11 Noyabr 2026

Çərşənbə, 04:23

EKSPANSİYA ENERJİSİ

SOCAR aktivlərinin coğrafiyasını genişləndirir və yeni beynəlxalq dəyər zənciri qurur

Müəllif:

01.10.2026

Neft-qaz biznesi artıq uzun müddətdir ki, sadə “hasilat-emal-satmaq” sxemi çərçivəsindən kənara çıxıb. Bu gün hər bir barel neftin və kubmetr qazın arxasında şaxələnmiş aktivlər sistemi dayanır: yataqlar, boru kəmərləri, terminallar, emal gücləri, ticarət əməliyyatları, maliyyə alətləri və texnologiyalar. Şirkət bu zəncirin nə qədər çox həlqəsinə nəzarət edirsə, dəyişən enerji bazarında onun mövqeləri bir o qədər dayanıqlı olur.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məhz bu istiqamətdə transformasiya olunur: AIIF 2026 çərçivəsində imzalanmış və müzakirə olunmuş sənədlər onun maraqlarının yeni coğrafiyasını - ABŞ və Afrikadan tutmuş Mərkəzi Asiya və Avropayadək olan coğrafiyanı müəyyənləşdirib.

 

Hasilatın yeni coğrafiyası

“Upstream” - kəşfiyyat və hasilat əvvəlki dövrlərdəki kimi SOCAR-ın biznesinin əsası olaraq qalır. Lakin indi şirkət bu seqmentdəki iştirakını eyni vaxtda həm daxili, həm də xarici bazarlarda genişləndirir. AIIF 2026-da SOCAR və ABŞ-nin “ExxonMobil” şirkəti Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar. Müqavilə sahəsində iştirak payları bərabər şəkildə - hər biri 50% olmaqla bölüşdürülüb, layihənin operatoru isə “ExxonMobil” olacaq.

Azərbaycan tərəfi üçün tərəfdaşlıq qeyri-ənənəvi resursların işlənməsi texnologiyalarına çıxış və yerli geologiyaya dair biliklərini beynəlxalq təcrübə ilə tamamlamaq imkanı deməkdir.

Xarici bazara əhəmiyyətli dərəcədə daha miqyaslı çıxış ABŞ-nin “Comstock Resources” şirkəti ilə bağlıdır. Daha əvvəl imzalanmış Niyyət Məktubuna əsasən, SOCAR “Comstock Legacy Haynesville” “upstream” aktivlərində 20%, “Western Haynesville” upstream aktivlərində 15% və “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus payın 15%-ni əldə edəcək. Alış qiymətinin standart düzəlişləri nəzərə alınmaqla əqdin ümumi dəyəri 1,65 milyard dollar təşkil edəcək. Beləliklə, SOCAR bilavasitə Amerika qaz aktivlərinə daxil olur və eyni zamanda beynəlxalq mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinə çıxış əldə edir.

Strateji tərəfdaşlıq haqqında çərçivə sazişi ilə “Haynesville” şist aktivlərində hasil edilən və “Comstock”un payına düşən LNG-nin ABŞ hüdudlarından kənarda satışı imkanlarının öyrənilməsi nəzərdə tutulur. Tərəflər potensial alıcıları müəyyən etmək, qiymətqoyma mexanizmlərini, logistika və tənzimləmə məsələlərini qiymətləndirmək niyyətindədirlər. SOCAR-ın prezidenti Rövşən Nəcəf vurğulayıb ki, bu tərəfdaşlıq SOCAR-ın ABŞ enerji bazarında fəaliyyətini genişləndirmək və biznes portfelini şaxələndirmək üçün yeni imkanlar açır.

Digər yeni istiqamət isə Afrika olub: SOCAR və İtaliyanın “Eni” şirkəti Kot-d'İvuarda “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10%-lik iştirak payının alınması üzrə əqdin başa çatmasına dair protokol mübadiləsi aparıblar. Əqd başa çatdıqdan sonra paylar belə bölüşdürülüb: “Eni” - 37,25%, “Vitol” - 30%, “Petroci” - 22,75%, SOCAR - 10%.

Bu, Azərbaycan şirkətinin Afrika “upstream” sektoruna daxil olmasını təmin edən ilk böyük əqddir. Fəaliyyətdə olan layihədə payın alınması start risklərini azaldır və əhəmiyyətli resurs potensialı, lakin mürəkkəb infrastruktur və tənzimləmə mühiti olan regionda iş təcrübəsi əldə etməyə imkan verir.

SOCAR-ın Beynəlxalq biznesin inkişafı departamentinin rəhbəri Toğrul Köçərli əqdin ümumi investisiya statistikasına da təsir edəcəyini gözləyir: “Sentyabr ayında SOCAR-ın Kot-d'İvuarda aktivin alınması üzrə əqdi yekunlaşıb. Bundan çıxış edərək, mənim gözləntilərimə görə, 2026-cı ilin məlumatları Azərbaycanın Afrikaya birbaşa xarici investisiyalarının yüz milyonlarla dollara qədər nəzərəçarpacaq dərəcədə artdığını nümayiş etdirəcək”.

Eyni zamanda, SOCAR “Baleine” layihəsinə birdəfəlik investisiya kimi deyil, Qərbi Afrikada, Böyük Səhradan cənubda yerləşən ölkələrdə və Şimali Afrikada fəaliyyətini genişləndirmək üçün mümkün başlanğıc nöqtəsi kimi baxır.

 

Resurs və marşrut

Strategiyanın daha bir tərkib hissəsi nəqliyyat və ticarət infrastrukturlarının müstəqil gəlir mənbəyinə çevrilməsidir. Mərkəzi Asiyada SOCAR-ın yaradılan dəyərdə iştirak etməsi üçün yatağa sahib olması mütləq deyil: şirkət istehsalçıların dünya bazarına çıxışını təmin edə bilər. “SOCAR Trading” artıq Özbəkistan naftasını Qara dəniz limanları istiqamətində yükləyir, indi isə Özbəkistanda istehsal olunan dizel yanacağının SOCAR-ın Kulevidəki terminalı vasitəsilə ixrac imkanları öyrənilir.

“Hazırda “SOCAR Trading” Özbəkistandan nafta yükləyir və onu Qara dəniz limanlarına çatdırır. Nəzərdən keçirilən məhsul dizeldir. Söhbət Özbəkistanda istehsal olunan dizel yanacağından gedir. Əgər biz razılığa gəlsək, o da bizim Kulevidəki terminalımız vasitəsilə ixrac ediləcək”, - T.Köçərli bildirib.

“Apollo Global Management” şirkətinin idarəedici direktoru Conatan Barr ölkənin region üçün əhəmiyyətini qısa şəkildə belə xülasə edib: “Azərbaycan faktiki olaraq Mərkəzi Asiyaya qapı rolunda çıxış edir”.

Onun sözlərinə görə, Qazaxıstan, Özbəkistan və Türkmənistan əhəmiyyətli xammal resurslarına malikdir, lakin onların beynəlxalq bazarlara çıxış imkanları Azərbaycanınkından fərqlənir. “Apollo” boru kəməri infrastrukturunun genişləndirilməsini, dəmir yollarına və emal güclərinə investisiyaları nəzərdən keçirir. Bu, SOCAR üçün təkcə istehsal və ticarətdə deyil, həm də regional yüklərin hərəkətini təmin edən infrastrukturda iştirak perspektivləri açır.

Digər tərəfdən beynəlxalq ekspansiya milli resurs bazasını arxa plana keçirmir. SOCAR, XRG və “TotalEnergies” şirkətləri “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı mübadiləsi apardılar. Birinci faza artıq ildə, təxminən, 1,5 milyard kubmetr qaz təmin edir, ikinci faza isə hasilatı azı 4,5 milyard kubmetrə qədər artırmalıdır.

“Biz bu layihəni bir neçə milyard dollarlıq yekun investisiya qərarı mərhələsinə çıxarmaq üçün Azərbaycan Dövlət Neft Şirkəti və “TotalEnergies” ilə layihə üzərində fəal birgə iş aparırıq”, - XRG-nin aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadros bildirib.

İkinci faza yalnız hasilatın artması səbəbindən əhəmiyyət kəsb etmir. Qazın bir hissəsi Türkiyəyə ixrac olunacaq, bir hissəsi isə Azərbaycanın daxili bazarına yönəldiləcək. Kondensat isə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac ediləcək.

Beləliklə, “Abşeron” eyni vaxtda iki vəzifəni həll edir: daxili resurs bazasını gücləndirir və əlavə ixrac imkanları yaradır.

 

Uzunmüddətli kapital

Hasilat portfelinin genişləndirilməsi və infrastrukturun qurulması əhəmiyyətli və uzunmüddətli resurslar tələb edir. Buna görə də maliyyə tərəfdaşlıqları tədricən SOCAR-ın strategiyasının müstəqil hissəsinə çevrilir. “Apollo” ilə memorandum, şirkətin idarəçiliyində olan fondların SOCAR-ın “Upstream” layihələrindəki paylarına mümkün investisiyalarının qiymətləndirilməsini nəzərdə tutur. “Citigroup” ilə enerji layihələrinin maliyyələşdirilməsi və vəsait cəlb edilməsinin alternativ mexanizmləri, “Brookfield Asset Management” ilə isə enerji infrastrukturu, bərpa olunan energetika və yeni maliyyə imkanları müzakirə edilib.

R.Nəcəf “Brookfield” rəhbərliyi ilə görüşdən sonra qeyd edib ki, energetika sektorunda uzunmüddətli dəyərin yaradılması qlobal investisiya təcrübəsini, qabaqcıl texnologiyaları və yanaşmaları birləşdirən tərəfdaşlıqlar tələb edir.

Uzunmüddətli kapitala ehtiyac xüsusilə bərpa olunan energetikada daha ciddi hiss olunur. “SOCAR Green”in baş direktoru Elmir Musayevin sözlərinə görə, bu cür layihələrin 15-20 illik maliyyələşdirməyə ehtiyacı var, lakin kommersiya bankları heç də hər zaman bu qədər uzun müddətə resurs verməyə hazır olmurlar. “Bizim fikrimizcə, yerli bankların xüsusilə milli valyutada uzunmüddətli maliyyələşdirmənin təmin edilməsində daha fəal rol oynaması çox vacibdir”, - o qeyd edib.

Manatla maliyyələşdirmə valyuta risklərinin idarə edilməsi nöqteyi-nəzərindən də vacibdir: layihələrin gəlirləri milli valyutada formalaşa bilər, avadanlıqların və cəlb edilən vəsaitlərin əhəmiyyətli hissəsi isə dollarla ifadə olunur. Yerli banklarla yanaşı, burada beynəlxalq maliyyə təşkilatları da əsas rol oynaya bilər. “SOCAR Green” eyni zamanda sənaye müəssisələrini “yaşıl elektrik enerjisi”nin əsas alıcıları kimi nəzərdən keçirir. Belə istehlakçılara birbaşa tədarüklər bərpa olunan enerji generasiyasını genişləndirməyə və ən çox enerjitutumlu istehsalların karbon izini azaltmağa imkan verəcək.

Bundan başqa, dekarbonizasiya sahəsində də yenidən qiymətləndirmə baş verir. Neft-qaz şirkəti üçün metan tullantılarının azaldılması yalnız ekoloji öhdəlik deyil, həm də itirilən xammalı istehsal dövrünə qaytarmaq üsuluna çevrilir. SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev bildirib ki, şirkət tullantıların monitorinqini tamamilə öz resurslarına keçirmək niyyətindədir. Başlanğıcda bu işə xarici mütəxəssislər cəlb edilirdi. “Metan tullantılarının azaldılması üzrə işlərin hər bir mərhələsində, yerlərdə ölçmələrdən tutmuş analitikaya qədər, biz xarici ekspertləri cəlb edir, paralel olaraq müqavilələrə personalımızın təlimi ilə bağlı öhdəliklər daxil edirdik”, - H.Abdullayev əlavə edib. Bununla yanaşı, metan tullantılarının azaldılması xammalın sistemə qaytarılması hesabına öz xərcini çıxarır.

Sovet dövrünə aid minlərlə quyunun ləğvi və konservasiyası proqramının əsasında da eyni məntiq dayanır. Əlçatan obyektlərdə icazələr alındıqdan sonra işlər təxminən bir ay çəkir, lakin texniki cəhətdən mürəkkəb sahələr avadanlıq idxalı, əlavə qiymətləndirmələr və sualtı tədqiqatlar tələb edir.

Rəqəmsal həlqə

Paralel olaraq, SOCAR ənənəvi qaz ticarətini gələcək enerji keçidi ilə əlaqələndirir. Almaniyanın SEFE şirkəti ilə təbii qaz və LNG, enerji infrastrukturu, hasilat investisiyaları və tədarük təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub. VNG şirkəti ilə əldə olunmuş razılaşmalar təbii qaz, infrastruktur və tənzimləmə məsələlərini, həmçinin hidrogen və onun törəmələrini əhatə edir. Beləliklə, mövcud qaz əlaqələri tədricən növbəti enerji dövründə tərəfdaşlıq üçün əsas yaradır.

Rəqəmsal infrastruktur da eyni konstruksiyaya daxildir. “Caspian Mind AI” Azərbaycanda “Oracle Alloy” platformasının operatoru olacaq və yerli şəkildə idarə olunan “Oracle” bulud xidmətlərini təqdim edə biləcək. Kəşfiyyat, qazma, avadanlıqların monitorinqi, tullantılara nəzarət və istehsalın proqnozlaşdırılması zamanı böyük məlumat massivləri ilə işləyən energetika sahəsi üçün bu, bulud texnologiyalarının, analitikanın və süni intellektin daha geniş tətbiqi üçün baza yaradır.

Bir sözlə, AIIF 2026 sazişləri müxtəlif xarakterli layihələr toplusu kimi görünə bilər, lakin onları ümumi iqtisadi məntiq birləşdirir. SOCAR Azərbaycan, ABŞ və Afrikada hasilat portfelini genişləndirir, təbii qaz, LNG və neft məhsulları ticarətini artırır, terminal və marşrutlardan müstəqil aktivlər kimi istifadə edir, qlobal kapitalı cəlb edir və eyni zamanda bərpa olunan energetikaya, dekarbonizasiyaya və rəqəmsal həllərə investisiya yatırır.

Nəticədə, resurs biznesin fundamenti olaraq qalır, lakin əsas dəyər yataqdan və maliyyələşmədən tutmuş logistika, ticarət və texnologiyalara qədər daha uzun bir zəncirdə formalaşır.

Bu, Azərbaycan üçün əsasən öz enerji resurslarının ixracından xarici aktivlərin, regional marşrutların və beynəlxalq tərəfdaşlıqların da gəlir gətirdiyi bir modelə tədricən keçid deməkdir. SOCAR-ın transformasiyasının əsas göstəricisi yalnız hasilatın həcmi deyil, həm də şirkətin ölkənin enerji xəritəsini Xəzər dənizi hüdudlarından çox kənara genişləndirmək bacarığıdır.



MƏSLƏHƏT GÖR:

55