31 Oktyabr 2026

Şənbə, 15:10

HUSİLƏR BAB ƏL-MƏNDƏBİN KANDARINDA

Husilərin hücumu Yaxın Şərqdə qüvvələr balansını dəyişir və dünyanın ən vacib ticarət marşrutlarından birini təhlükə altına qoyur

Müəllif:

15.09.2026

Yaxın Şərqdə yeni geostrateji dram yaşanır. Bu dramın episentri isə husi hərəkatı ilə hökumət qüvvələri və onu dəstəkləyən bir sıra ərəb ölkələrinin koalisiyası arasında silahlı qarşıdurmanın illərdir davam etdiyi Yəməndir.Üstəlik, yeni münaqişə ABŞ-nin İranla müharibəsi və Hörmüz boğazında baş verənlərlə sıx şəkildə əlaqəli hala gəlir.

 

Bab əl-Məndəbi nə gözləyir?

Yəmən münaqişəsinin iki cəhəti var. Birinci məsələ paytaxt Sananın 2014-cü ildə “Ənsar Allah” (“Allah tərəfdarları”) hərəkatının (onu hərəkatın banisi Hüseyn Bədrəddin əl-Husinin adı ilə husilər də adlandırırlar) şiə üsyançıları tərəfindən tutulması ilə bağlı sırf daxili təzahürdür. İkincisi isə xarici təzahürdür. Belə ki, Yəmənin beynəlxalq birlik tərəfindən tanınan, liman şəhəri Ədəndə yerləşən və faktiki olaraq yalnız ölkənin cənub və şərq əyalətlərini idarə edən hökuməti Səudiyyə Ərəbistanı və husilərə qarşı yaradılmış ərəb koalisiyasının digər üzvləri (məsəsən Misir, İordaniya, Bəhreyn, Küveyt, Sudan) tərəfindən birbaşa hərbi dəstək alır. Yəmən ətrafında budəfəki miqyaslı böhran məhz husilərlə 2014-cü ildə formalaşdırılmış koalisiyaya rəhbərlik edən Səudiyyə Ərəbistanı arasındakı münaqişənin növbəti dəfə qızışması ilə bağlıdır. Üstəlik, münaqişədə ABŞ-ın başçılığı ilə Ədən körfəzi və Qırmızı dənizdə patrul xidməti aparmaq üçün 2023-cü ilin sonundan fəaliyyət göstərən, vaxtaşırı husilərin obyektlərinə zərbələr endirən “Rifah keşikçisi” koalisiyası da bu və ya digər dərəcədə yer alır.

Xatırladaq ki, “The New York Times” qəzeti Səudiyyə Ərəbistanının husilərə qarşı miqyaslı müharibəni bərpa etməyə hazırlaşdığı haqda məlumatı hələ avqustun sonunda vermişdi. Sentyabrın 7-də isə husilər səudiyyəlilərin onların nəzarətində olan rayonlara aviazərbələr endirdiklərini bəyan edib. Bunun ardınca husilərin Səudiyyə Ərəbistanının cənubundakı hərbi və enerji obyektlərinə raketlər və pilotsuz uçuş aparatları ilə cavab hücumu haqqında məlumatlar yayılmağa başlayıb. Nəhayət, əsl əks-səda doğuran hadisə sentyabrın 10-da yaşanıb: husilər Qırmızı dənizi Ərəbistan dənizi ilə birləşdirən Bab əl-Məndəb boğazının Yəmən sahilində yerləşən strateji vacib Əl-Moxa limanını ələ keçiriblər. Bu azmış kimi, növbəti gün onlar boğazın sahilindəki Dhubaba çatıb, sonra isə Asiyadan Avropaya ticarət yolunun keçdiyi boğazdakı əsas nöqtələr olan Zuqar, Haniş və Mayyunu (Perim kimi də tanınan) tutublar.

Hind okeanından gələn gəmilərin Süveyş kanalına və oradan da Aralıq dənizinə çıxışını təmin edən Bab əl-Məndəbin əhəmiyyəti bu boğazın dünyanın yük axınının 10-12%-i üçün əsas tranzit marşrutu olmasındadır. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Hörmüz boğazının bağlanmasından sonra qiyməti daha da artan neft və neft məhsulları daşınmasında Bab əl-Məndəb daha ciddi önəm qazanıb. Mayyun və digər adaların husilər tərəfindən keçirilməsi onların Bab əl-Məndəbi tamamilə bağlaması anlamına gəlməsə də, aydındır ki, Yəmən üsyançıları bu regionda gəmiçiliyə təzyiq göstərmək imkanlarını əhəmiyyətli dərəcədə artırıblar. Bu, təbii ki, qlobal ticarətə ciddi təsir göstərə bilər. Məsələ ondadır ki, Bab əl-Məndəbdə təhlükəsizlik təmin edilməzsə, Asiya ilə Avropa arasında hərəkət edən gəmilər Afrikanı Ümid burnunu dolanmağa məcburdurlar. Bu isə daha çox yanacaq sərfi və vaxt tələb edir. Marşrutun bu cür uzanmasının bir sıra problemlər yaratdığını isə izah etməyə ehtiyac belə, yoxdur. Söhbət, ilk növbədə, logistikanın daha baha olması və nəticədə, neftin qiymətinin bir qədər də artmasından gedir.

Bu potensial reallıqdan ən çox zərər çəkə biləcək ölkələr arasında anti-husi koalisiyasının əsas iştirakçıları olan Misir və Səudiyyə Ərəbistanı da var. Misir Qırmızı dəniz marşrutunun yüklənməsindən asılı olaraq Süveyş kanalının istismarından əldə edilən gəlirlərin azalması ilə üzləşəcəksə, Ər-Riyad yalnız Hörmüzdə deyil, indi həm də Bab əl-Məndəbdə yaşanan problemlər üzündən öz neft resurslarının dünya bazarlarına çıxarmaqda çətinliklər yaşayacaq. Bu mənada, husi rəhbərliyinin Bab əl-Məndəb boğazı vasitəsilə gəmiçiliyin “Səudiyyə gəmilərindən başqa bütün kommersiya gəmiləri üçün təhlükəsiz olduğunu” bəyan etməsi diqqət çəkir. Odur ki, yaranmış vəziyyətdən ciddi narahatlıq keçirən Ər-Riyad Bab əl-Məndəbin tamamilə husilərin nəzarətinə keçməsi təhlükəsini aradan qaldırmaq üçün ciddi və təcili vasitələr axtarır.

 

Ər-Riyad Vaşinqtonu inandıra bilmədi

Hələ bir-iki ay əvvəl səudiyyəlilər Yəmən üsyançılarının öhdəsindən müstəqil şəkildə gələ biləcəklərinə əmin idilər. Lakin sentyabrın əvvəlindəki reallıq Səudiyyə Ərəbistanının baş naziri, vəliəhd şahzadə Məhəmməd bin Salmanı hərbi kömək üçün ABŞ-yə müraciət etmək məcburiyyətində qoyub. Amerika mediasının məlumatına görə, Məhəmməd bin Salman ilə ABŞ Prezidenti Donald Tramp arasında bu mövzuda ən azı iki telefon danışığı olub. Lakin bu söhbətlərin nəticələri Səudiyyə liderini qane etməyib. Konkret desək, Tramp Ər-Riyadın istəyinin əksinə olaraq, husilərə qarşı miqyaslı hərbi əməliyyatlara başlamaqdan boyun qaçırıb. Vaşinqtonda hesab edirlər ki, husilərə qarşı əməliyyat hərbi-dəniz və hərbi-hava qüvvələrindən ciddi şəkildə istifadəni tələb edir ki, bu da Amerikanın silah və raket zərərsizləşdirmə ehtiyatlarının tükənməsi təhlükəsini yaradır.

Lakin Trampın özünün də işarə etdiyi başqa amil də var. Söhbət husilərin ABŞ ilə müharibə etmək istəmədiklərinə olan əminlikdən gedir. Beləliklə, amerikalıların bu məsələdə səudiyyəlilərə yeganə yaxşılığı hərbi hədəflərin müəyyənləşdirilməsi üçün Ər-Riyada kəşfiyyat dəstəyinin artırılmasına razılıq verməsi olub. Yəni Vaşinqton Yəmən üsyançıları ilə birbaşa münaqişəyə girməkdən imtina edir.

Aydındır ki, Birləşmiş Ştatların mövqeyi, ilk növbədə, İranla uzanan hərbi münaqişə ilə bağlı risklərin dərk edilməsindən irəli gəlir. Hətta İranın Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyin faktiki bloklanmasından, yaxud məhdudlaşdırılmasından geostrateji dividendlər əldə etməsinə baxmayaraq, Yaxın Şərqdə daha bir miqyaslı toqquşma Vaşinqtonun hazırkı maraqlarına cavab vermir. Onu buna Tehranın müttəfiqi olan “Ənsar Allah” hərəkatının uğurları fonunda regionda strateji mövqeyini gücləndirməsi də razı sala bilməyib. Halbuki Britaniyanın “Reuters” agentliyinin iddiasına görə, husilərin Qırmızı dənizin Yəmən sahili boyunca sürətlə irəliləməsinin arxasında məhz İran, daha dəqiqi, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) dayanır. Daha bir nüfuzlu media orqanı – “The New York Times” İranın ABŞ ilə qarşıdurmada yeni cəbhə açmasını belə, istisna etmir.

İstənilən halda, husilərin hücumu Yaxın Şərqdə, ilk növbədə, Fars körfəzi regionunda qüvvələr nisbətinə ciddi təsir göstərməyə qadirdir. Onların ilk hədəfi Səudiyyə Ərəbistanının strateji iddiaları, onun ərəb monarxiyaları arasındakı liderliyi olaraq qaldığından, hadisələrin sonrakı gedişatı əsasən Ər-Riyadın husilərin güclənməsinin, o cümlədən Bab əl-Məndəbin onların nəzarətinə keçməsinin qarşısını almaq imkanı tapıb-tapmayacağından asılı olacaq. Bu yerdə isə ön plana avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə sazişi çıxır.

 

Məkkə paktı üçün sınaq

Kollektiv müdafiə haqqında Məkkə sazişi ölkələrdən birinə hücumun paktın bütün iştirakçılarına qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur. Bu mənada Ər-Riyadın husilərlə qarşıdurması sonuncuların Səudiyyə Ərəbistanına miqyaslı hücuma keçməməsinə rəğmən, sözügedən pakt üçün ilk ciddi sınaq sayıla bilər.

Ər-Riyadın Məkkə sazişi üzrə müttəfiqləri artıq husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə (Əbha, Cizan, Nəcran) zərbələrini pisləyib, onunla həmrəyliklərini bəyan ediblər. Husilərin Qırmızı dəniz sahilini bağlamasına reaksiya verən Ankara Bab əl-Məndəb boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin və sərbəstliyinin təcili olaraq təmin edilməsi tələbini irəli sürüb. Həm Türkiyə, həm də Pakistan açıqlamaları ilə göstərməyə çalışırlar ki, husilərin təcavüzkar addımları Məkkə müdafiə paktının işə düşməsini qaçılmaz edə bilər.

Lakin istər Ankara, istərsə də İslamabad hələ ki işlərini rəsmi bəyanatlar, diplomatik məzəmmətlərlə bitmiş sayırlar. Hər halda, ortada onların real hərbi addımlar atmağa hazırlaşdığını göstərən əlamətlər yoxdur. Pakistan, ümumiyyətlə, istər ABŞ ilə İran, istərsə də Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçi statusunu itirmək istəmir. Odur ki, o, Tehranla münasibətlərin tam pozulmasına hazır deyil. Aydındır ki, iranpərəst qüvvə sayılan husilərlə Ər-Riyadın münaqişəsinə birbaşa müdaxilə Pakistanla Tehranın münasibətlərinə təsirsiz ötüşməyəcək. Odur ki, İslamabad İranı Yəmən husilərini Səudiyyə Ərəbistanı ilə savaşdan çəkindirməyə çağırmaqla kifayətlənib.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Məkkə paktı çərçivəsində husilərə üçtərəfli hərbi zərbə vurulması məsələsi ən azı hələlik müzakirə olunmur. Amma bu, məsələnin müzakirə edilməyəcəyi və ya mümkünsüz olduğu anlamına gəlirmi? Birmənalı olaraq xeyr. Hər halda, ortada Məkkə paktının nüfuzundan çox, Türkiyə və Pakistanı səudiyyəlilərlə ittifaqa girməyə sövq etmiş strateji maraqlar var. Bu maraqlar, ilk növbədə, Yaxın və Orta Şərqdə həm ABŞ və İsrailin dominantlığına, həm də İranın geosiyasi gücünün artmasına imkan verməyəcək bir geosiyasi mənzərənin təmin edilməsi müstəvisindədir. Görünən odur ki, Türkiyə ilə Pakistanın husilərin Bab əl-Məndəbə həmləsinə nisbətən təmkinli reaksiyası Ər-Riyadın, hələ ki, real hərbi köməyə ehtiyac duymaması ilə bağlıdır.



MƏSLƏHƏT GÖR:

84