“İQTİSADİ İZQOY” ƏMƏLİYYATI
ABŞ İrana qarşı yeni kampaniyaya başlayır
Müəllif: Samir VƏLİYEV
ABŞ-nin maliyyə naziri Skott Bessent Tehrana qarşı “İqtisadi izqoy” adlandırılan görünməmiş iqtisadi təzyiq kampaniyasına başlanıldığını elan edib. Əslində, söhbət Tehranın gəlirlərə, texnologiyalara, xarici ticarətə və beynəlxalq hesablaşmalara çıxışını qoruyub saxladığı sistemi mümkün qədər bloklamaq cəhdindən gedir. Bu çərçivədə İranla əməliyyatları davam etdirən ölkə və şirkətlərə bu əməkdaşlığı dayandırmaları üçün müəyyən müddət verilməsi nəzərdə tutulur. Əks halda ABŞ Maliyyə Nazirliyi onlara ikinci dərəcəli sanksiyaların tətbiq ediləcəyini, sözügedən ölkə və şirkətlərin dollar sisteminə çıxışının məhdudlaşdırılacağını bildirir. Əsas hədəf isə əlbəttə ki, İranın valyuta gəlirlərinin əsas mənbələrindən olan neft ixracıdır.
Çin və Hörmüz – əsas həlqələr
Məlum olduğu kimi, İran neftinin əsas alıcısı Çindir. 2025-ci ildə İranın dəniz yolu ilə ixrac etdiyi neftin 80%-dən çoxu məhz bu ölkənin payına düşüb. Pekin orta hesabla sutkada, təxminən, 1,38 milyon barel İran nefti idxal edib. Lakin 2026-cı ilin iyuluna qədər tədarük 823 min barelə, avqustda isə sutkada 534 min barelə qədər azalıb. Beləliklə, ötən ilin orta göstəricisi ilə müqayisədə ixrac 61%, 2026-cı ilin əvvəlindəki pik göstəricilərlə müqayisədə isə, demək olar ki, ümumi həcmin üçdə ikisi qədər azalıb.
Bu, Tehranın neft gəlirlərinin ciddi şəkildə azalması deməkdir. Üstəlik, real valyuta gəlirləri tədarük edilən neftin nominal dəyərindən aşağıdır. Çünki sanksiyalar şəraitində bu işdə vasitəçilərdən və kölgə donanmasından istifadə, daşınma, yüklərin bir gəmidən digərinə ötürülməsi və sığorta üçün əlavə xərclər tələb olunur. Bundan başqa, əldə edilən vəsaitin bir hissəsinin beynəlxalq bazarda istifadəsi məhdud olaraq qalır.
Məhz buna görə də Amerikanın yeni kampaniyası artıq yalnız İranın özünə deyil, bütünlükdə sanksiyalardan yayınma infrastrukturuna qarşı yönəlib. İlk paketə BƏƏ, Honkonq, Çin, Sinqapur və Avropa ölkələrindəki strukturlar da daxil olmaqla, təxminən 60 şirkət, fiziki şəxs və gəmi daxil edilib.
Lakin bu strategiyanın uğuru, ilk növbədə, Çindən asılı olacaq. İran Pekin üçün nisbətən ucuz neft mənbəyi kimi əhəmiyyətli olsa da, iki ölkə arasındakı iqtisadi əlaqələrin miqyası Çinin Fars körfəzindəki digər tərəfdaşları ilə müqayisədə məhdud olaraq qalır. 2025-ci ildə Çinlə İran arasında ticarət dövriyyəsinin həcmi 41 milyard dollar təşkil edibsə, Səudiyyə Ərəbistanı və BƏƏ ilə ayrıca əmtəə dövriyyəsi hər bir ölkə üzrə 108 milyard dollar olub.
Vaşinqtonun hesablaması da məhz bunun üzərində qurulur. ABŞ üçün Pekinin İran neftindən rəsmən imtina etməsinə nail olmaq vacib deyil. Vaşinqtonda hesab edirlər ki, onun alınması, daşınması və emalında iştirak edən şirkətlər üçün risklərin tədricən artırılması özü kifayətdir. Çinin nəhəng dövlət neft korporasiyaları onsuz da sanksiyalı neftlə birbaşa əməliyyatlardan yayınmağa çalışırlar. Buna görə də ticarətin əhəmiyyətli hissəsi müstəqil neft emalı zavodları, kiçik treydinq strukturları və vasitəçilər üzərindən həyata keçirilir. Amma Amerikanın strategiyasının əsas çətinliyi də elə budur. İran sutkada ən azı 500-700 min barel neft ixrac edə bilirsə, onun valyuta gəlirləri kəskin şəkildə azalsa da, tamamilə yox olmur. Demək, ixracı sıfıra yaxınlaşdırmaq üçün kiçik vasitəçilərə təzyiqdən daha iri Çin banklarına, sığorta şirkətlərinə, liman və sənaye strukturlarına qarşı sanksiyalara keçid zəruridir. Bu isə artıq Pekinin cavab tədbirlərinə səbəb ola, İrana qarşı təzyiqi ABŞ-Çin qarşıdurmasının yeni mənbəyinə çevirə bilər.
Amma yeni kampaniyanın nəticələri Çinlə məhdudlaşmayacaq. İkinci dərəcəli sanksiyalardan istifadə Tehranın demək olar ki, bütün əsas ticarət tərəfdaşlarına təzyiq deməkdir. Bu məhdudiyyətlər xüsusilə qonşu ölkələr üçün həssas ola bilər. Məsələ ondadır ki, qonşuların İranla münasibətləri yalnız adi ticarəti deyil, həm də energetika, tranzit və sərhədyanı əlaqələri əhatə edir.
Bu ölkəılər arasında ən həssas vəziyyətdə olan İraqdır. O, elektrik enerjisi istehsalı üçün hər il İrandan 4-5 milyard dollar dəyərində təbii qaz alır. Bundan başqa, son illərdə İranın Türkiyə ilə ticarət dövriyyəsi təxminən 5-6 milyard dollar təşkil edib. Üstəlik, Ankara üçün İran Mərkəzi və Cənubi Asiyaya gedən quru marşrut kimi də əhəmiyyətlidir. Pakistan və Əfqanıstan üçün isə sərhədyanı ticarət mühüm əhəmiyyət kəsb edir. Sanksiyaların gücləndirilməsi halında bu ticarətin bir hissəsi, böyük ehtimalla yox olmayacaq. Sadəcə, nağd hesablaşmalara, barter və qeyri-formal sxemlərə keçəcək.
Baş verənlərin Cənubi Qafqaz üçün nəticələr daha az olacaq. Lakin onlar bu bölgədə də ghiss olunacaq. Ermənistan İranla qazla elektrik enerjisi mübadiləsi aparır. Üstəlik, o, xarici ticarətdə İran istiqamətindən çox istifadə edir. Azərbaycana gəlincə, İran Naxçıvanla müəyyən nəqliyyat əlaqələrində əhəmiyyət daşıyır. Odur ki, ikinci dərəcəli sanksiyaların gücləndirilməsi iranlı tərəfdaşlarla işləyən region bankları, daşıyıcılar və şirkətlər üçün riskləri artıracaq.
Bu məsələdə uzun müddətdir İranın xarici ticarətində əsas vasitəçilərdən biri rolunu oynayan BƏƏ xüsusi yer tutur. İran təkrar ixrac, hesablaşmalar və Qərb bazarlarından birbaşa əldə edə bilmədiyi malların tədarükünü BƏƏ vasitəsilə həyata keçirir. Bu kanalın məhdudlaşdırılması İranın idxala çıxışını ciddi şəkildə çətinləşdirə bilər.
Ümumilikdə, Fars körfəzinin ərəb ölkələri üçün problem ondan ibarətdir ki, onlar yüksək neft qiymətlərindən faydalansalar da, eyni zamanda Hörmüz boğazından ixracın məhdudlaşması, daşınma və sığorta xərclərinin bahalaşması ilə üzləşirlər. Buna görə də onlar ABŞ-nin təzyiqlərinin Hörmüz ətrafında daha genişmiqyaslı eskalasiyaya səbəb olmasını istəmirlər.
Münaqişə dünyaya neçəyə başa gəlir?
İran böhranının dünya iqtisadiyyatına təsir göstərdiyi əsas sahə energetika olaraq qalır. 2025-ci ilin dördüncü rübündə Hörmüz boğazından sutkada, təxminən, 21,6 milyon barel neft və neft məhsulları keçirdisə, 2026-cı ilin birinci rübündə bu həcm 14,9 milyon barelə, ikicni rübündə isə artıq 4,9 milyon barelə düşüb. Beləliklə, yarım il ərzində dünyanın ən mühüm enerji marşrutlarından biri vasitəsilə daşınan neft axını 77% azalıb. Eyni dövrdə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü sutkada 10,5 milyard kub futdan 0,8 milyard kub futa düşüb.
Buna baxmayaraq, dünya bazarı hələlik miqyaslı enerji böhranından yayınmağı bacarır. Hazırda “Brent” markalı neftin bir bareli təxminən 89 dollara satılır. 2025-ci ildə bu, təxminən 70 dollar olub.
Bazar Fars körfəzindən kənarda hasilatın artması və tələbatın azalmasına ehtiyatlar hesabına uyğunlaşa bilib. Bu məsələdə xüsusilə Çin mühüm rol oynayıb. O, bu il ötən illə müqayisədə 400 milyon barel az neft idxal edib ki, bununla Yaxın Şərqdən tədarükün azalması qismən kompensasiya olunub.
Lakin normallaşmadan danışmaq hələ tezdir. Avqust ayında Asiyanın neft idxalı sutkada 23,1 milyon barel təşkil edib. Müharibədən əvvəl bu rəqəm 26,9 milyon barel olub. Hörmüz boğazından sutkada cəmi təxminən 2,3 milyon barel neft keçib. Hindistanın regiondan da neft idxalı iki dəfə azalaraq 1,45 milyon barelə düşüb.
Yəni bazar ilkin şokdan sonra bərpa olunmayıb, sadəcə Yaxın Şərqdən tədarükün əhəmiyyətli dərəcədə azalmasına uyğunlaşıb.
Vaşinqton üçün bu, əlverişli imkanlar pəncərəsi yaradır. “Brent” markalı neftin bir bareli 150-200 dollar deyil, təxminən 90 dollara satıldığı müddətdə ABŞ İranın neft gəlirlərinə təzyiqi dərhal qlobal enerji böhranına yol açmadan gücləndirə bilər. Lakin bu imkan pəncərəsinin nə qədər davam edəcəyi bazarın itirilmiş tədarükləri kompensasiya etmək qabiliyyətindən və Tehranın təzyiq vasitəsi kimi Hörmüz boğazından istifadədə nə qədər irəli getməyə hazır olmacaöğından asılıdır.
İranın özü üçün təxminən altı aya yaxın davam edən müharibənin nəticələri getdikcə daha da ağırlaçır. Belə ki, mart ayında sərbəst bazarda dollar 1,53 milyon rial idisə, avqustun 24-26-da məzənnə 2 milyonu ötüb. Yəni cəmi bir neçə ay ərzində İran valyutası dəyərinin daha təxminən dörddə birini itirib.
Eyni zamanda inflyasiya da sürətlənir. Yaz aylarında Beynəlxalq Valyuta Fondu 2026-cı ildə İranda orta illik inflyasiyanın 68,9% səviyyəsində olacağını proqnozlaşdırmışdısa, avqusta qədər faktiki inflyasiya artıq 80%-i keçib, ərzaq qiymətlərinin artımı təxminən 130%-dir.
İqtisadiyyatın ümumi perspektivləri də pisləşib. Müharibə başlayandan sonra BVF 2026-cı il üçün proqnozunu yenidən nəzərdən keçirərək İranda ÜDM-in 6,1% azalacağını bildirib. Əvvəlki gözləntilərlə müqayisədə pisləşmə birdən-birə 7,2% təşkil edib. Üstəlik, iqtisadi problemlər artıq yalnız maliyyə statistikalarında deyil, fiziki çatışmazlıqlarda da özünü göstərir. İran sutkada təxminən 135 milyon litr benzin istehlak edirsə, gündəlik çatışmazlıq 15 milyon litr və ya tələbatda 11% çox qiymətləndirilir. Dünyanın ən böyük neft hasil edən dövlətlərindən biri üçün bu, xüsusilə diqqət çəkən rəqəmlərdir.
Beləliklə, ABŞ-nin yeni təzyiqi onsuz da müharibə, neft ixracının azalması, milli valyutanın dəyərdən düşməsi və xarici ticarətin pozulması nəticəsində ciddi şəkildə zəifləmiş iqtisadiyyatın üzərinə əlavə yük qoyacaq.
Silahlı savaş əvəzinə iqtisadi müharibə?
Vaşinqtonun yeni strategiyasının daxili siyasi səbəbi də var. Təxminən altı ay davam edən münaqişədən sonra müharibənin davam etdirilməsini amerikalıların, təxminən, 31%-i dəstəkləyir. Bununla yanaşı, bu dövrdə Prezident Donald Trampın reytinqi 33%-ə düşüb. Baş verənlər fonunda yanacağın bahalaşması da tədricən daxili siyasi amilə çevrilir.
Belə şəraitdə iqtisadi təzyiq Vaşinqtona Tehranı daha az hərbi və siyasi itkilərlə zəiflətmək imkanı verir. Genişmiqyaslı aviasiya əməliyyatları çox baha başa gəlir, itkilər riskləri yaradır, həmçinin ABŞ-nin Avropa və Hind-Sakit okean regionundakı öhdəlikləri üçün zəruri olan silah ehtiyatları azalır. Buna görə də hazırkı strategiya qarşıdurmanın yeni mərhələsinə keçid təsiri bağışlayır. Görünür, Vaşinqton, nəhayət, İranı yalnız silah gücünə məğlub etməyin mümkün olmadığını anlayıb. İndi o, Tehrana qarşı dünyanın maliyyə və ticarət sistemindən istifadə etməyə çalışır.
Lakin iqtisadi zəifləmə hələ siyasi kapitulyasiya demək deyil. Əgər ABŞ Tehran üçün danışıqlar və kompromis imkanlarını qoruyub saxlayarsa, iqtisadi vəziyyətin pisləşməsi həqiqətən də İranı razılaşmaya sövq edə bilər. Yox, Vaşinqtonun tələbləri faktiki kapitulyasiya kimi qəbul edilərsə, nəticə əksinə ola bilər – daha miqyaslı eskalasiya, Tehranın Hörmüz boğazı və digər vasitələrlə təzyiqə daha ciddi cavab vermək cəhdləri.
Odur ki, “İqtisadi izqoy” kampaniyasının nəticəsi yalnız ABŞ-ın İran iqtisadiyyatına nə dərəcədə güclü zərbə vura bilməsindən asılı olmayacaq. Əsas məsələ ondan ibarətdir ki, ABŞ-nin iqtisadi təzyiqinin nəticələri yeni müharibə dalğasına və dünya enerji bazarında növbəti şoka səbəb olmamışdan əvvəl siyasi güzəştlərə səbəb olacaqmı?
MƏSLƏHƏT GÖR:




33

