MÜNAQİŞƏ ƏVƏZİNƏ RAZILAŞMA
Qrenlandiya ilə bağlı tarixi saziş Arktika regionunda ABŞ ilə NATO-nun mövqelərini gücləndirir
Müəllif: Natiq NAZİMOĞLU
Son iki il ərzində dünya siyasətinin potensial münaqişə ocaqlarından birinə çevrilmiş Qrenlandiya ətrafında vəziyyət, görünür, uzunmüddətli tənzimlənməyə yaxınlaşır. ABŞ, Danimarka və ona muxtar ərazi kimi məxsus olan Qrenlandiya arasında bağlanmış saziş təkcə adanın özünün deyil, bütünlükdə Avro-Atlantik məkanın taleyində mühüm rol oynamaya bilər.
Üçlük Nyu-Yorkda
Planetin Şimali Amerika sahilləri yaxınlığında yerləşən, lakin Danimarka Krallığının tərkibinə daxil olan ən böyük adası ABŞ ilə Avropa İttifaqı arasında, yəni Şimali Atlantika Alyansının iki dayağı arasında ixtilaf mənbəyinə çevrilməyin bir addımlığında idi. 2025-ci ilin əvvəlində yenidən ABŞ prezidenti postuna qayıtmış Donald Tramp Kopenhagendən Qrenlandiyanın Vaşinqtonun nəzarətinə verilməsini tələb edirdi.O, Qrenlandiyanı Danimarkadan qoparmaq niyyətini hələ ilk prezidentliyi dövründə dilə gətirirdi. ABŞ rəhbərliyinə ikinci dəfə gəldikdən sonra isə məsələni daha sərt şəkildə qoyan Tramp hətta adanın silahlı yolla ələ keçirə biləcəklərinə dair təhdidlər belə, səsləndirirdi.
Qrenlandiya hər zaman Vaşinqtonun diqqət mərkəzində olub. “Soyuq müharibə” dövründə adada ABŞ-nin ondan çox hərbi obyekti və təxminən? 10 min hərbçisi yerləşirdi. Bu, ABŞ ilə Danimarka arasında Qrenlandiyanın müdafiəsi haqqında 1951-ci ildə imzalanmışsazişinin nəticəsi idi. 1990-cı illərin əvvəllərinə doğru qlobal gərginliyin azalması, SSRİ-nin süqutu və “soyuq müharibə”nin başa çatması ilə bu obyektlərin əksəriyyəti bağlanıb. Sonda Qrenlandiya ərazisində amerikalıların sərəncamında yalnız Pituffik kosmik bazası qalıb. Əvvəllər strateji Tula bazası kimi tanınan bu baza raket hücumu barədə erkən xəbərdarlıq sistemləri, raket əleyhinə müdafiə və kosmik müşahidə məqsədləri üçün istifadə olunur.
Lakin Prezident Tramp artıq Qrenlandiyanı ABŞ-nin strategiyasının prioritet istiqamətlərindən biri, Arktikanın geniş ərazilərində Vaşinqtonun milli təhlükəsizliyinin təmin edilməsində mərkəzi həlqə kimi nəzərdən keçirməyə başlayıb. Bununla yanaşı, təbii ki, Vaşinqtonun bu torpaqlara xüsusi marağının səbəbləri arasında dünyanın ən böyük adasının zəngin təbii ehtiyatları, o cümlədən nadir torpaq metalları da da var.
Beləliklə, ABŞ bu mövzuda Danimarkaya ciddi təzyiq göstərməyə başlamış və bu, Avroatlantika daxilində ciddi mübahisəyə yol açmışdı. Brüssel gözlənildiyi kimi, bu mübahisədə Kopenhagenin tərəfini tutur, bu isə Aİ-nin neoliberal hakim elitası ilə Tramp administrasiyası arasında onsuz da müşahidə olunan yadlaşmanı daha da gücləndirdi. Amma böhranının əsas amili adanın hakimiyyət orqanlarının Amerikanın iradəsinə tabe olmaq istəməməsi, həmçinin Danimarka hökumətinin Qrenlandiyanı ABŞ-nin nəzarətinə verməkdən qəti şəkildə imtinası olub. O, Vaşinqtonun bu məsələni alqı-satqı yolu ilə həll etmək təklifini də rədd edib.
Nəhayət, sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Qrenlandiya böhranına son qoymağa yönəlmiş üçtərəfli saziş imzalanıb. ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Vaşinqtona Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək hüququ verən sənədə imza atıblar. Bu, fəaliyyətdə olan Pituffik kosmik bazasının müasirləşdirilməsi və genişləndirilməsini, həmçinin Narsarsuaq yaşayış məntəqəsində və Mesterviq hərbi dayaq məntəqəsində yeni müdafiə zonalarının yaradılmasını nəzərdə tutur. Məqsəd kimi NATO-nun məsuliyyət zonasının, Qrenlandiyanın özünün və Amerika qitəsinin müdafiəsi göstərilir. Bu müdafiə, o cümlədən Tramp administrasiyasının tətbiq etdiyi “Qızıl günbəz” raket əleyhinə müdafiə sistemi çərçivəsində həyata keçiriləcək.
Bundan başqa, Amerika təyyarələri Qrenlandiyanın bütün ərazisi, o cümlədən ərazi suları üzərində uça biləcək. Eyni zamanda ABŞ-nin dövlət gəmilərinə isə Qrenlandiyanın ərazi sularına suyun altı ilə daxil olmaq, həmin sularda heç bir məhdudiyyət olmadan hərəkət etmək hüququ verilir.
Saziş müddətsizdir və yalnız tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər. Bu saziş gələcəkdə Qrenlandiyanın müstəqillik əldə etməsi halında Danimarka və Qrenlandiya hökumətlərinin adanın NATO üzvlüyünü qoruyacağına və ya Alyansa üzv olacağına, həmçinin saziş imzalanarkən götürülmüş bütün öhdəlikləri yerinə yetirəcəyinə zəmanət verir.
Göründüyü kimi, sazişin müddəaları, yumşaq desək, ABŞ-ın ilkin iddiaılarına və Prezident Trampın “Qrenlandiyada təhlükəsizlik və digər məsələlər üzərində daimi nəzarət” barədə bəyanatlarına tam cavab vermir. Üstəlik, sənədin məzmunu Ağ Ev sahibinin adanın ABŞ-nin suverenliyi altına keçirilməsinə nail olmaq istəyinə də uyğun gəlmir.
Danimarkanın Baş naziri Mette Frederiksen sazişi qiymətləndirərkən xüsusi olaraq vurğulayıb ki, sənəd “krallığın suverenliyini və ərazi bütövlüyünü, həmçinin Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququnu” tanıyır. Danimarka mediası Nyu-Yorkda imzalanmış sazişin əvvəllər “Qrenlandiyanı ələ keçirmək”, “adanı Amerika ərazisinə çevirmək” məqsədi güdən Trampın məğlubiyyəti kimi qiymətləndirir və bundan məmnunluğunu gizlətmir. Qrenlandiyanın xarici işlər naziri Mute Egedenin açıqlaması da diqqətəlayiqdir: “Saziş Qrenlandiyanın və Danimarkanın ABŞ ilə danışıqlar zamanı lap əvvəldən tələb etdikləri məsələləri əks etdirir”. Burada Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququ dedikdə, konkret olaraq Birləşmiş Ştatların tərkibinə daxil olmaqdan imtina nəzərdə tutulur.
Lakin o da etirtaf edilməlidir ki, saziş formal baxımdan Danimarkanın Qrenlandiya üzərində suverenliyini və adanın öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdırmasa da, mahiyyət etibarilə Vaşinqtonun mühüm xarici siyasət uğurudur. Hər halda, Tramp 1951-ci il sazişinin praktiki tətbiq dairəsinin genişləndirilməsinə nail olub. O, “yeni müdafiə zonaları”nın yaradılmasını, “Qızıl günbəz” raket əleyhinə müdafiə sisteminin elementlərinin oraya yerləşdirilməsini bu çərçivəyə daxil edə bilib.
Əsas məsələ isə bir az da dərindir: ABŞ Qrenlandiyada elə təhlükəsizlik rejimi qurmaq istəyir ki, o, Vaşinqtonla Arktika ilə bağlı rəqabət aparan dünya güclərinin potensial və ya real iddialarının qarşısını alsın. Bu mənada Trampın növbəti bəyanatını təsadüf saymaq olmaz: “Bu andan etibarən ABŞ-nin heç bir rəqibi Qrenlandiyada bizim birbaşa yazılı razılığımız olmadan baza yerləşdirə, orada hərbi mövcudluğa malik ola və ya adaya həssas investisiyalar yönəldə bilməyəcək”.
“Rəqiblər” dedikdə, ilk növbədə, əlbəttə ki, Rusiya ilə Çin nəzərdə tutulur. Lakin bununla yanaşı, Nyu-York sazişi Qrenlandiyaya münasibətdə Avropanın “özfəaliyyət”ini də rədd edir. Qeyd edəık ki, bu “özfəaliyyət” özünü Aİ-nin və ayrı-ayrı Avropa dövlətlərinin adada Amerikanın təsirinin güclənməsinə mane olmaq cəhdlərində göstərirdi. Üçtərəfli sazişin müddəalarına əsasən, bu gücləndirmə həqiqətən də baş verib. Üstəlik, bu, strateji baxımdan avropalıların öz maraqlarına da zidd olmayan formada həyata keçirilib. Çünki burada Avroatlantik təhlükəsizlik amili ön plana çıxarılır.
“Şimal regionlarının təhlükəsizliyi”
Nyu-York sazişi imzalanmazdan əvvəl ABŞ ilə Aİ arasında Qrenlandiya məsələsi ilə bağlı ziddiyyətlər NATO daxilində qaçılmaz parçalanma barədə geniş müzakirələrə yol açacaq həddə belə, çatmışdı. Sənədin imzalanması ilə isə belə bir fikir yaranıb ki, baş verənlərdə məhz Avroatlantik maraqların ümumi maraq olduğunun dərk edilməsi həlledici rol oynayıb. Bundan başqa, burada NATO-nun Trampı Qrenlandiya ilə bağlı danışıqlarda avropalılarla kompromisə nail olmağa çağırmış Baş katibi Mark Rüttenin rolu da qeyd edilməlidir. Üçtərəfli sazişin imzalanmasından sonra isə Rütte onu sadəcə alqışlamaqla kifayətlənməyib. “Saziş, eləcə də NATO-nun bu mühüm regionun təhlükəsizliyinin təmin edilməsində getdikcə artan rolu kollektiv təhlükəsizliyimizi yüksəldir, hamımız üçün daha təhlükəsiz və daha sabit gələcəyin yaranmasına kömək edir”. Baş katib ABŞ, Danimarka və Qrenlandiya arasında bağlanmış saziş nəticəsində “NATO-nun şimal regionlarında birgə müdafiənin güclənəcəyinə” əminliyini qeyd edib.
Maraqlıdır ki, Rütte Çikaqo Qlobal Məsələlər Şurasının təşkil etdiyi “NATO-nun gələcəyi” adlı tədbirdə çıxış edərkən Rusiya və Çinin Arktikada fəallaşması mövzusuna toxunaraq Qrenlandiya sazişinə və Alyans tərəfindən “şimal regionlarının təhlükəsizliyini təmin etmək üçün” başladılmış “Arctic Sentry” təşəbbüsünə “birlikdə”, yəni vahid kontekstdə baxılmasının zəruriliyini də vurğulayıb.
Üçtərəfli sazişi onu imzalamış tərəflər də eyni prizmadan qiymətləndiriblər. Danimarkanın Baş naziri ABŞ Prezidentinə müraciətlə deyib: “Siz rəqiblərin həddindən artıq yaxınlaşmasını istəmirsiniz. Mən bununla tamamilə razıyam”. Qrenlandiyanın rəhbəri isə bildirib ki, Arktika regionunda təhlükəsizliyin təmin olunmasında əsas rolu NATO oynamalıdır. “Bizim Alyansa və birlikdə qurduğumuz təhlükəsizliyə sadiqliyimiz şübhə altına alına bilməz. Biz ABŞ-nin sadiq dostuyuq və həmişə belə olmuşuq, bundan sonra da belə qalacağıq. Biz Qərb alyansının bir hissəsiyik. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir, bizim təhlükəsizliyimiz isə sizin təhlükəsizliyinizdir. Ümumi təhlükəsizliyimizi möhkəmləndirən və yaxın müttəfiqlər kimi münasibətlərimizi dərinləşdirən nəticədən səmimi qəlbdən məmnunuq”, - deyə o, bildirib.
Trampa gəlincə, o, üçtərəfli sazişi “Avropa, Amerika Birləşmiş Ştatları və digərləri üçün nəhəng hadisə” kimi qiymətləndirib. ABŞ lideri hesab edir ki, “Qrenlandiya üçün isə bu, sadəcə inanılmaz olacaq”.
Beləliklə, “Qrenlandiya böhranı” aradan qalxdımı? Böyük ehtimalla bəli. Gələcəkdə, ABŞ ilə Danimarka arasında Qrenlandiyaya dair hər hansı fikir ayrılığı yaransa belə (bu ziddiyyətlər “soyuq müharibə” dövründə də olub), artıq ciddi qarşıdurma üçün əsas görünmür.
Bir sözlə, Nyu-Yorkda baş tutmuş sövdələşmədən prosesə cəlb olunmuş bütün tərəflər qazanclı çıxıb. ABŞ Qrenlandiyanı ərazi kimi qazanmaqdan imtina etsə də, strateji əhəmiyyətli Arktika regionunda geosiyasi mövqelərini gücləndirib, Danimarka Amerikanın təcavüzü təhlükəsindən qurtulub və ərazi bütövlüyünü qoruyub, Avropa İttifaqı isə öz növbəsində, birincisi, üzv ölkələrindən birinin suverenliyini dəstəkləməsindən, ikincisi isə Qrenlandiyanın ümumavropa yurisdiksiyası zonasından kənarda qalmamasından məmnun ola bilər. Qrenlandiyanın özünə gəlincə, o, Avro-Atlantik təhlükəsizliyin mühüm həlqəsi kimi mövqeyini möhkəmləndirib ki, bu da son dərəcə əhəmiyyətlidir. Çünki Qrenlandiya böhranından NATO-nun özü də açıq dividendlərlə çıxıb. Alyans təşkilat daxilində kəskin münaqişənin qarşısını almağı bacarıb və bundan başqa, öz təsirinin, təhlükəsizlik maraqlarının və strateji mənafeyinin şimal istiqamətini gücləndirib. Qlobal qarşıdurmanın getdikcə kəskinləşdiyi şəraitdə bütün bunlar heç də pis nəticə deyil.
MƏSLƏHƏT GÖR:



42

