İKİ OD ARASINDA
Rusiya iqtisadi rıçaqlarını qoruyub saxlayır, Aİ alternativ təklif edir, İrəvan isə qaçılmaz qərarın qəbulunu təxirə salır
Müəllif: Namiq H. ƏLİYEV
Bir problem artıqİrəvanın xarici-siyasi istiqaməti ilə bağlı adi mübahisə çərçivəsini aşıb. Söhbət Ermənistanın tədricən iki fərqli modelin – Rusiya ilə Avropa modellərinin rəqabət məkanına çevrilməsindən gedir. Bu azmış kimi, hələlik onların heç biri İrəvanın qəti seçim etməsinə nail olmaq imkanına malik deyil.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyanın “yaxın vaxtlarda” Moskvaya səfər edəcəyini bildirmişdir. Elə həmin gün Avropa Komissiyasının nümayəndəsi Paula Pinyo Brüsseldə keçirdiyi brifinqdə Ermənistanla vizasız rejimin tətbiqinin konkret müddətini açıqlaya bilməyəcəklərini söyləyib. Əvəzində, Avropa İttifaqı Rusiyanın ticarət məhdudiyyətlərinin nəticələrinin aradan qaldırılması üçün Ermənistana 50 milyon avronu aşan təcili maliyyə yardımı paketi ayırıb.
Bəs, əslində, Moskva ilə Brüsselə Ermənistan nə təklif edə bilər? Rusiya və Aİ-nin ona hansı təzyiq alətləri var? Onların imkanlarının sərhədi haraya kimidir və Ermənistanın sonda Avropanı seçməsi nə dərəcədə realdır?
Görünən odur ki, İrəvan Avropa İttifaqına doğru getdikcə daha israrla hərəkət edir. Lakin eyni zamanda o, Rusiyanın iqtisadi məkanına dərindən inteqrasiya olunmuş vəziyyətdə qalır. Belə bir vəziyyətdə Moskva Ermənistandan seçim etməsini istəyir, Brüssel perspektiv təklif edir, İrəvanın özü isə vaxt qazanmağa çalışır. Bəs belə balans siyasəti nə qədər davam edə bilər?
Bu gün Ermənistan bir neçə il əvvəl təsəvvür edilməsi belə, çətin vəziyyətdədir. Onilliklər ərzində Rusiyanın Cənubi Qafqazdakı ən yaxın müttəfiqlərindən biri sayılmış ölkə Avropa İttifaqı ilə əlaqələrini ardıcıl şəkildə genişləndirir, Avropaya inteqrasiyadan danışır, Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul edir. Amma bütün bunlarla yanaşı, o, Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalır.
Formal olaraq, İrəvan hələ yekun seçimini etməyib. Lakin siyasi vektor artıq aydındır. İndi məsələ başqadır: kimin Ermənistana təsir rıçaqları daha güclüdür? Moskvanın, yoxsa Brüsselin? İrəvan, həqiqətən, bir asılılıq sistemini digəri ilə əvəzləyə bilərmi?
Üzvlük deyil, siyasi siqnal
Ermənistan parlamenti 2025-ci il martın 26-da “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” Qanunu qəbul edib və o, elə həmin ilin aprelində qüvvəyə minib. Qanunun əsas formulu son dərəcə aydın ifadə edilib: Ermənistan Avropa İttifaqına üzvlük prosesinə başladığını elan edir.
Lakin bu, nə Ermənistanı Aİ üzvlüyünə namizədə çevirib, nə də Aİ üzvünə. Bu sənəd üzvlük üçün rəsmi ərizə, Avropa İttifaqı ilə danışıqlar, namizəd statusunun əldə edilməsi, Kopenhagen meyarlarının yerinə yetirilməsi və Aİ-nin bütün üzvlərinin razılığı demək deyil. Bunu, əlbəttə ki, İrəvanda da yaxşı anlayırlar. Nikol Paşinyan da 2026-cı ilin martında açıq şəkildə bildirib ki, zəruri şərtlərin yerinə yetirilməsindən sonra belə, hələ Aİ-nin Ermənistanı sıralarına qəbul etməsi ilə bağlı siyasi qərar olmalıdır.
Artıq 2026-cı ilin avqustunda Ermənistanın Baş naziri növbəti addımdan, yəni Aİ-yə üzvlüklə bağlı rəsmi ərizədən danışmağa başlayıb. Onun sözlərinə görə, məhz ərizədən sonra Aİ-nin cavabı və yol xəritəsinin hazırlanması mərhələsi gəlməlidir və Ermənistan tərəfinin nöqteyi-nəzərindən, üzvlüklə bağlı referendum yalnız bu halda məna kəsb edə bilər.
Beləliklə, 2025-ci il qanununa, ilk növbədə, Avropaya üzvlüyün hüquqi zəmanəti kimi deyil, strateji vektorun dəyişdirilməsi ilə bağlı siyasi qərar kimi baxmaq lazımdır. Əsas ziddiyyət də məhz burada başlayır.
Avrasiyada qalaraq Avropaya getmək istəyi
İrəvanda yaxşı başa düşürlər ki, həm Aİ-nin, həm də Aİİ-nin üzvü olmaq mümkün deyil. Bunu Paşinyan da etiraf edir. Bu arada, Ermənistan vahid Avrasiya bazarının üstünlüklərindən yararlanmağı da davam etdirir.
Baş nazirin avqustda açıqladığı məlumata görə, 2025-ci ildə Ermənistanın Avrasiya İqtisadi İttifaqı ölkələrindən idxalı, təxminən, 5 milyard dollar təşkil edibsə, Aİİ bazarına ixrac təxminən 3,2 milyard dollara çatıb. Yəni İrəvan hələ zəmanəti olmayan “Avropa gələcəyi” naminə mövcud iqtisadi quruluşdan imtina etməyə hazır deyil. Ermənistanın hazırkı siyasətinin əsas xüsusiyyətlərindən biri məhz budur: siyasi kurs iqtisadi reallıqdan daha sürətlə irəliləyir.
Bəli, bu gün Rusiya Ermənistan üçün ən böyük xarici iqtisadi tərəfdaş olaraq qalır. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 12,4 milyard dollara çatıb. Ticarətin strukturu dəyişsə belə, bu asılılığı parlamentin bir səsverməsi ilə aradan qaldırmaq mümkün deyil.
Rusiyanın rıçaqları: iqtisadiyyat, energetika, bazar və Aİİ
Rusiyanın Ermənistana təsiri artıq on və ya on beş il əvvəlki kimi deyil. Onlar arasında siyasi məsafə əhəmiyyətli dərəcədə artıb. Lakin siyasi təsirin zəifləməsi maddi təsir rıçaqlarının olmadığı anlamına gəlmir. Birinci rıçaq ticarətdir. Rusiya bazarı Ermənistanın kənd təsərrüfatı məhsullarından tutmuş, spirtli içkilər sənayesinədək bir sıra malları üçün uzun müddət ərzində əsas bazar olub.
İkinci rıçaq energetikadır. Ermənistan iqtisadiyyatı tarixən Rusiyanın enerji resursları və bu sektorda fəaliyyət göstərən rus biznesi ilə sıx bağlıdır. Bu sistemin ciddi şəkildə yenidən qurulmasına istənilən cəhd vaxt və əhəmiyyətli investisiyalar tələb edəcək.
Üçüncü rıçaq pul köçürmələridir. Ermənistan ailələri və bütövlükdə iqtisadiyyatı üçün Rusiya istiqaməti böyük əhəmiyyət daşıyır. Dünya Bankının məlumatına görə, 2025-ci ildə Ermənistana daxil olan qeyri-kommersiya pul köçürmələrinin xalis axınının 52%-i Rusiyanın payına düşüb.
Nəhayət, Aİİ İrəvan üçün o, yalnız siyasi təşkilat deyil, həm də gömrük maneələri olmadan böyük bir bazara çıxışı təmin edən konkret iqtisadi mexanizmdir.
Bu gün Rusiyanın rıçaqları Ermənistanı xarici siyasətini dəyişməyə vadar etməkdən çox sürətli qopmanın iqtisadi qiymətinin böyüklüyündədir. Moskva artıq bu alətdən istifadə etməyə hazır olduğunu göstərir. Hər halda, bu il Ermənistanın bir sıra mallarına məhdudiyyətlər tətbiq edilib və İrəvan bunun Aİİ qaydalarına zidd olduğunu bəyan edib. İyulda Paşinyan hətta Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək məhdudiyyətlərin aradan qaldırılmasında kömək istəyib.
Bu, olduqca ciddi məqamdır. Baş verənlər göstərir ki, hətta siyasi münasibətlərin kəskin pisləşməsi şəraitində belə, Ermənistan hələ də Rusiya bazarı amilini nəzərə almaq məcburiyyətindədir.
Məsələnin qoyuluşu qətidir
Bununla belə, Rusiya siyasətinin əsas yeni elementi ticarət deyil, referendum tələbidir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin avqustda verdiyi açıqlamada bildirib ki, Ermənistan Aİİ-də qalmaq, yoxsa Aİ-yə qoşulmaqla bağlı referendumun keçirilməsinə dair mövqeyini dekabradək müəyyənləşdirməlidir. Moskva bunu Ermənistanın gələcəkdə Avrasiya inteqrasiyasında iştirakının müzakirəsi ilə əlaqələndirir. Yəni Rusiya faktiki olaraq diskussiyanı qeyri-müəyyən “Avropa kursu” müstəvisindən konkret seçim müstəvisinə keçirir: ya Aİİ, ya da Aİ!
Bu, prinsipcə tamamilə yeni vəziyyətdir. İrəvan “həm Aİ, həm də Aİİ ilə əməkdaşlıq etmək istəyirik” dediyi müddətdə manevr imkanlarını əlində saxlayır. İki inteqrasiya sistemi arasında seçim tələb olunduqda isə bu imkan əhəmiyyətli dərəcədə azalır. Paşinyan məhz bu səbəbdən referendum ideyasını rədd etməsə də, onun keçirilmə müddətinin məhdudlaşdırılmasına qəti şəkildə qarşı çıxır. Ermənistanın Baş naziri iddia edir ki, əvvəlcə Aİ-yə rəsmi müraciət olmalı, ardından Brüsselin cavabı, yol xəritəsi və üzvlüyün real perspektivləri aydınlaşmalı, məsələ yalnız bundan sonra xalq səsverməsinə çıxarılmalıdır.
İrəvanın məntiqi aydındır: cəmiyyətə real Aİİ ilə hipotetik Aİ arasında seçim təklif etmək olmaz.
Rusiya niyə tələsir?
Bir tərəfdən zaman Ermənistanın xeyrinə işləyirsə, digər yandan Rusiyanın mövqeyinin ziyanına gedir. İrəvan Aİ ilə əlaqələri nə qədər inkişaf etdirirsə, Avropa strukturları ilə bir o qədər çox iqtisadi, siyasi və institusional əlaqələr yaranır. 2026-cı ilin mayında birinci Aİ-Ermənistan sammiti də keçirilib. Bununla yanaşı, Brüssel Ermənistanla iqtisadiyyat, energetika, nəqliyyat, rəqəmsallaşma və təhlükəsizlik sahələrində əməkdaşlığı möhkəmləndirir. Belə bir vəziyyətdə Moskva strateji seçim məsələsinə Avropa iştirakının Ermənistan iqtisadiyyatının və dövlət aparatının əsas hissəsinə çevrilməsindən əvvəl baxılmasında maraqlıdır. Referendum tələbi də məhz buradan qaynaqlanır.
Bəs Brüssel İrəvana real olaraq nə təklif edə bilər? Burada Avropa siyasəti bir çox məhdudiyyətlə qarşılaşır. Aİ Ermənistana siyasi bəyanatlardan daha çox şey təklif edir. Məsələn, o, Ermənistanın ən böyük donorudur. Aİ 2024-2027-ci illər üçün 270 milyon avro dəyərində Dayanıqlılıq və Artım Planının icrasını nəzərdə tutur, “Global Gateway” (“Qlobal qapı”) təşəbbüsü çərçivəsində isə Ermənistana yönəlmiş investisiyaların ümumi həcmi 2,5 milyard avrodan çoxdur.
Aİ Ermənistana konkret təklifləri ortadadır: 1) investisiyalar; 2) nəqliyyat və rəqəmsal infrastrukturun inkişafı; 3) enerji sahəsinin şaxələndirilməsinə dəstək; 4) dövlət idarəçiliyində islahatlar; 5) kiçik və orta biznesə dəstək; 6) demokratik və hüquqi islahatlara kömək; 7) biznesin Avropa bazarına çıxışının genişləndirilməsi; 8) təhlükəsizlik sahəsində əməkdaşlıq; 9) viza rejiminin liberallaşdırılması perspektivi.
Bu ilin mayına Aİ ilə Ermənistan nəqliyyat, energetika və rəqəmsal sahədə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan tərəfdaşlıq sazişi də imzalayıblar. Avropanın rıçaqı da məhz burada tədricən daha real xarakter almağa başlayır. Lakin Brüssel Ermənistana heç bir halda Aİ-yə sürətli üzvlük vəd etmir ki, bu da ermənilərin tez-tez arxa plana keçirməyə çalışdıqları prinsipial məqamdır.
Avropa İttifaqı Ermənistanın Avropa seçimini dəstəkləyir, lakin ona avtomatik üzvlük vəd etmir. Hətta vizasız liberallaşma prosesi belə, siyasi bəyanatların yaratdığı təəssüratdan daha mürəkkəb təsir bağışlayır. Tərəflər arasında viza rejiminin liberallaşdırılması üzrə dialoq 2024-cü ilin sentyabrında başlayıb. 2025-ci ilin noyabrında Avropa Komissiyası Ermənistana bir sıra tələbləri əhatə edən xüsusi fəaliyyət planını təqdim edib. Bunların arasında sənədlərin təhlükəsizliyi, sərhədlərin idarə olunması, miqrasiya və sığınacaq, ictimai qayda və təhlükəsizlik məsələləri, eləcə də fundamental hüquqlar və s. var. Başqa sözlə, vizasız rejim siyasi hədiyyə deyil, çoxsaylı texniki və institusional şərtlərin yerinə yetirilməsinin nəticəsi ola bilər. Üstəlik, bütün tələblər yerinə yetirildikdən sonra belə, qərar Avropanın müvafiq prosedurlarından keçməlidir.
Bir sözlə, Ermənistan vətəndaşlarının “bu gün-sabah” Şengen zonasına sərbəst gediş-gəliş imkanı əldə edəcəklərinə dair rəsmi bəyanatlar prosesin real xarakterinə uyğun gəlmir.
Paşinyan özü də 2026-cı ilin avqustunda bəyan edib ki, ölkəsi Avropa ilə viza rejiminin liberallaşdırılmasına 2029-cu ilə qədər nail olmağı planlaşdırır. Yəni hətta Ermənistan rəhbərliyi belə, bu məsələdə hansısa yaxın aylardan deyil, perspektivdən danışır.
Avropa Rusiyaya iqtisadi müstəvidə cavab verir
Son aylar göstərir ki, Aİ Ermənistan üçün yalnız islahat və investisiya mənbəyi deyil, həm də Rusiyadan gələn təzyiqləri potensial olaraq kompensasiya edən tərəfə çevrilir. Bu il sentyabrın 2-də Avropa İttifaqı Şurası Ermənistan məhsulları üçün müvəqqəti ticarət liberallaşdırılması tədbirlərini razılaşdırıb. Sentyabrın 15-də isə Avropa Parlamenti Avropa Komissiyasının Ermənistana güzəştli ticarət şəraitinin yaradılması haqqında təklifini dəstəkləyib. Bu tədbirlər reqlament qüvvəyə mindiyi andan etibarən iki il ərzində qüvvədə olacaq. Aİ-nin məlumatına görə, o, Ermənistanın Rusiyaya ixrac etdiyi təzə meyvə, tərəvəz və bitkilərin 99, şirə və spirtli içkilərin isə 91%-dən çoxunu əhatə edə bilər. Bu qərar Rusiyanın ticarət məhdudiyyətləri ilə əlaqələndirilir.
Beləliklə, görünən odur ki, artıq söhbət rəmzi diplomatiyadan getmir. Əgər Moskva öz bazarına çıxışı təzyiq aləti kimi istifadə edirsə, Brüssel alternativ bazar təqdim etmək imkanını ortaya qoyur. Beləliklə, artıq Ermənistanın iqtisadi istiqaməti uğrunda ciddi mübarizə də başlayır.
Hər bir halda, Rusiyanı bir gecədə Avropa ilə əvəz etmək qeyri-mümkündür. Aİ Ermənistana şaxələndirmə, investisiyalar və inteqrasiya perspektivi təklif etdiyi halda, Rusiya elə bu gün Ermənistanı Aİİ bazarı, energetika əlaqələri, ticarət kanalları, əmək miqrasiyası və pul köçürmələri ilə təmin edir. Yəni Moskvanın təklifi mövcud sistem, Brüsselinki isə perspektivdir. Burada söhbət tamamilə fərqli iki nüfuz kateqoriyasından gedir. Məhz bu səbəbdən İrəvan hələlik Moskva ilə əlaqələri tam kəsmək istəmir. Ermənistan rəhbərliyi öz strategiyasını “balanslaşdırılmış” və “tarazlaşdırıcı” adlandırır, az sayda tərəfdaşdan asılılıqdan daha çox tərəfdaşdan asılılığa keçid kimi ifadə edir.
Bu, kiçik dövlət üçün kifayət qədər rasional strategiya olsa da, onun da bir həddi var. Yəni eyni vaxtda həm Moskva, həm də Brüssel ilə münasibətləri müəyyən məqama qədər saxlamaq mümkündür. Aİİ üzvü olaraq Aİ ilə ticarəti inkişaf etdirmək mümkündür, Rusiyadan enerji resursları, Avropadan isə investisiyalar almaq da olar. Moskvanın təşəbbüsü olan inteqrasiya strukturlarında yer almaq, eyni zamanda qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmaq da mümkündür.
Lakin müəyyən bir məqamda sual yaranacaq: iki sistemin tələbləri bir-biri ilə ziddiyyət təşkil etməyə başladıqda necə olacaq? Görünən isə odur ki, həmin məqam artıq çox yaxındır. Əgər Ermənistan həqiqətən də Aİ-yə daxil olmaq üçün rəsmi müraciət edərsə və namizəd statusu alsa, onun Aİİ-də qalması məsələsinə baxılması qaçılmaz olacaq. Eyni vaxtda iki inteqrasiya birliyində qalmağın qeyri-mümkünlüyünü Paşinyan özü də etiraf edir. Nəticə:İrəvanın “təxirə salınmış seçim” siyasəti yürüdür.
İki model arasında
Mürəkkəb proses gedir. Moskva mövcud asılılıq sistemini saxlamağa, Ermənistanı mövqeyini müəyyənləşdirməyə məcbur etməyə çalışırsa, Aİ iqtisadi, institusional və siyasi əlaqələrin alternativ sistemini yaratmaq isyətir. Ermənistana gəlincə, o, hər iki sistemin üstünlüklərindən mümkün qədər çox yararlanmağa çalışır. Lakin problem ondadır ki, bu balans getdikcə dayanıqlılığını itirir. Rusiya tərəfi artıq Ermənistandan referendum keçirməsini tələb edir, avropalılar islahatların keçirilməsindən, konkret meyarlara uyğunlaşmaqdan danışır, İrəvan isə xalqa əvvəlcə real Avropa perspektivini görmək istəyir. Beləliklə, özünəməxsus üçbucaq alınır: Moskva deyir “mövqeyinizi müəyyənləşdirin”, Brüssel deyir “şərtləri yerinə yetirin”, İrəvan isə deyir ki, “bizə vaxt verin”.
İndi əsas sual Ermənistanın harada olacağı deyil, onun seçiminin qiymətidir. Son nəticədə İrəvan qarşısında duran seçim sadəcə geosiyasi məsələ deyil. Onun qarşısında “qiymət” məsələsi də durur. Aİİ-dən ayrılmaq və Rusiya ilə iqtisadi əlaqələrin radikal şəkildə azaldılması vaxt və böyük resurslar tələb edəcək. Öz növbəsində Aİ-yə daxil olmaq isə qanunvericiliyin, iqtisadiyyatın və dövlət institutlarının miqyaslı şəkildə yeniden qurulması deməkdir.
Bu səbəbdən yaxın gələcək üçün ən ehtimal olunan ssenari kəskin qopma deyil, Avropaya inteqrasiyanın sürətlənməsi fonunda Rusiyanın inteqrasiya sistemindən tədricən uzaqlaşmaqdır. Moskva İrəvanı referendum keçirməsi üçün məzh bu səbəbdən tələsdirir. Çünki yekun seçim edilməyənə qədər Ermənistan həm Rusiyanın inteqrasiya məkanının üzvü, həm də Avropa yoluna çıxmış dövlət olaraq qalacaq. Amma hər bior halda o, tez və ya gec mövqeyini müəyyənləşdirilmək məcburiyyətindədir. Ermənistan artıq müvəqqəti tərəfdaş kimi yox, uzunmüddətli strateji məkan kimi ya Rusiyanı, ya da Avropanı seçməli olacaq.
Yeri gəlmişkən, referendum baş tutarsa, onun əhəmiyyəti Aİ-yə üzvlükdən daha böyük olacaq. O, Ermənistanın gələcək modeli üçün səsverməyə çevriləcək. Odur ki, real seçim anı yaxınlaşdıqca, İrəvanın qeyri-müəyyənlik siyasətini davam etdirmək imkanları azalacaq.
MƏSLƏHƏT GÖR:


105

