28 Noyabr 2026

Şənbə, 06:54

DANIŞIR BAKI

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti Azərbaycanın diplomatik mövqeyini gücləndirib və regional əməkdaşlığa yeni təkan verib

Müəllif:

15.10.2026

Oktyabrın 14-15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammiti keçirilib. O, etimadın möhkəmləndirilməsi, əməkdaşlığın inkişafı və regional təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə yaradılmış çoxtərəfli platformadır. Zirvə görüşü Azərbaycanın sədrliyi ilə, “Daha güclü AQEM: Asiyada qarşılıqlı bağlılıq, rəqəmsallaşma və dayanıqlı artım” şüarı altında keçirilib.

Tədbirdə Azərbaycan, İsrail, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Laos prezidentləri, Qətər əmiri, Vyetnamın Vitse-prezidenti və Kambocanın Baş naziri iştirak ediblər. Rusiya, Çin və Türkiyə sammitdə xarici işlər nazirləri ilə təmsil olunublar.

Təşkilatın miqyası öz-özlüyündə görüşün əhəmiyyətini ortaya qoyur: AQEM Asiya ərazisinin və əhalisinin təxminən 90%-ni özündə birləşdirən 28 dövləti əhatə edir. Beləliklə, bu platforma qitənin əhəmiyyətli hissəsini əhatə edir, müxtəlif siyasi sistemlərə, iqtisadi imkanlara və xarici siyasət maraqlarına malik ölkələri bir araya gətirir. Sammitdə təşkilatın inkişaf perspektivləri, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi, rəqəmsallaşma və dayanıqlı iqtisadi artım məsələləri diqqət mərkəzində olub.

 

Dialoqdan praktiki əməkdaşlığa doğru

Azərbaycan üçün AQEM-ə sədrlik təkcə regional gündəliyin formalaşdırılmasında iştirak yox, həm də çoxtərəfli əməkdaşlığa dair öz baxışını irəli sürmək imkanı yaradıb. Bakı quruma 2024-2026-cı illər üçün sədrliyi 2 il əvvəl qəbul edəırkən onun əsas istiqamətini “AQEM-in gücləndirilməsi: Asiyada qarşılıqlı bağlılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf” formulu ilə müəyyənləşdirib. Bu prioritetlər Azərbaycanın birliyin fəaliyyətinə daha geniş praktiki məzmun qazandırmaq, ənənəvi diplomatik gündəliyi iqtisadi inkişaf, nəqliyyat logistikası və texnoloji transformasiya məsələləri ilə əlaqələndirmək istəyini əks etdirir.

Əsas məsələlərdən biri AQEM-in institusional səmərəliliyinin artırılması məsələsidir. Coğrafi baxımdan əhatə dairəsinin genişliyi və üzv dövlətlərin maraqlarının müxtəlifliyi şəraitində təşəbbüslərin davamlılığını, həyata keçirilməsini və daimi qarşılıqlı fəaliyyət formalarının inkişafını təmin edən mexanizmlər zəruridir. Azərbaycanın sədrliyi dövründə birliyin institusional əsaslarının möhkəmləndirilməsinə, onun tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinin təşviqinə, rəqəmsallaşmaya, ətraf mühitin mühafizəsinə, turizmə, təhsilə və elmə xüsusi diqqət yetirilib.

2010-cu ildə imzalanmış AQEM-in İmtiyazları və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan sayda ratifikasiyaya nail olunması mühüm addım kimi qiymətləndirilməlidir. Bu, təşkilatın fəaliyyətinin hüquqi əsaslarını möhkəmləndirir, onun institusional imkanlarının genişləndirilməsi üçün şərait yaradır.

Eyni zamanda Bakı əməkdaşlıq istiqamətlərinin dairəsini genişləndirməyə də çalışıb. Onun təşkilata sədrliyi çərçivəsində AQEM Qadınlar Şurası və Maliyyə Sammiti yaradılıb, gənclər və universitetlər arasında əlaqələr, işgüzar əməkdaşlıq, ekspertlər və media nümayəndələri arasında dialoq inkişaf etdirilib. 2026-cı ilin aprelində Bakıda dayanıqlı inkişafın təmin edilməsində qadınların iştirakının genişləndirilməsinə həsr olunmuş AQEM Qadınlar Şurasının ilk iclası keçirilib. Akademik əlaqələri, bilik mübadiləsini və birgə tədqiqatları gücləndirmək məqsədi daşıyan Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi də fəaliyyətə başlayıb. Bu təşəbbüslər təhsil müəssisələrini, işgüzar dairələri və ictimai strukturları əməkdaşlıa cəlb etməklə təşkilatın gündəliyini ənənəvi siyasi məsləhətləşmələr çərçivəsindən kənara çıxarır.

Bakının sədrliyin ayrıca istiqamətlərindən biri AQEM-in digər beynəlxalq və regional təşkilatlarla əlaqələrinin möhkəmləndirilməsi olub. Azərbaycan birliyin inkişafına daha geniş çoxtərəfli əməkdaşlıq sistemi kontekstində yanaşır və hesab edir ki, bu sistemdə regional mexanizmlər qlobal institutların fəaliyyətini tamamlaya bilər. Bu işdə BMT ilə qarşılıqlı fəaliyyət xüsusi yer tutur. Bunun praktiki nümunəsi BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda AQEM xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün keçirilməsi olub. Sözügedən görüş təkcə diplomatik protokol baxımından əhəmiyyət daşımırdı. O, Azərbaycanın AQEM-in beynəlxalq ölçüsünü gücləndirmək, regional gündəliyi sülh, təhlükəsizlik və inkişafla bağlı qlobal müzakirələrlə əlaqələndirmək istəyinin nümayişi idi.

Nəqliyyat əlaqələrinin genişləndirilməsi Azərbaycanın sədrliyi dövrünün gündəliyinin daha bir mühüm hissəsi olub. AQEM-ə üzv dövlətlərin liman rəhbərlərinin ilk konfransının keçirilməsi liman infrastrukturunun inkişafı, multimodal daşımalar və logistika marşrutlarının əlaqələndirilməsi məsələlərinin regional səviyyəyə çıxarılmasına imkan verib. Bu istiqamət Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşməsi, liman və dəmir yolu infrastrukturunun inkişafı, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı ona təkcə regional dialoqun iştirakçısı yox, həm də Asiya bazarları arasında əlaqələrin inkişafında praktiki tərəfdaş kimi çıxış etmək imkanı yaradır.

Bununla yanaşı, əməkdaşlığın səmərəliliyi təkcə infrastrukturun mövcudluğundan asılı deyil. Coğrafi üstünlüklərin real iqtisadi imkanlara çevrilməsi üçün gömrük prosedurlarının sadələşdirilməsi, sənədləşmənin rəqəmsallaşdırılması, logistika proseslərinin uzlaşdırılması və müxtəlif nəqliyyat növləri arasında koordinasiyanın təmin edilməsi zəruridir.

Beləliklə, Azərbaycanın sədrliyi AQEM-in fəaliyyət məzmununun genişləndirilməsinə, yəni siyasi məsləhətləşmələrdən daha sistemli və çoxsahəli əməkdaşlıq modelinə keçidə yönəlmişdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də çıxışı zamanı qeyd etdiyi kimi, Bakı AQEM-in potensialının həm iqtisadi inkişaf, həm də beynəlxalq və qarşılıqlı əlaqələrin genişləndirilməsi sahəsində reallaşdırılmasına mühüm töhfə verir.

Azərbaycan hərtərəfli əməkdaşlıq sayəsində təşkilatın mövcud geosiyasi çağırışların həllində və regional əməkdaşlığın möhkəmləndirilməsində daha fəal rol oynaması üçün şərait yaradır. Qırğızıstan, Özbəkistan, Türkmənistan və İsrail liderləri, eləcə də çıxış edən bir çox digər nümayəndələr Azərbaycanın “AQEM çərçivəsində dövlətlər arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə və sülhün qorunmasına verdiyi sanballı töhfəni” yüksək qiymətləndiriblər.

Bakının səylərinin məntiqi davamı kimi oktyabrın 15-də sammitdə Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il müddətinə uzadılması barədə qəbul edilən qərarı göstərmək olar. Prezident İlham Əliyev birliyə üzv dövlətlərə bu təşəbbüsə verdikləri dəstəyə görə təşəkkür edib: “Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il müddətinə uzadılması təklifini dəstəklədiklərinə görə üzv dövlətlərə təşəkkür edirəm”.

 

Sammitin əsas mesajları

Azərbaycan Prezidenti sammitdəki çıxışında dövlətlərarası münaqişələrin həlli zamanı seçmə yanaşmanın zərərli praktikasına diqqət çəkib. “Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib”, - deyə o, bildirib. Dövlət başçısı hesab edir ki, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr nəinki davam edəcək, həm də yeniləri meydana çıxacaq. “Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”, - deyə İlham Əliyev qeyd edib.

İsrail Prezidenti İshak Hersoq çıxışı zamanı regionda uzunmüddətli sülhə nail olunacağına ümid etdiyini bildirərək deyib: “Ümid edirəm ki, Yaxın Şərqdə – Livanda, Suriyada, Qəzzada və fələstinli qonşularımızla münasibətlərdə sülh mənzərəsinin gerçəkləşməsinin şahidi ola biləcəyik, terrorçuluğun bütün formalarına qarşı birgə mübarizə aparacağıq”. O, İsrailin Asiya məkanında tərəfdaşlıq əlaqələrini möhkəmləndirməyə, regional layihələrdə fəal iştirak etməyə çalışdığını söyləyib.

Kambocanın Baş naziri Hun Manet AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə qəti dəstəyini dilə gətirib, Türkmənistan lideri Sərdar Berdiməhəmmədov isə “iqlim dəyişikliyinə uyğunlaşma, səhralaşma və quraqlıqla mübarizə, su ehtiyatlarından səmərəli istifadə və “yaşıl həllər”in təşviqi məsələlərində təcrübə mübadiləsinin aparılması, yanaşmaların uzlaşdırılması üçün” Aşqabad İqlim Dialoqunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinin, eləcə də süni intellektdən “etik prinsiplərə və məsuliyyətə riayət etməklə istifadə” kimi yeni çağırışlarla mübarizənin zəruriliyini vurğulayıb, Tacikistan Prezidenti Emoməli Rəhmon AQEM-in qitə ölkələri arasında dialoq platforması kimi daha səmərəli rol oynaya biləcəyinə əminliyini dilə gətirib. AQEM Gənclər Şurasının imkanlarının genişləndirilməsini təklif edən Rəhmon hesab edir ki, siyasi iradə və birgə səylərin olacağı təqdirdə ölkələr AQEM-i “Asiya dövlətləri arasında dialoqun və əməkdaşlığın inkişafı, etimadın və həmrəyliyin möhkəmləndirilməsi üçün səmərəli platformaya çevirə biləcəklər”.

Çinin xarici işlər naziri Van İ Bakının fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Azərbaycan təşkilata iki illik sədrliyi dövründə qarşılıqlı bağlılıq, rəqəmsal iqtisadiyyat, “yaşıl inkişaf” və iqlim dəyişikliyi qarşısında dayanıqlılığın artırılması sahələrində əməkdaşlığı təşviq edib, eyni zamanda AQEM-in möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıb”.

Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani bildirib ki, Manama dəniz və hava nəqliyyatının təhlükəsizliyini əhatə etmək, ölkələri birləşdirən marşrutların qorunması üçün AQEM-i praktiki platformaya çevirmək məqsədilə mövcud etimadın möhkəmləndirilməsi tədbirlərinin genişləndirilməsini təklif edir. “Bəhreyn hər kəsi BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına uyğun olaraq, qanunsuz məhdudiyyətlər və rüsumlar tətbiq edilmədən təhlükəsiz və maneəsiz dəniz və hava əlaqəsinin, həmçinin tranzit keçid hüququnun təmin edilməsinə çağırır”, - deyə o, bildirib.

Fələstinin xarici işlər və diaspor məsələləri üzrə naziri Varsen Ağabekyan Şahinin fikrincə, bu gün Asiyada etimadın möhkəmləndirilməsi tədbirlərinin gücləndirilməsi, beynəlxalq hüquqa və insan hüquqlarına hörmətin təmin edilməsi, eləcə də “çox vaxt seçmə yanaşma ilə qiymətləndirilən” humanitar fəlakətlərin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. “Beynəlxalq hüquqa uyğun olaraq qətnamələrin icrası, insanların hüquqlarının bərpası və torpaqlarına qayıtmalarının təmin edilməsi zəruridir”, - deyə nazir qeyd edib.

Yeri gəlmişkən, Bakı sammitinin yekunları ilə bağlı mühüm qərarlardan biri də Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni, 29-cu üzv qəbul edilməsidir.

 

“Kənarda” keçirilən mühüm danışıqlar

Ümumiyyətlə, AQEM sammiti ərəfəsində Bakı fəal diplomatik dialoq meydanına çevrilmişdi. Oktyabrın 12-də İlham Əliyev Azərbaycana rəsmi səfərə gəlmiş Kambocanın Baş naziri Hun Manetlə danışıqlar aparmış, tərəflər ticarət-iqtisadi əlaqələrin, investisiyalar və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müəyyənləşmişdilər. Praktiki nəticələr arasında ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutmanın aradan qaldırılması və diplomatik təhsil sahəsində qarşılıqlı fəaliyyət barədə sənədlərin mübadiləsi də var.

Ertəsi gün, Bakıya Laos Prezidenti Thonqlun Sisulit gəlib. Bu, iki ölkə arasında 1995-ci ildə diplomatik münasibətlərin qurulandan bəri Laos Prezidentinin Azərbaycana ilk səfəri idi. Danışıqların yekununda birgə bəyannamə qəbul edilib. Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlıq, eləcə də xidməti pasport sahiblərinin viza tələblərindən qarşılıqlı azad edilməsi barədə sənədləri mübadilə ediblər.

Oktyabrın 14-də İlham Əliyev israilli həmkarı İsxak Hersoqla görüşüb. Görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi münasibətilə təbrik edib, Azərbaycanın bu quruma 2026-2028-ci illərdə də sədrlik etməsini Bakıya göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirib. O, bundan məmnunluğunu da ifadə edib. Görüş Azərbaycanla İsrail arasındakı ikitərəfli münasibətlərin, eləcə də beynəlxalq və regional gündəliyin aktual məsələlərinin müzakirəsinə imkan yaradıb.

Bir gün sonra – oktyabrın 15-də Azərbaycan və Qazaxıstan liderlərinin trans-Xəzər fiber-optik kabel xəttinin açılışını etməsi xüsusilə əlamətdar hadisə sayılır. Xəzər dənizinin dibi ilə çəkilmiş Sumqayıt-Aktau kabelinin uzunluğu, təxminən, 380 kilometr, ötürücülük qabiliyyəti saniyədə 400 terabitdən çoxdur. “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində həyata keçirilən bu layihə Asiya ilə Avropa arasında məlumat mübadiləsini genişləndirməyə və Orta Dəhlizə yeni, rəqəmsal ölçü qazandırmağa yönəlib. Mərasim zamanı Kasım-Jomart Tokayev bu xətti yeni tipli dəhliz adlandırıb, İlham Əliyev isə onun Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. İki ölkənin nazirləri Orta Dəhlizin inkişafı üzrə əməkdaşlıq haqqında imzalanmış sazişi mübadilə ediblər.

Çinin xarici işlər naziri Van İ ilə görüşdə Azərbaycan lideri iki ölkənin strateji tərəfdaşlıq haqqında birgə bəyanatının ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltdiyini vurğulayıb. Tərəflər Orta Dəhlizin və “Bir kəmər, bir yol” təşəbbüsünün strateji əhəmiyyətinə, eləcə də bərpaolunan enerji sahəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət ayırıb. Van İ Bakının AQEM-ə sədrliyi və sammitin keçirilməsi münasibətilə təbrik edib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bildirib. Öz növbəsində, İlham Əliyev Azərbaycanın “Vahid Çin” siyasətinə sadiqliyini bir daha dilə gətirib.

İlham Əliyev, həmçinin Özbəkistan, Tacikistan və Qətər prezidentləri, Vyetnamın Vitse-prezidenti, Türkiyə, Bəhreyn və Şri-Lankanın xarici işlər nazirləri ilə mühüm müzakirələr aparıb.

Bakı sammiti çərçivəsində medianın marağına səbəb olan görüşlər arasında Rusiya və Türkiyənin xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov ilə Hakan Fidanın danışıqları da var idi. Görüşlə bağlı açıqlamada bildirilir ki, nazirlər “əsas ikitərəfli layihələrin həyata keçirilməsinin gedişinə xüsusi diqqət yetirməklə, ticarət-iqtisadi və enerji əməkdaşlığının intensivləşdirilməsi üzrə cari vəzifələr barədə fikir mübadiləsi aparıblar”. Onlar beynəlxalq arenada, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsində Moskva ilə Ankaranın fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.

Sergey Lavrov Bakıda çinli həmkarı Van İ ilə də danışıqlar aparıb. Diplomatlar qarşıda ali səviyyədə baş tutacaq təmasların qrafikini, o cümlədən Vladimir Putinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün Şençjenə səfərinə hazırlıq məsələsini müzakirə ediblər. Lavrov bildirib ki, cari ilin ilk səkkiz ayı ərzində Rusiya Federasiyası ilə Çin arasında əmtəə dövriyyəsi 25% artıb və ilin sonuna bu istiqamətdə yeni tarixi rekord gözlənilir. Görüşdə Moskva ilə Pekin arasındakı strateji əlaqələrin dünyada sabitləşdirici amil kimi əhəmiyyəti vurğulanıb, beynəlxalq platformalarda – BMT, ŞƏT, BRICS, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı, eləcə də AQEM çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə qərar qəbul edilib.

Bakıda İsrail Prezidenti İsxak Hersoqla Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyaninin nadir sayıla biləcək görüşü də diqqət çəkib. Onlar ölkələr arasındakı dostluq əlaqələrini, Yaxın Şərqdə baş verən son hadisələri, eləcə də regionda təhlükəsizlik, sabitlik və rifahın möhkəmləndirilməsi baxımından İbrahim sazişlərinin əhəmiyyətini müzakirə ediblər.

Azərbaycan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri Bakıda keçirdikləri görüşdə üçtərəfli əməkdaşlıq formatının inkişafı, nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi, enerji və ticarət sahələrində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, həmçinin regional və regionlararası nəqliyyat dəhlizlərinin potensialının reallaşdırılması kimi məsələlərdən danışıblar.

 

Bakı və Asiya dialoqunun yeni coğrafiyası

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Sammitinin yekununda Bakı Bəyannaməsi qəbul edilib. İştirakçılar, həmçinin AQEM-in əməyin mühafizəsi və sağlamlığın qorunması sahəsində əməkdaşlıq haqqında bəyanatını təsdiqləyiblər ki, onlar da üzv dövlətlərin gələcək əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirib.

Azərbaycan üçün sammitin nəticələri təkcə Bakının beynəlxalq dialoq meydanı kimi əhəmiyyətinin təsdiqlənməsi deyil, həm də AQEM-in institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək imkanı olub. Azərbaycanın təşkilata sədrliyinin 2026-2028-ci illər üçün uzadılması birgə təşəbbüslərin həyata keçirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də Asiya dövlətləri arasında etimadın möhkəmləndirilməsi üçün yeni perspektivlər açır.

İndi əsas vəzifə əldə olunmuş razılaşmalara praktiki məzmun qazandırmaq, siyasi dialoqu dayanıqlı regional əməkdaşlıq mexanizmlərinə çevirməkdir.



MƏSLƏHƏT GÖR:

123