23 Sentyabr 2026

Çərşənbə, 18:31

MƏKKƏ ÜÇBUCAĞI

Regionda yeni gediş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan saziş imzaladılar

Müəllif:

01.09.2026

Avqustda Yaxın Şərqdə heç bir şişirtməyə yol vermədən “tarixi” adlandırıla biləcək hadisə baş verib. Söhbət mövcud təhlükəsizlik arxitekturasını ciddi şəkildə dəyişdirmək, regionda proseslərin sonrakı gedişinə təsir göstərmək potensialına malik hadisədən gedir. Belə ki, avqustun 7-də Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə paktı imzalanıb. Sənədə əsasən, iştirakçılardan birinə qarşı silahlı hücum hər üç dövlətə hücum sayılacaq. Bu prinsip təcrübədə həyata keçirilərsə, Məkkə paktı son illərdə regional təhlükəsizlik arxitekturasında ən ciddi dəyişikliklərdən birinə çevrilə bilər.

 

Ankara, Ər-Riyad və İslamabad uzunmüddətli oyuna başlayırlar

Təbii ki, yeni format heç də “yoxdan” meydana çıxmayıb. Onun əsasını Səudiyyə Ərəbistanı ilə Pakistan arasında 2025-ci ilin sentyabrında imzalanmış strateji qarşılıqlı müdafiə sazişi təşkil edir. Türkiyənin formata qoşulması ilə bağlı danışıqlara isə bu ilin əvvəlində başlanılmışdı. Yanvarda Türkiyənin xarici işlər naziri Hakan Fidan belə məsləhətləşmələrin aparıldığını təsdiqləmiş, eyni zamanda daha geniş regional təhlükəsizlik sisteminin yaradılmasının zəruriliyindən bəhs etmişdi.

Etiraf olunmalıdır ki, cəmi bir neçə il əvvələdək bu cür ittifaqın yarana biləcəyini təsəvvür etmək belə, çətin idi. “Ərəb baharı”ndan sonra Türkiyə ilə Səudiyyə Ərəbistanı regional münaqişələrin əksəriyyətində “barrikada”ların fərqli tərəflərində dayanır, rəqib siyasi qüvvələri dəstəkləyirdilər. Tərəflərin konkret olaraq, “Müsəlman qardaşlığı” təşkilatı ilə bağlı məsələlərdə də mövqeləri tam fərqli idi. Qətər böhranı zamanı da bir-birinə qarşı dayanan Türkiyə ilə Səudiyyə Ərəbistanının münasibətləri Camal Qaşıqçının böyük əks-səda doğuran qətlindən sonra tam qırılma həddinə çatmışdı.

Lakin son illər ərzində vəziyyət kökündən dəyişib. Onlar siyasi dialoqu bərpa edib, iqtisadi əməkdaşlığı genişləndirib, daha sonra isə müdafiə sahəsində birgə layihələrə başlayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə Səudiyyə Ərəbistanına səfərindən sonra krallıq bu ölkənin “Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar” pilotsuz uçuş aparatlarının alınması ilə bağlı müqavilə də imzalayıb. Üstəlik, burada söhbət yalnız satınalmalardan deyil, istehsalın lokallaşdırılmasından, texnologiyaların ötürülməsindən və birgə layihələrdən də gedir.

Burada Pakistan faktiki olaraq birləşdirici həlqəyə çevrilib. İslamabad onilliklərdir Səudiyyə Ərəbistanı ilə sıx hərbi əlaqələr saxlayır və onun silahlı qüvvələrinin hazırlığında iştirak edir. Eyni zamanda Pakistan Türkiyənin ən yaxın hərbi-siyasi tərəfdaşlarından biridir.

Beləliklə, üç ölkənin imkanları bir-birini yaxşı tamamlayır. Türkiyə NATO-nun ən böyük ordularından birinə və sürətlə inkişaf edən müdafiə sənayesinə malikdirsə, Pakistan böyük silahlı qüvvələrə sahib olmaqla yanaşı, islam dünyasının yeganə nüvə dövlətidir. Nəhəng maliyyə imkanları olan Səudiyyə Ərəbistanı isə öz müdafiə sənayesini fəal şəkildə inkişaf etdirir. Beləliklə, Türkiyənin texnologiyaları, Pakistanın hərbi potensialı və Səudiyyə Ərəbistanının maliyyəsi kifayət qədər güclü kombinasiya yaradır.

 

Yaxın Şərq yenidənqurma

Qeyd olummalıdır ki, sözügedən sazişin əhəmiyyəti üç dövlətin hərbi əməkdaşlığı çərçivəsini xeyli aşır. O, daha geniş prosesin əksidir. Region ölkələri təhlükəsizlik məsələlərində yalnız xarici təminatçılardan asılı olmaq istəmədiklərini getdikcə daha çox nümayiş etdirirlər. Səudiyyə Ərəbistanı üçün bu məsələ xüsusilə vacibdir. Onun Abqaiq və Xurays neft obyektlərinə 2019-cu ildə edilmiş hücumlar göstərib ki, ABŞ ilə sıx hərbi ittifaq şəraitində belə, krallığın kritik infrastrukturu son dərəcə həssas olaraq qalır. Sonrakı raket və pilotsuz uçuş aparatı hücumları, həmçinin husilərin həmlələri bu narahatlıqları daha da artırıb. İran ətrafında baş verən son eskalasiya isə nəhayət, Ər-Riyada öz regional çəkindirmə mexanizmlərinə malik olmağın zəruriliyini sübut edib.

Bununla belə, yeni ittifaqı yalnız İranla qarşıdurma prizmasından nəzərdən keçirmək səhv olardı. Yaxın Şərqdə Türkiyə ilə İsrail arasında münasibətlərin pisləşməsi ilə tədricən daha bir potensial gərginlik xətti formalaşmaqdadır. Təbii ki, bu, İsrailə qarşı birbaşa hərbi ittifaqın yaranması demək deyil. Lakin İsrailin Qəzza, Suriya və ya Livandakı gələcək addımları bu üç ölkənin mövqeyini daha da yaxınlaşdıra bilər.

Yeni paktın əsas vəzifəsi müharibəyə hazırlıqdan çox onun qarşısını almaqdır. Kollektiv müdafiə prinsipi iştirakçılardan hər hansı birinə hücumun “qiymət”ini artırır. Artıq potensial rəqiblər nəzərə almalıdırlar ki, ikitərəfli münaqişə hər an çoxtərəfli qarşıdurmaya çevrilə bilər. Bu, ilk növbədə İrana aiddir. Səudiyyə Ərəbistanı ilə birbaşa toqquşmanın baş verəcəyi təqdirdə Tehran yalnız krallığın imkanlarını deyil, Türkiyə və Pakistanın reaksiyasını da nəzərə almalı olacaq. Digər tərəfdən, məhz münaqişənin genişlənməsi riskinin yüksək olması bütün tərəfləri daha ehtiyatlı davranmağa vadar edə bilər.

Yeni ittifaq güman ki, ərəb dünyası daxilində münasibətlərə də təsir göstərəcək. Söhbət ilk növbədə BƏƏ-dən gedir. Hələ bir neçə il əvvəl Səudiyyə Ərəbistanı və BƏƏ ən yaxın müttəfiqlər hesab olunur, Yəmən müharibəsində birgə iştirak edirdilər. Lakin zaman keçdikcə onların arasında Yəmən, iqtisadi məsələlər və regional siyasətlə bağlı ciddi fikir ayrılıqları yaranıb. Məsələ o yerə çatıb ki, Səudiyyə Ərəbistanı BƏƏ-nin iştirakı olmadan Türkiyə və Pakistanla yeni hərbi-siyasi ittifaq yaradır. Bu, Əbu-Dabi üçün xüsusilə əhəmiyyət daşıyır, çünki hələ yaxın keçmişdə Türkiyə Əmirliklərin əsas regional rəqiblərindən biri hesab olunurdu.

Nəticədə, Səudiyyə Ərəbistanı və BƏƏ tədricən fərqli tərəfdaşlıq sistemləri formalaşdırırlar. Ər-Riyad Türkiyə və Pakistanla yaxınlaşır, Əbu-Dabi isə Misir, Hindistan, Fransa, ABŞ və İsraillə. Doğrudur, hələlik iki rəqib blokun meydana çıxmasından danışmaq tezdir, lakin iki ölkənin xarici siyasət kursları arasındakı fərqlər getdikcə daha aydın görünür. Odur ki, gələcəkdə Məkkə paktının üç dövlətin ittifaqı olaraq qalacağından, yoxsa zaman keçdikcə ona digər ölkələrin də qoşulacağından çox şey asılı olacaq. Məsələn, artıq Qahirə regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi R4 adlı dördtərəfli format çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla əməkdaşlıq edir. O, bu üç ölkə ilə hərbi əlaqələrini də inkişaf etdirir. Bununla yanaşı, Misir ənənəvi olaraq onu başqalarının münaqişəsinə cəlb edə biləcək sərt müttəfiqlik öhdəliklərindən yayınır. Bu baxımdan onun üçün hazırda daha çevik R4 formatında qalmaq daha sərfəlidir. Bu format Qahirəyə fəaliyyətini tərəfdaşları ilə kollektiv müdafiə öhdəlikləri götürmədən əlaqələndirmək imkanı verir.

Digər mümkün iştirakçı Qətər ola bilər. Doha uzun müddətdir Ankara ilə sıx hərbi əlaqələr saxlayır. Qətərdə Türkiyə hərbçiləri var, ölkələr mütəmadi olaraq birgə təlimlər keçirir və müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirirlər. Bununla yanaşı, Qətərin Pakistanla da yaxşı münasibətləri var. 2017-2021-ci illər böhranının başa çatmasından sonra isə o, Səudiyyə Ərəbistanı ilə də münasibətlərini bərpa edib.

Lakin Qətərin özünəməxsus xüsusiyyətini unutmaq olmaz. Doha müxtəlif, bəzən isə bir-biri ilə qarşı-qarşıya duran ölkələrlə yaxşı münasibətləri qoruyub saxlamağa çalışır ki, bu da ona regional münaqişələrdə vasitəçi kimi çıxış etmək imkan da verir. Sərt hərbi ittifaqa qoşulmaq, əlbəttə ki, belə fəaliyyət azadlığını məhdudlaşdıra bilər. Bundan başqa, ABŞ-nin Yaxın Şərqdəki ən böyük aviabazası məhz Qətərdə yerləşir.

Odur ki, hələlik özünəməxsus “İslam NATO-su” haqda danışmaq tezdir. Lakin Məkkə paktının əhəmiyyətini kiçiltmək də olmaz. Yeni ittifaq üçün əsl sınaq ilk ciddi böhran olacaq. Paktın siyasi deklarasiya olaraq qalacağı, yoxsa real fəaliyyət göstərən kollektiv təhlükəsizlik mexanizminə çevriləcəyi məhz o zaman bəlli olacaq.

 

Reaksiyalar və mümkün nəticələr

Hələlik yeni ittifaqın meydana çıxması regionda kəskin parçalanmaya səbəb olmayıb. Əksinə, maraqlı tərəflərin əksəriyyəti kifayət qədər ehtiyatlı mövqe tutaraq Məkkə paktının real məzmununun necə olacağını anlamağa çalışır.

Burada İranın mövqeyi xüsusi diqqətə layiqdir. Səudiyyə Ərəbistanının mövqeyinin açıq şəkildə güclənməsinə baxmayaraq, Tehran yeni ittifaqı öz maraqlarına birbaşa təhdid kimi şərh etmir. Sazişin imzalanmasından qısa müddət sonra Pakistanın xarici işlər naziri İshaq Dar onu iranlı həmkarı Abbas Əraqçi ilə müzakirə də edib. İslamabad bununla faktiki olaraq, paktın hər hansı ölkəyə qarşı olmadığını nümayiş etdirməyə çalışır.

Yeni formatın əvvəlcədən anti-İran bloku kimi təqdim edilməsi İranın özü üçün də sərfəli deyil. Tehranın Türkiyə və Pakistanla sıx münasibətlərini də nəzərə alsaq, o, hələlik daha çox gözləmə mövqeyi tutur.

Hadisəyə Vaşinqtonun reaksiyası da kifayət qədər sakit olub. ABŞ-ın regional müttəfiqlərinin öz təhlükəsizliklərinə görə üzərlərinə daha böyük məsuliyyət götürmək istəyi ümumilikdə Amerikanın maraqlarına cavab verir. Üstəlik, Türkiyə NATO-nun üzvü olaraq qalır, Səudiyyə Ərəbistanı və Pakistan isə Vaşinqtonla sıx əlaqələrini qoruyub saxlayır. Buna görə də hazırkı mərhələdə yeni ittifaq mövcud təhlükəsizlik sistemini əvəz etməyə deyil, daha çox onu tamamlamağa xidmət edir. Belə bir vəziyyətdə vəziyyəti yalnız Məkkə paktının zaman keçdikcə ABŞ-dən müstəqil siyasət yürütmək qabiliyyətinə malik müstəqil güc mərkəzinə çevrilməsi dəyişə bilər.

İsrail üçün isə vəziyyət bir qədər fərqli görünür. Formal olaraq, Tel-Əviv hələ ki Məkkə paktının yaradılmasına rəsmi reaksiya verməyib. Hər halda, İsrail rəhbərliyinin yeni formatı təhdid və ya özünə qarşı yönəlmiş ittifaq kimi nəzərdən keçirdiyini göstərən hər hansəı açıqlama yoxdur. Bununla yanaşı, yeni ittifaqın gələcək inkişafı İsrail üçün müəyyən əhəmiyyət daşıyacaq. Hər halda, Pakistan yəhudi dövlətini tanımır, İsrail-Türkiyə münasibətləri gərgin olaraq qalır, Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması prosesi isə “dalana dirənib”. Odur ki, çox şey paktın yalnız üç ölkənin müdafiə mexanizmi olaraq qalacağından, yoxsa zaman keçdikcə daha qabarıq siyasi məzmun qazanacağından asılı olacaq. Əgər zaman keçdikcə ona digər böyük ölkələr də qoşulmağa başlayarsa və siyasi koordinasiya real hərbi əməkdaşlıqla tamamlanarsa, bu pakt artıq daha geniş regional təhlükəsizlik sisteminin əsasını təşkil edə bilər. Yeni ittifaqın Yaxın Şərqdə mövcud qüvvələr balansını nə dərəcədə dəyişə biləcəyi bu zaman tam aydın olacaq.



MƏSLƏHƏT GÖR:

47