İŞGÜZAR MARŞRUT
Bakıda keçirilən görüşlər Almaniya, Böyük Britaniya, Çexiya və Kamboca ilə qarşılıqlı iqtisadi fəaliyyətin gələcək istiqamətlərini müəyyən edib
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI
İnvestisiya və texnologiyaların cəlb edilməsi, nəqliyyat əlaqələrinin inkişafı və yeni bazarlara çıxış Azərbaycanın xarici tərəfdaşlarla iqtisadi əməkdaşlığının əsas istiqamətlərinə çevrilir.
Bu gündəm Bakıda keçirilən dörd tədbirdə - Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında, Böyük Britaniya ilə Hökumətlərarası Komissiyanın iclasında, Çexiya və Kamboca ilə biznes forumlarında öz əksini tapıb.
Tərəfdaşlığın miqyası və təcrübəsi fərqli olsa da, tərəflər energetika, logistika, sənaye və rəqəmsal sahədə birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər. İmzalanmış sənədlər və təklif olunan qarşılıqlı fəaliyyət mexanizmləri bu imkanların konkret işgüzar layihələrə çevrilməsi yollarını müəyyən edib.
Tərəfdaşlıq infrastrukturu
“Orta Dəhliz boyu infrastruktur, nəqliyyat, logistika, “yaşıl enerji” və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi” mövzusunda keçirilən Almaniya-Azərbaycan Konfransında nəqliyyat, energetika və rəqəmsal infrastrukturun inkişafında Almaniya biznesinin iştirakı müzakirə olunub. Azərbaycan üçün belə bir tərəfdaşlıq yalnız investisiyaların deyil, həm də tranzit marşrutunun regional iqtisadi platformaya çevrilməsi üçün zəruri olan səriştələrin cəlb edilməsi deməkdir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun sözlərinə görə, son 5 ildə Azərbaycan vasitəsilə tranzit təxminən iki dəfə artıb: “Biz bu ili, təxminən, 16 milyon ton göstərici ilə başa vurmağı gözləyirik və 2030-cu ilə qədər bu rəqəmin 30 milyon tona çatmasını planlaşdırırıq”.
Bununla yanaşı, nazirliyin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyevin proqnozuna görə, cari ildə Orta Dəhlizin payına 5,5 milyon ton düşəcək. 2030-cu ilə qədər Bakı limanının gücünün 15 milyon tondan 25 milyon tona çatdırılması planlaşdırılır, onun inkişafının ikinci mərhələsində isə konteyner buraxılış qabiliyyəti 500 min TEU-ya çatmalıdır.
Lakin infrastrukturun genişləndirilməsi özlüyündə fasiləsiz daşımaları təmin etməyəcək. F.Əliyevin izah etdiyi kimi, yaxın 5 ildə milli nəqliyyat sistemləri məcmusundan inteqrasiya olunmuş beynəlxalq marşruta keçid edilməlidir. Bunun üçün razılaşdırılmış gömrük prosedurları, sərhəd rəsmiləşdirmələrinin ixtisarı və rəqəmsal platformaların uyğunluğu zəruridir. Azərbaycanda yaradılan “vahid pəncərə” sistemi dəhlizin digər ölkələrinin sistemləri ilə qarşılıqlı fəaliyyətdə davam etdirilməlidir.
Almaniya şirkətləri bu işdə birbaşa iştirak etməkdə maraqlıdırlar. Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Nargiz Vik Ələt limanında iki multimodal terminal layihəsinin müzakirə olunduğunu bildirib. Bu layihələr hələ ki, danışıqlar mərhələsindədir. Lakin bu, biznesin marşrut infrastrukturuna sərmayə yatırmaq marağını əks etdirir.
“Rhenus Group”un nümayəndəsi Henrix Kerstgens yük daşımalarının artım perspektivlərini həm də Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatlarının inkişafı ilə əlaqələndirir ki, bu da mallara və logistika xidmətlərinə tələbatı artırır.
Energetika sahəsində əməkdaşlıq cari ehtiyacları uzunmüddətli transformasiya ilə birləşdirir. VNG AG-nin baş vitse-prezidenti Oliver Hillin sözlərinə görə, şirkət artıq Azərbaycan qazını idxal edir və 15-20 illik müqavilələr bağlamağa hazırdır. Onun qiymətləndirməsinə görə, Azərbaycan daxilində bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı ixrac üçün qaza qənaət etməyə və investisiyalar üçün əlavə resurslar yaratmağa imkan verə bilər. Almaniya Energetika Agentliyi “yaşıl enerji” dəhlizini dəstəkləməyə hazırdır. Onun idarəedici direktoru Kristina Haverkamp isə şəbəkələrin rəqəmsallaşdırılmasını, infrastruktur xidmətini və kadr hazırlığını xüsusilə qeyd edib. “Siemens Energy”nin nümayəndəsi Frederik Doyye də rəqəmsal enerji sistemlərinin perspektivlərini diqqətə çatdırıb.
Göründüyü kimi, nəqliyyat və energetika sahəsindəki gündəm ümumi vəzifədə kəsişir: fiziki infrastrukturu texnologiyalar və onun səmərəli istifadəsi təcrübəsi ilə tamamlamaq.
Kapital və texnologiyalar
Böyük Britaniya ilə münasibətlərdə Azərbaycan energetika sahəsində əməkdaşlığın 30 ildən artıq təcrübəsinə əsaslanır, lakin bugünkü gündəlik nəzərəçarpacaq dərəcədə genişlənir. Bakıda Ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında infrastrukturun maliyyələşdirilməsi, Orta Dəhlizin inkişafı, “təmiz enerji” və rəqəmsal texnologiyalar müzakirə olunub. Toplanmış investisiyalar və işgüzar əlaqələr ənənəvi neft-qaz tərəfdaşlığı çərçivəsindən kənara çıxan layihələr üçün əsas yaradır.
Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 milyard dolları ötüb. Ötən il ikitərəfli ticarət dövriyyəsinin dəyəri 67% artıb, bu ilin birinci yarısında isə təxminən 6 dəfə artaraq 3,6 milyard dollara çatıb. “Bu dövr ərzində Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb”, - nazir qeyd edib.
Əməkdaşlığın daha da genişləndirilməsi üçün əlçatan maliyyə alətləri vacibdir. Böyük Britaniyanın İxrac-Kredit Agentliyi (“UK Export Finance”) Azərbaycanda azı 5 milyard funt sterlinq (6,6 milyard dollar) məbləğində layihələr üzrə bazar risklərini üzərinə götürməyə hazır olduğunu bildirib. Söhbət, ilk növbədə, infrastruktur, “təmiz enerji” və Orta Dəhliz layihələrinə dəstək imkanından gedir. “Biz, həmçinin əks istiqamətdə investisiya axınlarını genişləndirmək istəyirik”, - britaniyalı nümayəndə vurğulayıb.
Azərbaycan isə öz növbəsində nəqliyyat marşrutunun inkişafında Britaniya şirkətlərinin daha fəal iştirakında maraqlıdır. P.Şahbazovun məlumatına görə, 2025-ci ildə ölkələr arasında tranzit yük daşımaları 14% artıb. Buraxılış qabiliyyətinin daha da artırılması və dəhlizin rəqəmsallaşdırılması Böyük Britaniyanın logistika operatorları, texnologiya şirkətləri və maliyyə institutları ilə əməkdaşlıq üçün imkanlar açır.
Energetika tərəfdaşlığı da yeni istiqamətlər kəsb edir. BP-nin neft-qaz sektorundakı layihələri ilə yanaşı, nazir “Şəfəq” günəş elektrik stansiyasını (GES) və “Səngəçal” terminalının “təmiz enerji”dən istifadə etməklə dekarbonizasiyasını xüsusi vurğulayıb. Əlavə perspektivlər Xəzər hövzəsi və Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək məqsədi daşıyan “yaşıl enerji” dəhlizləri ilə bağlıdır. Böyük Britaniyanın “Xlinks” şirkətinin bu işə cəlb edilməsi energetika əməkdaşlığı iştirakçılarının dairəsini genişləndirir.
Rəqəmsal transformasiya müstəqil bir istiqamətə çevrilir. “Biz süni intellekt, kibertəhlükəsizlik, məlumat emalı mərkəzləri və insan kapitalının inkişafı sahəsində birgə təşəbbüslər üçün böyük potensial görürük”, - P.Şahbazov söyləyib.
Bundan başqa, müxtəlif istiqamətlərdə yol xəritələrinin hazırlanması və Britaniyanın aparıcı universitetləri ilə birgə akademik proqramların inkişaf etdirilməsi nəzərdə tutulur. Britaniya tərəfi tədqiqat və kadr bazasının formalaşdırılmasında Uorvik Universitetinin, rəqəmsal layihələrin praktiki icrasında isə texnologiya və infrastruktur şirkətlərinin mümkün iştirakını qeyd edib.
İclasın nəticələri bu çoxşaxəli gündəliyi əks etdirir. Dörd sənəd imzalanıb: “Bakının Şimal Qapısı” çoxfunksiyalı yaşayış və işgüzar kompleksinin layihələndirilməsi üzrə “PMD Group” və “Chapman Taylor” arasında saziş, “InterOcean Energy Services” və “Green Lines Shipping” arasında kapitalda iştirak etmədən əməkdaşlıq və birgə müəssisə haqqında çərçivə sazişi, həmçinin “Xlinks” ilə “Green Lines Shipping” və “Green Corridor Alliance” arasında memorandumlar. 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən 2026-2027-ci illər üçün Fəaliyyət Planı isə ayrıca qəbul edilib.
Beləliklə, tərəflərin maliyyə imkanlarını sahəvi təşəbbüslər və şirkətlərin konkret razılaşmaları ilə əlaqələndirən ümumi proqramı yaranır. “Bizim əsas vəzifəmiz razılaşmalarımızı real nəticələrə, birgə potensialımızı isə yeni layihələrə çevirməkdir”, - P.Şahbazov vurğulayıb.
Sənaye kooperasiyası
Bakıda keçirilən Azərbaycan-Çexiya Biznes Forumunda Çexiyanın mühəndislik təcrübəsi və texnologiyalarının dəmir yollarının modernləşdirilməsinə və istehsal əlaqələrinin genişləndirilməsinə necə kömək edə biləcəyi müzakirə olunub. “AZCON Holding”in icraçı direktoru Şahin Babayevin sözlərinə görə, perspektivlər dəmir yolu avadanlıqlarını, rəqəmsallaşmanı və daşımaların səmərəliliyinin artırılmasını əhatə edir.
Tərəfdaşlığın artıq investisiya əsası var. Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev isə qeyd edib ki, 1995-ci ildən 2026-cı ilin birinci yarısının sonunadək Çexiyanın Azərbaycana birbaşa investisiyaları təxminən 74 milyon dollar təşkil edib və bunun da 70 milyon dollara yaxını qeyri-neft-qaz sektoruna yönəldilib. Həmin dövr ərzində Azərbaycanın Çexiyaya qoyuluşları 70 milyon dollara çatıb. Azərbaycanda 34 Çexiya şirkəti fəaliyyət göstərir, ölkələr arasında tranzit daşımaları isə 2025-ci ildə 47% artaraq 32 min tona çatıb.
Y.Abdullayev həmçinin Ağdam quşçuluq layihəsi çərçivəsində “Škoda Group” ilə həyata keçirilən layihələri və “Agrotech Group” ilə əməkdaşlığı qeyd edib.
Bununla yanaşı, Çexiya biznesinin marağı ayrı-ayrı sifarişlərin hüdudlarından kənara çıxır. Çexiya Sənaye və Nəqliyyat İttifaqının vitse-prezidenti Radek Şpitsar Azərbaycanın regionda iştirakını genişləndirmək üçün baza kimi nəzərdən keçirir. Qarşılıqlı təklif isə Avropa İttifaqı (Aİ) bazarına çıxmaq üçün Çexiyada Azərbaycan habının yaradılmasıdır. O, belə bir kooperasiya imkanlarını ağır maşınqayırma, nəqliyyat, İT, avtomobil və kimya sənayesi ilə əlaqələndirir.
Yəni məsələ, ikitərəfli əlaqələrə daha dayanıqlı xarakter verə biləcək istehsal səriştələrinin bazarlara çıxış imkanları ilə əlaqələndirilməsindən ibarətdir. “Söhbət bazarların yaxınlaşmasından, dayanıqlı təchizat zəncirlərinin formalaşmasından və sahibkarlıq və əhali - son nəticədə, hər iki dövlətin vətəndaşları üçün yeni perspektivlərin açılmasından gedir”, - Çexiyanın nəqliyyat naziri İvan Bednarik vurğulayıb.
Şərqə çıxış
Əgər Avropa tərəfdaşları ilə əməkdaşlıq toplanmış investisiyalara və layihələrə əsaslanırsa, Kamboca istiqaməti isə hələ yeni formalaşır. Bakıda keçirilən biznes forumda tərəflər iqtisadiyyatların bir-birini tamamlayan üstünlüklərini işgüzar əlaqələrə necə çevirməyi müzakirə ediblər. Kambocanın Baş naziri Hun Manet deyib ki, bunun üçün ticarət nomenklaturunu genişləndirmək, şirkətlərin birbaşa əlaqələrini inkişaf etdirmək və yeni investisiya yolları axtarmaq lazımdır.
Kamboca Ticarət Palatasının prezidenti Niak Oknha Kit Menq isə diqqəti aqrosənaye kompleksinə və ərzaq təhlükəsizliyinə, enerji və sənaye infrastrukturuna, enerji keçidinə və müasir infrastruktur həllərinə yönəltməyi təklif edib. Azərbaycanın energetika, neft kimyası və logistika sahəsindəki təcrübəsi Kambocanın aqrar və emal sənayesinin inkişafı ilə uzlaşdırıla bilər.
Tərəfdaşlığın mühüm tərkib hissəsi regional bazarlara qarşılıqlı çıxışın təmin edilməsidir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycan Kamboca müəssisələri üçün istehsal və paylama bazası kimi xidmət edə bilər. Kamboca isə öz növbəsində ASEAN və Hərtərəfli Regional İqtisadi Tərəfdaşlığın iştirakçısı kimi Azərbaycan biznesi üçün Cənub-Şərqi Asiyada yeni imkanlar aça bilər. “Bizim logistika operatorlarımız kommersiya baxımından sərfəli marşrutların müəyyən edilməsi üzərində birgə işləməlidirlər”, - nazir vurğulayıb.
Belə bir iş investisiya təcrübəsinin mübadiləsini də nəzərdə tutur. M.Cabbarov ixracyönümlü istehsal üçün sənaye parklarının imkanlarını və Ələt Azad İqtisadi Zonasının xüsusi hüquqi və vergi şərtlərini qeyd edib. Əlavə istiqamətlər rəqəmsal texnologiyalar, süni intellekt, məlumat mərkəzləri və kağızsız ticarət ola bilər.
Praktiki işə keçid üçün tərəflər ilkin olaraq işçi qrupunun işə salınması və yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər. Kambocanın ticarət naziri Çam Nimulun sözlərinə görə, qurumların və ticarət palatalarının qarşılıqlı fəaliyyəti işgüzar əlaqələri asanlaşdırmalı, bazar məlumatlarına çıxışı təmin etməli və yaranan məsələlərin həllinə kömək etməlidir.
Bir sözlə, Bakıda keçirilmiş bu dörd görüş iqtisadi tərəfdaşlığın fərqli, lakin bir-biri ilə əlaqəli istiqamətlərini müəyyən edib: kapital və texnologiyaların cəlb edilməsi, sənaye kooperasiyası və yeni bazarların mənimsənilməsi. Onların praktiki nəticəsi təklif olunan maliyyə alətlərinin, sazişlərin və yol xəritələrinin şirkətlərin ehtiyaclarına nə dərəcədə cavab verməsindən asılı olacaq. Azərbaycan üçün bu təşəbbüslərin reallaşdırılması ölkənin beynəlxalq təchizat zəncirlərindəki rolunu gücləndirərək istehsal və xidmət imkanlarını genişləndirə bilər.
MƏSLƏHƏT GÖR:



78

