23 Sentyabr 2026

Çərşənbə, 18:31

“REAL ERMƏNİSTAN”: YENİLƏNMƏ

Tarixi həmrəyliklə dövlət suverenliyi arasında

Müəllif:

01.09.2026

2026-2031-ci illər üçün Ermənistan Respublikasının Hökumət Proqramıtəsdiqlənərək avqustun 20-də parlamentin müzakirəsinə təqdim edilib. Sənədin bir fəsli ayrıca hökumətin erməni diasporu ilə münasibətlərinə həsr olunub. Proqramın əsas formulunu isə “sülh şəraitində diasporla münasibətlərə yenidən baxılması” və bu münasibətlərin “Real Ermənistan” ideologiyası ətrafında qurulması təşkil edir. Yəni söhbət sadəcə əvvəlki mədəni və humanitar proqramların davamından çox, dövlətin diaspor ilə münasibətlər modelinin kökündən dəyişdirilməsindən gedir.

 

Diasporla münasibətlərə yenidən baxılması

Erməni diasporu ənənəvi olaraq ölkənin ən mühüm xarici resurslarından hesabolunur. Müxtəlif qiymətləndirmələrə görə, Ermənistanın hüdudlarından kənarda yaşayan ermənilərin sayı ölkə ərazisində yaşayanlardan xeyli çoxdur. Onilliklər ərzində İrəvana məhz diaspor tərəfindən ciddi maliyyə, humanitar və siyasi dəstək göstərib. Eyni zamanda diaspor Qərb ölkələrində erməni gündəliyinin fəal şəkildə təbliğ edilməsində ciddi rola malikdir.

Lakin 2020-2023-cü illərdə baş verənlərdən, xüsusilə Azərbaycanın işğal olunmuş ərazilərini tam nəzarətinə və suverenliyi altına qaytarmasından sonra rəsmi İrəvanın bu istiqamətdəki siyasətində də nəzərəçarpacaq dəyişikliklər başlayıb. Baş nazir Nikol Paşinyanın hökuməti hesab edir ki, xarici siyasət, ilk növbədə, xaricdəki erməni diaspor təşkilatlarının siyasi gözləntilərinə deyil, beynəlxalq səviyyədə tanınmış erməni dövlətinin maraqlarına əsaslanmalıdır. Lakin bu yanaşma xaricdəki ermənilərin bir hissəsi ilə Ermənistanın hazırkı rəhbərliyi arasında getdikcə dərinləşən münaqişəyə yol açıb.

 

“Ümummilli gündəlik”dən dövlət maraqlarına

Uzun illər ərzində erməni siyasəti əsasən Qarabağ problemi ətrafında qurulurmuş, ölkənin xarici siyasi fəaliyyətinin əhəmiyyətli hissəsi ABŞ, Fransa, Kanada və bir sıra digər ölkələrin ən böyük diaspor təşkilatlarının apardığı beynəlxalq kampaniyaların dəstəklənməsinə yönəlmişdi. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən və 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra isə Ermənistan rəhbərliyi əvvəlki strategiyaya açıq şəkildə yenidən baxmağa başlayıb. Baş nazir Nikol Paşinyan dəfələrlə bəyan edib ki, respublika beynəlxalq səviyyədə tanınmış sərhədlərə, dövlət suverenliyinə və vətəndaşların uzunmüddətli təhlükəsizliyinə əsaslanan “Real Ermənistan” modeli formalaşdırılmalıdır.

Britaniyanın “Chatham House” analitik mərkəzinin qiymətləndirməsinə görə, Qarabağın itirilməsi (işğal olunmuş – red.) təkcə ağır siyasi məğlubiyyət deyil, eyni zamanda erməni elitasını erməni dövlətçiliyi anlayışının özünə yenidən nəzər salmağa məcbur edib. Tədqiqatçı Lourens Broers qeyd edir ki, yeni konsepsiya ərazi iddialarına əsaslanan siyasətdən imtinanı, Ermənistanın regional iqtisadi layihələrə inteqrasiya olunmuş milli dövlət kimi inkişafına keçidi nəzərdə tutur.

Qarabağ mövzusu isə yeni proqramda ayrıca ümumerməni siyasi mövzusu kimi, demək olar ki, yer almır. Orada Qarabağın adı sadəcə bölgəni könüllü şəkildə tərk etmiş ermənilər üçün mənzil proqramı ilə əlaqədar çəkilir. Sənəddə “status”, “qayıdış” və ya “Artsaxın siyasi təmsilçiliyi” ilə bağlı da müddəalara rast gəlinmir.

Bu yanaşma ötən onilliklər ərzində əsaslanılmış siyasi modelindən köklü şəkildə fərqlənir. Həmin dövrdə ölkənin həm daxili, həm də xarici siyasətini əsasən məhz Qarabağ məsələsi müəyyən edirdi.

İndi Ermənistan hökumətinin xarici siyasət ritorikası da dəyişib. Beynəlxalq medianın da dəfələrlə qeyd etdiyi kimi, N.Paşinyan daha balanslaşdırılmış siyasət yürütməyə, eyni zamanda Rusiyadan asılılığı azaltmağa, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı genişləndirməyə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır.

 

Sülh prosesi yeni strategiyanın əsası kimi

Bu gün rəsmi İrəvanın bəyan etdiyi siyasətin əsas elementi Azərbaycanla yekun sülh sazişinin imzalanmasına nail olmaqdır. “Reuters”, “Le Monde” kimi media qurumları, həmçinin Amerikanın “Carnegie Endowment” analitik mərkəzi qeyd edir ki, Ermənistanın hazırkı rəhbərliyi sülh sazişinə yalnız uzun illər davam edən münaqişəyə son qoymaq vasitəsi kimi deyil, həm də nəqliyyat kommunikasiyalarının açılması, regional ticarətin genişləndirilməsi yolu ilə ölkənin iqtisadi vəziyyətini dəyişdirmək şansı kimi baxır. “Carnegie Endowment” Cənubi Qafqaz vasitəsilə nəqliyyat marşrutlarının açılmasının Ermənistan üçün tranzit, logistika və ticarət sahəsində keyfiyyətcə yeni imkanlar yarada biləcəyinə diqqət çəkir. Məlum olduğu kimi, ölkə onilliklər ərzində bu cür imkanlardan məhrum olub. Odur ki, sülh prosesi tədricən Ermənistan hökuməti üçün təkcə təhlükəsizlik deyil, həm də uzunmüddətli iqtisadi inkişaf məsələsinə çevrilir.

 

Diaspor və siyasi prioritetlərdəki fərq

Bu gün İrəvanın yeni siyasi xətti heç də xaricdəki erməni təşkilatlarının hamısı tərəfindən dəstəklənmir. Xüsusilə ABŞ və Fransadakı ermıni diasporunda hökumətlə fikir ayrılıqları daha çox nəzərə çarpır. Məlum olduğu kimi, hər iki ölkədə erməni diasporu əhəmiyyətli siyasi imkanlara, hətta qanunverici orqanlarla sıx əlaqələrə malikdir.

ABŞ-nin erməni təşkilatları ənənəvi olaraq sanksiya siyasətini, Birinci Dünya müharibəsi hadisələrinin “soyqırımı” kimi tanınmasını, Konqresdə Azərbaycan və Türkiyəyə qarşı müxtəlif qətnamələrin qəbulunu dəstəkləyir və buna çalışır. Fransada da analoji fəallıq müşahidə olunur. Burada erməni təşkilatlarının nümayəndələri Milli Assambleyanın və Senatın deputatları ilə mütəmadi əlaqədədirlər. Bu təşkilatlarda hesab edirlər kli, belə fəaliyyət erməni xalqının maraqlarının müdafiəsinə yönəlib. Halbuki Ermənistanın özündə belə gündəlik getdikcə daha mənfi qəbul olunur. Bir sıra xarici analitiklər bildirirlər ki, indi diasporla Ermənistan dövlətinin siyasi prioritetləri heç də həmişə üst-üstə düşmür. Diaspor təşkilatları çox vaxt “tarixi yaddaş”a istinad edirsə, İrəvan regionun iqtisadi, coğrafi və hərbi-siyasi reallıqlarını nəzərə almağa məcburdur.

Bununla yanaşı, diaspor təşkilatlarının müvafiq dövlətlərin Ermənistandakı maraqlarının ritmindəki rolunu da inkar etmək olmaz. Bu, xüsusilə Rusiya ilə bağlı özünü daha aydın göstərir.

Lakin hər bir halda, xaricdəki erməni təşkilatların təşəbbüsləri indi İrəvan tərəfindən əvvəlki dövrlərdəki qədər dəstəklənmir.

Xarici analitiklərin fikrincə, bu cür ziddiyyətlər milli dövlətlərlə nüfuzlu diasporlar arasındakı münasibətlərin xarakterik xüsusiyyətidir və onu dövlətlə xaricdəki icmanın sadə qarşıdurması kimi qəbul etmək olmaz.

 

Diaspor və danışıqlar prosesi

Bu gün bu kontekstdə ən çox müzakirə olunan mövzulardan biri xaricdəki erməni lobbisinin Ermənistan-Azərbaycan danışıqlarına təsiridir. ABŞ və Fransadakı erməni təşkilatları hələ də başa çatmış Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müxtəlif qanunvericilik təşəbbüslərinin qəbuluna çalışırlar, ayrı-ayrı siyasətçilər mütəmadi olaraq erməni təşkilatlarının mövqeyini əks etdirən bəyanatlarla çıxış edirlər. Rusiyadakı erməni diasporunun nümayəndələri isə proseslərə müdaxilə etmək üçün durmadan Ermənistana (vaxtilə Azərbaycanın Qarabağ bölgəsinə olduğu kimi) nümayəndələr göndərirlər.

Qərb analitik mərkəzləri isə davamlı sülhün, ilk növbədə, Bakı ilə İrəvan arasında birbaşa siyasi dialoq tələb etdiyinə diqqət çəkirlər.

“Chatham House” ekspertləri hələ sülh prosesinin indiki mərhələsindən xeyli əvvəl bildirirdilər ki, istənilən xarici təşəbbüs sadəcə danışıqlar prosesini tamamlaya bilər. Yəni onu əvəz edə bilməz. Bundan başqa, münaqişənin regiondan kənarda həddindən artıq siyasiləşdirilməsi kompromislərin axtarışını çətinləşdirir. Çünki bu, tərəflərə təzyiqi artırır, qarşılıqlı güzəştlər üçün imkanları məhdudlaşdırır.

Bununla yanaşı, tədqiqatlar qonşuları ilə kompromislər axtarmağa məcbur olan dövlətin siyasi məntiqi ilə xaricdəki, qəbul edilən qərarların nəticələri ilə çox vaxt daha az bağlı olan təşkilatların məntiqi arasında obyektiv fərqin mövcudluğunu təsdiqləyir. Bu mənada İrəvanla erməni diasporunun böyük hissəsi arasındakı fikir ayrılıqları yalnız baxışların deyil, siyasi funksiyaların da fərqliliyini əks etdirir.

 

Yeni siyasi model

Ekspertlər baş verən dəyişiklikləri Ermənistanın öz dövlət subyektliyini möhkəmləndirmək cəhdi kimi qiymətləndirir. Bu mənada, ölkədə keçirilmiş son seçki nəticəsi Paşinyanın Azərbaycanla sülh, həmçinin daha müstəqil xarici siyasət kursu ilə bağlı referendum kimi də qiymətləndirilirdi. Məhz Paşinyanın irəli sürdüyü “Real Ermənistan” konsepsiyası əsasən miflərə və qonşulara qarşı ərazi iddialarına söykənən siyasətdən dövlətin təhlükəsizliyinin, iqtisadi inkişafının və beynəlxalq səviyyədə tanınmış suverenliyinin təmininə yönəlmiş siyasətə keçidi nəzərdə tutur.

Müşahidəçilər rəsmi İrəvanla Qarabağ məsələsini hələ də ümummilli siyasətin mərkəzi elementi sayan erməni diasporunun bir hissəsi arasında artan gərginliyi məhz bununla izah edirlər. Hökumətin yeni proqramında müvafiq dəyişikliklər də məhz buradan qaynaqlanır. İndi sənəddə diasporla münasibətlərin məntiqi dəyişdirilib. Orada əsas istiqamətlər sülh, Ermənistanın ərazi bütövlüyü və respublikanın inkişafıdır. Sənəddə hətta Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 29743 kvadratkilometr olduğu da vurğulanır.

Yeni konsepsiyada dövlət diasporu öz ümumerməni gündəliyi olan müstəqil ictimai-siyasi mərkəz kimi qəbul etməkdən uzaqlaşmağa çalışır, bu münasibətlərin İrəvanın maraqları və dövlət siyasəti əsasında qurulması təklif olunur.

Bir sözlə, Ermənistanla erməni diasporu arasında münasibətlər inkişafın yeni mərhələsinə qədəm qoyur. Əgər əvvəllər dövlət siyasəti ilə ən böyük diaspor təşkilatlarının fəaliyyəti bir çox məsələlərdə üst-üstə düşürdüsə, bu gün milli prioritetlərə münasibətdə onların arasında fərqlər getdikcə özünü daha aydın göstərir. Paşinyan hökuməti Ermənistanın beynəlxalq səviyyədə tanınmış dövlətçiliyinin möhkəmləndirilməsinə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və regional təcridin aradan qaldırılmasına üstünlük verir. Ekspertlərin və xarici medianın əhəmiyyətli bir hissəsi isə bu kursu Ermənistan dövlətçiliyinin daha müstəqil modelini formalaşdırmaq cəhdi kimi qiymətləndirir.

Diaspor təşkilatlarının bir çoxu isə hələ də ənənəvi siyasi gündəlikdən çıxış edir ki, bu da onların mövqeyi ilə rəsmi İrəvanın mövqeyi arasında ziddiyyətlərə aparıb çıxarır.

Lakin hər bir halda, bu gün Ermənistan rəhbərliyinin xarici siyasi prioritetlərini müstəqil şəkildə müəyyən etmək imkanları getdikcə İrəvanın dövlət suverenliyini möhkəmləndirməsinin mühüm elementi kimi qiymətləndirilir.



MƏSLƏHƏT GÖR:

71