RƏMZLƏRLƏ DOLU SƏFƏR
ABŞ-də Si üçün təşkil olunmuş təntənəli qarşılanma mərasimi və şəxsi jestlər sanki ticarət, texnologiyalar və Tayvanla bağlı mürəkkəb söhbətlərin pərdələnməsi üçün idi
Müəllif: Samir VƏLİYEV
Son dövrün qlobal gündəminin mərkəzi hadisələrindən biri,şübhəsiz ki, Çin Xalq Respublikasınınsədri Si Cinpinin sentyabrın 24-26-da ABŞ-yəetdiyi dövlət səfəridir.Səfər çinli ali qonağın Amerika torpağına ayaq basdığı andan çoxları üçün yaddaqalan olub. Ağ Ev rəhbəri Donald Tramp formalaşmış protokola zidd olaraq, birinci xanım Melaniya Trampla birlikdə Cinpini və onun həyat yoldaşı Pen Liyuanı “Endryus” aviabazasında şəxsən qarşılayıb. Güman edilirdi ki, qarşıdakı danışıqların tonunu məhz bu jest müəyyən edəcək.
Yüksək səviyyəli qonaqlar hətta hərbi orkestr və yaylım atəşi ilə qarşılanıb, aerodromun üzərində havaya iki “B-1” bombardmançı təyyarəsi qaldırılıb.
Alt mənası olan danışıqlar
ABŞ prezidentləri adətən xarici qonaqları təyyarənin trapında qarşılamırlar. Siyasi xadimlər arasında belə qarşılanmaya yalnız uzun illər əvvəl Böyük Britaniyanın Baş naziri Harold Makmillan layiq görülmüşdü. 1962-ci ildə onu “Endryus” aviabazasında Prezident Con Kennedi qarşılamışdı. 2015-ci ildə isə Barak Obama bu istisnanı Roma Papası Fransisk üçün etmiş, onu şəxsən qarşılamışdı.
Hər bir halda, bu cür nümayişkaranə təntənə Ağ Evin Çinlə münasibətlərə hansı əhəmiyyəti verdiyini göstərir. Əslində, Tramp bununla Si Cinpini qlobal siyasətdə status baxımından özünə bərabər fiqur, Çini isə ABŞ-dən sonra dünyanın ikinci fövqəldövləti hesab etdiyini nümayiş etdirib.
Görünən odur ki, bu jest Çin tərəfindən də lazımi şəkildə qiymətləndirilib. Lakin bu, səfərin əsas sualını aradan qaldırmırdı – liderlər şəxsi təmaslarını ticarət və təhlükəsizlik sahəsində konkret razılaşmalara çevirə biləcəklərmi?
Tramp Si Cinpinin nümayişkaranə şəkildə təmtəraqla qəbulunu ertəsi gün də davam etdirib. Ağ Evdə keçirilən təntənəli mərasimdən sonra o, qonağa yeni helikopter meydançasını və prezidentin “Marine One” helikopterini şəxsın göstərib. Görünür, Amerika lideri Cinpinə may ayında Çinə səfəri zamanı onda yaradılmış təəssüratın qarşılığını vermək istəyib. Həmin səfər vaxtı Çin sədri Trampı Çjunannanın qapalı iqamətgahının bağını gəzdirmiş, onu bura ilə tanış etmişdi. Çjunannanın keçmiş imperator bağının bir hissəsi olan ərazisinə xarici qonaqlar nadir hallarda dəvət edilir.
İndi isə Tramp həmkarına Amerika hakimiyyətinin məkanını və onun rəmzlərini nümayiş etdirib.
Bu jest mübadiləsinin arxasında, əlbəttə ki, həmsöhbətin statusunun qarşılıqlı tanınması dayanır. Lakin bu, tərəflərin Vaşinqton görüşünün əsas səbəbi olan məsələlər üzrə razılaşmaya yaxınlaşdıqları anlamına gəlmirdi.
Liderlərin salamlama çıxışları üçün seçdikləri nitqlər olduqca maraqlı idi. Si Cinpin amerikalıları müstəqilliyin 250 illiyi münasibətilə təbrik edib ki, bunu Çinin özünün minilliklərlə ölçülən tarixi fonunda kifayət qədər incə bir eyham kimi də qiymətləndirmək olar. Daha sonra o, Çin və ABŞ-nin rəqabət apardığını etiraf edib, lakin bu rəqabətə tərəflərdən birinin mütləq digərinə qalib gəlməli olduğu mübarizə kimi deyil, yarış kimi baxmağın daha doğru olduğunu söyləyib. Si Cinpin çıxışında açıq şəkildə “Fukidid tələsi”ni (yeni bir dövlətin güclənməsinin hökmran mövqeyə sahib dövlətlə müharibəyə aparıb çıxarması) xatırladaraq bildirib ki, bu tələni aşmaq mümkündür. Çıxışın bu hissəsində Çin sadəcə nisbətən gənc ABŞ-nin rəqibi kimi deyil, çoxəsrlik tarixi təcrübənin zirvəsindən böyük dövlətlər arasındakı münasibətlərə fərqli baxış təklif edən dövlət kimi təqdim olunub. Cinpin deyib ki, bir ölkənin yüksəlişi heç də mütləq digər ölkə ilə müharibə ilə nəticələnməməlidir.
ÇXR liderinin “Çin millətinin böyük dirçəlişi” ilə “Amerikanı yenidən möhtəşəm etmək” istəyinin yanaşa biləcəyinə dair bəyanatı isə daha konkret xarakter daşıyıb. Trampın əsas şüarından istifadə edən Cinpin həmkarını Çinin yüksəlişinin ABŞ-nin məğlubiyyəti demək olmadığını qəbul etməyə çağırıb.
Doğrudur, belə formul hər iki tərəf üçün əlverişlidir. Lakin ona hər kəs öz anlamını yükləyir. Pekin üçün bu, Çinin dünyadakı yerini müstəqil şəkildə müəyyən etmək hüququnun tanınması deməkdirsə, Vaşinqton üçün məsələ bu güclənmənin ABŞ sənayesinə, texnoloji üstünlüyünə və Asiyadakı mövqelərinə hansı təsirləri göstərəcəyindən ibarətdir.
Tramp Si Cinpin ilə münasibətləri qarşılıqlı hörmətə əsaslanan “əsl böyük dostluq” adlandırıb. Lakin o, burada da özünəxas haşiyələrsiz keçinmədi. Ağ Evdə ekskursiya zamanı o, həmkarını “daş üzrə ekspert” elan edərək, Çin liderinin qraniti xoşladığını söyləyib. Prezidentlərin portretlərini həmkarına göstərərkən isə Tramp avtomatik imza üçün qurğu olan “avtopen”in təsvirinə işarə edərək zarafatla deyib: “Bu, Baydendir”.
D.Tramp süni intellekti “superintellekt” adlandırıb, onu “SI” qısaltması ilə ifadə edib.
Si Cinpin iki dövlətin birgə mövcudluğu prinsipini möhkəmləndirməyə çalışıbsa, Donald Tramp münasibətləri, ilk növbədə, danışıqlarda ABŞ-nin hansı konkret şərtlərə nail ola biləcəyi baxımından qiymətləndirməyə səy göstərib.
ABŞ-Çin münasibətlərində iqtisadiyyat
Bu bəyanatların daha dəqiq mənasını liderlərin qapalı qapılar arxasında gəldikləri razılıqlar əsasında yoxlamaq mümkündür. Danışıqlardan sonra Pekin iqtisadi dialoqu davam etdirmək, süni intellekt məsələsini müzakirə etmək və hərbçilər arasında əlaqələri saxlamaq niyyətində olduğunu açıqlayıb. Cinpin, həmçinin Trampla Tayvan, Yaxın Şərq, Ukrayna və Koreya yarımadası barədə danışıb.
Görüşün yekunlarına əsasən, tərəflərin əsas mübahisələrdən, heç olmasa, birini tənzimlədiyini söyləməyə imkan verən hər hansı razılaşma ortaya çıxmayıb. Lakin bu, söhbətin faydasız olduğu demək deyil. Münasibətlərin hazırkı vəziyyətində ən təhlükəli fikir ayrılıqlarını birbaşa dövlət başçıları səviyyəsində müzakirə etmək imkanının özü belə, əhəmiyyətli məqamdır. Sadəcə, bunu mövcud fikir ayrılıqlarının aradan qaldırılması, ziddiyyətlərin həlli ilə qarışdırmaq olmaz.
Bunu ən yaxşı şəkildə ticarət nümunəsində görmək mümkündür. Burada nəticə eyni zamanda həm konkret, həm də kifayət qədər məhdud alınıb. Vaşinqtonla Pekin “ticarət atəşkəsi”ni 2027-ci il yanvarın 10-dək uzadıblar. Başqa sözlə, onlar yeni gərginləşmə təhlükəsini təxirə salıb, danışıqlar aparan tərəflərə daha iki ay vaxt veriblər. Lakin yekun tariflər barədə razılıq əldə olunmayıb, qarşılıqlı məhdudiyyətlər aradan qaldırılmayıb.
Vaşinqton Çindən Amerika məhsullarının və nadir torpaq materiallarının tədarükünün artırılmasında maraqlıdırsa, Pekin öz mallarının və şirkətlərinin ABŞ bazarına daha proqnozlaşdırıla bilən çıxış əldə edəcəyinə ümidlidir. Belə bir vəziyyətdə “atəşkəs”in uzadılması hər iki tərəfə ticarəti daha əlverişli şərtlərin əldə olunmasınadək davam etdirmək imkanı verir.
Lakin “ticarət atəşkəsi”nin uzadılması Çinin ABŞ-dən idxalın artırılması ilə bağlı yeni öhdəlikləri ilə müşayiət olunmayıb. Prekin ABŞ-yə hər il ondan 25 milyon ton soya almaq vədi verib. Bundan başqa, liderlərin may ayında keçirilən görüşü zamanı Çin hər il Birləşmiş Ştatlardan 17 milyard dollarlıq digər kənd təsərrüfatı məhsulları almağı da öhdəsinə götürüb. ABŞ-nin maliyyə naziri Skott Bessentin sözlərinə görə, Pekin soya alışları ilə bağlı öhdəliyi yerinə yetirsə də, digər məhsullarla bağlı vəziyyət belə deyil. İndi çinlilər Vaşinqtona hər hansı məhsulun alınması ilə bağlı yeni vəd verməyib.
Son görüşün ardından ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir ayrı-ayrı mal axınlarını gələcək tarif mübahisələrindən qorumaq üçün mexanizmin hazırlandığı haqda məlumat verib. O, Amerika tərəfdən kənd təsərrüfatı məhsulları və tibbi avadanlıqları, Çin tərəfdən isə Vaşinqtonun həssas kateqoriyaya aid etmədiyi istehlak mallarını xüsusi vurğulayıb. Lakin yeni alış həcmləri və gömrük rüsumlarının dərəcələri hələ açıqlanmayıb. Demək, Si Cinpinin səfəri zamanı bağlanmış hansısa böyük sövdələşmədən danışmaq tezdir.
Pekinlə Vaşinqton arasında hətta müvəqqəti razılaşmanın belə, iki liderin görüşünü tələb etməsinin səbəbini iki ölkə arasındakı iqtisadi münasibətlərin miqyasında görmək olar. 2025-ci ildə ABŞ Çinə, təxminən, 106 milyard dollar dəyərində mal satıb, 309 milyard dollar dəyərində isə mal idxal edib. Amerikanın mal ticarətində kəsiri təxminən 203 milyard dollar təşkil edib. Tramp məhz bu fərqi ABŞ üçün əlverişsiz ticarət şərtlərinin göstəricisi sayır.
Lakin bu rəqəm münasibətləri tam əks etdirmir. Məsələn, xidmət ticarətində əksinə, Amerika tərəfinin, təxminən, 34 milyard dollarlıq profisiti olub. Amerika şirkətləri Çin bazarından gəlir əldə edir, Amerika istehlakçıları və müəssisələri isə Çində istehsal olunan malların tədarükündən asılıdır. Buna görə də tariflərin artırılması yalnız onların yönəldiyi ölkəyə deyil, digər tərəfə də zərər vurur.
Siyasi hesablamalara söykənən əməkdaşlıq
Bütün bunların fonunda mübarizə getdikcə daha çox bir tərəfin asılılığının digər tərəfin üstünlüyünə çevrilə biləcəyi sahələrə keçir. ABŞ süni intellektin inkişafı üçün zəruri olan ən qabaqcıl çiplərin tədarükünə nəzarəti qoruyub saxlamağa çalışırsa, Çin nadir torpaq elementlərinin emalında, həmçinin Amerikada bir sıra sahələrin çatışmazlığından çətinlik çəkə biləcəyi maqnitlərin istehsalında güclü mövqelərə malikdir. Buna görə də liderlərin süni intellekt barədə söhbəti yalnız yeni sistemlərin təhlükəsizliyi ilə bağlı deyil. Bunun arxasında bu sistemlərin inkişafı üçün texnologiyaları kimin əldə edəcəyi və rəqibin zəruri resurslara çıxışını kimin məhdudlaşdıra biləcəyi məsələsi dayanır.
Ceymison Qririn gələcək ticarət imkanlarından danışarkən qabaqcıl Amerika çiplərini bu ticarətdən kənarda saxlaması da diqqət çəkir.
Ticarət statistikasında əks olunmayan başqa bir əlaqə də var. Mövcud qiymətləndirmələrə görə, Çinin materik hissəsində və Honkonqda olan investorlar dəyəri 750 milyard dollardan çox olan ABŞ səhmlərinə malikdirlər. Söhbət Pekinin öz mülahizəsinə uyğun sərəncam verə biləcəyi dövlət paketindən yox, müxtəlif səhmdarların investisiyalarından gedir. Bununla belə, bu rəqəmlər iki ölkənin maliyyə maraqlarının bir-birinə nə dərəcədə dərindən bağlı olduğunu göstərir. Bu vəziyyətdə ABŞ bazarında baş verəcək ciddi sarsıntı Çin investorları üçün də böyük itkilərlə nəticələnəcək.
Öz növbəsində, Çin texnologiya şirkətləri Amerika maliyyə təşkilatlarının xidmətlərindən istifadəni davam etdirir ki, bu da qəfil qopmadan qaçmaq üçün daha bir səbəbdir. Doğrudur, pul öz-özlüyündə siyasi ziddiyyətləri aradan qaldırmağa qadir deyil. Lakin fakt faktlığında qalır.
İqtisadi praqmatizmin sərhədi, ilk növbədə, Tayvandan keçir. Si Cinpin Vaşinqtonu adanın müstəqilliyinə qarşı çıxmağa çağırır. Halbuki ABŞ ənənəvi olaraq bu müstəqilliyi dəstəkləmədiyini bildirir. Burada siyasi əhəmiyyətli məqam var. Pekin ABŞ-nin mövqeyinin daha konkret olmasına nail olmağa çalışır, eyni zamanda Vaşinqtonun Tayvana silah tədarükünün əleyhinə çıxış edir. Vaşinqton isə adaya özünümüdafiə imkanlarını gücləndirməsi üçün yardım etmək imkanını saxlayır. Son görüşün yekununda bu siyasətdə hər hansı dəyişiklik barədə də heç bir açıqlama olmayıb.
Beləliklə, liderlər “ticarət atəşkəsi”ni uzada bilsələr də, rəqabəti hərbi müstəviyə keçirə biləcək məsələdə razılaşmaya yaxınlaşmayıblar. Üstəlik, ABŞ üçün məsələ yalnız Tayvanla məhdudlaşmır. Əgər Vaşinqton Pekinin təzyiqi altında öz mövqeyini dəyişərsə, bu, Yaponiyanın, Cənubi Koreyanın və digər tərəfdaşların ABŞ-nin Hind-Sakit okean regionundakı öhdəliklərinin etibarlılığı barədə təsəvvürlərinə təsir göstərəcək. Səfər ərəfəsində Amerika tərəfi müttəfiqlərinə müraciətlə onların təhlükəsizlik zəmanətlərini və Tayvan boğazında sabitlikdə maraqlı olduğunu təsdiqləmişdi. Vaşinqton dialoqunda ziddiyyətlərdən biri də məhz bundan ibarət olub. Tramp Cinpinə dünyanın ikinci fövqəldövlətinin lideri statusuna uyğun ehtiram göstərib. Lakin o, Asiyada ABŞ-nin mövcudluğuna güvənən dövlətlərin narahatlıqlarına etinasız qala bilməz.
Səfərin sonuncu günü yenə də tarixə eyhamla keçib. Çay süfrəsindən sonra ABŞ Milli Arxivinə baş çəkən liderlər burada, o cümlədən Müstəqillik Bəyannaməsi, ABŞ Konstitusiyası və Hüquqlar haqqında Billə baxıblar. Bu jest Trampın Çinə səfəri zamanı başlayan rəmzi mübadiləni tamamlayırdı. Həmin vaxt Cinpin ona Çin tarixi və hakimiyyəti ilə bağlı məkanı göstərmişdisə, indi Tramp qonağa Amerika dövlətçiliyinin əsasını təşkil edən sənədləri təqdim edib. Bununla belə, tarixə qarşılıqlı hörmətin arxasında müasir fikir ayrılıqları dayanır. Səfər göstərib ki, liderlər münasibətlərin kəskin şəkildə pisləşməsinin qarşısını almağa hazırdırlar. Bunun uzunmüddətli sabitlik üçün kifayət edib-etməyəcəyi isə ABŞ və Çinin ticarət məsələlərində razılığa gələ bilib-bilməyəcəklərindən, texnologiyalar və Tayvanla bağlı mübahisəni böhrana çevrilmədən çözməyi bacarıb-bacarmayacaqlarından asılı olacaq.
MƏSLƏHƏT GÖR:




66

