NEFT DÖNÜŞÜ
Venesuela ilə saziş enerji xəritəsini dəyişir
Müəllif: Natiq NAZİMOĞLU
ABŞ ilə Venesuela arasında beynəlxalq aləmdə böyük əks-səda doğuran müqavilə imzalanıb. Əslində o, Birləşmiş Ştatların bu ilin yanvarında Venesuela Prezidenti Nikolas Madorunu ələ keçirməsi ilə başlamış hadisələrin davamı da sayıla bilər. İndi proses Venesuelanın Vaşinqtonun strateji maraqlarına tam şəkildə tabe olunması yolu ilə inkişaf edir. Bununla yanaşı, Vaşinqtonla Karakas arasında əldə olunmuş razılaşmanın Çin və Rusiyanın qlobal enerji bazarındakı mövqelərinə zərbə vurduğunu nəzərə alsaq, baş verənlərin yalnız Amerika qitəsi ilə məhdudlaşmadığını da söyləmək mümkündür.
“Tarixi müqavilə” və Rodrigesə tənqid
Sazişin şərtlərinə əsasən, ABŞ öz nəzarətində olan “North American Blue Energy Partners” (NABEP) şirkəti vasitəsilə Venesuelanın 17 neft yatağı üzrə 100 illik konsessiya əldə edir. Bu yataqların ümumi neft ehtiyatı 65 milyard bareldir ki, bu da ölkənin bütün neft resurslarının təxminən beşdə biri deməkdir.
ABŞ Prezidenti Donald Tramp xüsusi təyinatlıların Nikolas Maduronu tutaraq Amerikaya gətirməsindən sonra Vaşinqtonun məqsədinin bu Latın Amerikası ölkəsinin neftinə nəzarət etmək olduğunu dəfələrlə açıq şəkildə dilə gətirmişdi. Aktivinə bir sıra irimiqyaslı beynəlxalq razılaşmaları yazmış Trampın “dünya tarixinin ən böyük neft sövdələşməsi” adlandırdığı yeni saziş də məhz bu planın tərkib hissəsidir.
Venesuelaya müvəqqəti rəhbərlik edən Delsi Rodriges isə yeni sazişi “ölkəyə 100 milyard dollar sərmayə və 200 milyard dollardan çox vergi gətirəcək tarixi müqavilə” adlandırıb. Lakin bir çox venesuelalı siyasətçi bu cür qiymətləndirmə ilə razılaşmır. Xüsusilə, müxalifət lideri Mariya Korina Maçado amerikapərəst siyasətçi sayılmasına rəğmən, yeni neft sövdələşməsinin legitimliyini şübhə altına alıb. “Ölkənin resursları Rodrigesin qeyri-legitim rejiminə yox, Venesuela xalqına məxsusdur”, - deyə o, bildirib.
Ümumiyyətlə, Venesuela müxalifəti baş verənlərə qəzəbini gizlətmir. Onlar hesab edirlər ki, bu saziş Trampın Rodrigeslə və nəticə etibarilə Maduro və onun sələfi – Venesuela Bolivar Respublikasının banisi Uqo Çavesin dövründə formalaşmış rejimlə əməkdaşlığının möhkəmlənməsindən xəbər verir. Yeri gəlmişkən, Venesuela neft yataqlarının Amerikanın “ExxonMobil” şirkəti tərəfindən istismarına məhz Çaves son qoymuşdu. Lakin taleyin hökmü ilə ABŞ onun tələbəsi olan Rodrigesin dövründə yenidən Venesuela resurslarının nəzarətçisinə çevrilir. Birləşmiş Ştatlarla razılaşmanı rəsmi olaraq hakim Venesuela Vahid Sosialist Partiyası belə, dəstəkləyib. Parlamentin deputatları da öz yerində.
Razılaşmanı pisləyən bir sıra venesuelalı sosialistlər bunu “Amerikanın təsiri ilə 30 illik mübarizədən sonra kapitulyasiya” hesab edirlər. Uqo Çavesin dövründə neft naziri vəzifəsini tutmuş Rafael Ramires isə ölkənin hazırkı rəhbərliyini “Birləşmiş Ştatların yeni müstəmləkəçiliyinə qapı açmaqda” günahlandırır.
Venesuela müvəqqəti hökuməti Rikardo Hausmann və Fransisko Rodriges kimi tanınmış venesuelalı iqtisadçı alimlər tərəfindən də kəskin tənqid olunur. Onlar bildirirlər ki, ABŞ ilə neft razılaşması karbohidrogen resurslarını özgəninkiləşdirilə bilməyən ictimai sərvət sayan Venesuela Konstitusiyasına ziddir. Hausmann və Rodrigesin fikrincə, hazırkı hökumət belə sazişi imzalamaq üşün legitimliyə malik deyil.
Lakin bütün bunlar – Rodriges hökumətinin konkret addımları və mövqeyi, onun ünvanına səslənən tənqidlər Amerika-Venesuela münasibətlərində əsas aktyorunun Birləşmiş Ştatlar və onun prezidenti olduğu faktını dəyişmir. Bu vəziyyəti Vaşinqtonun Karakasa güclü təzyiqi yaradıb. Söhbət nəinki regional, həm də qlobal xarakter daşıyan təzyiqdən gedir.
Amerika motivləri
ABŞ-nin addımları hələ XIX əsrin birinci rübündə formalaşdırılmış xarici siyasət konsepsiyası olan “Monro doktrinası”nın dirçəldilməsi ilə əlaqələndirilir. Ağ Evin hazırkı rəhbərinin xarici siyasət üslubunu nəzərə alsaq, bu doktrina “Donro doktrinası” kimi modifikasiya olunub ki, bu da onun ilkin mahiyyətini bir daha təsdiqləyir. Məqsəd Amerika qitəsi ölkələrinin müstəsna olaraq ABŞ-nin strateji maraq dairəsində olması və bu cür inkişaf etməsi, daha dəqiq desək, hətta onların bu maraqlardan tam asılı olmasıdır.
Bu, özünü Tramp administrasiyasının dünyada ən böyük təsdiqlənmiş neft ehtiyatına (təxminən, 303 milyard barel) malik ölkə olan Venesuelaya münasibətində kifayət qədər aydın göstərir. Tramp Karakasla bağlanmış müqaviləni şərh edərkən məmnunluqla bildirib ki, ABŞ Venesuela neftinin 65 milyard barelinə “majoritar nəzarət” əldə edib. Bu zaman o, Birləşmiş Ştatlar hökumətinin venesuelalı sahibkar Alexandro Betankur Lopesin rəhbərlik etdiyi NABEP şirkətinin direktorlar şurasının istənilən üzvünün təyinatına veto qoymaq hüququ qazanmasını nəzərdə tutur. Sazişə əsasən, direktorlar şurası üzvlərinin əksəriyyəti ABŞ vətəndaşı olmalıdır.
Ağ Evin hazırkı administrasiyasının Venesuela siyasəti, yenə də modifikasiya olunmuş “Monro doktrinası”na tam uyğun olaraq, “öz ətrafında düşmən xarici qüvvələrin təsirini aradan qaldırmağa” yönəlib. Yəni ABŞ açıq şəkildə Latın Amerikasına özünün müstəsna təsir dairəsi statusunu qazandırmağa çalışır və bu baxımdan Venesuela ilə “böyük saziş” Çin və Rusiyanın geostrateji və iqtisadi mövqelərinə vurulan zərbəyə çevrilir.
Qərb mediası xəbər verir ki, NABEP vasitəsilə ABŞ-nin nəzarətinə keçəcək Venesuela yataqları arasında əvvəllər Çin şirkətlərinin idarəçiliyində olmuş beş yataq və Rusiya Federasiyasına aid bir yataq da var. Yeri gəlmişkən, Çin Xarici İşlər Nazirliyi Venesuelanın neft ehtiyatının bir hissəsinin ABŞ-nin nəzarətinə verilməsi zamanı Pekinin maraqlarının nəzərə alınmasının vacibliyini bəyan edib. Lakin Çinin ABŞ-Venesuela sövdələşməsinin nəticəsi ilə barışmaqdan başqa yolu yoxdur.
Vaşinqtonu Karakasla razılaşmanın əldə olunmasını sürətləndirməyə sövq edən amillər arasında Tramp administrasiyası üçün movcud olan ciddi daxili risklər də var. Söhbət İranla müharibə səbəbindən benzinin bahalaşmasından irəli gələn risklərdən gedir. Bu ABŞ Prezidentinin son aylarda onsuz da sabit olmayan reytinqinə mənfi təsir göstərir. Nəzərə alsaq ki, 2026-cı ilin noyabrında Konqresə aralıq seçki keçiriləcək, bu, heç də arzuolunan hal deyil. Belə bir vaxtda Venesuela ilə neft müqaviləsinin imzalanması yerinə düşür. “Bu tarixi sövdələşmə Amerikanın neft ehtiyatlarını iki dəfədən çox artırır, bizim neft təchizatımızı əhəmiyyətli dərəcədə genişləndirir. Bu, bütün amerikalılar üçün benzinin qiymətini xeyli aşağı salacaq”, - deyə dövlət başçısı qeyd edib.
Bu arqument Ağ Ev administrasiyası üçün yanvarda keçirilmiş və Venesuela Prezidenti Madorunu həbsxana kamerasına aparan, Trampın şəriksiz xarici siyasət uğuruna çevrilmiş “Mütləq qətiyyət” əməliyyatı ilə ayrılmaz əlaqəsinə görə ikiqat perspektivli görünür. Təsadüfi deyil ki, Amerika lideri Hörmüz boğazındakı fövqəladə çətinliklər fonunda Venesuela mövzusunu xüsusi həzlə qabardır.
Amma Ağ Evin hazırkı administrasiyası öz addımlarına, o cümlədən ölkənin yanacaq istehlakçılarının problemləri ilə bağlı olan addımlarına hər zaman miqyaslı xarici siyasət məzmunu da verir. Belə ki, ABŞ-nin daxili işlər naziri Daq Berqam Venesuela ilə razılaşmanın qlobal enerji bazarının geostrateji mərkəzini “Yaxın Şərqin dar keçidlərindən” geriyə – Qərb yarımkürəsinə sürüşdürəcəyini bildirib. Görünür, ABŞ strateqləri “dünya tarixinin ən böyük neft sövdələşməsi”nin daha bir əsas nəticəsini məhz bu cür təsəvvür edirlər.
MƏSLƏHƏT GÖR:




73

