13 Oktyabr 2026

Çərşənbə axşamı, 20:37

YAXINLAŞMA KAPİTALI

Azərbaycan və Özbəkistan ticarət dövriyyəsinin artımından birgə investisiyalara, istehsala və yeni marşrutlara keçir

Müəllif:

01.09.2026

Hələ bu yaxınlara qədər Azərbaycanla Özbəkistan arasında iqtisadi gündəm əsasən ticarətin genişləndirilməsi və ayrı-ayrı kooperasiya layihələrindən ibarət idi. Bu gün isə həmin gündəmə ortaq investisiya kapitalı, avtomobil zavodları, bank xidmətləri, geoloji kəşfiyyat, neft-kimya, developerlik, aqro-sənaye kooperasiyası və Xəzər dənizində nəqliyyat infrastrukturu daxildir. Beş il ərzində iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi üç dəfə artıb. Lakin ən mühüm dəyişiklik ticarət dövriyyəsindən kənarda baş verir: iki ölkənin biznes qurumları bir-birinə getdikcə daha çox sadəcə məhsul satmır, tərəfdaş bazarında birbaşa istehsal və xidmətlər yaradır.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və Daşkənddə keçirilən IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu çərçivəsində iqtisadi əməkdaşlığın yeni miqyası və istiqamətləri müəyyən edilib.

 

Birgə investisiyalar

2025-ci ildə Azərbaycan-Özbəkistan ticarət dövriyyəsinin həcmi əvvəlki ilin göstəricisini üç dəfədən çox üstələyərək 795 milyon dollara çatıb. 2026-cı ilin ilk beş ayında isə bu rəqəm daha 33% artaraq 144 milyon dollara yüksəlib. Lakin növbəti mərhələnin dayanıqlılığı artıq ixracın artırılmasından deyil, daimi istehsal zəncirləri və müntəzəm yük axınlarından asılı olacaq.

“Biz yeni yol xəritəsini qəbul etdik, ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq barədə razılığa gəldik. Əlbəttə, bu, son hədd deyil”, - Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bəyan edib. Bu məsələdə bir milyardın son hədd olmadığının qeyd edilməsi isə prinsipial əhəmiyyət daşıyır. Birgə layihələrin ümumi portfeli artıq 5 milyard dolları keçib, yəni investisiya gündəmi cari ticarət göstəricilərini nəzərəçarpacaq dərəcədə qabaqlayır. Bu, əməkdaşlığın modelini dəyişir: məhdud çeşiddə mal mübadiləsi əvəzinə kapitalın, texnologiyaların və şirkətlərin qarşılıqlı iştirak sistemi formalaşır.

Yeni modelin əsas maliyyə aləti 500 milyon dollar kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti olub. Onun resurslarından artıq, təxminən, 160 milyon dollarlıq təşəbbüslər müəyyən edilib. Üstəlik, söhbət hər iki ölkənin ərazisində sərmayə qoyuluşlarından gedir.

“Həmçinin deməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları var. Amma mən deyərdim ki, ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur”, - Azərbaycan Prezidenti İlham Əliyev bildirib. O vurğulayıb ki, nəzərdə tutulan və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi fondun həcmindən xeyli çoxdur. Başqa sözlə, onun rolu yalnız birbaşa maliyyələşdirmə ilə məhdudlaşmır. Birgə kapital bir növ keyfiyyət nişanı rolunu oynayaraq layihələrin bankların, iri şirkətlərin və özəl investorların əlavə resurslarını cəlb etməsinə kömək edir.

Bunun göstəricisi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “ABB Davr Bank” vasitəsilə Özbəkistan bazarına çıxmasıdır. Yerli maliyyə platforması Azərbaycan investisiyalarını yerində müşayiət edə və tranzaksiya xərclərini azalda biləcək. Azərbaycanda isə öz növbəsində Özbəkistan investisiyaları ilə 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib: sənayedən və tikinti sahələrindən tutmuş nəqliyyat və xidmətlərə qədər.

Daşınmaz əmlak və turizmə qoyuluşlar daha böyük miqyas alır. “PASHA Holding” Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel-yaşayış kompleksi, “Sea Breeze Uzbekistan” isə böyük turizm və yaşayış zonası ilə bağlı layihələri həyata keçirir. İlham Əliyevin sözlərinə görə, təkcə Özbəkistan turizminə 5 milyard dollar investisiya yatırılması planlaşdırılır. Bu onu göstərir ki, dövlət mexanizmlərinin ardınca nəhəng özəl kapital da uzunmüddətli layihələrə daxil olur.

İnvestisiyaların qarşılıqlı hərəkəti Azərbaycanda da formalaşır. Bu məsələdə Qarabağ və Şərqi Zəngəzur xüsusi yer tutur. Belə ki, azad edilmiş ərazilərdə yeni infrastruktur və investisiya stimulları özəl sektor üçün imkanlar açır. Özbəkistanın azad edilmiş ərazilərin bərpasında iştirakı – Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasından tutmuş 100 hektarlıq sahədə “Dostluq bağı” adlı nar bağının salınmasına qədər – praktiki və simvolik əhəmiyyət daşıyır.

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində qeyd edib ki, bu ərazilərdəki birgə layihələr iqtisadi əməkdaşlığı genişləndirir və iki ölkənin inkişafı üçün yeni imkanlar yaradır.

 

Yığılmadan istehsala qədər

İstehsal istiqamətində əməkdaşlığın ən aydın nümunəsi hələ də avtomobil sahəsidir. Azərbaycanda artıq 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib. Lakin növbəti addım nəqliyyat vasitələrinin sadə yığılmasından əhəmiyyətli dərəcədə vacibdir: Hacıqabulda 80 milyon dollardan çox investisiya ilə tam istehsal dövrünə hesablanmış ikinci zavod inşa edilir. Əgər bu, komponentlərin lokallaşdırılması, kadrların hazırlanması və təchizatçı şəbəkəsi ilə tamamlansa, bir müəssisənin hüdudlarından çox kənara çıxan sahəvi effekt yarada bilər.

Bu, Azərbaycan üçün Mərkəzi Asiyanın ən böyük minik avtomobili istehsalçısı olan Özbəkistanın səriştəsindən öz sənaye klasterinin formalaşdırılmasında istifadə imkanıdır. Özbəkistan tərəfi üçün layihə brendlərin və texnologiyaların Cənubi Qafqaz bazarında möhkəmlənməsi və qonşu istiqamətlərə çıxışı deməkdir. Qarşılıqlı fayda məhz lokallaşdırma mərhələsində yaranır: hazır avtomobil artıq sadəcə sərhədi keçmir, istehsal ölkəsinin daxilində iş yerləri, metal, plastik, şüşə, logistika, servis və peşə təhsilinə tələb yaradır.

Oxşar məntiq energetika və hasilat sənayesində müşahidə olunur. SOCAR “Üstyurt” layihəsində altı blokun mənimsənilməsi layihəsində iştirak edir, mümkün investisiyaların həcminin 2 milyard dollar olacağı təxmin edilir. Azərbaycan şirkəti geoloji kəşfiyyatın operatoru qismində çıxış edir: ilkin beşillik dövrdə azı 100 kvadratkilometrdə 3D-seysmik tədqiqatlar və kəşfiyyat quyusunun qazılması nəzərdə tutulub. Proqnoz qiymətləndirmələr - 100 milyon tona qədər neft və 35 milyard kubmetr qaz - hələlik sübut edilmiş kommersiya ehtiyatları deyil, geoloji potensial kimi qəbul edilməlidir. Lakin SOCAR-ın operator roluna qəbul edilməsinin özü Azərbaycanın mühəndislik və idarəetmə təcrübəsinin ixracını göstərir.

Əməkdaşlıq hasilatla məhdudlaşmır. “Neftqaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən iki ölkənin sahə institutları bazasında fəaliyyət göstərir, SOCAR və “Özbəkneftqaz” tərəfindən yaradılmış “Turan Energy AFEZCO” şirkəti isə “Azərkimya” istehsalı olan yüksək təzyiqli polietileni Özbəkistana tədarük edir. İndi avtomobil və aviasiya yanacağının birgə istehsalı müzakirə olunur, zəncirin növbəti həlqəsi isə SOCAR-ın Özbəkistanın pərakəndə bazarına çıxması olacaq. Bu barədə IV Regionlararası Forumda Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov məlumat verib. Beləliklə, əməkdaşlıq hasilatdan son istehlakçıya satışa qədər yolu əhatə edir.

“Bu gün təklif olunan istiqamətlərdən biri də Özbəkistanın ehtiyacları üçün neft məhsullarının, o cümlədən avtomobil və aviasiya yanacağının birgə istehsalıdır”, - ölkənin energetika naziri Şerzod Xocayev bildirib. Özbəkistan bununla texnoloji və enerji dayanıqlılığının əlavə mənbəyini əldə edir, SOCAR isə yeni tutumlu bazar qazanır. Enerji konturu dağ-mədən istiqaməti ilə tamamlanır: “AzerGold” özbəkistanlı tərəfdaşları ilə birlikdə geoloji kəşfiyyat aparmağı və hasilat ilə məşğul olmağı nəzərdə tutur. “Bütün bu fəaliyyət Özbəkistanın regionlarında həyata keçirilir”, - M.Cabbarov vurğulayıb.

Ənənəvi energetika və neft-kimyaya bərpa olunan generasiyada ortaq ixrac layihəsi əlavə oluna bilər. Azərbaycan, Özbəkistan və Qazaxıstan elektrik enerjisinin Xəzər vasitəsilə Avropaya ötürülməsinin əlaqələndirilməsi üçün “Yaşıl Dəhliz İttifaqı”nı təsis edib. Onun hələ texniki və maliyyə hazırlığından keçməsi lazımdır, lakin məntiqi aydındır: Özbəkistan potensial xarici bazar əldə edir, Azərbaycan isə enerji körpüsü rolunu möhkəmləndirir.

 

Marşrutun iqtisadiyyatı

Bütün bunlar bir ortaq suala gəlib çıxır: ölkələr arasında xammal, komplektləşdirici hissələr və hazır məhsullar nə qədər tez və proqnozlaşdırıla bilən şəkildə daşınacaq. 2025-ci ildə tranzit daşımalarının həcmi 6,7% artaraq 1,4 milyon tona çatıb, 2026-cı ilin birinci yarısında isə daha 12,2% artaraq 675 min tona yüksəlib. Artım var, lakin dəyəri 5 milyard dolları aşan layihə portfeli üçün mövcud logistika bazası tezliklə kifayət etməyə bilər.

Buna görə də Xəzərdə vahid operatorla ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılması təklifi birbaşa iqtisadi məna daşıyır. “Orta Dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın istismara verilməsini sürətləndirmək lazımdır... Biz, həmçinin vahid operatorla ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”, - Şavkat Mirziyoyev bəyan edib. Vahid idarəetmə marşrutunun dəmiryolu və dəniz hissələrini sinxronlaşdırmağa, limanlarda dayanma müddətlərini azaltmağa, tarifləri sadələşdirməyə və çatdırılma müddətlərini daha proqnozlaşdırıla bilən etməyə qadirdir.

Ayrıca element Özbəkistan üçün bərənin tikintisi olmalıdır, bunun Bakı gəmiqayırma zavodunda aparılması planlaşdırılır. İlham Əliyev bu işə prioritet xarakter verilməsinə çağırıb, baxmayaraq ki, müəssisə artıq sifarişlərlə yüklənib və eyni vaxtda təxminən on gəmi inşa edir.

Bununla yanaşı, vəzifə yalnız tranzitin artırılmasından daha genişdir. IV Regionlararası Forumda Orta Dəhliz əlavə dəyərin yaradıldığı iqtisadi platforma kimi təyin edilib. Marşrut boyunca anbarlar, paylama mərkəzləri, xidmət müəssisələri və istehsalatlar gəliri yalnız daşıma haqqından deyil, həm də sənaye kooperasiyasından əldə etməyə imkan verəcək.

Yeni istiqamətlər aqrosektorda da yaranır. Özbəkistan kənd təsərrüfatı risklərinin sığortalanmasında Azərbaycan təcrübəsini adaptasiya edib və Azərbaycandan olan mütəxəssislərin iştirakı ilə 1200-dən çox zeytun və fındıq tingi sınaqdan keçirilir. Bu, hələlik miqyasca kiçik, lakin kiçik və orta biznes üçün mühüm layihələrdir.

Ümumilikdə, indiki yaxınlaşmanın əsas nəticəsi ticarət dövriyyəsinin ayrı-ayrı rekordlarında deyil. Azərbaycan və Özbəkistan tədricən investisiyaları, istehsalı, maliyyəni və nəqliyyatı vahid iqtisadi sistemdə birləşdirir. Məhz bu qarşılıqlı tamamlayıcı addımlar ikitərəfli tərəfdaşlığa uzunmüddətli iqtisadi dayanıqlılıq verməyə qadirdir.



MƏSLƏHƏT GÖR:

49