Aİ QAYDALARI DƏYİŞİR
Yeni genişlənmə dalğası Avropanı yenidənqurmaya məcbur edir
Müəllif: Elçin HÜSEYNOV
Avropa İttifaqında yenidən genişlənmədən danışmağa başlayıblar. Lakin o, yeni qəbul dalğasına nə dərəcədə hazır olması sualı ilə də üz-üzədir. Üzv ölkələrin Avropa işləri üzrə nazirlərinin sentyabrın 3-4-də Dublində keçirilən qeyri-rəsmi görüşündə ittifaqın genişlənməsi, onun gələcək büdcəsi və demokratik prinsiplərin qorunması mexanizmləri müzakirə olunub. Danışıqlara namizəd və ehtimal edilən namizəd ölkələrin nümayəndələri də qoşulublar.
Belə bir vəziyyətdə birliyin əsas problemi getdikcə daha aydın görünür: Aİ-nin potensial yeni üzvlərinin sayı artdıqca, danışıqların irəliləməsinin bütün üzvlərin razılığını tələb etdiyi hazırkı sistemdə qərarların qəbulunu daha da çətinləşir. Artıq ayrı-ayrı paytaxtlar prosesi ləngitməyə qadirdirlər. Belə olduğu təqdirdə ehtimal olunan genişlənmə Brüsseli öz oyun qaydaları haqqında yenidən düşünməyə vadar edir.
Dublində nazirlər genişlənmə tempini necə saxlamaq, eyni zamanda birliyi gələcək, xeyli mürəkkəb konfiqurasiyaya necə hazırlamaq barədə müzakirələr aparıblar.
Şəxsi veto hüququ maneəsi
Genişlənmə hələlik həllini tapmayan bir problemə “ilişir”. Söhbət yekdil qərar prinsipindən gedir. Bu gün qurumda namizədlərlə danışıqlar klasterlərinin açılması və bağlanması üçün bütün üzv dövlətlərin razılığı vacibdir. Bu isə o deməkdir ki, bir paytaxt digərləri tərəfindən dəstəklənən prosesi ləngitmək iqtidarındadır. Ukrayna və Moldovanın namizədliyi ilə bağlı son fikir ayrılıqları bu sistemin zəifliyini bir daha ortaya qoyub. Belə ki, Macarıstan xüsusilə milli azlıqların hüquqları ilə bağlı problemlərə istinadla, genişlənmə ilə bağlı bir sıra məsələləri bloklayır. Belə hallar isə namizədlərlə danışıqlar prosesini ikitərəfli və daxili siyasi mübahisələrin girovuna çevirir.
Bununla belə, problem, əlbəttə ki, Macarıstanın mövqeyindən xeyli genişdir. Əgər bu gün söhbət bir neçə namizəd ölkədən gedirsə, yeni genişlənmədən sonra qərarlarınqəbulu prosesinin iştirakçıları daha çox olacaq. Hazırkı sistemin saxlanılması o deməkdir ki, Aİ-də hər bir paytaxtın qərarları bloklamaq imkanı qalacaq. Məhz buna görə hazırda ittifaqda ayrı-ayrı sahələrdə yekdillik prinsipindən ixtisaslaşdırılmış səs çoxluğu prinsipinə keçid fəal müzakirə olunmaqdadır. Bu, sözügedən islahatın tərəfdarları üçün bir ölkənin digərlərinin qərarını bloklamaq imkanında olduğu vəziyyətdən qaçış üsuludur. Lakin bu yeniliyin əleyhdarları onu birlik daxilində milli təsirin ən vacib alətlərindən birinin potensial itkisi sayır.
Beləliklə, genişlənmə haqqında fikir ayrılıqları tədricən Aİ-nin quruluşu haqqında mübahisəyə çevrilir. İttifaqın prosesi daha da mürəkkəbləşdirmədən və bloklanmalara qarşı zəiflətmədən yeni üzvləri qəbul edə bilib-bilməyəcəyinə dair qərar verilməlidir.
Yeni üzvlər üçün qoruyucular
Əgər birinci problem növbəti ölkələrin qəbulu ilə bağlıdırsa, ikincisionların qəbulundan sonra atılacaq addımlarla bağlıdır. Dublində nazirlər məhz bu üzdən gələcək üzvlük müqavilələrinə daxil edilməsi nəzərdə tutulan, “qoruyucu mexanizmlər” adlandırılan bəndi ayrıca müzakirə ediblər.
İdeya yeni üzvün ehtimal olunan demokratik standartlardan və hüququn aliliyi prinsipindən kənara çıxmasına əvvəlcədən reaksiya alətlərinin nəzərdə tutulmasıdır. Bu, Aİ-nin təcrübəsi fonunda xüsusilə vacibdir. Qeyd edək ki, burada ayrı-ayrı dövlətlərlə hüququn aliliyi mövzusunda münaqişələr dəfələrlə uzanan siyasi və hüquqi mübahisəyə çevrilib.
Yeni modelin ilk sınağı Çernoqoriya ola bilər. Hər halda, üzvlük yolunda o, digər namizədlərdən daha çox irəliləyib. Ölkə 33 danışıqlar fəslindən 18-ni bitirib, apreldə isə Aİ dövlətləri onun üzvlüyü haqqında müqavilə üzrə danışıqlar komitəsinin yaradılmasına razılıq veriblər. Bu, 2013-cü ildə Xorvatiyanın Aİ-yə qəbulundan sonra ilk belə addımdır. İndi Aİ bu müqaviləyə hansı zəmanətlərin qoyulmalı olduğunu, onların digər namizədlərlə gələcək sazişlər üçün nə dərəcədə nümunə ola biləcəyini anlamaq istəyir.
İrlandiyanın Avropa işləri üzrə naziri Tomas Birn görüşdən sonra effektiv qoruyucu mexanizmlərin qəbulunu Aİ vətəndaşları arasında genişlənməyə dəstəyin saxlanmasının əsas şərti adlandırıb. Onun sözlərinə görə, genişlənmə Avropa dəyərlərinin təzahürüdür, bu isə o deməkdir ki, birlik onu təmin etməklə yanaşı, öz demokratik standartlarını da qoruyub saxlamalıdır.
Beləliklə, özünəməxsus bir mübadilə alınır. Namizəd tamhüquqlu üzvlük perspektivi əldə edir, lakin Aİ artıq üzvlükdən sonra qaydaların ehtimal olunan pozulmasının nəticələrini əvvəlcədən müəyyənləşdirmək istəyir. Bu, hazırkı genişlənmə dalğasının əvvəlkilərdən nə dərəcədə fərqləndiyini göstərir: Brüssel yalnız yeni üzvlərə qapını necə açmaq barədə deyil, həm də onların qəbulundan sonra nələrin baş verə biləcəyi haqqında düşünür.
İkinci dərəcəli üzvlər olmayacaq
Gələcək genişlənmə haqqında müzakirələri müşayiət edən daha bir məsələ aralıq formatları mövzusudur. Müxtəlif illərdə Aİ ilə tədricən yaxınlaşma modelləri müzakirə olunub. Bu zaman namizəd ölkələr tamhüquqlu üzvə çevrilmədən belə, birliyin ayrı-ayrı üstünlüklərindən yararlana biliblər. Brüsselin hazırkı xətti isə başqa istiqamətə yönəlib. İndi hesab olunur ki, iqtisadi və siyasi yaxınlaşma zəruri islahatların yerinə yetirilməsi ilə tədricən baş verə bilər, lakin son məqsəd tamhüquqlu üzvlük olaraq qalmalıdır.
Bu yanaşma aralarında Ukrayna, Moldova, Albaniya və Qərbi Balkan ölkələrinin olduğu hazırkı namizədlər qrupu üçün xüsusilə vacibdir. Onlar üçün üzvlük prosesi uzun ola, Aİ-nin ayrı-ayrı mexanizmlərinə və üstünlüklərinə çıxış isə tədricən genişlənə bilər. Lakin aralıq vəziyyət yekun modelə çevrilməməlidir. Bu mənada hazırkı siyasət iki əks tendensiyanı birləşdirir. Bir tərəfdən, Aİ prosesi sürətləndirmək və yekun üzvlükdən əvvəl namizədlərə daha ciddi hiss olunacaq nəticələr vermək istəyirsə, digər yandan o, üzvlüklə tərəfdaşlıq arasında qalmış dövlətlər kimi daimi kateqoriyanın yaranmasına can atmır.
Aİ-yə İrlandiyanın sədrliyi namizədlərin irəliləməsini birbaşa zəruri islahatların aparılması ilə bağlayır. Tomas Birn bəyan edib ki, Aİ-nin ümumi məqsədi üzvlüyə can atan ölkələrə bu islahatların aparılmasında kömək etmək olmalıdır, çünki genişlənmə birliyin strateji və kollektiv maraqlarına cavab verir. Bu səbəbdən hazırkı model kifayət qədər aydın görünür: ölkə Aİ-yə nə qədər yaxındırsa, bu yaxınlaşmadan bir o qədər çox şey əldə edə bilər. Lakin “giriş bileti” əvvəlki kimi qalır. Yəni tamhüquqlu üzvlük bütün zəruri şərtlərin yerinə yetirilməsini tələb edir.
Növbəti kimdir?
İslandiyanın üzvlük haqqında danışıqları bərpa etməkdən imtinası Brüssel üçün xoşagəlməz siqnal olub. Referendumda səs verənlərin əksəriyyəti hələ 2013-cü ildə dondurulmuş danışıqlar prosesinə qayıtmağın əleyhinə çıxıb. Lakin görünən odur ki, Avropa rəsmiləri bu nəticəni ümumi strategiyanı yenidən nəzərdən keçirmək üçün səbəb saymırlar. Əksinə, indi əsas diqqət artıq danışıqların fəal mərhələsində olan ölkələrə yönəlib. Genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos hazırkı dövrü “genişlənmə payızı” adlandıraraq, Brüsselin əldə olunmuş tempi saxlamaq əzmində olduğunu vurğulayır.
Burada yenə də Çernoqoriya xüsusi mövqe tutur. Artıq bağlanmış 18 fəsildən əlavə, onun üzvlüyü ilə bağlı müqavilə üzrə komitənin yaradılması danışıqların keyfiyyətcə yeni mərhələsinə keçid deməkdir. Odur ki, bu gün ən çox irəliləmiş namizəd kimi məhz Çernoqoriya görünür.
Lakin proses tək bir ölkə ilə məhdudlaşmır. İyulda İrlandiya eyni vaxtda Çernoqoriya, Albaniya, Ukrayna və Moldova ilə hökumətlərarası konfranslar keçirib. İrlandiyanın sədrliyi ilə baş tutmuş həmin gün “Super Tuesday” (“Super çərşənbə axşamı”) da adlandırılır. 2002-ci ildən bu yana bir gündə üzvlüklə bağlı bu sayda konfrans keçirilməmişdi.
İndi əsas vəzifə bu dinamikanın qorunub saxlanmasıdır. Dublində namizədlər və üzv dövlətlər yalnız üzvlüyün siyasi perspektivini deyil, həm də gələcək üzvlərin Aİ-yə qoşulmaqla bağlı miqyaslı islahatları həyata keçirmək, öhdəliklərini yerinə yetirmək qabiliyyətini müzakirə ediblər.
Beləliklə, İslandiya prosesin dayanması üçün səbəbdən çox istisnaya çevrilib. Brüssel irəliləməyə hazır olan namizədlərlə işi davam etdirmək niyyətini ortaya qoyub. Çernoqoriya bu qrupda faktiki olaraq genişlənmənin yeni modelinin ilk sınağına çevrilir.
Yeni genişlənmənin qiyməti
Avropa İttifaqına kimi və hansı şərtlərlə qəbul etmək barədə siyasi mübahisələrin arxasında xeyli praqmatik daha bir sual dayanır: bu proses neçəyə başa gələcək? Dublində namizədlər haqqında diskussiya da məhz bu səbəbdən Aİ-nin 2028-2034-cü illər üçün yeni uzunmüddətli büdcəsinin müzakirəsi ilə paralel aparılıb. Məsələ ondadır ki, gələcək büdcədə eyni vaxtda bir neçə böyük tələbat nəzərə alınmalı olacaq. Avropa İttifaqı müdafiə və təhlükəsizliyi maliyyələşdirməli, Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini dəstəkləməli və kənd təsərrüfatı, eləcə də regional inkişaf daxil olmaqla xərclərin ənənəvi istiqamətlərini qoruyub saxlamalıdır. Eyni zamanda ehtimal olunan genişlənmə yeni üzvlər, həmçinin onların iqtisadi səviyyəsinin sonradan bərabərləşdirilməsi üçün əlavə resurslar tələb edəcək. Genişlənməni büdcədən ayrı nəzərdən keçirmək buna görə qeyri-mümkündür. Aİ-yə nə qədər çox dövlət daxil olarsa, Avropa vəsaitlərinin alıcıları bir o qədər artacaq. Nəticədə, resursları hazırkı və gələcək üzvlər arasında bölüşdürmək xeyli çətinləşəcək.
Təklif olunan yeni yeddi illik büdcə artıq, təxminən, 2 trilyon avro dəyərində qiymətləndirilir. Üstəlik, Aİ daxilində onun strukturu və prioritetləri ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır. Sədr İrlandiya 2026-cı ilin sonuna qədər uzunmüddətli büdcə üzrə razılıq əldə etməyə ümidlidir. Tomas Birn bunun əldə olunmasını əsas prioritetlərdən biri adlandırıb. Onun sözlərinə görə, qlobal qeyri-müəyyənlik şəraitində yeni maliyyə planında rəqabət qabiliyyəti və təhlükəsizlik xüsusilə vacibdir.
Nəticədə, büdcə məsələsi birbaşa siyasi məsələyə çevrilir. Aİ öz tərkibində neçə ölkə görmək istədiyini müəyyənləşdirməklə yanaşı, genişlənmiş birliyin iqtisadi baxımdan dayanıqlı qalması, öz yeni prioritetlərini maliyyələşdirməyə qadir olması üçün nə qədər xərcləməyə hazır olduğuna da qərar verməlidir.
Yeni mərhələ köhnə problemlərlə başlayır
Dublin görüşündə genişlənmə siyasətinin qarşısında duran bütün suallara cavab tapılmayıb. Lakin o, növbəti addımların istiqamətini kifayət qədər aydın göstərib: Aİ yeni üzvlərə doğru addımları davam etdirmək, eyni zamanda genişlənmiş birliyin daha dayanıqlı olması üçün bir sıra mexanizmləri dəyişdirmək istəyir. İndi Avropa paytaxtlarını bir sıra mürəkkəb qərarlar gözləyir – namizədlərlə danışıqlardan və gələcək üzvlük müqavilələrindən tutmuş, qərarların qəbulu prosesində islahatlara, yeni yeddi illik büdcəyə qədər. Bu səbəbdən, hazırkı “genişlənmə payızı” namizədlərlə danışıqların növbəti mərhələsindən daha vacib əhəmiyyət daşıya bilər. O, Avropa İttifaqının özünün idarəolunmanı itirmədən genişlənmək, öz dəyərlərini qorumaq və eyni zamanda yeni konfiqurasiya üçün resurslar tapmaq qabiliyyətinin sınağına çevrilir.
İndi məsələ Aİ-yə kimin üzv olacağında yox, genişləndikdən sonra onun necə birliyə çevriləcəyindədir.
MƏSLƏHƏT GÖR:


53

