ŞƏT-dən DAHA BÖYÜK
Yubiley sammiti Avrasiya diplomatiyasının yeni coğrafiyasını ortaya qoyub
Müəllif: Zaur HƏSƏNOV
Bişkek bir neçə gün ərzində Avrasiyanın əsas diplomatik platformalarından birinə çevrilib. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti bir çox məsələlərdə fərqli mövqelər tutan, lakin eyni zamanda Şərqi Asiyadan Cənubi Qafqazadək uzanan nəhəng məkanda sabitlik, təhlükəsizlik və əlaqələrin genişləndirilməsində maraqlı olan dövlətlərin liderlərini eyni masa arxasında toplamışdı. Sammitin rəsmi gündəliyi ŞƏT-in gələcəyinə və dəyişən dünyadakı roluna həsr olunsa da, bu “dəyirmi masa”nın hüdudlarından kənarda cərəyan edən diplomatiya da az əhəmiyyət daşımırdı. Hər halda, sammit çərçivəsində təşkilatın hüdudlarını aşan əhəmiyyətli danışıqlar da baş tutub. Məsələn, Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi və Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ilə görüşlər keçirib, Hindistan və İran liderləri ikitərəfli gündəliyi müzakirə edib. Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edən bir sıra dövlət başçıları ilə görüşlər keçirib. Beləliklə, Bişkek təkcə kollektiv dialoq platformasına deyil, həm də Rusiya, Çin, Hindistan, İran, Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri və Türkiyənin maraqlarının kəsişdiyi özünəməxsus diplomatik qovşağa çevrilib.
“ŞƏT plus” formatı xüsusi maraq doğurur. Bu format sammiti təşkilatın hüdudlarından kənara çıxarır və onunla dialoqda maraqlı olan dövlətlərin əhatəsinin nə qədər genişləndiyini göstərir. Bu genişlənmiş məkanda Azərbaycan da yer alır. Odur ki, builki toplantı artıq yalnız ŞƏT-in gələcəyinin müzakirə edildiyi yox, həm də Avrasiyanın formalaşmaqda olan yeni siyasi coğrafiyasının konturlarını göstərən tədbir sayıla bilər.
25 il: regional mexanizmdən Avrasiya platformasına
Bişkek sammiti ŞƏT üçün yubiley toplantısı olmaqla yanaşı, eyni zamanda əlamətdar hadisə sayılır. 2026-cı ildə təşkilatın yaradılmasının 25 ili tamam olub. Mərkəzi Asiyada etimad və təhlükəsizliyin möhkəmləndirilməsi mexanizmi kimi yaranmış təşkilat bu illər ərzində öz sərhədlərini və gündəliyini əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün ŞƏT-ə 10 dövlət daxildir: Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan. Təxminən, 36 milyon kvadrat kilometr ərazini əhatə edən bu ölkələrdə ümumilikdə 3,4 milyarddan çox insan yaşayır ki, bu da dünya əhalisinin 40%-dən çoxu deməkdir. Dünya iqtisadiyyatının, təxminən, dörddə biri və qlobal ticarətin 15%-dən çoxu da ŞƏT üzvlərinin payına düşür. Qurum 10 üzv dövlətdən başqa, 2 müşahidəçi ölkəni və aralarında Azərbaycanın da olduğu 15 dialoq tərəfdaşını birləşdirir.
Yubiley sammiti ŞƏT-in 25 illik fəaliyyətinə bir növ yekun vurmaqla yanaşı, onun gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirib. Toplantıda qəbul edilmiş əsas siyasi sənəd 25 illik yubileyə həsr olunmuş Bişkek Bəyannaməsidir. Orada dövlətlər BMT Nizamnaməsinə və ŞƏT-in əsas prinsiplərinə, o cümlədən suverenlik və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, güc tətbiq etməmək prinsiplərinə sadiqliklərini təsdiqləyiblər. İştirakçılar bir daha vurğulayıblar ki, ŞƏT hərbi-siyasi blok deyil və onun fəaliyyəti digər dövlətlərə, yaxud beynəlxalq təşkilatlara qarşı yönəlməyib. Bəyannamədə çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və BMT-nin mərkəzi rolu ilə daha ədalətli dünya nizamının formalaşdırılması kursuna sadiqlik də vurğulanır.
Görüşün yekunlarına əsasən ümumilikdə 30-a yaxın sənəd qəbul edilib. Onların məzmunu ŞƏT-in gündəliyinin bu gün nə qədər geniş olduğunu göstərir. Dövlət başçıları ənənəvi təhlükəsizlik məsələlərindən başqa, təhlükəsizlik çağırışları və təhdidlərinə qarşı mübarizə üzrə Universal Mərkəzin yaradılması, Antinarkotik Mərkəzin fəaliyyətinin gücləndirilməsi, 2030-cu ilədək narkotik asılılığı və sintetik narkotiklərin yayılmasına qarşı mübarizə üzrə yeni proqramların hazırlanması barədə razılığa gəliblər. Ayrı-ayrı sənədlər beynəlxalq informasiya təhlükəsizliyinə, süni intellektə, 2026-2030-cu illər üçün limanların və logistika mərkəzlərinin inkişafına, energetikaya, iqlimə və biomüxtəlifliyə həsr olunub. Yəni söhbət artıq yalnız təhlükəsizliyin ənənəvi anlayışından deyil, əməkdaşlığın rəqəmsal, texnoloji, enerji və nəqliyyat istiqamətlərindən də gedir.
Görüşün digər rəmzi nəticəsi sədrliyin Qırğızıstandan Pakistana ötürülməsi olub. Bundan sonra əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində işi davam etdirmək İslamabada həvalə olunur. Bununla yanaşı, Lahor 2026-2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilib.
Ümumilikdə qeyd edilməlidir ki, qəbul olunmuş qərarların zahiri müxtəlifliyinin arxasında bir əsas məqam özünü göstərir: ŞƏT yeni mərhələyə qədəm qoyur. 2001-ci ildə 6 dövlət tərəfindən yaradılmış təşkilat indi Avrasiyanın ən böyük çoxtərəfli platformalarından birinə çevrilib. Onun hazırkı miqyası təşkilatın fəaliyyətinə rəsmi tərkibdən kənarda da marağın nə üçün artdığını izah edir. Məhz buna görə də son sammitin ən mühüm hissəsi yalnız təşkilat daxilində aparılan müzakirə deyil, həm də genişləndirilmiş “ŞƏT plus” formatı olub.
ŞƏT öz sərhədlərini aşır
“ŞƏT plus” formatı təşkilatın inkişafının növbəti mərhələsi sayılır. Bu, təşkilata daxil olmayan, lakin onun iştirakçıları ilə birbaşa siyasi dialoqda maraqlı olan ölkələrdən ibarət geniş çevrə formalaşdırır. Məhz bu format Bişkekdə dövlət başçıları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək, yubiley sammitini daha geniş ünsiyyət platformasına çevirib.
“ŞƏT plus” formatının xüsusiyyəti burada təşkilat üzvləri ilə ona üzv olmayan dövlətlər arasında sərt sərhədlərin aradan qalxmasındadır. Genişləndirilmiş format çərçivəsində müxtəlif siyasi və coğrafi məkanları (Cənubi Qafqazdan və Yaxın Şərqdən Cənub-Şərqi Asiyaya qədər olan əraziləri) təmsil edən nümayəndələr bir araya gəlir.
Bişkek sammitinə dəvət alanlar arasında Azərbaycan da var idi və onu sammitdə Prezident İlham Əliyev təmsil edirdi. Qeyd edək ki, Bakı artıq 2024-cü ildə Astanada və 2025-ci ildə Tyantszində keçirilmiş “ŞƏT plus” iclaslarında iştirak edib. Builki sammit Azərbaycanın bu formata davamlı marağının təsdiqi sayıla bilər.
“ŞƏT plus” təşkilatın ilkin gündəliyinin hüdudların aşan məsələlərin müzakirə oluna biləcəyi məkana çevrilir. Burada təhlükəsizlik və transmilli təhdidlərə qarşı mübarizə nəqliyyat əlaqəliliyi, ticarət, energetika, rəqəmsal texnologiyalar və humanitar əməkdaşlıqla yanaşı müzakirə olunur. Məhz buna görə bu formatın müstəqil siyasi əhəmiyyəti də var: o, ŞƏT-in qapalı kluba çevrilmədən daha çox dövlətlə qarşılıqlı əlaqə yaratmasına imkan verir.
Konkret olaraq Azərbaycana gəlincə, onun üçün bu platformanın əlavə əhəmiyyəti də var. Bakı bir neçə regional istiqamətin – Cənubi Qafqaz, Mərkəzi Asiya, Xəzər və daha geniş Avrasiya məkanının kəsişməsində yerləşir. “ŞƏT plus” Avrasiyanın ən böyük dövlətləri ilə dialoqda eyni vaxtda iştirak etmək, regionda öz maraqları olan dövlətlərlə əlaqələri inkişaf etdirmək imkanı deməkdir. Bu mənada Bişkek sammiti təkcə ŞƏT daxilində baş verənlərlə deyil, həm də onun ətrafında baş verənlərlə maraqlıdır.
Prezident İlham Əliyev “ŞƏT plus” çərçivəsindəki çıxışı zamanı Azərbaycanla Ermənistan arasında 30 ildən artıq davam etmiş münaqişənin başa çatdığına, Cənubi Qafqaz regionunun sülh zonasına çevrildiyinə xüsusi diqqət çəkib. “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq”, - deyə dövlət başçısı bildirib. O, BMT-nin passivliyindən, qəbul etdiyi qətnamələrin icrasında hər hansı rol oynamamasından təəssüfləndiyini də qeyd edib: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.
Sahə diplomatiyası
ŞƏT-in, əlbəttə ki, rəsmi gündəliyi olur. Lakin hər zaman hər bir böyük sammitin başqa, əlavə gündəliyi də mövcuddur. Bu, sahə diplomatiyasıdır. Bişkekdə bu diplomatiya təşkilatın öz iclasları qədər, hətta onlardan daha intensiv olub. Liderlər ŞƏT-in hüdudlarını xeyli aşan məsələləri – Rusiya ilə Çin arasında strateji əməkdaşlıqdan və Moskvanın Yeni Dehli ilə münasibətlərindən tutmuş, Yaxın Şərqdəki vəziyyətə, Ukrayna məsələsinə və Cənubi Qafqazdakı yeni siyasi reallıqlara qədər geniş spektrli mövzuları müzakirə ediblər.
Sammit çərçivəsində Vladimir Putinin Si Cinpin və Narendra Modi ilə təmasları əsas beynəlxalq mövzulardan birinə çevrilib. Putin ilə Cinpin arasındakı görüş xüsusilə diqqət çəkib. Bu, iki liderin ilin əvvəlindən buy ana ikinci şəxsi təması idi ki, bu da Moskva ilə Pekinin strateji qarşılıqlı əlaqələrin yüksək səviyyəsini qoruyub saxlamaq istəyini nümayiş etdirir. Müzakirə olunan məsələlər arasında ikitərəfli münasibətlər, ticarət-iqtisadi əlaqələr, Rusiya ilə Çin arasında daimi vizasız rejimin tətbiqi imkanları da olub.
Putinin Modi ilə görüşü də az əhəmiyyət daşımırdı. Rusiya ilə Hindistan ən mühüm tərəfdaşlar olaraq qalırlar və onların ŞƏT platformasındakı ünsiyyəti geniş beynəlxalq və ikitərəfli məsələlər üzrə mövqelərin tutuşdurulmasına imkan verir.
Rusiya Prezidentinin daha bir önəmli görüşü iranlı həmkarı Məsud Pezeşkian ilə olub. İran ətrafında və Yaxın Şərqdə vəziyyətin gərgin olaraq qalması fonunda regional təhlükəsizlik bu danışıqların əsas mövzularından birinə çevrilib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə görüşdə isə Putin Qara dəniz regionunda baş verənlər, Ukrayna məsələsi və ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıb. Ərdoğan Ukrayna ətrafındakı vəziyyətin nizamlanması və sülh dialoqunun bərpası ilə bağlı Ankaranın yeni təşəbbüs və təkliflərini səsləndirib.
Putin Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə də görüşüb. Moskva-Yerevan münasibətlərinin hazırkı vəziyyəti nəzərə alınarsa, bu gğrüş də mühüm əhəmiyyət daşıyırdı. Görüşdə Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət etmək planı fonunda xarici siyasət kursu, eləcə də uzun müddət ərzində yığılıb qalmış problemli məsələlər, qarşılıqlı iddialar ətraflı müzakirə edilib. Putin Ermənistanın Avropa İttifaqına üzv olmaq hüququnun olduğunu etiraf edib, lakin onun Avrasiya İqtisadi İttifaqında yer aldığını xatırladaraq, bunun “çətinliklər yaratdığını” söyləyib. Putin Yerevanı bir daha xarici siyasət planları ilə bağlı daha tez qərar verməyə çağırıb.
Paşinyan isə öz növbəsində bildirib ki, ölkəsi Aİİ-yə qurumdan çıxmaq niyyəti ilə bağlı bildiriş təqdim etməyib və orada üzvlərin təşkilatdan xaric edilməsi mexanizmi nəzərdə tutulmayıb: “Vəziyyətə məhz bu başlanğıc nöqtəsindən yanaşmaq lazımdır. Ölkəmizin alternativlərə malik olması bizim üçün vacibdir. Bu, bizim qanuni hüququmuzdur. Lakin bu, Aİİ-dən narazı olduğumuz anlamına gəlmir, baxmayaraq ki, orada problemlər də var”, - deyə N.Paşinyan qeyd edib.
Bişkekdə digər iştirakçılar da öz gündəliklərini formalaşdırmağa çalışıblar. Bu mənada, Modinin Pezeşkianla görüşü diqqət çəkib. Eyni zamanda Mərkəzi Asiya dövlətlərinin liderləri platformadan ikitərəfli danışıqlar və regional məsələlər üzrə mövqelərin tutuşdurulması üçün istifadə ediblər.
Azərbaycan yol ayrıcında
Azərbaycan üçün Bişkek forumu yalnız Avrasiyanın ən böyük platformalarından birində çıxış etmək imkanı deyil, həm də məzmunlu ikitərəfli təmaslar üçün bir məkan olub. İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlərin qrafiki kifayət qədər intensiv alınıb. O, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, İran Prezidenti Məsud Pezeşkian, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Hindistanın Baş naziri Narendra Modi ilə görüşlər keçirib, həmçinin Rusiya lideri Vladimir Putin ilə qısa fikir mübadiləsi aparıb.
Nikol Paşinyanla görüşdə sülh nizamlanması prosesində əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələsi müzakirə edilib, “sülh dividendləri”nin praktiki təzahürləri vurğulanıb. Söhbət xüsusilə Azərbaycan neft məhsullarının Ermənistana ixracından, üçüncü ölkələrdən taxıl və digər malların Azərbaycan vasitəsilə tranzitindən, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin inkişafından gedib.
Kasım-Jomart Tokayev ilə görüş Azərbaycanla Qazaxıstan arasındakı intensiv siyasi dialoqunun davamı sayıla bilər. Bu gün Bakı ilə Astana arasında təmaslar ikitərəfli münasibətlərin çərçivəsini xeyli aşır. İndi o, Xəzər regionu, Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinin qarşılıqlı fəaliyyətinin daha geniş gündəliyi ilə bağlıdır. Görüşdə həmkarını Qazaxıstan Respublikasının yeni parlamenti – Qurultaya ilk seçkinin uğurla keçirilməsi münasibətilə təbrik edərək bunun Qazaxıstan xalqının ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara dəstəyinin daha bir nümayişi olduğunu bildirib.
İlham Əliyevin Məsud Pezeşkian və Rəcəb Tayyib Ərdoğanla danışıqları da heç də az əhəmiyyət kəsb etmirdi. İran Azərbaycanın qonşularından biridir və son illərdə bu ölkə ilə münasibətlər getdikcə daha praktik xarakter alır. Pezeşkian mehriban qonşuluq münasibətlərinin inkişafı üçün çox yaxşı imkanların olduğunu qeyd edərək İranın Azərbaycanla bütün sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduğunu söyləyib.
Ərdoğan ilə görüş isə iki müttəfiq dövlət arasında sıx siyasi qarşılıqlı fəaliyyətin daha bir təsdiqi olub. Görüşdən sonra Ərdoğanın administrasiyası bəyanatla çıxış edərək Türkiyənin Bakı ilə İrəvan arasındakı sülh prosesinə bundan sonra da yardım göstərəcəyini bildirib. “Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına bundan sonra da töhfə verəcəyik. Əldə olunmuş sülh regionumuz üçün həyat mənbəyinə çevriləcək”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Bişkekdə keçirilən Əliyev-Modi görüşü isə tarixdə ilk belə görüş olub. O, müşahidəçilərin diqqətini bunadək Bakı ilə Yeni Dehli arasında beynəlxalq platformalarda müəyyən diplomatik fikir ayrılıqlarının olması üzündən xüsusilə cəlb edib. Bu mənada Bişkek görüşü şəxsi ünsiyyət isə ikitərəfli münasibətlərin birbaşa müzakirəsi istiqamətində atılmış mühüm addım ola bilər.
Bütövlükdə bu təmaslar Azərbaycanın hazırkı xarici siyasi mövqeyinin xüsusiyyətini aydın şəkildə ortaya qoyur. Bakı eyni diplomatik məkanda Ermənistanla birbaşa dialoqu davam etdirir, Türkiyə ilə strateji qarşılıqlı fəaliyyət davam edir, Qazaxıstanla əlaqələri möhkəmləndirir, İran, Hindistan və Rusiya ilə münasibətlər qurur. Məhz buna görə də Əliyevin Bişkek sammitində iştirakına ayrıca bir epizod kimi deyil, Azərbaycanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Avrasiya məkanının kəsişməsində həyata keçirdiyi daha geniş diplomatik fəaliyyətin bir hissəsi kimi baxmaq lazımdır.
Bişkek sammiti göstərib ki, ŞƏT Avrasiya diplomatiyasının müxtəlif siyasi və coğrafi məkanları birləşdirən, getdikcə daha nəzərəçarpan platformasına çevrilir. “ŞƏT plus” formatı və sammit çərçivəsində aparılan intensiv diplomatiya isə bu effekti daha da gücləndirib.
MƏSLƏHƏT GÖR:









77

