HİSSİYYAT, SƏSLƏNMƏ, İNTELLEKT
Cavad MƏMMƏDSADIQ: “Pianoçu peşəsi dəmir intizam və saatlarla davam edən məşqlər tələb edən gündəlik ağır əməkdir”
Müəllif: Sabirə ƏLƏKBƏR
Hər dövr öz səslərini yaradır. Məhz musiqi tərcüməyə ehtiyac duyulmayan dildə danışmaq, nəsilləri birləşdirmək və gələcəyə körpü salmaq qabiliyyətinə malikdir. Bu gün həmin kövrək mənəvi irsi öz əllərində qoruyub saxlayan insanlar haqqında danışmaq prinsipial əhəmiyyət daşıyır. Çünki milli mədəniyyətin və dünya akademik musiqi səhnəsinin həqiqi gələcəyi elə indi yaradılır – konservatoriyaların siniflərində, məşqlərdə, gənclər festivallarında. Belə istedadları dəstəkləmək, onların səmimi əməyini və peşələrinə sədaqətini görmək, həyat hekayələrini başqaları ilə bölüşmək zəruri vəzifədir.
“R+” jurnalının qəhrəmanı, gənc pianoçu Cavad Məmmədsadıq müasir Azərbaycan fortepiano məktəbinin parlaq, dərin və özünəməxsus nümayəndəsidir. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dördüncü kurs tələbəsidir. Ölkənin aparıcı mədəniyyət məkanlarında göstərdiyi parlaq çıxışları sayəsində onun adı musiqinin incəliklərini dərindən anlayan sənətsevərlərə artıq tanışdır.
Gənc musiqiçi bizimlə söhbətində ənənələr irsi, akademik baza və caz azadlığı, özünə qalib gəlmək və konsert səhnəsinin parıltısından tamaşaçıların görə bilmədikləri məqamlar barədə düşüncələrini bölüşüb.
- Musiqi həyatınıza necə daxil olub? Fortepianonun sadəcə bir dərnək və ya təhsil məşğuliyyəti deyil, taleyiniz olduğunu dərk etdiyiniz həmin dönüş anını xatırlayırsınızmı?
- Geriyə nəzər salanda məlum olur ki, musiqi qabiliyyətim hələ erkən uşaqlıq dövründə üzə çıxıb. Bunu ilk olaraq anam Natəvan Dövlətova hiss edib. İxtisasca pianoçu olan anam mənim ilk müəllimimdir. Mənə musiqinin əsaslarını o öyrədib. Sonralar istedadlı uşaqlar üçün nəzərdə tutulmuş Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil oldum. Burada ümumi təhsil musiqi hazırlığının dərindən öyrənilməsi ilə çox uzlaşır.
Kiçik yaşlarımdan musiqini sevməyimə, onunla məşğul olmağıma baxmayaraq, musiqinin taleyimdə nə qədər fundamental yer tutacağını dərk etmirdim. Hətta yeddinci sinifdə oxuyarkən həmin dövrdə maraq göstərdiyim qılıncoynatma ilə məşğul olmaq naminə musiqidən imtina etmək haqda da düşünmüşdüm. Lakin anamın təkidi ilə xüsusi musiqi məktəbində təhsilimi davam etdirdim və bu gün onun qərarının nə qədər taleyüklü olduğunu daha aydın başa düşürəm. Qətiyyətinə görə anama sonsuz minnətdaram. İndi həyatımı fortepianosuz təsəvvür belə edə bilmirəm.
- Hər bir musiqiçinin əsas müəllimi və ya ustadı olur. Sizin həyatınızda peşəkar məktəbin təməlini kim qoyub və ondan öyrəndiyiniz ən vacib şey nədir?
- Artıq qeyd etdiyim kimi, mənə düzgün istiqamət verdiyinə görə anama səmimi qəlbdən minnətdaram. Lakin xüsusi olaraq vurğulamaq istəyirəm ki, mənim yaradıcılıq dünyagörüşümü, musiqi zövqümü və pianoçu kimi formalaşmağımı müəyyənləşdirən şəxs Azərbaycanın Əməkdar müəllimi Gülarə xanım Namazova olub. O, dünyanın hər yerində tanınan, parlaq pianoçulardan ibarət bütöv bir nəsil yetişdirib. Gülarə xanım mənə sadəcə musiqi ifa etməyi öyrətmirdi, sənətdə öz səsimi tapmağa, onun dərinliyini anlamağa kömək edirdi. Bununla o, yalnız peşəkar taleyimdə deyil, bir şəxsiyyət kimi formalaşmağımda da həlledici rol oynayıb.
- Rəqəmsal texnologiyalar və məzmunun sürətlə istehlak olunduğu dövrdə gənc pianoçu olmaq necə hissdir? Belə bir dövrdə insanı saatlarla alətlə baş-başa qalmağa nə vadar edir?
- Əslində, bir musiqiçi kimi formalaşmaq üçün yaradıcılıq prosesinin özünü səmimi qəlbdən sevmək lazımdır. Musiqi ilə məşğul olmaq insana dərin, heç nə ilə müqayisə olunmayacaq mənəvi məmnunluq gətirir. Musiqiçi üçün də, idmançı üçün olduğu kimi, son nəticə vacibdir. Buna görə də ətrafımızdakı hər şey – yeni texnologiyalardan tutmuş, rəqəmsal platformalaradək – yalnız ali məqsədə çatmaq üçün vasitədir. Mənim üçün ilkin və əsas olan sənətdir. Çünki o, hissləri və düşüncələri ifadə etmək kimi dərin daxili ehtiyacdan doğur. Texnologiyalar ikinci dərəcəlidir. Onlar sadəcə imkanların ənənəvi sərhədlərini genişləndirir.
- Azərbaycan fortepiano məktəbi böyük ənənələrə malikdir və dünya miqyasında tanınır. Siz bu irsi hiss edirsinizmi? Klassik akademik bazanı öz dünyagörüşünüzlə necə uzlaşdırmağa çalışırsınız?
- Əvvəla onu deyim ki, bizim peşəmizdə hər hansı orijinal müəllif baxışını yalnız o zaman yaratmaq olur ki, arxanda güclü klassik akademik məktəb dayansın. Demək, musiqiçinin təməli ilə fərdi üslubu lap başdan bir-birilə ayrılmaz şəkildə bağlıdır. Əlbəttə, fortepiano məktəbimizin irsini ən dərindən hiss edənlərdənəm. Hazırda təhsilimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dördüncü kursunda professor Murad Hüseynovun sinfində davam etdirməyim də təsadüf deyil. Murad müəllim isə öz növbəsində Gülarə xanım Namazovanın, Elmira Səfərovanın və Fərhad Bədəlbəylinin bilavasitə tələbəsidir. Bütün bu irs zənciri Azərbaycan ifaçılıq sənətinin həqiqi qürur mənbəyidir.
- Əgər ifanızı heç vaxt eşitməmiş bir insana musiqi üslubunuzu üç sözlə çatdırmalı olsaydınız, bu hansı sözlər olardı?
- Hissiyyat, səslənmə, intellekt.
- Daxili dünyanızı hər hansı sözdən daha yaxşı əks etdirdiyi üçün dönə-dönə müraciət etdiyiniz əsərlər və ya bəstəkarlar varmı?
- Əlbəttə var. Bax, Raxmaninov, Debüssi. Caza çoxdan bəslədiyim böyük marağı nəzərə alsaq, əsas kumirim olan Bill Evansın da adını çəkərdim. Onun yaradıcılığı mənim üçün tükənməz ilham mənbəyidir.
- Beynəlxalq müsabiqə və festivallarda iştirak təcrübənizdən də danışın. Peşəkar inkişafınızda onlardan hansılar əsas mərhələlər və ya ən parlaq sınaqlar sayıla bilər?
- Etiraf edim ki, sonsuz sayda müsabiqələrdə iştirak etməyi istedadın və ya həqiqi peşəkar inkişafın ölçüsü hesab etmirəm. Müəllimlərimin əsas vəzifəsi həmişə ifaçılıq məharətinin üzərində səbirli və zəhmət tələb edən iş aparmaq olub. Bu prosesdə mənim əsas rəqibim özüm, dünənki mən olmuşam. Məqsədim bugünkü məni dünənkindən daha üstün etmək olub. Musiqiçi üçün ən çətin sınaq hər gün öz daxilində təkmilləşməkdir.
- Azərbaycanı hansı xarici ölkələrdə təmsil etmək imkanınız olub? Beynəlxalq səhnəyə öz bayrağımız altında çıxarkən xüsusi məsuliyyət hissi olurmu?
- İndiyədək xarici ölkələrin səhnələrində Azərbaycanı solo ifaçı kimi təmsil etmək imkanım olmayıb. Çünki Vətənim qarşısında daşıdığım məsuliyyətin bütün ağırlığını dərk edirəm və peşəkar baxımdan hələ daha da güclənməli olduğumu düşünürəm. Bu şərəfli missiyanı yerinə yetirməyə özümü tam hazır hiss etdiyim zaman və münasib fürsət yarandıqda bu imkandan böyük qürurla yararlanacağam.
Bununla belə, ölkəmizdə hər il həm paytaxtda, həm də regionlarda keçirilən genişmiqyaslı beynəlxalq festivalları xüsusi qeyd edə bilərəm. Məni bu festivallara dəvət edirdilər və bu, mənə və digər gənc ifaçılara xarici ölkələrdən gələn ustadlarla ünsiyyət qurmaq, onların təcrübəsindən yararlanmaq, dünyagörüşümüzü genişləndirmək üçün əvəzsiz imkan verir. Əminəm ki, bu cür tədbirlər gənclərin yaradıcılıq baxımından formalaşmasına müsbət təsir göstərir. Bakı Piano Festivalında, Bakı Caz Festivalında (2022, 2026), Qaxda və fəxri ikinciliyə layiq görüldüyüm Mingəçevirdə keçirilən caz düşərgələrində, eləcə də Şahin Növrəslinin festivalında və digər nüfuzlu layihələrdə iştirak etmək imkanım olub.
Belə forumlar başa çatdıqdan sonra ənənəvi olaraq cem-seyşn təşkil edilir. Bu musiqi görüşləri gənc ifaçılarla xarici ölkələrdən gələn əfsanəvi qonaqlar arasındakı sərhədləri aradan qaldırır, onlara eyni səhnədə birlikdə ifa etmək imkanı yaradır. Fürsətdən istifadə edərək, təşkilatçılar Leyla xanım Əfəndiyevaya, Rain Sultanova və Şahin Növrəsliyə göstərdikləri etimada, dəvətlərə və gənc musiqiçilər nəslinə verdikləri güclü dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
- Mədəniyyətimizin və fortepiano məktəbimizin səfiri olmaq sizin üçün nə deməkdir? Bəlkə, xarici tamaşaçıların ifaçılıq məharətiniz barədə rəylərini də eşitmisiniz?
- Artıq qeyd etdiyim kimi, tamhüquqlu səfir statusu üçün hələ tezdir. Amma çoxmillətli Vətənimiz miqyasında, məncə, bu rolu layiqincə yerinə yetirirəm. Yadıma bir hadisə düşür: mühüm çıxışlarımın birindən sonra Braziliyanın Azərbaycandakı ovaxtkı səfiri Manuel Monteneqro məni şəxsən səfirliyə dəvət etmiş, Latın Amerikası musiqisini incəliklərinə qədər duymaq qabiliyyətimi yüksək qiymətləndirmişdi.
Müxtəlif xalqların musiqisinin ruhu mənə çox yaxındır. Buna görə də özümü kosmopolit musiqiçi hesab edirəm. Gürcü folklorunu və ənənəvi rəqslərini, xüsusilə də acar rəqslərini böyük həvəslə dinləyirəm. Yeri gəlmişkən, bu rəqslərə hələ uşaqlıqdan maraq göstərmişəm. Parlaq nümayəndələri ilə seçilən özünəməxsus gürcü caz məktəbi də məni daim cəlb edib. Onların bir çoxu ilə tanış olduğuma, birgə cem-seyşnçıxış etdiyimə, eləcə də Erik Jako və İsak Camba kimi dünya miqyaslı musiqiçilərlə eyni səhnəni bölüşdüyümə görə xoşbəxtəm. Belə səviyyəli musiqiçilərlə ünsiyyət zamanı həmişə Azərbaycan xalq musiqisini təbliğ etməyə, onları muğamlarımızla, yerli bəstəkarlarımızın şah əsərləri ilə tanış etməyə çalışıram.
- Öz musiqiniz və ya ifa interpretasiyanız necə yaranır? Mürəkkəb bir əsər üzərində işə nədən başlayırsınız? Notların təhlilindən, improvizasiyadan, yoxsa əhvali-ruhiyyə axtarışından?
- Musiqi bəstələməklə mövcud əsəri interpretasiya etmək tamamilə fərqli məsələlərdir. İnterpretasiya ifaçının artıq yaradılmış əsəri özünəməxsus şəkildə təqdim etməsidir. O, spontan improvizasiyanı istisna edir. Başqa bir bəstəkarın musiqi düşüncəsini dərk etmək not mətninin diqqətli və son dərəcə ətraflı təhlilindən başlayır. Mən bu təhlil vasitəsilə müəllifin niyyətini anlayır və onu klavişlər üzərində həyata keçirirəm. İmprovizasiya isə mənim üçün həmin anın nəfəsi, zamanın canlı nəbzi, emosiyaların daim dəyişən axını, bir sözlə, qəlbin ən dərinliklərindən gələn monoloqdur.
- Gənc musiqiçinin bu yolun başlanğıcında üzləşdiyi ən gözlənilməz çətinliklər, maneələrlə hansılardır? Tamaşaçılar, adətən, konsert səhnəsinin parıltısı arxasında nələri görə bilmirlər?
- Pianoçu peşəsi dəmir intizam və saatlarla davam edən məşqlər tələb edən gündəlik ağır əməkdir. İnsan buna uşaqlıqdan alışsa da, hər gün öz yorğunluğunu dəf etməli, bu rutin maneəni yenidən aşmalı olur. Konsert səhnəsinin təmtəraqlı parıltısına valeh olan tamaşaçı üçün məhz bu pərdəarxası mübarizə həmişə görünməz qalır.
- Heç yaradıcılığın tükənməsi böhranı yaşayırsınızmı? Yaşayırsınızsa, bu halları dəf etmək, yenidən alətin arxasına keçmək üçün gücü haradan tapırsınız?
- “Yaradıcılıq tükənməsi” adlandırılan vəziyyətin öhdəsindən gəlməyi və daxili güc mənbəyimizi tapmağı bizə kiçik yaşlardan öyrədirlər. Peşəkar musiqiçi üçün belə halları dəf etmək artıq çoxdan bu sənətin adi, gündəlik cəhətinə çevrilib.
- Akademik klassik musiqidən və ənənəvi janrlardan başqa, hansı musiqiləri dinləyirsiniz? Müasir dünyada sizi nə ilhamlandırır?
- Köhnə fikirli mühafizəkar təsiri bağışlamaq istəmirəm, amma açıq desəm, müasir musiqi nadir hallarda məni, həqiqətən, ruhlandıra bilir. Bu gün, həqiqətən, dərin və keyfiyyətli əsərlər azdır. Buna görə də seçimim dəyişməz olaraq qalır: klassika, caz və çox seçici yanaşmaqla keyfiyyətli pop musiqisi. “Pleylist”imdə ən çox Kuinsi Consun, Corc Bensonun və əfsanəvi Britaniya caz qrupu “İnkoqnito”nun ifaları yer alır.
- Ən çox hansı səhnədə, hansı konsert zalında çıxış etməyi və ya hansı birgə layihədə iştirakı arzulayırsınız? Yaradıcılıqda qarşıdakı illər üçün əsas hədəfiniz nədir?
- Konsert dünyasının mütləq zirvələrindən biri həmişə “Karnegi-holl” səhnəsi olub. Bu zalda çıxış etmək hər bir pianoçu üçün böyük şərəf, xoşbəxtlik və peşəkar qürur mənbəyidir. Bu məsələdə, yəqin ki, orijinal olmayacağam: həmin səhnədə çıxış etmək hər bir musiqiçinin, o cümlədən mənim də əsas arzumdur.
- Tutaq ki, müsahibəni oxuyub bitirən oxucularımızdan biri ilk dəfə sizin ifanızı dinləmək qərarına gəldi. İlk növbədə, ona hansı əhvali-ruhiyyəni və ya fikri çatdırmaq istərdiniz?
- İfaçılığımın əsas məqsədi heç də öz emosiyalarımı dinləyiciyə ötürmək deyil. Məqsəd bəstəkarın niyyətini mümkün qədər dəqiq çatdırmaqdır. Söhbət improvizasiyadan gedirsə, mənim üçün ən qiymətlisi dinləyiciyə şəxsi axtarışları və daxili rezonansı üçün məkan verməkdir. Klassik musiqiyə gəlincə, yəqin ki, daxili vəziyyətimi ən parlaq və təbii şəkildə Raxmaninovun ikinci konserti əks etdirərdi.
MƏSLƏHƏT GÖR:






77

