SAĞA DOĞRU
Avropada niyə ənənəvi partiyalar seçicilərini itirir, sağçılar isə getdikcə daha çox nüfuz qazanır?
Müəllif: İlqar VƏLİZADƏ
Ənənəvi partiyaların nüfuzunu sürətlə itirməsi Avropa siyasətinin əsas mövzularından birinə çoxdan çevrilib. Almaniyada sentyabrda keçirilmiş regional seçkilər isə bu prosesin nə dərəcədə sürətləndiyini ortaya qoyub.
Almaniya əhvali-ruhiyyə barometrikimi
Sentyabrın 20-də kanslerFridrixMertsinXristian-Demokrat İttifaqı (XDİ) eynivaxtdaikitorpaqdaməğlubiyyətə uğrayıb. Meklenburq - Ön Pomeraniyada o, cəmi 4,9% səs toplayaraq torpaq parlamentinə keçə bilməyib. Əvəzində, radikal müxalifət olan “Almaniya üçün Alternativ” (AfD) partiyası 38,2% səs qazanıb. Berlində 25,7% səslə Sol Partiya qalib gəlib, XDİ isə 19%-dən də az səs yığıb.
Maraqlıdır ki, bundan cəmi iki həftə əvvəl AfD Saksoniya-Anhalt torpağında daha inamlı nəticə əldə etmişdi – XDİ-nin 17,2% səsinə qarşı nə az, nə çox - düz 43,8%!
Seçkilərdən sonra ümumxalq sorğularından biri AfD-yə dəstəyin 29, XDİ/XSİ blokuna isə 18% səviyyəsində olduğunu göstərib. Beləliklə, söhbət artıq yalnız ayrı-ayrı şərq torpaqlarındakı etirazçılardan getmir. Rəqiblərinin uzun müddətdir hakimiyyətdən kənarda saxlamağa çalışdığı partiya indi bütün ölkə miqyasında birinci yerə iddia edir.
Belə bir vəziyyətdə iqtisadi problemlər xüsusilə kəskin qəbul olunur. İki illik tənəzzüldən sonra Almaniya iqtisadiyyatı 2025-ci ildə cəmi 0,2% artıb. 2026-cı ilin ikinci rübündə artım əvvəlki rüblə eyni olub. Üstəlik, iyulda sənaye istehsalı 1,1% azalıb, avqustda isə işsizlərin sayı 3,061 milyon nəfərə çatıb. Doğrudur, bu, iqtisadiyyatın çöküşü demək deyil. Lakin sənayeni rifahının əsası saymağa vərdiş etmiş ölkə üçün zəif artım dövrünün uzanması ciddi siyasi sınağa çevrilir.
Ən ağrılı dəyişikliklər avtomobil sənayesində hiss olunur. 2026-cı ilin ortalarına doğru bu sahədə çalışanların sayı bir il əvvəlkinə nisbətən 42,3 min nəfər olub. Üstəlik, 2005-ci ildən bəri işləyən insanların ssyı minimum səviyyəyə düşüb. Bu rəqəmlərin arxasında yalnız avtokonsernlər deyil, həm də onlar üçün hissələr və avadanlıqlar istehsal edən çox sayda müəssisələr dayanır. İri istehsalçılar sifarişləri azaltdıqda, fəsadlar konkret zavodun çərçivəsini sürətlə aşmağa başlayır.
Almaniyada illərdən bəri davam edən iqtisadi modelə vurulan zərbələrdən biri Ukrayna müharibəsinin başlaması ilə Rusiyadan qaz tədarükününün kəskin azalması olub. Hələ 2021-ci ildə Almaniyanın qaz idxalının 52%-i Rusiyanın payına düşürdü. Doğrudur, ötən dövrdə Berlin fərqli təchizat mənbələri tapmağa nail olub, lakin enerji sisteminin yenidən qurulması sənaye üçün ağrısız keçə bilməzdi. Bununla belə, hazırkı çətinlikləri yalnız Moskva ilə əlaqələrin kəsilməsi ilə izah etmək yanlış olardı. Almaniya şirkətləri, eyni zamanda dünya bazarlarında rəqabətə tab gətirmək, texnoloji yeniliklərə, ilk növbədə avtomobil sənayesindəki dəyişikliklərə uyğunlaşmaq məcburiyyətindədir.
Belə bir vəziyyətdə AfD hakimiyyəti davamlı olaraq öz iqtisadimaraqlarını qoruya bilməməkdə günahlandırır. İndi enerji və sənaye problemlərinə üstəlik miqrasiya, dövlət xərcləri və sosial sistemin gələcəyi ilə bağlı mübahisələr də əlavə olunub. Doğrudur, onlar əvvəllər də mövcud idi. Lakin indi bütün bu problemlər bir nöqtədə kəsişir: onilliklər ərzində ölkəni idarə edən partiyaların Almaniyaya dayanıqlı artımı qaytaracağına inanmayan seçicilərin sayı sürətlə artır.
Bu, xüsusilə Almaniyanın şərqində aydın görünür. Bir daha xatırladaq ki, AfD məhz şərqdə – Saksoniya-Anhalt və Ön Pomeraniyada səslərin əksəriyyətini toplayıb. Sol Partiyanın Berlindəki qələbəsi isə göstərir ki, narazılıq yalnız sağçıların dəstəklənməsi ilə məhdudlaşmır. Seçicilərin ölkəyə hansı qərarların lazım olduğuna dair qiymətləndirməsi də fərqlidir. Lakin onlar getdikcə bir məsələdə daha çox həmfikir olurlar: əvvəlki cavablar artıq insanları qane etmir. Merts və partiyasının sentyabr seçkilərindən sonra üzləşməli olacağı reallıq məhz budur.
Belə bir şəraitdə AfD radikal gündəliyinə sadiqdir, digər partiyalar isə əvvəlki kimi, onunla koalisiyaya girməkdən imtina edirlər. Amma reallıq budur ki, AfD nə qədər çox mandat alırsa, onun rəqiblərinin parlamentdə çoxluğu formalaşdırmaq imkanı o qədər çətinləşir. Bu vəziyyətdə onlar əsas məsələlərdə mövqeləri fərqlənən partiyalarla razılığa gəlməli, sonra isə artıq hökumət daxilində kompromis axtarmalı olurlar. Odur ki, AfD-nin əvvəlkitək siyasi təcrid edilməsi indi ənənəvi partiyaların özləri üçün problemə çevrilməyə başlayır. Almaniyada və ondan kənarda indi bir sual daha tez-tez gündəmə gəlir: görəsən sentyabr seçkiləri daha dərin siyasi böhranın gələcəyinin xəbərçisi deyil ki?
Fransada ultra-sağçılar güzəştə getmək istəmir
Qeyd edilməlidir ki, baş verənlər ümumilikdə Almaniya hüdudlarını aşır. Fransada əsas sağçı populist partiya olan “Milli Birlik” 2027-ci il prezident seçkilərinə qələbəyə əsas iddiaçılardan biri kimi hazırlaçır. İyulda keçirilmiş sosioloji sorğu partiyanın lideri Marin Le Penin artıq birinci turda, təxminən, 36% səs yığacağını, ikinci turda isə bir sıra ehtimal olunan rəqibləri üzərində üstünlük qazana biləcəyini göstərib. Sentyabrda keçirilmiş sorğu da namizədlərin tərkibindən asılı olaraq, onun birinci turda 33-36% səs qazana biləcəyini ortaya çıxarıb. Doğrudur, söhbət hələlik yalnız sosioloji sorğuların nəticələrindən gedir. Amma bu, indi partiyanın xarici siyasətlə bağlı mövqeyinin nə üçün daha diqqətlə öyrənildiyini izah edir. Bu kontekstdə onun Rusiyaya münasibəti də xüsusi diqqət cəlb edir. “Milli Birlik” partiyasının Parislə Moskvanın yaxınlaşmasının tərəfdarı olmasının uzun tarixi var. O, Moskvaya sanksiyaların tətbiqini hər zaman tənqid edib. 2014-cü ildə Rusiya bankından alınmış kredit və Le Penin Krım haqqında əvvəlki bəyanatları isə “Milli Birliyin” nüfuzunu daha da sarsıdıb. Amma Ukraynada müharibənin başlamasından sonra bu mövqedə dəyişikliklər də başlayıb. Partiya Moskvanın Ukraynaya müdaxiləsini pisləyib, Ukraynanın müdafiə olunmaq hüququnu tanıyıb, lakin Fransanın oraya qoşun göndərməsinin, həmçinin Kiyevə Rusiya ərazisini vura biləcək silahların verilməsinin əleyhinə çıxıb. Le Pen, həmçinin seçkilərdə qələbə qazanacağı təqdirdə Fransanı NATO-nun birləşmiş hərbi komandanlığından çıxarmaq niyyətini də bəyan edib.
Sentyabrda “Milli Birlik” ilə Moskva arasında məsafə daha da böyüyüb. Le Pen və Jordan Bardella (partiyanın rəsmi sədri) bəyan ediblər ki, Rusiyanın Fransanı qorxutmaq və ya onun işlərinə qarışmaq cəhdlərinə dözmək fikrində deyillər. Kreml isə öz növbəsində, bu ittihamları rədd edib, belə niyyətinin olmadığını bildirib.
Rəqiblərinin illərdir Moskvadan asılılıqda ittiham etdikləri partiya üçün belə bəyanat mübadiləsi prezident seçkisi kampaniyası ərəfəsində xüsusi əhəmiyyət kəsb edir. Lakin sərt ritorika “Milli Birlik” partiyasının Rusiya ilə gələcək dialoq ideyasından qəti şəkildə imtina etdiyini düşünməyə əsas vermir. Hələlik Le Pen və Bardella Fransaya təzyiqi, Rusiyanın Ukraynaya müdaxiləsini pisləyirlər. Amma onlar parisi birbaşa qarşıdurmaya cəlb edə biləcək addımları dəstəkləmək fikrində deyillər. Ehtimal etmək olar ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra partiya Moskva ilə münasibətlər məsələsini yenidən qaldıracaq. Sanksiyaların müddəti, şərtləri və mümkün yumşaldılması elan olunmuş partiya proqramı deyil, sadəcə bir fərziyyə olaraq qalır.
Bu ehtiyatlılıq hakimiyyət uğrunda mübarizə ilə də izah olunur. “Milli Birlik” seçiciləri, məmurları və hərbçiləri partiyanın xarici siyasəti müstəqil şəkildə müəyyən etməyə qadir olduğuna inandırmalıdır. Buna görə də Moskva ilə ehtimal olunan dialoqu o, böyük ehtimalla, Rusiyaya əvvəlki rəğbəti ilə deyil, Parisin maraqları və müstəqilliyə can atması ilə əsaslandıracaq.
Liberal modeldə böhran?
Ümumiyyətlə, Avropada sağçı partiyaların yüksəlişini tez-tez liberal modelin böhranı kimi şərh edirlər. Lakin seçici üçün bu böhran daha konkret görünür. O, enerji hesablarını, müəssisələrdəki ixtisarları, yaşayış minimumunun artmasını və miqrasiya haqqında mübahisələri görür, Ukraynanı dəstəkləmək, sənayeni yenidən qurmaq və ekoloji islahatlar aparmaq haqqında vədləri eşidir, sonda isə bir sual verir: bu qərarları kim ödəyəcək və onlar nə vaxt nəticə verəcək? Mübahisələr fikir ayrılıqlarını gücləndirir. Lakin iqtisadi durğunluq və ənənəvi partiyalara inamın azalması olmasaydı, onlar çətin ki, belə bir siyasi güc toplaya bilərdilər.
Bununla belə, Avropanın sağçıların mütləq qələbəsinə doğru getdiyini demək çətindir. Almaniyada eyni vaxtda AfD və Sol Partiya mövqelərini möhkəmləndirir, Fransada “Milli Birlik” hakimiyyətə iddia edir, lakin onlar hələ buna hazır olduqlarını sübut etməlidirlər. İndi aydın olan başqa məqamdır – köhnə mərkəzçi partiyalar üçün seçicilərini qoruyub saxlamaq, əksəriyyətin dəstəyini qazanmaq getdikcə daha çətin olur.
Əlbəttə, bu vəziyyət Rusiya üçün müəyyən imkanlar açır. Lakin onun vahid “dost düşərgəsi”nə ümid bəsləməsi səhv olardı. Avropa sağçıları Moskva ilə münasibətləri müxtəlif cür qiymətləndirirlər. AfD iqtisadi əlaqələrin bərpasının tərəfdarı kimi çıxış edirsə, Fransanın “Milli Birlik” partiyası eyni zamanda ölkənin müstəqilliyinə vurğu edəcək dialoq imkanını saxlamağa çalışır. Polşa və Baltikyanı ölkələrdəki bir çox sağçı qüvvələr üçün isə Rusiya, əksinə təhlükə olaraq qalır.
Brüsselin bu dəyişikliklərə reaksiyası Avropa rəhbərliyinin ənənəvi ideoloji izahlar çərçivəsindən çıxmasının nə qədər çətin olduğunu göstərir. Orada sağçı partiyaların yüksəlişini demokratiyaya təhdid və xarici təsirlərlə əlaqələndirirlər. Bəli, belə təhdidlər mövcuddur və AfD nümayəndələrinin rusiyalı iqtisadi məsləhətçi ilə planlaşdırılan təmasları barədə son məlumatlar partiyanın xarici əlaqələrinin diqqətlə izlənilməsinə əsas verir. Lakin onun uğurunun səbəblərini yalnız bunlara bağlamaq Almaniyanın özünün vəziyyətinə göz yummaq demək olardı. Hər halda, AfD-yə səs verənlər hökumətin qərarlarından narazı olan almanlardır. Odur ki, mövcud xəttin əleyhdarlarının istisnasız olaraq “Putinin dostları” kimi qələmə verilməsi cəhdi əks nəticəyə də aparıb çıxara bilər. Sağçılar məhz bu məqama əsaslanaraq bildirirlər ki, onların rəqibləri öz məğlubiyyətlərinin səbəblərindən başqa hər şeyi müzakirə etməyə hazırdırlar. Bu dəlil xüsusilə müəssisələrin işçiləri ixtisar etdiyi, biznes üçün vəd edilmiş yüngülləşdirilmənin hələlik insanların gündəlik həyatını dəyişmədiyi yerlərdə daha inandırıcı səslənir. Brüssel artıq inzibati xərclərin azaldılması zərurətindən danışır. Lakin bu vədlərə inam şirkətlərin və onların işçilərinin dəyişiklikləri hiss edib-etməyəcəyindən asılı olacaq.
Qarşıda Aİ-ni prioritetlər haqqında çətin söhbət də gözləyir. Avropa Komissiyası növbəti yeddi illik büdcədə Ukraynaya 100 milyard avroyadək vəsait ayırmağı təklif edir. Kiyevə dəstək Avropanın bir çox ölkəsi üçün prinsipial əhəmiyyət kəsb etsə də, o, getdikcə daha çox daxili siyasi mübarizənin bir hissəsinə çevrilir. Nə qədər ki, hakimiyyətin eyni vaxtda Ukraynanı necə dəstəkləyəcəyi, sənayenin rəqabət qabiliyyətini necə bərpa edəcəyi və vətəndaşların gəlirlərini necə qoruyacağı ilə bağlı inandırıcı izahı olmayacaq, sağçılar Brüsselə qarşı yeni arqumentlər əldə edəcəklər. Onların ünvanına səslənən ittihamlar bu sualı ortadan qaldırmır.
Buna görə də mövcud siyasi dəyişikliyin əsas səbəbi Avropa seçicilərinin Moskvaya rəğbəti deyil, Avropanın öz daxilində fikir ayrılıqlarının güclənməsidir. Ukraynaya dəstək, sanksiyalar, müdafiə xərcləri və enerji siyasəti getdikcə daha ağır danışıqlar mövzusu olacaq. Hətta ölkələrin əksəriyyətində əvvəlki xəttin dəyişməyəcəyini düşünsək belə, onların razılaşdırılmış qərarlar əldə etməsi daha da çətinləşəcək.
MƏSLƏHƏT GÖR:




58

