DƏYİŞMƏYƏN CƏBHƏ
Moskvanın Donbasdakı təzyiqlərinə Ukrayna əks-hücum və Rusiyanın arxa cəbhəsinə zərbələrlə cavab verir
Müəllif: Namiq HƏSƏNOV
Müharibə növbəti payıza qəribə vəziyyətdə qədəm qoyur. Cəbhədə döyüş əməliyyatları yenidən güclənir , itkilər artır, arxa cəbhədə dron müharibəsi getdikcə daha geniş vüsət alır, diplomatik cəbhədə isə danışıqların mümkün bərpası barədə söhbətlər yenidən başlayır.
Sonu görünməyə ölüm karuseli
Avqust Uktayna cəbhədə həlledici dönüş yaratmayıb. Əvəzində döyüş əməliyyatlarının xarakteri nəzərəçarpacaq dərəcədə dəyişib. Rusiyanın təzyiqinin əsas istiqaməti Donetsk vilayətinin şimalı olaraq qalır. Moskva burada Ukraynanın müdafiəsinin“qala kəməri”ni yarmağa çalışır. Söhbət Konstantinovka, Kramatorsk, Drujkovka və Slavyansk şəhərlərindən ibarət “zəncir”dən gedir. Konstantinovka ətrafında vəziyyət xüsusilə ağır olaraq qalır. Rusiya bölmələri şəhərin ayrı-ayrı rayonlarında möhkəmlənməklə yanaşı, yan istiqamətlərdən də təzyiqi artırır. Kramatorsk və Slavyansk hələlik Ukraynanın nəzarətindədir. Lakin Rusiya qoşunları mütəmadi olaraq bu şəhərlərə də mütəmadi zərbələr endirir və bu zaman böyük gücə malik idarəolunan aviasiya bombalarından da istifadə edilir. “Dəqiq silah” anlayışına uyğun gəlməyən bu bombalar mülki əhali arasında tələfatlara yol açır. Ukrayna tərəfinin məlumatına görə, yalnız avqust ayında və yalnız Kramatorskda azı 13 nəfər həlak olub, 150-dən çox insan yaralanıb.
Bununla belə, Rusiya ordusunun sürətlə irəlilədiyini də söyləmək mümkün deyil. Donetsk cəbhəsinin bir sıra hissələrində Rusiya bölmələri hücum əməliyyatlarını davam etdirsə də, onların irəlilədiyinə dair təsdiqlənmiş məlumatlar yoxdur. Üstəlik, Aleksandrovsk istiqamətində Ukrayna ordusu əks-hücumlarla daha əvvəl itirilmiş mövqelərin bir hissəsini geri qaytara bilib.
Ukrayna Prezidenti Vladimir Zelenski Dnepropetrovsk vilayətinin, demək olar ki, tam azad edildiyini bildirib. Onun sözlərinə görə, 2026-cı ilin əvvəlindən bu vilayətin 26 kəndi Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. Ukraynalıların əks-hücumları cəbhənin cənub hissəsində, Orexovo ətrafında da davam edir. Lakin burada nəticələr daha azdır.
Beləliklə, Rusiyanın təzyiqi ilə Ukraynanın əks-hücumlarının birləşməsi Donbasdakı vəziyyətin qiymətləndirilməsini çətinləşdirir. Cəbhə xətti dəyişir, lakin tərəflər lokal uğurları strateji dönüşə çevirə bilmir.
Amma lokal uğurlar belə, “çox baha” başa gəlir. Bu ilin iyul ayında Ukrayna ordusunun 42 mindən çox Rusiya hərbçisini məhv etdiyi bildirilir. Avqust üzrə rəqəmlərin daha aşağı olacağına dair heç bir zəmanət yoxdur.
Lakin 2026-cı ildə cəbhəni artıq yalnız quru döyüşlərinin xəritəsi əsasında nəzərdən keçirmək mümkün deyil. İndi savaşda pilotsuz uçuş aparatları getdikcə daha böyük rol oynayır. Onlardan kəşfiyyat, artilleriya atəşinin korreksiyası, texnika və canlı qüvvənin məhv edilməsi, habelə təmas xəttindən xeyli uzaqda yerləşən hədəflərə zərbələrin endirilməsi üçün istifadə olunur. Rusiya ordusu öz PUA operatoru bölmələrinin sayını artırmağa və texnoloji pariteti bərpa etməyə çalışır, Ukrayna isə kütləvilik və yeni tip pilotsuz sistemlərin inkişafına üstünlük verir. Müharibənin Öyrənilməsi İnstitutunun analitiklərinin qiymətləndirməsinə görə, Rusiya ilə Ukraynanın dron sistemləri arasında texnoloji rəqabət müşahidə olunur ki, bu da eyni zamanda cəbhə xətti ətrafındakı “zərərvurma zonası”nı genişləndirir. Bu, xüsusilə uzaqmənzilli zərbələrin xarakterində nəzərə çarpır. Rusiya Ukraynanın şəhərlərinə və infrastrukturuna kütləvi raket-dron zərbələri endirməkdə davam edir. Yalnız avqustun 27-də Rusiya qüvvələri Ukraynaya yüzlərlə pilotsuz uçuş aparatı və raket, o cümlədən ballistik və hipersəs raketləri ilə hücum edib. Zərbələr Kiyevə və bir sıra digər şəhərlərə endirilib. Zədələnən obyektlər arasında enerji, sənaye, liman və mülki infrastruktur da var.
Ukrayna bütün bunlara zərbələrin coğrafiyasını genişləndirməklə cavab verir. Əsas hədəf Rusiyanın neft emalı müəssisələri, terminallar, anbarlar, logistika mərkəzləri və hərbi iqtisadiyyatla əlaqəli obyektləridir. Artıq bunun nəticələri ayrı-ayrı yanğınlarla məhdudlaşmır. İndi Rusiya benzin çatışmazlığı ilə üzləşib və o, yanacaq idxalını artırmağa başlayıb.
Beləliklə, müharibə getdikcə cəbhə xətti ilə məhdudlaşmır. Rusiya Donbasın müdafiəsini yarmağa çalışırsa, Ukrayna düşməninin arxa cəbhəsinə və enerji infrastrukturuna zərbələr endirməklə bu hücumun “qiymət”ini daha da artırmağa çalışır.
Müttəfiqlərin “vətənpərvərliyi”
Bütün bunlarla yanaşı, bu müharibə, sadəcə, Moskva ilə Kiyev arasındakı qarşıdurma olmaqdan çoxdan çıxıb. Xüsusilə son dövrlərdə aydın olur ki, hər iki tərəf döyüş əməliyyatlarını davam etdirmək üçün zəruri xarici resurslardan getdikcə daha çox asılı vəziyyətə düşür. Ukrayna üçün əsas istiqamət “könüllülər koalisiyası” adlandırılan qrupdur. Söhbət Kiyevə tək hərbi və maliyyə dəstəyini davam etdirməyə deyil, həm də gələcək təhlükəsizlik təminatının müzakirəsinə hazır olan Avropa ölkələri qrupundan gedir. Avqustda bu qrupun diqqəti yenidən Ukrayna müdafiəsinin ən həssas sahələrindən birinə – hava məkanının qorunmasına yönəlib. Ayın “koalisiya”nın Kiyevdə keçirilən görüşündə Avropa liderləri, ilk növbədə, hava hücumundan müdafiənin gücləndirilməsini müzakirə ediblər.
Burada problem “Patriot” komplekslərinin sayından çox, onlar üçün döyüş sursatlarının çatışmazlığıdır. Rusiya tərəfindən atılan ballistik raketlərin effektiv şəkildə ələ keçirilməsinə imkan verən azsaylı vasitələrdən biri məhz bu sistemlərdir. Hazırda Ukrayna belə raket-interseptorlar çatışmazlığı yaşayır və ehtiyatlara malik ölkələrdən onları əldə etməyə çalışır. Avropalı müttəfiqlər avqustda məhz bu imkanların axtarışında fəallaşıblar. Bununla yanaşı, Avropa və Ukraynanın müdafiə sənayeləri arasında əməkdaşlıq da inkişaf etdirilir.
Rusiyaya gəlincə, onun xarici dəstək sistemi fərqli qurulub. Moskva İran və Şimali Koreya ilə hərbi əməkdaşlıqdan getdikcə daha fəal istifadə edir. Tehran ilk növbədə “Shahed” ailəsinə daxil olan və Rusiyanın Ukrayna infrastrukturuna zərbələr endirmək üçün kütləvi şəkildə tətbiq etdiyi texnologiyaların və pilotsuz sistemlərin mühüm mənbəyi olaraq qalır. Şimali Koreya isə daha irəli gedib. Pxenyan sursat və raket tədarükü ilə yanaşı, Rusiyaya hərbçilər də göndərir. Ukrayna və Cənubi Koreya kəşfiyyatlarının məlumatına görə, Pxenyan Voronej vilayətində 6 buraxılış qurğusundan ibarət bütöv bir raket bölməsi yerləşdirib. Məlumatda deyilir ki, Şimali Koreya Rusiyadakı quru qoşunlarının sayını da artırmağı və onların sayını 50 min nəfərə çatdırmağı planlaşdırır.
Beləliklə, özünəməxsus qarşılıqlı təminat sistemi formalaşır: Ukrayna Avropanın müdafiə sisteminə getdikcə daha dərindən inteqrasiya olunur, Rusiya isə silah, sursat və canlı qüvvə çatışmazlığını kompensasiya etməyə hazır olan dövlətlərlə əməkdaşlığı dərinləşdirir.
Kövrək danışıqlar kanalı
Uzaqmənzilli zərbələr fonunda danışıqlar kanalı zəifləsə də, tam yox olmayıb. Belə ki, Rusiya Prezidenti Vladimir Putin avqustda verdiyi açıqlamada bildirib ki, Moskva vəziyyətin nizamlanması ilə bağlı vasitəçilər üzərindən müxtəlif təkliflər alır. O, Kremlin bu təşəbbüsləri nəzərdən keçirdiyini və gələcək dialoq imkanını qoruyub saxladığını söyləyib. Göründüyü kimi, əsas məsələlər üzrə razılıq olmasa belə, tərəflər münaqişənin başa çatdırılması variantlarını müzakirə etmək imkanından imtina etmirlər.
Lakin danışıq imkanı ilə real sülh sazişi arasında məsafə çox uzundur. Belə ki, tərəflərin mövqelərindəki əsas ziddiyyətlər hələ də aradan qalxmayıb. Söhbət, ilk növbədə, ərazi məsələsindən, Ukraynanın gələcək statusu və onun üçün təhlükəsizlik təminatından gedir. Moskva ilə Kiyev hələ də sadəcə müharibənin başa çatdırılması şərtlərini deyil, həm də fəaliyyət ardıcıllığını fərqli görürlər: atəşkəs siyasi nizamlanmadan əvvəl baş verməlidir, yoxsa onun nəticəsi olmalıdır?
Bununla yanaşı, ayrı-ayrı humanitar razılaşmalar göstərir ki, bu şəraitdə belə, ortaq məxrəcə gəlinməsi mümkündür. Onlardan biri hərbi əsirlərin mübadiləsidir. Avqustun sonunda “10-a 10” formulu üzrə növbəti belə mübadilə baş tutub. Eyni zamanda Moskva ilə Kiyev daha genişmiqyaslı mübadiləyə hazırlığı davam etdirirlər.
Bir sözlə, bu gün danışıqların konkret nəticə verdiyi azsaylı sahələrdən biri məhz humanitar istiqamətdir. Siyasi razılaşmaların əlçatmaz qaldığı halda belə, insanlar evlərinə qayıdırlar.
Bununla yanaşı, diplomatik fəallıq hərbi fəallığın azalması demək deyil. Əksinə, tərəflər cəbhədə mövqelərini gücləndirməyə davam edir, qarşılıqlı zərbələr səngimir. Odur ki, danışıqlar hələ ki müharibəyə alternativ deyil, qarşıdurmanın daha bir aləti kimi görünür. Tərəflər sanki rəqibin mövqeyini yoxlayır, vasitəçilərin dəstəyini qazanmaq və qarşı tərəfin hansı güzəştlərə hazır olduğunu müəyyənləşdirmək istəyir.
Payız nədir? Səma...
Son bir ay ərzində aydın olub ki, müharibə heç də sona yaxınlaşmır, əksinə, o, hamı üçün daha böyük xərc tələb edən prosesə çevrilir. Hələlik heç kim qarşı tərəfə öz şərtlərini qəbul etdirmək qabiliyyətini göstərə bilmir. İndi əsas məsələ müharibənin nə vaxt başa çatacağı deyil, onun sonunu yaxınlaşdırmaq üçün daha nə qədər resursun tələb olunacağındadır.
İlk baxışdan Rusiyanın müharibəni davam etdirmək üçün kifayət qədər potensialı var. Lakin məntiqli sual da yaranır: o, bunu hazırkı intensivliyi qoruyaraq davam etdirə və eyni zamanda yeni miqyaslı səfərbərlikdən yayına biləcəkmi? Kreml, hələ ki, 2022-ci ildəki səfərbərliyin təkrarlanmasından yayınmağa nail olur. İtkilər müqavilə əsasında hərbi xidmətə cəlbetmə, yüksək ödənişlər və regional proqramlar hesabına kompensasiya edilir. Lakin müharibə nə qədər uzun davam edərsə və onun intensivliyi nə qədər yüksək olarsa, ordunun sayını qoruyub saxlamaq üçün bir o qədər çox insan tələb olunacaq. Bu halda səfərbərlik siyasi qərardan çox, riyazi hesab məsələsinə çevriləcək.
Ukrayna üçün isə məsələ bir qədər fərqlidir: müttəfiqləri silah tədarükünü və öz istehsallarını artırdığı müddətdə Kiyev Rusiya hücumunu strateji dönüşə yol vermədən saxlamağa davam edə biləcəkmi? Başqa sözlə, xarici yardımların real döyüş imkanlarına çevrilməsinə və ya Ukrayna səmasının müdafiəsini təmin etməsinə Kiyevin vaxtı çatacaqmı?
Kiyev müharibənin gedişatını müstəqil şəkildə dəyişmək və ya heç olmasa ballistik raketlərə qarşı mübarizə aparmaq üçün kifayət qədər raket əldə etmək imkanına malik deyil. Bununla belə, görünən odur ki, o, tam silahlanma proqramları həyata keçirməyə və silah istehsalını dəfələrlə artırmağa qadirdir. Odur ki, Kiyev üçün zaman silah və insan resursları qədər mühüm resursa çevrilir. Cəbhəni ciddi çöküşə yol vermədən nə qədər saxlamaq mümkün olarsa, yenidən silahlanma, istehsalın inkişafı və müttəfiqlərdən yeni sistemlərin əldə olunması üçün bir o qədər çox imkan yaranır.
Əslində, qarşıdakı payızda məhz bu iki məsələ əsas mövzular olaraq qalacaq.
MƏSLƏHƏT GÖR:



43

