22 Oktyabr 2026

Cümə axşamı, 02:05

ÜMUMİ HESAB

Britaniya regionları Vestminstersiz gələcək haqqında danışmağa başlayır

Müəllif:

01.10.2026

Şotlandiya, Uels və Şimali İrlandiya tərəfindən 2026-cı il sentyabrın 14-də Kardiffdəxalqlarının öz müqəddəratını təyin etməsi hüququnu təsbit edən qarşılıqlı anlaşma memorandumunun imzalanmasını müşahidəçilər rəmzi və siyasi baxımdam son dərəcə mühüm addım kimi qiymətləndirirlər. Bəzi analitiklər isə daha da irəli gedərək, birgə sənədin Böyük Britaniyanın dağılmasına aparıb çıxarmaq təhlükəsi yaratdığını belə, qeyd edirlər.

 

Kardiff siqnalı

Nəzərə alsaq ki, saziş Şotlandiya, Uelsin və Şimali İrlandiyanın Böyük Britaniyanın mövcud konstitusiya quruluşunun dəyişdirilməsi tərəfdarı olan partiyalarını təmsil edən birinci nazirlər – Con Suinni, Run ap Yorvert və Mişel O’Nil tərəfindən imzalanıb, belə qənaət, əlbəttə ki, böyük mübaliğədir. Yənipaktın hər hansı hüquqi qüvvəsi yoxdur. Buna baxmayaraq, onun verdiyi mesaj istər Britaniya, istərsə də dünya mediasında böyük səs-küy yaradıb.Hər halda, Böyük Britaniyanın geniş muxtariyyətə malik üç regionunun birinci nazirləri Baş nazir Endi Bernemə və hökumətinə konstitusiya dəyişikliklərinə hazırlaşmağın zəruri olduğunu, öz gələcəklərini Avropa İttifaqı ilə bağladıqlarını bəyan ediblər. Sazişdə deyilir ki, “adalarda siyasi mənzərə dəyişir və tarixdə ilk dəfə olaraq bu adaların sakinləri Böyük Britaniyadan müstəqilliyin tərəfdarı olan birinci nazirlərə sahibdirlər”. Sənəddə daha sonra deylir: “Adalarda və bütün dünyada vəziyyəti müşahidə edənlər üçün bu, Vestminsterin (Böyük Britaniya hökuməti və parlamentinin yerləşdiyi rayon) vaxtının başa çatdığına dair ən aydın siqnaldır… Hərəkatlarımız güc toplayır, biz konstitusiya dəyişikliklərinin qaçılmaz olduğuna əminik”.

Xatırladaq ki, Böyük Britaniyada devolyusiya adlanan proses (mərkəzi hökumətin səlahiyyətlərinin bir hissəsinin Şotlandiya, Uels və Şimali İrlandiyanın hakimiyyət orqanlarına verilməsi) hələ 90-cı illərin sonlarında başlanmışdı. Onlar müxtəlif səlahiyyətlərə malik parlamentlərini və ya assambleyalarını, həmçinin öz hökumətlərini yaratmışdılar. Bununla belə, müdafiə, xarici siyasət və konstitusiya quruluşu məsələlərinin əhəmiyyətli hissəsi daxil olmaqla, bir sıra əsas ümumdövlət sahələri üzərində nəzarət Vestminsterdə qalıb. Kardiffdəki səs-küylü görüşdən sonra yaranmış vəziyyəti isə ən yaxşı Qlazqo Universitetinin Dövlət Siyasəti Mərkəzinin direktoru Nikola Makyuen ifadə edib: “Böyük Britaniya könüllü razılığa əsaslanan ittifaqdırsa, indiki vəziyyət bu razılığın olmadığı halın necə göründüyünü ortaya qoyur”.

 

Hələlik dağılma təhlükəsi yoxdur

Böyük Britaniyanın Baş naziri Endi Bernem Kardiff sənədini ciddi qəbul etməyərək, ölkənin birliyinə inandığını deyib və hazırda daha çox ümummilli problemlərin həlli ilə məşğul olduğunu söyləyib. Baş nazirin nümayəndəsi Tom Uells isə bildirib ki, insanların bölünmə ətrafında deyil, ümumi dəyərlər və problemlərin həlli ətrafında birləşməsi Böyük Britaniyanı daha güclü edir.

Etiraf etmək lazımdır ki, Bernemin sazişin öz-özlüyündə təhlükə olmadığına əminliyi kifayət qədər əsaslıdır. Sənəddə hər hansı konkret hərəkətlər (referendumların keçirilməsi mexanizmi, Londonla danışıqların proseduru, üç partiya üçün ümumi fəaliyyət planı, müddət və s.) planı yer almır. Bundan başqa, hamıya aydındır ki, müstəqillik haqqında bəyanatlar və şüarlardan ayrılmanın praktiki reallaşdırılmasına kifayət qədər uzun yol var. Bu praktiki mərhələyə isə sərhədlərin müəyyən edilməsi, idarəetmə, infrastrukturlar, iqtisadi əlaqələr, xarici siyasət və s. kimi məsələlər daxildir.

Digər tərəfdən Britaniyanın birliyi məsələsinə uzunmüddətli perspektivdə baxsaq, mənzərə bir qədər fərqli görünür. Belə ki, siyasi bəyanatlar zaman keçdikcə,əlbəttə ki, tamamilə konkret əməllərə çevrilə bilər – xüsusən də bunun üçün əlverişli şərait yaranarsa. “Ipsos” tədqiqat şirkətinin sorğusu göstərir ki, Böyük Britaniyanın yetkin əhalisinin yarıdan çoxu (55%) ölkənin beş ildən sonra hazırkı şəklində qalacağına inanırsa, on ildən sonra eyni vəziyyətin davam edib-etməyəcəyi ilə bağlı fikirlər müxtəlifdir. Rəyi soruşulanların 35%-i onun bu cür də qalacağını, 34%-i isə dəyişəcəyini düşünür. Sorğuda iştirak edənlərin yalnız 24%-i mövcud konstitusiya quruluşunun iyirmi ildən sonra da qorunub saxlanılacağı qənaətindədir. Yəni Böyük Britaniyanın uzaq gələcəkdə mövcud şəklini qoruyub saxlaya biləcəyilə bağlı skeptisizm tədricən artır.

Bu baxımdan, Kardiffdəki görüş ən azı konstitusiya dəyişikliklərinə artan dəstəyi nümayiş etdirir, Böyük Britaniyada quruluşun dəyişə biləcəyini göstərir.

 

İrlandiya məsələsi geri qayıdır

Maraqlıdır ki, partiya liderlərinin memorandumu ABŞ Prezidenti Donald Trampın Dunbeqdə özünə məxsus qolf meydançasına səfəri zamanı “İrlandiyanın yenidən birləşməsini görməkdən məmnun olacağını” söyləməsindən cəmi iki gün sonraya təsadüf edib. Ağ Ev rəhbərinin fikrincə, İrlandiya Respublikasının Şimali İrlandiya ilə, yəni Böyük Britaniyanın tərkib hissəsi olan ərazi ilə birləşməsi tamamilə məntiqli addım olardı.

Lakin məlumdur ki, bu məsələnin son dərəcə ağrılı bir keçmişi var. Odur ki, ABŞ Prezidentinin sözlərinə reaksiya kifayət qədər kəskin olub (o, sonradan dediklərinin “sadəcə öz şəxsi fikri” olduğunu desə belə). Hamının Trampın bu qəbildən olan, məsələn, Qrenlandiya və ya Kanada ilə bağlı bəyanatlarına öyrəşməsinə rəğmən, onun son fikirləri adi qarşılanmayıb.

Xatırldaq ki, 1922-ci ildə İrlandiya Azad Dövlətinin yaradılmasından sonra Şimali İrlandiyanın altı qraflığı Böyük Britaniyanın tərkibində qalıb. Həmin tarix və konstitusion status bu gün də Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində saxlanılmasının tərəfdarı olan ittifaqçılarla onun İrlandiya Respublikası ilə birləşməsinə çalışan irland millətçiləri arasında mübahisə mövzusudur. 1960-cı illərin sonlarında bu qarşıdurma tarixə “İğtişaşlar” (“he Troubles”) kimi daxil olan silahlı münaqişəyə çevrilib. Demək olar ki, 30 il davam etmiş terror aktları, qətllər və toqquşmalar 3500-dən çox insanın həyatına son qoyub və yalnız 10 aprel 1998-ci ildə bağlanan və daha çox “Müqəddəs Cümə Sazişi” kimi tanınan Belfast sazişi bu prosesdə dönüş yarada bilib. Saziş Şimali İrlandiyada yeni idarəetmə sisteminin əsasını qoyub. Söhbət millətçilərlə ittifaqşılar arasında hakimiyyət bölgüsündən, razılıq prinsipinin təsbitindən gedir. Sazişə əsasən regionun konstitusion statusu yalnız onun əhalisinin əksəriyyətinin razılığı ilə dəyişə bilər.

Üstəlik, tərəflərin birləşməsi məsələsinin qaldırılacağı təqdirdə, müvafiq referendumlar həm iki tərəfdə keçirilməlidir. Yəni İrlandiyanın birləşməsi ilə bağlı istənilən mövcud müzakirə, mahiyyətcə, 1998-ci ildən sonra razılaşdırılmış demokratik mexanizmi olan siyasi məsələdir. Bununla belə, Britaniya hökuməti hesab edir ki, hazırda Şimali İrlandiyada ictimai əhvali-ruhiyyə İrlandiyanın birləşməsi haqqında referendumun keçirilməsi üçün əsas yaradacaq dərəcədə dəyişməyib.

Sentyabrın 9-da Bernem İcmalar palatasında bəyan edib ki, London “Müqəddəs Cümə Sazişi”nə dəqiqliklə riayət edəcək. Sentyabrın 18-də onun İrlandiyanın Baş naziri Mixol Martin ilə Mançesterdə keçirdiyi görüşdə tərəflər Belfast sazişinə və onun prinsiplərinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Şimali İrlandiyanın Demokratik İttifaq Partiyasının lideri Gevin Robinson isə bəyan edib ki, Mişel O’Nil Kardiffə səfərini birinci nazirin fəaliyyəti kimi qələmə verməməlidir və o, orada, ilk növbədə, partiya təmsilçisi kimi iştirak edib. Bu azmış kimi, Şimali İrlandiyanın birinci nazirinin müavini Emma Littl-Penqelli O’Nili birinci nazir vəzifəsini “siyasi silaha çevirməkdə” günahlandırıb.

 

Üç fərqli yol

Şotlandiyaya gəldikdə, xatırlatmaq lazımdır ki, burada 2014-cü ildə keçirilmiş müstəqillik referendumunda seçicilərin 55%-i Böyük Britaniyanın tərkibindən çıxmağa səs verib. Doğrudur, 2016-cı ildə Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendumdan sonra Şotlandiyanın müstəqilliyi məsələsi yenidən xüsusi kəskinlik qazanmışdı, çünki şotland seçicilərinin əksəriyyəti o zaman Aİ-də qalmağı dəstəkləmişdi. Sonrakı illərin sorğuları isə ictimai əhvali-ruhiyyədə tərəddüdlərin olduğunu göstərib, müstəqillik tərəfdarı olan sabit əksəriyyətin olmadığını ortaya qoyub.

Buna baxmayaraq, Şotlandiyanın birinci naziri Con Suinni hesab edir ki, yeni referendum keçiriləcəyi təqdirdə şotlandların əksəriyyəti müstəqilliyə səs verəcək. Yeri gəlmişkən, Bernem İcmalar palatası sentyabrın 9-da etdiyi çıxışında bildirib ki, nəzəri baxımdan Şotlandiyada “aydın konsensus”un olacağı təqdirdə o, referendum məsələsinə baxmağa hazırdır. Suinni dərhal bunu Londonun mövqeyinin dəyişməsi kimi qəbul edərək, səsvermənin keçirilməsi mexanizminin müzakirəyə çıxarılması təklifini irəli sürüb. Lakin Bernem tezliklə öz mövqeyinə aydınlıq gətirərək bildirib ki, hazırda belə bir konsensus mövcud deyil və bu üzdən də yeni referendum məsələsi “gündəlikdə deyil”.

Bu kontekstdə Uelsin birinci naziri Run ap Yorvertin Kardiffdəki görüşdən bir gün əvvəl “The Guardian” qəzetinin jurnalistinə dediyi sözlər diqqətəlayiqdir. O, Şotlandiya, Uels və Şimali İrlandiyanın əməkdaşlığını Böyük Britaniyanın birbaşa “dağıdılması” layihəsi kimi görmədiyini söyləyib: “Mən öz ölkəmi inkişaf etdirmək istəyirəm. Vəssalam!”

Doğrudur, ap Yorvert öz konstitusiya layihəsinin son məqsədi kimi Uelsin müstəqilliyini gördüyünü gizlətmir. Lakin o, bunun üçün konkret müddətlər müəyyən etmir, dərhal referendum keçirilməli olduğunu demir. O, Uelsin “konstitusiya yolunda” olduğunu söyləyir, son status məsələsini isə ölkə əhalisinin həll etməli olduğunu bildirir.

Bu yanaşma onun “Plaid Cymru” partiyasının seçkiqabağı strategiyasına da uyğundur. 2026-cı il seçkilərində o, diqqətini səhiyyə, yaşayış minimumunun aşağı salınması, iqtisadi inkişaf, təhsil və uşaq kasıblığı ilə mübarizəyə yönəldib. “Plaid Cymru” birinci beşillik müddət ərzində müstəqillik haqqında referendumun keçirilməsini əvvəlcədən istisna edib. Buna görə də ap Yorvertin Kardiff görüşündə iştirakını Uelsin dərhal müstəqillik kampaniyasına başlaması kimi yozmaq olmaz. “Plaid Cymru” üçün konstitusiya məsələsi kifayət qədər uzunmüddətli məqsəd olaraq qalır.

Hər bir halda, əsas diqqətçəkən məsələ tarixdə ilk dəfə Böyük Britaniyanın mövcud konstitusiya quruluşunun dəyişdirilməsinin tərəfdarı olan üç milli siyasi qüvvənin eyni vaxtda Şotlandiya, Uels və Şimali İrlandiyada hakimiyyətdə olması, üstəlik, öz fəaliyyətlərini bu və ya digər dərəcədə əlaqələndirməyə hazır olduqlarını nümayiş etdirməsidir. Görünən odur ki, artıq onların arasında müntəzəm siyasi əməkdaşlıq məsələsi də meydana çıxa bilər. Belə koordinasiya isə potensial olaraq onların Böyük Britaniya hökumətinə və Vestminsterdəki parlamentə kollektiv təsiri gücləndirə bilər.

Lakin o da var ki, bu üç ərazinin məqsədləri və konstitusion yolları əhəmiyyətli dərəcədə fərqlidir. Şotlandiyada müstəqillik haqqında yeni referendumun keçirilməsinə nail olmağa çalışırlarsa, Uelsdə müstəqilliyə konkret müddət qoymadan, uzunmüddətli məqsəd kimi baxırlar. Şimali İrlandiyada isə İrlandiya Respublikası ilə birləşmənin tərəfdarı kimi çıxış edirlər. Burada isə ortaya 1998-ci ilin Belfast sazişi ilə təsbit edilmiş xüsusi mexanizm çıxır.

Odur ki, indiki mərhələdə Kardiff görüşünün əhəmiyyətinə, ilk növbədə, siyasi müstəvidə baxmaq daha doğru olar. Vəziyyətin sonrakı inkişafı ictimai əhvali-ruhiyyədən, hökumətlərin və parlamentlərin qərarlarından, Şimali İrlandiya variantında isə Belfast sazişində nəzərdə tutulmuş mexanizmdən asılı olacaq. Amma əlbəttə, hər bir mərhələdə dəyişikliklər və hətta “sürpriz”lər mümkündür. Hər halda, Böyük Britaniya və bütövlükdə dünyadakı ümumi vəziyyəti nəzərə almamaq olmaq. Söhbət təxmin edilməsi son dərəcə çətin vəziyyətdən gedir.



MƏSLƏHƏT GÖR:

40