüşlərdən mediada yayılan məlumatlar vasitəsilə xəbər tutub. Bununla yanaşı, o qeyd edib ki, belə təmaslar Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına kömək edə bilərsə, Bakı bu cür dialoqu alqışlayır.

Səfər Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində Almaniyanın artan əhəmiyyətini təsdiqləyib. Prezident İlham Əliyevin həmkarı Ştaynmayerlə görüşü dialoqun siyasi ardıcıllığını təmin edib, Merts ilə danışıqlar isə ona iqtisadi məzmun qazandırıb.

Beləliklə, Avropa İttifaqı Şurası və Avropa Komissiyası rəhbərlərinin Bakıya səfərlərindən sonra Berlinin dəstəyi Azərbaycanın Avropa institutları ilə yaxınlaşmasına əlavə təkan ola bilər.

İ.Əliyevin Berlinə rəsmi səfərinin ikitərəfli münasibətlərin yeni modelini formalaşdırdığını söyləmək mümkündür. Azərbaycan Almaniyaya neft və qaz, gələcəkdə “yaşıl enerji, Mərkəzi Asiyaya uzanan tranzit marşrutu və inkişaf etməkdə olan regional bazara çıxış imkanı təklif edir, Almaniya isə kapital, texnologiyalar, sənaye sahəsində təcrübə və Avropa İttifaqında siyasi nüfuz. Bu qarşılıqlı əlaqələrin tammiqyaslı strateji tərəfdaşlığa çevrilib-çevrilməyəcəyi isə iki ölkənin imzaladığı bəyannamələrin investisiyalar, fəaliyyət göstərən institutlar və konkret layihələrlə məzmun baxımından nə dərəcədə sürətlə doldurulacağından asılı olacaq.



MƏSLƏHƏT GÖR:

118