31 Oktyabr 2026

Şənbə, 15:09

KEÇMİŞDƏN SALAM

Neft və Trampın yeni mövqeyi Argentina ilə Böyük Britaniya arasındakı köhnə mübahisəsini yenidən qızışdırıb

Müəllif:

15.09.2026

Bu yaxınlaradək düşünmək olardı ki, Folklend və ya Argentinada Malvin adlandırılan adalar ətrafındakı mübahisə artıq barəsində keçmiş zamanda danışılan münaqişələr kateqoriyasına keçib. 1982-ci il müharibəsindən 40 ildən çox vaxt keçir, adalar Britaniyanın nəzarəti altında qalır, Argentina onları hələ də özününkü saysa da, artıq mübahisəbeynəlxalq böhran mənbəyi kimi yox, daha çox keçmişin irsi kimi qəbul edilirdi.

Lakin sentyabrın əvvəlində Folklend adaları mövzusu gözlənilmədən yenidən böyük siyasətə qayıdıb.

 

Hər şeyə səbəb neftdir

İndi adalar ətrafında gərginlik uzun müddətdir müşahidə olunmayan həddə çatıb. Üstəlik, yeni kəskinləşmənin səbəbi artıq adaların mənsubiyyəti ilə bağlı mübahisədən çox, bitişik akvatoriyada yerləşən, onların iqtisadi və strateji əhəmiyyətini önəmli dərəcədə dəyişə biləcək neftdir.

Argentina Prezidenti Xavyer Miley sentyabrın 3-də arxipelaq ətrafındakı neft-qaz resurslarının işlənməsində iştirak edən şirkətlərə münasibətdə siyasətin kəskin şəkildə sərtləşdirildiyini elan edib. Buenos-Ayres həmin şirkətlərin səhmdarlarına, rəhbərlərinə və təchizatçılarına qarşı sanksiyaları genişləndirmək, ölkənin cənubunda hərbi mövcudluğu artırmaq, “Odlu Torpaq”da hərbi-dəniz infrastrukturunun inkişafını sürətləndirmək niyyətindədir. Miley adaların təbii resurslarının Argentinanın razılığı olmadan mənimsənilməsinə artıq sadəcə mübahisəli fəaliyyət kimi deyil, ölkənin milli maraqlarına təhdid kimi baxılmalı olduğunu bildirib.

Görünən odur ki, Buenos-Ayres sadəcə bəyanatlarla kifayətlənmək niyyətində deyil. Sentyabrın 7-də hökumət neft yataqlarının işlənməsində iştirak edən şirkətlərə qarşı cinayət işinin hazırlandığını da bəyan edib. Cəmi bir gün sonra hadisələr daha da inkişaf edib. Argentina hakimiyyəti rəsmi olaraq hüquqi hücuma keçərək, sözügedən şirkətləri və onların rəhbərlərini Buenos-Ayresin qanunsuz hesab etdiyi lisenziyalar əsasında işləməkdə günahlandırıb. Bununla da, münaqişə kifayət qədər tez bir zamanda siyasi ritorikadan güc təzyiqi mərhələsinə keçib.

Qeyd edək ki, bütün baş verənlərin mərkəzində Folklend adalarından 220 km şimalda yerləşən “Sea Lion” adlı iri neft yatağı dayanır. Yataq hələ 2010-cu ildə kəşf edilsə də, onun ətrafında əsl ajiotaj 2025-ci il dekabrın 10-da, “Navitas Petroleum” və Britaniyanın “Rockhopper Exploration” şirkətlərinin yatağın işlənməsi ilə bağlı investisiya qərarı qəbul etmələrilə baş qaldırıb. “Navitas” layihənin 65, “Rockhopper” isə 35%-nə sahibdir.

Son aylarda onların planları daha da iddialı şəkil alıb. Mayda tərtibatçılar işə gələcək istehsal gücünü əhəmiyyətli dərəcədə artırmağa qadir olan ikinci üzən kompleksin qoşulması imkanı barədə məlumat verib, avqustda isə “Rockhopper” şirkəti “Sea Lion”un mərkəzi hissəsinin sürətlli işlənilməsi planlarını təsdiqləyib. Əgər bu planlar reallaşdırılarsa, onilliyin sonuna qədər söhbət artıq təcrid olunmuş bir neft layihəsindən deyil, Folklend ətrafında tammiqyaslı yeni neft hasilatı rayonunun formalaşmasından gedəcək.

Argentina hakimiyyətinin bu qədər təşvişə düşməsinin səbəbi də budur. Yatağın praktiki işlənməsi üzrə hər bir yeni addım zamanın Argentinanın əleyhinə işləməsi deməkdir. Nə qədər ki, neft dənizin dibindədir, Buenos-Ayres hələ layihəni ləngitməyə çalışa bilər. Neft infrastrukturu, milyardlarla dollarlıq investisiyalar və ilk tədarüklər ortaya çıxdıqdan sonra isə bunu etmək artıq çox çətin olacaq.

 

Köməyə Tramp çatıb

Burada bir vacib nüans da var. “Sea Lion” yatağının işlənməsi haqqında qərar hələ keçən ilin dekabrında qəbul edilib. Belə olduğu təqdirdə Mileydən sərt reaksiya noiyə məhz indi gəlib? Məsələ ondadır ki, bu müddət ərzində Folklend ətrafında siyasi fon dəyişib. Söhbət ABŞ-Böyük Britaniya münasibətlərindən gedir.

Aprelin 24-də Pentaqonun ABŞ-ın İranla müharibə səbəbindən avropalı müttəfiqləri ilə fikir ayrılıqları fonunda hazırlanmış daxili sənədi ortaya çıxıb. Məlum olub ki, Amerika əməliyyatları fəal şəkildə dəstəkləməkdən imtina edən ölkələrə təzyiq göstərmək üçün mümkün tədbirlər arasında Folklendlə bağölı mövqeyinə yenidən baxmağı da düşünür. Əvvəlcə söhbət yalnız daxili müzakirələrdən gedirdisə, avqustun 31-də Donald Tramp ABŞ-ın mövqeyinə həqiqətən yenidən baxdığını təsdiqləyib və məsələ ilk dəfə ictimai səviyyəyə qalxıb. Bu, əlbəttə ki, Ağ Evin Argentinanın tərəfinə keçməsi demək deyil. Lakin istəilən halda, Buenos-Ayres baş verənləri vacib siqnal kimi qiymətləndirib. Hər halda, Vaşinqton onilliklər ərzində London üçün rahat olan status-kvonun davam etmsini dəstəkləyirdisə, ində məsələ gözlənilmədən iki müttəfiq arasında mümkün alver mövzusuna çevrilir.

Xatırladaq ki, Vaşinqton Böyük Britaniyanın müdafiə xərclərinin səviyyəsindən narazıdır və bunu hər imkanda açıq şəkildə ifadə edir. Avqustun sonunda isə ABŞ nümayəndələri Folklenlə bağlı mövqeyinə mümkün yenidən baxmasını Londonun müdafiə xərclərinin artırılması üzrə öhdəliklərinə əməl etməsi ilə əlaqələndiriblər. Başqa sözlə, adalar Tramp administrasiyası üçün tədricən uzaq ərazi mübahisəsindən müttəfiqə təzyiq göstərmək üçün daha bir potensial alətə çevrilir.

Beləliklə, Miley bu məsələdə ölkəsi üçün sanki bir imkan pəncərəsinin açıldığını hiss edib. Hər halda, onun sözügedən bəyanatı Trampın çıxışından cəmi üç gün sonraya təsadüf edib.

 

Buenos-Ayres istədiyinə nail olur

Burada daha bir maraqlı məqam var. Argentinanın təzyiqinin əsas hədəflərindən biri İsrailin “Navitas Petroleum” şirkətidir. Halbuki, Miley Latın Amerikasında İsrailin əsas müttəfiqlərindən biridir. Buenos-Ayres bununla xüsusi olaraq göstərmək istəyir ki, şirkətə qarşı addımlar İsrail ilə münasibətlərin pisləşməsi kimi qiymətləndirilməməlidir. Argentina Prezidenti üçün Malvin məsələsi bu halda hökumətinin ən vacib xarici siyasi xəttindən belə, üstün imiş.

Alovlanan qalmaqalın nəticələri özünü çox gözlətməyib. Mileyin çıxışından az sonra layihə ilə bağlı şirkətlərin səhmləri təzyiq altına düşüb. Məlumata görə, iri neft şirkətləri olan “SLB”, “Baker Hughes” və “Halliburton” Argentina hökumətinə Folklenddəki işlərdə iştirak etmək niyyətində olmadıqlarını bildiriblər. Lakin “Sea Lion” üçün bu, hələlik ciddi maneə deyil. İddia olunur ki, layihənin icrası qrafik üzrə gedir, ada hökumətinin lisenziyasına əsaslanır və Britaniya hökuməti tərəfindən tam dəstəklənir. Buenos-Ayresin addımlarının əsas mənası isə məhz burada bəlli olur. Argentinanın yataqda hasilatı fiziki olaraq dayandırması mütləq şərt deyil. Beynəlxalq biznes üçün orada iştirak etməyi daha bahalı, hüquqi cəhətdən riskli və siyasi baxımdan əlverişsiz etmək kifayətdir.

London isə geri çəkilmək niyyətində deyil. Sentyabrın 8-də hökumət Britaniyanın adalar üzərində suverenliyinə şübhə etmədiyini, oranın sakinlərinin öz gələcəklərini seçmək hüququnu həlledici saydığını növbəti dəfə bəyan edib. Bəyanatda arxipelaq sakinlərinin mütləq əksəriyyətinin adanın Britaniyanın dənizaşırı ərazisi statusunun saxlanmasına səs verdiyi 2013-cü il referendumu da xatırlanıb.

Hər bir halda, 1982-ci il müharibəsinin təkrarlanacağını gözləməyə dəyməz. Mileyin bəyanatlarının kəskinliyinə, Argentinanın cənubunda hərbi infrastrukturu möhkəmləndirmək niyyətinə baxmayaraq, məsələni güc yolu ilə həll etmək niyyətini nümayiş etdirmir. Tərəflərin hərbi güc nisbəti də bu ssenarini gerçəkləşməsi ehtimalını son dərəcəı azaldır. Folklend uğrunda yeni mübarizə tamamilə fərqli görünür. İndi onun silahı sanksiyalar, cinayət işləri, investisiya riskləri, neft müqavilələri və diplomatik manevrlərdir.

 

Hesablamalar özünü doğruldur

Lakin Mileyin sərt mövqeyinin tamamilə anlaşılan daxili siyasi səbəbləri də var. Son dövrlərdə reytinqi xeyli zəifləyən prezident üçün Malvin mövzusu xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, hazırkı dövlət başçısının iqtisadi siyasəti Argentina cəmiyyətini parçalayıb. Üstəlik, onun ABŞ və İsrail ilə sıx münasibətləri də ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Adaların mənsubiyyəti məsələsi isə Argentinada, demək olar ki, milli konsensusun mövcud olduğu azsaylı mövzulardandır. Malvin adalarına idda hətta ölkə konstitusiyasında belə, təsbit olunub. Odur ki, Miley “Sea Lion” ilə bağlı ritorikanı, təzyiqi sərtləşdirərək həm Britaniyanın adalarda öz mövqeyini daha da möhkəmlənməsinə mane olmağa, həm də elektoratın dəstəyini qazanmağa çalışır.

Hələlik Tramp bu məsələdə Argentinanın xeyrinə hər hansı real addım atmayıb və ola bilsin ki, heç atmayacaq da. Odur ki, prosesdə kəskin geostrateji dönüş gözləməyə dəyməz. Lakin Miley üçün yaranmış qeyri-müəyyənlik faktının özü kifaytət qədər önəmlidir. Belə ki, Buenos-Ayres uzun müddətdən bəri ilk dəfədir ki, Vaşinqtonla London arasındakı fikir ayrılıqları üzərində oyun oynamaq imkanı qazanır və Mileyin bundan istifadə etmək fikrində olduğu ortadadır. Bu mənada yaxın iki il xüsusilə vacib ola bilər. Argentina 2028-ci ildə başlanılması nəzərdə tutulan hasilata start verilməsini mümkün qədər çətinləşdirməlidir. Üstəlik, ona Trampın hakimiyyətdə olduğu müddətdə ABŞ ilə Böyük Britaniya arasındakı fikir ayrılıqlarından istifadə etmək lazımdır.

Buradan hansəı nəticənin əldə olunub-olunmayacağını demək çətindir. Hər halda, bu mövzuda Vaşinqton özünü tam şəkildə Buenos-Ayresin müttəfiqi kimi göstərmir, London isə adalardan imtina etmək niyyətində deyil. Lakin Miley uzun müddətdən bəri ilk dəfədir ki, şəraiti Argentina üçün nisbətən əlverişli sayır və o üzdən məhz indi hərəkət etmək qərarına gəlib. İlk nəticələr göstərir ki, onun hesablamaları özünü doğruldur.



MƏSLƏHƏT GÖR:

51