HASİLAT VAXTIDIR
Geoloji kəşfiyyatdan hazır məhsul istehsalına qədər
Müəllif: Ağasəf NƏCƏFOV
Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı” ölkənin sənayeləşməsində yeni mərhələ açır. Onun əsas məqsədi geoloji kəşfiyyat, hasilat, filizin saflaşdırılması və hazır metallurgiya məhsullarının istehsalını vahid istehsal zəncirində birləşdirməkdir. Söhbət filizin emalının tam dövrəsinin, konsentrat, qranul (pellet), isti briketlənmiş dəmir və nəticədə, polad prokatı istehsalının yaradılmasından gedir.
Bu modelin mərkəzi “Daşkəsən” dəmir filizi yatağı və Gəncə ilə Şəmkir rayonunda yaradılan Qərb Sənaye Parkı olacaq. Paralel olaraq qızıl, mis, gümüş, qurğuşun, sink və molibden ehtiyatlarının mənimsənilməsini sürətləndirmək, həmçinin alüminium istehsalını genişləndirmək nəzərdə tutulub. 2030-cu ilə qədər dağ-mədən və metallurgiya sektorunun ÜDM-dəki payı iki dəfədən çox, ixrac potensialı isə demək olar ki, üç dəfə artmalıdır.
Ehtiyatlar yenidən qiymətləndirilməlidir
Azərbaycanın hasilat sektoru ənənəvi olaraq, ilk növbədə, neft və qazla əlaqələndirilirdi. Öz növbəsində filiz bazası qeyri-bərabər mənimsənilirdi: yataqların bir hissəsi onilliklər ərzində işğal altındakı ərazilərdə yerləşirdi, digərləri haqqında məlumatlar isə hələ də sovet dövrünün tədqiqatlarına əsaslanırdı. Buna görə də bu gün ilk dərəcəli vəzifə ehtiyatları beynəlxalq standartlara uyğun yenidən qiymətləndirmək, onların işlənməsinin məqsədəuyğunluğunu müəyyən etmək və optimal emal texnologiyalarını seçməkdir.
“Eyni zamanda, mövcud yataqları biz tam təhlil edib müasir geoloji üsullarla oradakı ehtiyatları tam dəqiqləşdirməliyik. Çünki sovet dövründə müəyyən rəqəmlər var idi. Amma o dövrdən, təxminən, 40 il keçib. Həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar var ki, heç o vaxt sovet dövründə bu haqda heç kim fikirləşə də bilməzdi”, - Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunmuş müşavirədə vurğulayıb.
Dövlət proqramı perspektivli geoloji kəşfiyyat rayonlarını, istehsal layihələrini, maliyyələşdirmə mənbələrini və 2030-cu ilə qədər hədəf göstəricilərini müəyyən edir. İqtisadi səmərəni kəşfiyyat işlərinin infrastruktur tikintisi və emal güclərinin işə salınması ilə sinxronlaşdırılması təmin edəcək.
Dövlət başçısının qiymətləndirməsinə görə, sahənin inkişafı 5 mindən çox daimi iş yerinin yaradılmasına imkan verəcək. Bununla yanaşı, iri dağ-mədən layihələri nəqliyyat, enerji, tikinti və xidmət sahələrinə olan tələbatı genişləndirəcək. Bununla da, proqram sahələrin geoloji öyrənilməsindən tutmuş dərin emal məhsullarının satışına qədər bütün istehsal konturunu əhatə edir.
Prioritet diqqət Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yönəldiləcək. Ağdərə rayonundakı qızıl, mis və molibden yataqlarında işlərə artıq start verilib, yaxın gələcəkdə isə onlar Kəlbəcər və Zəngilan rayonlarında da başlanılmalıdır. Naxçıvan Muxtar Respublikası ayrı bir perspektivli istiqamətə çevrilir, burada “AzerGold” QSC Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlə birgə filiz ehtiyatlarının geoloji kəşfiyyatını planlaşdırır.
Yeni konfiqurasiyada Balakən rayonundakı “Filizçay” polimetal yatağı xüsusi yer tutur. Onun ümumi resursları 120 milyon ton qiymətləndirilir, yataqlara mis, qurğuşun, sink və gümüş daxildir. Mütəxəssislərin hesablamalarına görə, yatağın mənimsənilməsi 10 milyard manatdan çox gəlir gətirə bilər. Hazırda “AzerGold” layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayır, bundan sonra yekun investisiya qərarı qəbul edilməlidir. İlkin mərhələdə dövlət şirkəti 100%-lik iştirak payını qorumalıdır, xarici investorların müəyyən paya cəlb edilməsi imkanı isə aktivlərin dəyəri artdıqca nəzərdən keçirilə bilər.
Gədəbəy, Kəlbəcər, Qaradağ və Ordubad filiz rayonlarında da mis yataqları mövcuddur. Özü də yalnız “Qaradağ” mis-porfir yatağının payına ölkənin bütün filiz ehtiyatlarının təxminən 5%-i düşür. Xammal bazasının genişləndirilməsi və yeni güclərin işə salınması mis, qızıl və gümüş ixracını 2025-ci ildəki 600 milyondan 2030-cu ildə 1,6 milyard manata çatdırmalıdır.
Daşkəsən dövrəsi
Proqramın əsas həlqəsi “Daşkəsən” dəmir filizi kompleksidir. 1954-1994-cü illərdə burada hasil edilən filiz emal olunaraq konsentrata çevrilir və yerli flüslər və bentonitlərlə birlikdə Rustavi Metallurgiya Kombinatına göndərilir, eyni zamanda, Azərbaycana isə çuqun və polad məhsullar gətirilirdi. Sovet təsərrüfat sisteminin dağılmasından sonra bu sxem iqtisadi əsasını itirdi, yerli müəssisələr isə idxal olunan polada və metal qırıntılarına keçdi.
Yeni model bu struktur boşluğunu aradan qaldırmaq məqsədi daşıyır. “AzerGold”un törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin “Şimal-qərb” və “Cənub-şərq” sahələrində apardığı tədqiqatlar resursların əlavə 70 milyon ton artmasını təmin edib. Beynəlxalq standartlara uyğun yenidən qiymətləndirmədən sonra filiz ehtiyatlarının ümumi kütləsi 309,16 milyon tona çatıb. Əldə olunan nəticələr 21 illik istismar planının və layihənin ilkin yol xəritəsinin əsasını təşkil edib.
“Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır”, - dövlət başçısı qeyd edib. Park Gəncə şəhərində 81,8 hektar və Şəmkir rayonunun Könüllü kəndi ərazisində 100 hektar ərazilərdə formalaşdırılır. Burada nəqliyyat, enerji, qaz, su və kommunikasiya infrastrukturları, həmçinin istehsal və inzibati obyektlər yaradılmalıdır. Layihənin idarə edilməsi İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə edilib, SOCAR qaz infrastrukturunu yaratmalı, “AzerGold” isə dəmir filizi hasilatına nəzarət etməlidir.
Bütövlükdə istehsal sxemi bir neçə ardıcıl emal mərhələsini nəzərdə tutur. “Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Saflaşdırma, pelet və briketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun”, - Prezident İlham Əliyev bildirib.
Dağ-mədən kombinatının modernləşdirilməsi çərçivəsində Quşçu qəsəbəsinə aparan köhnəlmiş kanat yolunun dəyişdirilməsi nəzərdə tutulub. Konsentrat 45 kilometrlik şlam boru kəməri ilə qranul (pellet) istehsalı müəssisəsinə nəql ediləcək. Növbəti həlqə tərkibində 95% dəmir olan məhsulun illik buraxılışı 2 milyon tona qədər nəzərdə tutulan isti briketlənmiş dəmir zavodu olacaq. Birinci mərhələdə, təxminən, 1,7 milyon tonun xarici bazara satılacağı gözlənilir.
“Daşkəsən” dəmir filizi layihəsi üzrə istehsalın başlanılması 2030-cu ilə planlaşdırılır, tələb olunan investisiyaların həcmi isə 1,95 milyard manat təşkil edir”, - “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib. Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi dövlət büdcəsi vəsaitləri, borc vəsaitləri və investorun iştirakı hesabına təmin ediləcək.
Sonrakı mərhələlərdə yarımfabrikatın elektrik qövsü sobalarında əridilməsi və poladdan borular, armaturlar, şvellerlər, relslər, məftillər və profil prokatının buraxılışı üçün istifadə edilməsi nəzərdə tutulur. Bununla da, Daşkəsən eyni zamanda həm daxili bazara, həm də ixraca yönəlmiş milli metallurgiya zəncirinin başlanğıc nöqtəsi olmalıdır.
Əlavə dəyər
Əlvan metallurgiya üzrə planlara da eyni məntiqlə yanaşılır. Dövlət Proqramı alüminium sənayesinin tam dövrəsinin formalaşmasını nəzərdə tutur: elektroliz zavodunun illik gücünün 50 min tondan 100 min tona, prokat məhsulları istehsalının isə 20 min tondan 50 min tona qədər artırılması proqnozlaşdırılır. Həmçinin anodların kalsinasiyası və bişirilməsi zavodunun və karbon anod blokları istehsalının yaradılması nəzərdə tutulub. “Zəylik” alunit yatağının tədqiqatları onun əlavə xammal bazası kimi potensialını müəyyən etməlidir.
Sadalanan tədbirlərin nəticəsi kimi “Azəralüminium”un ixracının 2025-ci ildəki 252 milyondan 2030-cu ildə 510 milyon manata qədər artması olmalıdır.
Dərin emalın əhəmiyyəti təkcə xarici tədarüklərin artımı ilə məhdudlaşmır. Ölkə daxilində nə qədər çox əməliyyat icra olunarsa, milli iqtisadiyyatda qalan dəyər payı bir o qədər yüksək olar və yerli müəssisələrlə kooperasiya bir o qədər genişlənər.
Qarşıya qoyulmuş vəzifələrin həcminə proqramın maliyyə arxitekturası da uyğun gəlir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun bildirdiyi kimi, proqramın əsas məqsədləri kifayət qədər genişmiqyaslıdır: “2030-cu ilə qədər dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsini 700 milyondan 1,8 milyard manata, illik ixrac potensialını isə 2025-ci ildəki orta dünya qiymətlərinə əsaslanaraq 1,3-dən 3,4 milyard manata çatdırmaq planlaşdırılır”. Bu nəticələrə nail olmaq, təxminən, 5,3 milyard manat investisiya tələb edir.
İnvestisiyalara olan ümumi tələbatın 1,1 milyard manatı dövlət büdcəsi, 2,2 milyard manatı borc kapitalı daxil olmaqla, dövlət müəssisələri, 2 milyard manatı isə yenə də borclanmalar nəzərə alınmaqla özəl fondlar hesabına təmin ediləcək. Beləliklə, maliyyələşdirmənin, təxminən, 80%-i büdcədənkənar mənbələrdən daxil olmalıdır.
Bu sxemdə dövlət-özəl tərəfdaşlığı proqramın reallaşdırılmasının əsas şərtlərindən birinə çevrilir. İri layihələr üçün uzunmüddətli resurslar, bankların və beynəlxalq investorların iştirakı, həmçinin uzunmüddətli investisiya dövrəsini kompensasiya edə biləcək vergi, gömrük və digər stimullar tələb olunacaq.
Şübhəsiz ki, sahənin kapital tutumu təşkilati qərarların əhəmiyyətini artırır. İqtisadi səmərəlilik filizin daşınması tariflərindən, enerjinin və qazın qiymətindən, mədənlərin və emal müəssisələrinin tikintisinin sinxronlaşdırılmasından asılı olacaq. Kəşfiyyatdan tutmuş metallurgiya istehsalına qədər bütün mərhələlərdə ekoloji ekspertiza və standartlara riayət olunması da eyni dərəcədə vacibdir. Belə bir əlaqələndirmə olmadan ayrı-ayrı güclər dağınıq qalmaq riski daşıyır, halbuki proqram onların vahid kompleks tərkibində işləməsi üçün nəzərdə tutulub.
Bir sözlə, qarşıdakı 4 il Azərbaycanın toplanmış ehtiyatları dayanıqlı sənaye ixtisaslaşmasına çevirə bilib-bilməyəcəyini müəyyən etməlidir. Xammal modelindən fərqli olaraq, tam dövrə geoloji kəşfiyyatın, infrastrukturun, saflaşdırma fabriklərinin və metallurgiya güclərinin eyni vaxtda işə salınmasını tələb edir. Eyni zamanda buradakı iqtisadi nəticə yalnız hasil edilən filizin dəyəri ilə ölçülmür: ölkə daha yüksək emal məhsulları, yeni iş yerləri, texnoloji kompetensiyalar və öz metallurgiya müəssisələri üçün xammal idxalını azaltmaq imkanı əldə edir.
MƏSLƏHƏT GÖR:




69

